Hafiz Mirzə
Nə qədər qəribə olsa da “Xəzər Lənkəran” bu il çempion olacaq!
“Xəzər Lənkəran” futbol klubu əvvəllər böyük qələbələrə imza atsa da, son vaxtlar yeni-yeni qəribəliklərə imza atmaqa başlayıb. Qəribəliklər əvvəllər də olurdu. Amma Mirça Rednik komandaya baş məşqçi təyin edildikdən sonra bu qəribəliklər artmış və serial lətifələr səviyyəsinə keçmişdir. “Çapayev” barəsində olduğu kimi. Amma o da qəribədir və o da gülməlidir ki, bu lətifələrə kimsə gülmür. Qəribə deyilmi? “Makkabi”yə acınacaqlı tərzdə məğlub olan komanda bunun günahını əcnəbiləşməkdə gördü və komandanı azarbaycanlaşdıracağını, gəncləşdirəcəyini bəyan etdi. Sanki əvvəllər bunu ondan kimsə tələb və ya xahiş etmişdi.
Amma klubdur da, ola bilsin ki, məzələnmək istəmişdilər. Bütün il boyu əsəbləri ilə oynadığı azarkeşlərlə hərdən bir məzələnə də bilməz yəni? Bundan ötrü mahir qapıçı, amma sadəlövh gənc olan sabiq kapitan Kamran Ağayev irəli verildi. Amma eyni zamanda bu ideyaya qarşı azarkeşlər arasında əleyhdarlar formalaşdırıldı. Əslində bir zarafata, məzələnməyə bənzəsə də, nəticə ciddi oldu: həm azərbaycanlaşmanın çoxdan tərəfdarı olan Kamran ortada qaldı, həm də “Makkabi”yə rüsvayçı məğlubiyyət unutduruldu. Əsas o deyil ki, meydançada rəqibə məğlub olasan, əsas odur ki, hədəfdən yayınasan və hamıya da özünü sevdirə biləsən. Nə qədər gülməli olsa da zarafat-zarafata Mirça qağa bunu bacardı. Zatən “Xəzər Lənkəran”da zarafatı çox sevirlər. Məsələn, az qala 7 yaş qrupu üzrə futbol məşqləri keçən komandanın yarandığı 7 il ərzində əsas heyət üçün bircə futbolçu da yetişdirə bilməməsi kimsənin vecinə gəlmir və kimsə də bunun haqq-hesabını soruşmur. Sanki elə bu cür də olmalı imiş! Bir Azərbaycan komandasında “Azərbaycanlaşma” iddiası ilə çıxış edilməsi qəribə olduğu qədər də gülməli idi. Amma kimsə buna gülmədi, heç dodaqları da qaşmadı. Belə geydirmə ideyaların sonu əvvəlindən görünər. Amma azarkeşlərə minnət qoyaraq, guya ki, geriyə addım atıldı və sonra bu fikirdən vaz keçildi. Guya ki, bu halda komanda “Neftçi”yə uduza bilərmiş, bu isə yolverilməzdir. Çempion olmasan səni çox qınamazlar, kimə uduzursan uduz, təkcə “Neftçi”yə məğlub olma. Niyə? “Neftçi” hansı düşmən ölkənin klubudur ki? Məntiqli cavab yoxdur. Ancaq bu bir gerçəklikdir. Bir qrup azarkeşin Kamrandan əl çəkməməsi də bir məntiqsizlik, qəribəlik və gülünc hərəkətdir. Amma kimsə buna da gülmədi. Otur fikirləş, başında saçının hər dənəsi burulub sual işarəsinə dönsün, amma cavab tapa bilməyəcəksən. Adam azarkeşlik etdiyi klubun qapıçısı və kapitanı olan oyunçuya qarşı necə düşmən kəsilə bilər axı?! Qəribə deyilmi? Bəs bir klubun “ştatlı” azarkeşləri ümumiyyətlə yerli futbolçulara necə qənim kəsilər? Dünyanın heç yerində, heç bir məmləkətdə yerli futbolçuya qarşı belə ögey münasibət görməzsən. Buna görə oralarda adamın bütün nəslinə gülərlər. Hətta bir-iki həpənd əcnəbilər gedəcəyi halda özünü yandıracağını bəyan etmişdi. Nə xoşbəxt kibrit olacaqdı o kibrit ki, iki dəyərsiz ömrü bitirəcəkdi. Lakin bir kibrit çöpünü də xoşbəxt edə bilmədilər. Əsas olan komandanın kubok qazanması və ya çempion olmasıdır, qalan hər şey boş şeydir. Tutaq ki, “Makkabi” səddini keçdilər. Bəs sonra? Gedib “Realı”, “Barselona”nı da udmayacaqdılar ki! Zərərin yarısından qayıtmaq da xeyirdir. Həm də ki, ona kimi gör nə qədər əcnəbini məyus etmək lazım gələcəkdi. Bu isə humanizm prinsiplərinə zidd olan şeydir. “Qarabağ” komandası hər ilə bir neçə rəqibini gözüyaşlı qoyur, amma axırı nə olur? Sonda özü daha çox kədərlənmirmi? Çempionatın əvvəlində bəyan edildi ki, baxımlı futbol göstərməsələr də uğurlu nəticə əldə edəcəklər və çempion olacaqlar. Ancaq baxımsız futbol ilə necə çempion olmağın resepti hələ ki, heç bir komandaya məlum deyil. Buna baxmayaraq, “Xəzər Lənkəran” baxımsız oyunu ilə 1-ci yeri zəbt elədi və hətta bir ara rəqiblərindən xeyli aralandı da. Qəribə deyildimi? Ümumiyyətlə, daha qəribə olan o idi, əsas heyətində bircə lənkəranlı çıxış etməyən bir klub Lənkəranı təmsil edir. Baş məşqçisi rumın olduğu üçün komandada kifayət qədər rumınıyalı futbolçunun oynaması sabah onun adının dəyişə biləcəyinə də ehtimallar yaradır. Məsələn, “Xəzər- Buxarest”! Buna da kimsənin gülməyəcəyinə əminəm. O da qəribədir ki, Rumıniyadan gələnlər əsasən nimdaş futbolçulardır. Guya ki, “Xəzər Lənkəran” Rumınyanın veteranlar klubu imiş. Dünyada cavan və perspektivli futbolçuların olması da kimsəyə sirr olmaz. Amma “Xəzər Lənkəran”ın kolleksionerləri sanki bu barədə heç nə eşitməyiblər. Bütün bunları deyən, məlum edən, tam obyektiv mövqedə dura bilən kimsənin olmaması da bir qəribəliyə oxşayırdı. Çünki mma kimsə soruşmaz ki, ay adam, sən özün əsil, yəni zırpı "KQB"eşnik" olmasan bunu necə dəqiq edə bilərsən ki? Qəribədir ki, həpəndlərə bu sualı verən də yox idi. Əksər azarkeşlər ya qorxur, ya da qorxudur. Lənkəranda nəhayət ziyalıların təmsil olunduğu “Xan Lənkəran” fan klubu yarandı və bu fan klub bu cür qəribəliklərə gülməyə başladı. Onun daha çox "Xəzər Lənkəran" klubuna faydalı olacağını futboldan bir şey anlayanlar bilərdi. Amma onunla əməkdaşlıq etmək əvəzinə ən kəskin münasibəti “Xəzər Lənkəran” –a yaxınlığı ilə tanınan, ancaq özünü kasıb və müstəqil göstərməyə çalışan bəzi geydirmə fan klublar göstərdi. Bu da bir qəribəlik idi! Gülünc qəribəliklər birdir, ikidir,.. Azərbaycanlı futbolçuları nüfuzdan salmaq məqsədilə oyunların ən gərgin məqamında aparıcı futbolçuların öz oyununu tamam itirmiş Alim Qurbanovla əvəzlənməsi də qəribəlik və gülüş hədəfidir. Amma onun adına xalq arasında məhəbbətlə "Xilaskar" deyirlər. Hansı oyunu xilas etməsi isə hələ kimsəyə məlum deyil. Nəhayət komandanın “əbədi düşmən”i sayılan “Neftçi” ilə oyunda özünün indiyədək olmuş ən biabırçı məğlubiyyətinə uğraması daha böyük qəribəlik hesab olunmalıdır və bu vəziyyətə gərək oturub qarnın cırılana kimi güləsən. Amma yenə kimsə gülmədi! Gülmədi cəhənnəm, buna heç əsəbləşmədilər də! Dəyərli bir komanda derbi matçda belə biabırçı hesabla heç vaxt uduzmaz. Amma “Xəzər Lənkəran” uduzar, kimsə də bunun cavabını soruşmaz. Heç demə 0:5 hesabı ilə məğlubiyyətin əsas günahkarı düzgün taktika seçə bilməyən baş məşqçi və ciddi səhvlər edən bir sıra fərsiz legionerlər yox, zədə ucbatından oyunda iştirak etməmiş qapıçı Kamran Ağayev imiş! (?) Dünyanın heç bir yerində oyunda çıxış etməmiş futbolçunu məğlubiyyətə görə ittiham edə bilməzlər! Amma “Xəzər Lənkəran”da bu olur və bir çox çılğın azarkeşlər bu cür “debazol” iynəsini məmuniyyətlə qəbul edirlər. “Xəzər Lənkəran”nın “Rəvan” klubu ilə ev oyunu da gülüşə əsas verən nəticə ilə yadda qaldı. Az qala 80 dəqiqə qol arayan “Xəzər Lənkəran” qol vurduqdan sonra çox keçmədi, yəni hələ ayaq üstə qalxanlar oturmağa macal tapmamış komanda öz qapısında eyni cür cavab topunu gördü. Bunun indicə baş verəcəyini bildirən tanınmış futbol mütəxəssisi İdris Quliyev öz fikrinin gerçəkləşdiyini isbata yetirmək üçün geriyə çevrilən kimi “Sekurti” adlanan mühafizəçilər ona hücum etdilər və dədələri yaşda kişini minlərlə azarkeşin gözləri qarşısında döyməyə başladılar. Zarafatsız! Özlərini dahi futbol mütəxəssisi sayan bir çox azarkeşlər isə, nə qədər qəribə olsa da, bu vəziyyətə qahmar çıxırdılar. Deyiləsi qəribəlik deyil və buna artıq gülmək lazım gəlmir. Nəticədə həm İdris Quliyev qolundan, həm də “XL” qapısındakı qoldan sınıqlıq gördü.
Təkcə bu oyunun, ümumiyyətlə, həmin turun nəticələrinə katalizatorda xal verənlərdən qeyri kimsə qazanmadı.
Zəif bir rəqibə öz meydançasında xal verən komanda buna da bir günahkar tapmalı idi və tapdı da. Heç demə, bəzi azarkeşlər “İstefa” qışqırmasaydılar, komanda qalib gələcəkdi. Guya ki, əksəriyyəti legioner olan bir komandada “İstefa”nın nə demək olduğunu çox gözəl bilirmişlər.
Bütün bu qədər qəribəliyə baxmayaraq, azarkeşlərin avanqard hissəsi baş məşqçini dəstəkləyir. Buna görə də artıq mağazalarda almağa qapı dəstəyi qalmayıb. Əsas odur ki, hamı “Xəzər Lənkəran”ın bu qəribə və gülünc vəziyyətlə çempion olacağına inanır. Olsun! Ona görə də, əslində “Xəzər Lənkəran” udsa da, uduzsa da, gülümsəmək daha məqsədəmüvafiqdir. Onsuz da baş məşqçidən hesab soruşan olmayacaq. Meydançada göstərilən yarıtmaz oyuna hiddətlənənlərə isə həkim məsləhəti verək: onlar tribunalarda oturub gülümsəsələr daha yaxşı olar. Necə deyərlər, “Gülümsəyin cənablar, gülümsəyin!” Əslində bu da bir etiraz aksiyası sayıla bilər. Nə qədər qəribə olsa da, dünyada hələ ki, bu formada etiraz edən olmayıb. Baş məşqçi təkbaşına bu qədər qəribəlik nümayiş etdirə bilər, azarkeşlər onun cavabını təbəssümlə də olsa verə bilməzlər?!
Bu minvalla futbolda olmasa da, “Şən və Hazırcavablar Klubu” komandalarının yarışında çempion olmaq mümkündür. 100 faiz mümkündür! Zarafatsız! İstər meydançada olsun, istərsə də səhnədə, nə fərqi, əsas çempion olmaq deyilmi?
Комментариев нет:
Отправить комментарий