28.11.2011

TƏCNİSLƏR


Bəxtiyar Hidayət

1.
Doğulan qul kimi doğulur burda
Nə bəy ata qaldı, nə xanım ana
Evini başına uçurar zalım
Nə daxmaya baxar, nə xanimana

Ölkə qaldı beş-on tazıya, qurda
De kimə yem oldun- tazı ya qurda?
Molla, yüz məclis qur, taziyə qur da
Nə şah gələn deyil, nə xan imana

Burda  ağı qoyur qara mat daha
Atır dalınca da qaramat daha
Bir deyin o üzü qara məddaha
Öyməsin nə şahı, nə xanı mənə

2.
Ürək bölünərsə əlacı yoxdu
Çəpərin əlacı sim sarı, simdi
Sazım simlənmədi, yaram simləndi
Bu sim bizə yaman simsar isimdi

Simsardı saatda əqrəb əqrəbə
Simsardı səhrada əqrəb əqrəbə
Getsin ilan qohum, əqrəb əqrəba
Aşiqlik edənin simsarı simdi

Çıxmaz toxunana toxunsan, canın
Sən də ürəyinə toxun sancanın
Gedib özgəsinə toxun sən canın
Dəymə Bəxtiyara sim sarə simdi

3.
Belə çiçəkləndi bizim də ölkə
Açıldı bənizlər ha sarı, sarı
Yenə bitməz hasar-hasar oyunu
Yüz dola hasarı, ha sarı, sarı.

Demə daş-qaş tale, üzük ömürdü
Ömrün sökük ömür, üzük ömürdü
Yenə bu ölkənin üzü kömürdü
Yüz olsun yol boyu hasarı sarı.

Məni qışda vurma qara qan keçər
Ağ qan, qırmızı qan, qara qan keçər
Yenə ürəyimdən qara qan keçər
Bəxtiyar, yaramı ha sarı, sarı

4.
Fələyin tərs üzü- dolaşıq kələf
O da ki yerbəyer düyündü, düyün.
Hər gün qara gündü bu yerdə, həm də
Hər gün toy- bayramdı, düyündü, düyün.

Cəm olub xanəndə molla, xanəndə,
Birdi toyxanan da, mollaxanan da
İki qazanan var- molla, xanəndə
Bol olsun a millət düyün, düdüyün.

Şair Bəxtiyarın təbi bəllidi
Dərd birdi, dərman yox, təbib əllidi
Yarım loğman əlli, təbib əllidi
Yenə sinəm üstü düyündü, düyün

5.
Düşdüm bu sevdaya, çıxdım var-yoxdan
Ya varı qaydala, ya yoxu, dilbər.
payız öz fəslimdi, məni oxusan
qış oxu, yaz oxu, yay oxu, dilbər

qaragün saçlara qar işıq oldu
yol yoxuşa çıxsa qarışı qoldu
mənim toyum-vayım qarışıq oldu
öz eşqimi vurdu yay oxu, dilbər

zəhərdir mədənin ödə ki borcu
bor borc gətirməsin, ödə ki borcu
nədi Bəxtiyarın ötəki borcu
sirrini ellərə yay, oxu, dilbər

Комментариев нет:

Отправить комментарий