02.04.2012

“Mİ-5”dən üzünüzü gözləyin, gələcək bütün cinayətləri də Bakıda məhz onlar törədəcək!



Həmid Herisçi: “AYO”çulardan indi hamı istifadə edir”




Bütün ümidimi, gümanımı itirmişdim. Ki, müsahibə alınacaq. Müsahibənin baş tutmasından bir bayram ötdü. Bəlkə bu da taleyin konspiroloji hadisəsi idi…Nəhayət, söhbətimiz alındı. Oxuyub özünüz qiymət verin. Gunxeber.com saytının qonağı Həmid Herisçidir…

Deyəsən ateistlərlə, postmodernistlərlə davaya başlayıbsınız. Rəhmətlik Rafiq Tağının son savaşı elə Sizlə oldu da…Səbəbi nədir bunun?
- Ədəbiyyat məncə dinlə əkiz qardaşdı, onların bir-biriylə ciddi, dərin, sarsılmaz əlaqə telləri mövcuddur. Məsəlçün, Qorkinin “Ana” romanı ilk baxışda ateistik əsərdi guya, bir növ kommunist manifestidir…Aldanmayın. Bu roman İncildəki Müqəddəs Məryəm əfsanəsindən əslində qətiyyən seçilmir…Yəni, həmin bu roman əslində İncilin dekonstruksiyasıdır, yəni yeni redaksiyada qələmə alınmasıdır. İncildə Müqəddəs Məryəm öz oğlu İsanı qurban verirsə, Qorkidə bu, ana Palegeya Nilovnanın əməllərində davam edir-doğmaca övladı Vasilini də o, İsmayıl qurbanı kimi, cəmiyyətə hədiyyə edir… Gətirdiyim misal bir daha sübut edir ki, ədəbi mətnlər əslində öz ilk qatında dini bir mətn də yaşadır… Bu misallar bizim ədəbi ənənənin də əsasındadır…Bax həmin ilk mətn indiki postmodernistlərdə yoxdur deyə, onlar məğlubiyyətə məhkumdurlar…
Həmişə çalışmışam ki, bax bu ilk ədəbi mətn yazdıqlarımın əsasında olsun- “Damğa”, “Dəli Kür”, “Əli. Nino. Bakı” romanlarımda, şerlərimdə, publisistikamda mən həmişə çalışmışam o dediyim “gizli dini qatı” itirməyim əsla. Həmkarlarım, qələm dostlarım gərək buna xüsusi fikir versinlər. Ədəbi mətnlərdəki “intertekstuallığ”ı unutmasınlar… Bu “gözəgörünməz ədəbi qatlara” islamın fiqh elmində “irfan” da deyirər.


Belə çıxır ki, sovet dönəmində -ateizm zamanında!- ədəbiyyat müntəxabatında bir növ gizli dini mətnlər mövcudmuş, hə? Deyəsən, təbliğ etdiyiniz yeni “ədəbi konspirologiya” janrı Sizin bütün saqqızınızı oğurlayıb-hər yerdə gizli mətnlər, möcüzələr görürsünüz…
-Bəli. Siyahını davam etdirərdim. Sovet vaxtlarında məktəblərdəki Ədəbiyyat müntəxabatına Fizulinin “Şəbi-Hicran” qəzəli daxil idi. Düzü bu şer də Fizulinin konspiroloji təfəkküründən süzülüb gəlir-şair, məncə burda İmam Mehdiylə ayrılığına göz yaşı tökür daha çox. Özü də, böyük Fizuli bu məşhur qəzəlini qələmə alarkən çox uzaqgörən olub, sanki indiki dövrü görüb hətta. Bilib ki, yalnız bu halda onun dini məzmunlu qəzəli, müasir ateistlərin, sekulyaristlərin diqqətindən yayınıb ədəbiyyat dərsliyinə düşə bilər. Klassik ədəbiyyatımızda belə gizli ideoloji təbliğat nümunələri, məxfi kod işarələri bir növ “xirtdəyə qədər”di… Həmin bu konspirologiyanı Xaqani, Nizami, Saib Təbrizi, Mirzə Şəfi Vazeh, Əliağa Vahid yaradıcılığında da tapmaq mümkündü… İndi bildiniz ki, Fizulini niyə görə Kərbəlada, İmam Hüseynin ayaqları altında basdırıblar?


Hə…Maraqlıdır. Başqa sənət sahələrində də buna oxşar gizli mətləblər, konspirologiya mövcuddur?
-Rejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Bir qalanın sirri” kinofolmindəki bir kadra xüsusi fikir verməyinizi xahiş edərdim. Vaxtiylə, ANS telekanalında kino sənətimizə həsr olunmuş “Yüzüncü baxış” verilişinin aparıcısıykən, həmin kadr məni özünə cəlb elədi. Filmdə bir statik kadr var-orda “gorxulu qala” təsviri cəmi bir-iki saniyə sürür, nəticədə, biz onu yaxşı görə bilmirik. Ancaq, “stop-kadr” düyməsinə barmağınızı basıb həmin qala təsvirinə diqqətlə zillənin. Hə, orda kommunistlərin 1932-ci ildə sökdüyü Bibi-Heybət məscidinin təsviri ilə üzləşəcəksiniz. Bu da olacaq “Bir qalanını sirri” filminin əsas sirri, əsas konspirologiyası. Rejissor Əlisəttar Atakişiyev həmin xəlvət sirri, 25-ci kinokadr kimi tamaşaçının altşüuruna yedirdib. Düzü, Əlisəttarda belə sirlər bütün kino əsərlərində sezilir-xüsusən “Sehirli xalat” filmində.


Yaxşı, sənət əsərində sirrin, konspirologoyanın olması mütləq zəruriyyətdir bəyəm?
-Bəli. Mütləqdir. Nizaminin ilk poeması sizcə təsadüfənmi “Sirlər xəzinəsi” adlanır? Görün, hardan, hansı ədəbi janrdan başlayır böyük Nizami öz ədəbi söhbətini- KONSPİROLOGİYA-dan! Gizli Simsim mağarasının bədii əsərdə mövcudluğu olmadan ədəbi mətndə “süjet” yaranmaz əsla. Süjet yaradan əsas faktor yalnız sirr, konspirologiya ola bilər, vəssəlam. Klassisizm buna ədəbi mətndə həmişə əməl edib. Postmodernizmə son zamanlar dəyən ən amansız zərbə də burdan-konspirologiyanın sehrli aləmindən gəldi. Cəmiyyət, oxucu gördü ki, müasir dünyanın da sirləri, gizlinləri az deyil. Həmin gizli süjetlər oxucunu özünə cəlb etdi. Nəticədə, postmodernistlərin “sirr yoxdu, Allah yoxdu, müəllif ölüb, oxucu ölüb” kimi puç müddəaları üzərinə kölgə düşdü.


Postmodernistlərin Bakıda əzizlədiyi məkan-“Şirzadın kafesi” də eyni vaxtda qapandı neyçünsə…
-Bəli. Konspiroloq üçün heç nə təsadüfü deyil. Bütün cərəyan edən hadisələr onun gözündə bir gizli süjet ətrafında hərəkətdədir axı.


Bədii sənət aləmimizdə daha hansı gizlinlər indi öz üzərindən sehr örtüyünü qaldırır?
-“Uzaq sahillərdə” filminin bir sirri hələ də gizlindədir. Yadınıza salıram həmin kinokadrları: Satqın Karanti telefon dəstəyini götürüb Triestdəki Gestapoya zəng vurur. SS-çi cənab Şultsa deyir-“Danışan Mİ-5”…


Nədir belə “Mİ-5”?
-Britaniya kəşfiyyatının adıdır da…Kinofilmin rejissoru Həsən Seyidbəyli burda həm altşüurumuza, həm üstşüurumuza mesaj ünvanlayır. Göstərir ki, Britanya kəşfiyyatı hələ o vaxtlar İtalya kommunistləriylə faşistlərini bir-birinə qataraq gizlincə onları həmişə vuruşdurub…Yəni ordakı Karranti surəti təkcə xain simasını özündə cəmləmir. Həm də cinayətkar, gizli Britanya kəşfiyyatının da iyrənc simasıdır, o. Sonralar həmin M-5 cəsusu Karranti sanki qəbirdən xortlayaraq bu dəfə Bakıya səfər edir. “İstintaq davam edir” detektivindəki Bakıya gəlmiş “Agent 007” cənab Xoukla, deyirsiz, Karrantini oynayan şəxsin eyni aktyor-Lev Bordukov olması təsadüfdür, hə? Yox… konspiroloqlar əsla belə düşünməz. Burda bizim kinomotoqrafın sirri var-bizə bir gizli mesaj ünvanlanıb ordan: “Mİ-5”dən üzünüzü gözləyin. Gələcək bütün cinayətləri də Bakıda məhz onlar törədəcək.


Siz hansı gələcək cinayətləri nəzərdə tutursunuz axı?
-Məncə başımızın dərdi olan Qarabağ olaylarını, Sumqayıt, Xocalı, Bakı qırğınlarını da məhz bu Karrantilər həyata keçirdilər ölkəmizdə… Mehdi Hüseynzadələrimizi düşmənə həmişə onlar satıb. Cənubi Azərbaycan faciəmizdə, Səttərxan, Xiyabani, Pişəvəri qətllərində Mİ-5-in bədəməlləri tarixçilərə yaxşı bəllidir.


Maraqlıdır davam edin. Daha nə sirlər var bu kino filmlərimizdə?
-Elə Mehdi Hüseynzadənin adı çox sirli göründü mənə-bu surəti yaradarkən Həsən Seyidbəyli ona İmam Mehdi xilaskarlığı, İmam Hüseyn əzabkeşliyi simasını bağışlayıb. Yaddaşımızdakı bu qədim dini kodlar vasitəsiylə Mehdi Hüsenzadənin simasını yaradıb.


Demək istəyirsiniz ki, “Uzaq sahillərdə” filmi əslində dünyəvi, sekulyarist kinosu deyil? Dini kinodu? İmam Mehdi, İmam Hüseyn haqda çəkilmiş gizli konspiroloji kinofilmdir, eləmi?
-Bəli. Bayaq sizə dedim ki, ədəbi süjetlər görünməz tellərlə dini əsatirlərlə əlaqəlidir. Bu, həm də kinomotoqrafa da aiddir. Xüsusən, Azərbaycan filmlərinə. Məncə, həmin filmlərdə Azərbaycan öz əski dini miflərini yaşayır. Elə bu gün də həmin filmləri izləyərkən biz altşüurumuzda dini əsatirləri yaşadırıq.


Sizi islamçı-sosialist yazar hesab etmək olarmı?
-Gördüyünüz kimi hə…Görmürsüz necə sovet filmlərində dini mövzular tapıb onlara ikinci həyat bəxş edirəm?


Bəlkə buna görə “Yüzüncü baxış”, “Gecə kanalı” kimi baxımlı verilişləriniz indi ekranlarımızdan silinib?
-Bəlkə də…


Həmid bəy “facebook” profilində yazmışdız ki, “İlham Əliyevin portretini çizmişəm. Görək kim çap edəcək?”. Çap edən niyə yoxdur?
-Yox…nəhayət ki, çap etdim o portret-yazımı. “Qafqazinfo” saytında onu elə ilk gündə 7 min oxucu oxudu. Rüstəm İbrahimbəyova aid portret-yazımı birinci gün 10 minədək oxucu izləmişdi…


Bəzən ziddiyyətli fikirləriniz olur. Əslində bəs Həmid Herisçi kimdir, yazıçı, konspiroloq, şair yoxsa yazıçı?
-Mədəniyyətimizin, söz sənətimizin qara kürüsünü biz verdik… Mövzuları da… Demək, buddizmin dediyi “Çakravartin” –fələk çərxçevirənləri elə biz olmuşuq… Həmin əfsanələrə görə, 100  nəfər əsgər, dərviş, rahib yetişdirə bilmiş müəllim-hoca – bax bu “Çakravartin” mərtəbəsinə yetişərək, zamanın axarını dəyişə bilər. Çakravartin həm də yaxşı münəccim olmalı, yerdə aşkarladığı “ulduz”ların göy  cisimlərindəki, ulduz dünyasındakı oxşarlarını, bir növ əkiz qardaşlarını da axtarıb tapmalıydı… Əslində, nərd oyununda bu iki eyni dünya, iki eyni insan təcrübədən keçirilir, qoşa düşən zərlərdə xüsusi gizlinlər tədqiq edilirdi…Azərbaycanımızın bir orta əsrlər mistik yazarı var-Şahəbəddin Söhrəvərdi…Şərqin ən aparıcı mistik yazarı sayılır o. Onun adındakı “söhrəvərdi” kəlməsiylə “çakravarti” anlayışı məncə eyni köklüdür…


Özünüzü onun varisi, bir növ “çakravartin” bilirsiz yəni?
-Bir azacıq buna inanıram…


Şimali Azərbaycanın dərdlərindən nədənsə çox az yazırsız…
-Deməzdim. Siz məni yaxşı oxumayıbsız deyəsən. Sizə “Gecə kanalı” kitabımı, şerlərimi, romanlarımı gərək bağışlayam ki, belə düşünməyəsiz.


Məmməd Süleymanov tənqid edərək deyir ki, postmodernizmdə nə yazılırsa ədəbiyyat sayırlar. Elədirmi?
-Mən indi postmodernist deyiləm. Sualı postmodernistlərimizə ünvanlayın-onlar indi sekulyarist, dünyəvi olmaq istəyirlər. Məni itirdikdən sonra onların sekulyarizmə meyli artıb. Posrmodernin dağıdıcılığı, SSRİ kimi ideoloji məmələkəti aşırmağı bacardı, bəli, bununla razılaşaq.  Ancaq postmoderndən teizmə, xüsusən islama qarşı istifadə etmək xəyalı, belə deyək, gülüncdür…Təssüf ki, xaricin cəsus, donor mərkəzləri bunu bizim yazarlar qarşısına imtahan sualı kimi atırlar…


Son illərdə yeni gənc yazıçılardan kimlərsə ciddi ədəbi nümunə yarada bilibmi?
- AYO-çulardan indi hamı istifadə edir-müxalifət, iqtidar…Dövrü mətbuat…Məsləhətim budu-həmin istedad sahibləriylə ehtiyatlı olun, cənablar. Çürütməyin onları, insafınız olsun, barı.


Hazırda nə yazırsınız, nə oxuyursunuz?
-Özümü yazıram… özümü də oxuyuram-həm rəmzi, həm də sözün əsl mənasında. Böyük roman üzərində çalışıram… Süjet artıq hazırdı demək olar… Romanın fəsilləşdirməsini də bitirmək üzrəyəm… Avtibioqrafik roman olacaq o.


Niyə Azərbaycanda Sol hərəkatı yoxdur?
-Sosializmdən, SSRİ-dən sonra ölkədə kapitalizm yarana bilməz. Quldurluq yarana bilər ancaq. Tarix bunu bizə bir daha sübut etdi.


Azərbaycanda müxalifətin bəs hakimiyyətə gəlmək şansları qalıbmı?
-Müxalifət məmurlaşıb təəssüf ki…Müxalifət adsız iqtidar nazirliyi kimidi indi. İqtidar onu istədiyi kimi işlədir özünə.


Həmid bəy, hazırda hansı müxalif partiyanın ideoloji xəttini özünüzə yaxın bilirsiz?
-Pişəvəri hərəkətinin bir qərib yadigarıyam… Bu qədər…


İcazə verin bu üç nöqtələrlə söhbətimizi qurtarım.
-Buyurun. Mən razı…Cəmiyyətimizə konspiroloji salamımı çatdırın…


Təşəkkürlər


İlkin SEYİDBƏY

Комментариев нет:

Отправить комментарий