12.08.2012

Bayırdan Bayıla… Bayıldan bayıra

 Faiq Balabəyli

“Burdakı ağacdan bir neçə əncir dərdim, tamından qan-irin iyi gəldi”

Bayıl türməsi haqda ötəri də olsa, mən də yazmışam. Adında vahiməlik olan bu məkan haqda çox yazıb, danışıblar. Əslində, paytaxtımızın qədim yaşayış məskənlərindən olan Bayıl yaylası haqda daha çox xoş sözlər yazmaq mümkündü. Amma, Bayıldan danışarkən istər-istəməz yada indi tarixin səhifələrinə gömülməkdə olan türmə düşür. Mənim Bayılla ilk “tanışlığımın” da yaddan çıxmayacaq anları çox olub. Qalın, “quş uçmaz”, “yel adlamaz” divarlarla əhatələnmiş bu “qala” divarları arasında çoxlu sirlər yatır. Kameraların divarlarına hopmuş qan izləri, göz yaşları, inilti-hıçqırtı düşüncələrinin hakiminə çevrilir.
Dustaqların danışdıqları hekayətlər, “başa gəldilər” qorxulu və sehirli bir nağıla da bənzəyir. Bayıl türməsinin həyətindəki ağacların sıx yarpaqları da insana sərinlik vermir. Bu ağaclarda da bir hüznlük, matəm yarpaqlayır, çiçəkləyir. Əsasən dekorativ ağaclardan ibarət olan bu yaşıllığın içərisində Abşeron təbiətinə xas olan ağaclar da var. Tut, əncir, zeytun və sair… Sözsüz, bu ağaclara qulluğu “mastoviklər”, yəni “zona” çıxmağa ehtiyatlanan, “qrexi” olan, yaxud başını bir cür də olsa dolandırmağa çalışan  az “sroklu” məhkumlar edir. Görünür, elə buna görədir ki, bu ağacların bəhrəsi, beş addım o yanda – qalın hasarların o biri üzündə bitən ağacların bəhrəsinin tamını vermir. Bunu söhbət etdiyim, yönü bu tərəflərə bir neçə dəfə düşən köhnə dustaqlar deyir. Elə “nadzorlar” da, “DPN”ka işçiləri də bunu təsdiqləyir. Bir dəfə mənə kəndimizdəki həyətimizdə bitən əncir ağacının barından gətirmişdilər.  Əncirdən dadan əslən laçınlı olan zabit belə dedi: “Burdakı ağacdan bir neçə əncir dərdim, tamından qan-irin iyi gəldi”.
Bir dəfə görüşümə gələn doğmalar vasitəsilə azyaşlı qızıma Bayıl türməsinin həyətində əkilmiş güllərdən bir neçəsini dərib göndərmək istədim. Yarım saatlıq görüşün sonunda çiçəklər təmiz solmuşdu, ətri isə demək olar ki, dərəndə belə yox idi. Sonralar “Bu çiçəyin rəngi niyə solubdu” adlı şeir yazdım. Elə Bayılda olarkən “Ulduz” jurnalında dərc olundu. “Burda darıxmaq olmaz” şeirlər kitabımda bu və buna bənzər şeirlər öz əksini tapıb. Bayırdan Bayıla hansı ovqatla “daxil olursansa”, elə Bayıldan da bayıra eyni ovqatda köklənirsən.

“Getdik piano çalmağa” 

Bunu balacaboy, qıyıqgöz, sifətində dünyanın bütün namərdliyi əks olunan kiçik ədliyyə serjantı dedi. “Birincilər” – ilk dəfə həbs olunan bizlər bir-birimizə baxdıq. “Köhnələr”, barmaq izlərimizi götürəcəklər dedilər. 1-ci korpusun 2-ci qatında növbə ilə bizi aparıb qarşıdan və profildən şəklimizi çəkib, barmaqlarımızı mürəkkəbə batırıb xüsusi nömrələnmiş, adımız və təqsirləndirildiyimiz maddələr qeyd olunmuş blanklaraın üzərində piano çalırmış kimi gəzdirdilər və bir çox mənasız suallarla sorğu-sual etdilər.
 Səhhətimizlə də maraqlandılar. Həkim nəzarətindən keçirib, döyülüb –döyülməməyimizi, hər hansı işgəncəyə məruz qalıb-qalmamağımızı da soruşdular. Həkimdən çox piştaxta arxasında oturan satıcıya oxşayan dazbaşın birisi “iki şirvan verməlisiniz, sizin hər hansı bir xəstəliyiniz olsa, mən müalicə edəcəm” dedi. Təzələrdən təkcə mən, köhnələrin isə hamısı iki “şirvan”ı həkimə çox gördü.

“Burda hava da pulnandı” 

Adımı, soyadımı qeyd edən həkimə “sənə niyə pul verməliyəm ki” deyib, “dikbaşlıq” etdim. Gülümsədi. Maddəmlə müraciət etdi: “311 (bu maddə rüşvət almaqda təqsirli bilinənlərə şamil olunur – F.B), aldığından istədim də… vermirsən canun sağ olsun! Burda havanı da pulnan verirlər”.
Düz də deyirdi. İsti yay günlərində balaca, dar kamerlarda havasızlıqdan ciyərlərımız pörşələnəndə növbətçilər “kormuşka”nı bağlayırdılar. “Kormuşka” kameraların qalın dəmir qapılarındakı balaca nəfəsliklərdi ki, əslində, burdan dustaqlara yemək paylanır. Qanunla bu “fartuçka” ancaq ərzaq və digər əşyalar veriləndə açılır və bir-neçə dəqiqədən sonra  bağlanır. Bir neçə manatın müqabilində bu “kormuşka”lar açıq qalır ki, dəhlizdən sərin və təmiz hava içəri daxil ola bilsin. Ümumiyyətlə, hər yerdə olduğu kimi, burda da pul əsas rol oynayırdı. Amma, 1-ci korpusun 1-ci qatının starşinası olan, gizir Xeyrulla belə xırdaçılıqlara yol verməzdi. Bu kişi doğurdan da dustaqlarla mehriban idi və hər kəsin işinə yaramağa çalışırdı. Məhz buna görə də dustaqların ona etdiyi “hörmət” halallıqla olurdu. Ona ötürülən pulu geri qaytarmasa da, heç vaxt dili ilə kimsədən pul və ya ərzaq, sabun, mer-meyvə istəməzdi. Güclü yumor hissi vardı və köhnə dustaqların təzələri “prikola” tutması zamanı bəzən tərəf kimi əylənməyi də “şəninə sığışdırırdı”. Bir dəfə belə bir hadisə oldu.

“Bazarlıq” 

 Bir nəfər narkotikaya meyilli cavan oğlan, gənc bir qızın boynundan qızıl zəncirini qopararaq aradan çıxmaq istəyərkən, elə həmin qızın çevikliyi sayəsində ələ keçmişdi. İndi həmin cavan 25-ci kamerada özünü qınamaqla, taleyindən şikayətlənməklə dustaq ömrünə vərdiş etməyin yollarını arayırdı. Dikbaşın və özündənrazının biri idi, həm də. Mir Aqil adlı Cəlilabaddan olan dustaq deyirdi ki, adə, a bala sən hələ duzlağa çatmamısan? Başa düşmürdü ki, bu onun hələ “duza getməsinə” işarədi. Dustaqlığın özünün başqa yolları, əxlaq və davranış qaydaları var. Bu adamın nəzərində təkcə mən cinayətkar, daha doğrusu “svoyski” deyildim. Özünü “bu yolun yolçusu” sayan bu adam, “pristupnu mirin” sayılmışlarından olacağını tez-tez dilinə gətirməklə hər kəsdə ikrah hissi oyadırdı.  Əslində, kameradakılar da, Bayıldakı adminstrasiya da mənimlə bağlı onun kimi fikirləşirdi. Mən onların nəzərində yolu səhv salmış “posajir” idim. Hörmətimi saxlayır, maraqlandığım bütün xırdalıqlara aydınlıq gətirirdilər. Yazı-pozu adamı olmağım, onlara latın qrafikasında yazıb-oxumağı öyrətməyim “müəllim” “tituluna” sahiblənməyimə səbəb olmuşdu. (Burda hər kəsin əməlinə, xarakterinə görə adı vardı. “Zon” da isə “şair” kimi tanınacaqdım - F.B). İndi, adını çəkmək istəmədiyim bu gənc “razboynik”, bir gün  məndən soruşdu ki, hər səhər kameradkı yoxlanışdan sonra 1 ya 2 nəfəri hara aparırlar və niyə ancaq axşam qaytarırlar. Bunlar məhkəməyə aparılan dustaqlar idi. Məqam çatmışdı. “Pristupnu mirin” bilicisi ilə əylənməyi başqa vaxta saxlamadım: “Bilirsən, hər gün bizlərə qıraqdan yemək-içmək, meyvə və başqa şeylər gəlir. Bu adamlar yaxınlıqdakı Səbayel bazarına bazarlığa gedirlər. Türmə rəisinin adına ərizə yazırlar və axşam qayıtmaq şərti ilə yarım gün də olsa azadlığın havasını udurlar”.
İnandı. Məndən xahiş etdi ki, starşinaya deyək, o da bir gün bazarlığa çıxsın. Kameradakıların qulağı söhbəti alan kimi, “yox, səni buraxmazlar, hələ təzəsən, gözlə bir az” dedilər. Qardaş əl çəkmədi. Razılaşdıq. Qapını içəridən döyüb növbətçi “nadzoru” çağırdıq. Dedik ki, starşinanı çağır. Xeyrullaya vəziyyəti anlatdıq. Sabah “bazarlığa bu gəncin göndərilməsini” xahiş etdik. Köhnə qurd olan Xeyrulla bunun mümkünsüz olduğunu dedi. Artıq oyun başlamışdı. Starşinaya “qoy ərizə yazsın, müzakirə edin, rəhbərliyə xəbər verin, bu onun islah olunmasında mühüm rol oynayar” dedim. Xeyrulla “nə deyirəm, əgər belə məsləhət bilirsinizsə, qoy ərizəsini yazsın” dedi. “Strimit” etmək istəyən “dostumuz” artıq “atmosferə” düşmüşdü.
Oyunu mən başlamışdım, mən də başa çatdırmalı idim. Mənim “ovuma” heç kəs girişə bilməzdi. Ancaq və ancaq yardımçı olmalı idilər. Ona qələm- kağız verib dedim ki, ərizə yaz. Gördüm çətinlik çəkir. Ərizənin necə yazılmasını ona başa saldım. Mən dedikcə o yazırdı. Ərizə türmə rəisinin adına ünvanlanırdı. Ərizədə rəisin- ədliyyə polkovniki Misir Əliyevin dustaqlara qarşı atalıq qayğısından, səhər axşam özünü onlardan ayrı tutmamasından, dustaqlar kimi, “balanda” yeməsindən, məhz buna görə də balandanın kefiyyətinin günü-gündən artmasından, nümunəvi dustaqların hər ay 3 günlük evə buraxılmasından bəhs olunurdu.  Eyni zamanda, qeyd olunurdu ki, bütün bunlar heç də təsadüfü deyil. Çünkü rəisin doğulub boya-başa çatdığı Cəbrayıl rayonu Cənubi Azərbaycanla sərhəddə yerləşir, O, uşaqlıq illərini Xudafərin körpüsünün yanında keçirib, hal-hazırda həmin rayon ermənilər tərəfindən işğal olunub və vətən həsrəti cənab rəisi insanlarla insani münasibət saxlamağa vadar edir. Sonda da xahiş olunurdu ki, bütün bu yüksək keyfiyyətlərin daşıyıcısı olan cənab rəis həmin dustağın xahişini nəzərə alsın, yaxınlıqdakı Səbayel bazarından bazarlıq etmək üçün ona icazə versin.
Lakin ərizə özünün müsbət həllini tapmadı. Səhəri gün Xeyrulla ərizəni geri qaytardı. Dərkənarda yazılmışdı ki, ərizə kiril əlifbası ilə yazıldığına və  xeyli orfoqrafik səhv olduğuna görə baxılmasın. Dustağa tövsiyə edilsin ki, yeni əlifbanı öyrənsin.
Axşam gəzintisində kameranın “smatriyaşisi” Mir Aqil Xeyrulannın cibinə “obşaqın” pulundan 5 manat salmaq istədi. Razılaşmadı, xeyli gülmüşəm” dedi, bu mənə bəsdi.

(Ardı var)                    avropa.info

Комментариев нет:

Отправить комментарий