08.08.2012

Qədim Hindistanın kosmonavtları: GÖYLƏRDƏ DÖYÜŞ

Tədqiqatçılar sübut edirlər: Yerdə yüksək inkişaf etmiş sivilizasiyalar olub, 15 min il əvvəl isə atom bombası partlayışı baş verib.
2006-cı ildə Hindistanın Heydərabad şəhərində qeyri-adi qüvvənin gücü ilə yandırılmış Mohenaca-Daro şəhəri və sirli uçan aparatlara həsr olunmuş "Qədim Hindistanda elm və texnika" mövzusunda umummilli simpozium keçirilib.

Göylərdə döyüş

"Səhər açılanda Rama səma gəmisini götürüb uçuşa hazırlaşır. Gəmi ikimərtəbəli idi, xeyli otaq və pəncərələri vardı. Havaya qalxmazdan və yerə enməzdən əvvəl gəmidən melodik səslər gəlirdi".

Qədim hind eposu "Ramayana"da qəhrəman-allahın səma gəmisi bu cür təsvir olunurdu və bu yeganə sübut deyil. Sanskrit dilindəki bütün qədim yazılı mətnlərdə qeyd olunur ki, allahlar silahlarla təhciz olunmuş viman uçan aparatlarından istifadə etməklə səmada döyüşürdülər. Məsələn, Maharici Bharadvacanın sanskrit dilində yazdığı "Uçuşlar haqqında traktat"ında göstərilir ki, güclü işıq qığılcımı istənilən obyekti tapıb onu məhv edə bilər.
Bir çox qədim manuskriptlər qədim aparatların texniki göstəricilərini və vimanların idarə olunması instrkusiyalarını geniş təsvir ediblər. Onların yazdıqlarına inansaq, həmin aparatlar səmada asılı qala bilir və hərəkət istiqamətlərini kəskin dəyişə bilirlər.

Mohenco –Daronun sirri

Əfsanələrə görə, qədim hind imperiyası olan Ramanı on beş min il əvvəl güclü bir silah dağıdıb. İngilis tədqiqatçısı Davenport "Ramayana", "Mahabharata" və "Uçuşlar haqqında traktat"ı analiz edərkən belə bir nəticəyə gəlir ki, Pakistan ərazisində Hind çayı hövzəsindəki qədim Daor sivilizasiyasına aid olan Mohenco – Daro şəhəri və yaxınlıqda yerləşən digər yaşayış məskənləri atom partlayışı ilə məhv ediliblər.
Bu döyüşlərin birinin təsvirində deyilir:
"Böyük və sürətli vimanda uçan Qurka (allah) kainatın bütün gücünü özündə toplayan bir mərmini üç şəhərin üstünə göndərdi. Sanki on minlərlə günəş partladı. Həlak olan insanları tanımaq mümkün deyildi. Sağ qalanlar isə çox yaşamadılar: onların saçları, dırnaqları və dişləri töküldü".
Ən əsası isə Mohenco –Daronun xarabalıqlarında çox yüksək temperaturun və güclü şok dalğasının təsiri açıq-aşkar görünməkdədir. Mohenco Darodakı qazıntılardan yüz il vaxt keçib. Müasir analizlər göstərir ki, qədim şəhərin ərimiş qalıqları yüksək temperaturda, ən azı 1500 dərəcədə baş verib. Tədqiqatçılar həm də bütün evlərin yerlə bir olduğu zaman episentrin dəqiq dairəsini müəyyən ediblər. Mərkəzdən əyalətlərədək dağıntılar getdikcə azalır. Daha bir vacib detal: məhz Mohenco Daro rayonunda tapılan onlarla skeletin radioaktivliyi normadan 50 dəfə çox olub. Partlayışın ehtimal edilən episentrində ərimiş keramika qalıqlırı tapılıb. Bu yerlərdə yüksək temperaturun təsirindən əriyərək şüşəyə çevrilən qumlar da aşkar olunub.
Qədim hind eposu "Mahabharata"da da naməlum silahın qəribə gücü haqqında xeyli rəvayətlər var. Məsələn, fəsillərin birində "od kimi parıldayan, lakin tüstüsü olmayan" mərmi haqqında danışılır. Onun yerə düşməsindən sonra "dərin qaranlıq bütün səmanı bürüdü. Fəlakət və dağıntı gətirən qasırğa və burulğan başladı. Dəhşətli partlayış minlərlə ev və vəhşi heyvanı, eləcə də on minlərlə insanı külə döndərdi. Kəndlilər, şəhər əhalisi və hərbçilər zəhərli külü yumaq üçün çaylara töküldülər..."

Uçan aparatlar-vimanlar

Son illərdə bir çox tədqiqatçılar vimanlar haqqında məlumat verən manuskriptlərin axtarıb tapılması, oxunması ilə məşğul olurlar. Onlardan biri - sanskrit üzrə mütəxəssis və yazıçı Subramanyam İer Cənubi Hindistanda Karnataka adlı yerdən tapılmış və 800 il öncəyə aid palma yarpaqları üzərinə yazılmış yazıları oxuyur.
1975-1978-ci illərdə İer vimanların hazırlanması texnologiyasını izah edən qəribə mətnlər tapır. İer müasir aviasiya və kosmik texnikalarda bu məlumatları istifadə etmək niyyəti ilə dövlət departamentinin direktoru Prabxuya müraciət edir. Direktor tədqiqatçının diqqətinə çatdırır ki, toxunulan problemlə bağlı artıq onun özü müəyyən tədbirlər görüb və hətta bəzi uğurlar da qazanıb.
Məlum olduğu kimi, Prabxu palma yarpaqlarındakı mətnləri oxuyur və orada vimanların füzelyajının (təyyarənin gövdəsi) hazırlanmasında istifadə olunan qarışığın tərkibini öyrənir. 1991-ci ildə bu qarışığı yenidən hazırlayır və onları təcrübədən keçirir. Nəticələr heyrətləndirici idi. Hazırlanan qarışığın unikal tərkibi imkan verirdi ki, ondan müasir aviasiya, kosmonavtika və hərbi işlərdə istifadə edilsin.
1992-ci ilin sentyabrında "İndiey Ekspress" qəzetində nəşr olunmuş məqalədə qeyd edilir ki, bununla bağlı keçirilmiş konfransda Prabxu öz nəzəriyyələri barədə ətraflı məruzə edib. Məruzəçinin verdiyi məlumata görə, tədqiq edilən qarışığın təcrübədən keçirilməsi təkcə Hindistanda deyil, başqa ölkələrdə də, əsasən ABŞ-da aparılır.
ABŞ-ın Kaliforniya ştatında San-Xose şəhərindəki universitetdə "Tamoqarbxa Loxa" (yaqut lazerindən yayılan enerjinin 85%-ni udan qurğuşun qarışığı), "Pança Loxa" (korroziyaya məruz qalmayan, yaxşı döyülmə qabiliyyətinə malik qurğuşun, sink və mis qarışığı), "Araara Tamra" (kövrək və çox yüngül antikorroziya qarışığı) və "Çapala Qraxaka" (yüksək keyfiyyətli keramit material - çox az modifikasiyadan sonra yumşaq və turşuya davamlı şüşə əldə etmək olar) qarışıqları təcrübədən keçirilib.
Bu günə qədər daha 14 materialın, o cümlədən "Bxandxira Loxa" (səsi izolyasiya edən qarışıq) və "Vidyut Darpana"nın (işığı neytrallaşdıran şüşə) tərkibi öyrənilib.
Prabxunun sözlərinə görə, öyrənilən mətnlər mineralların yerləşdiyi rayonları, onların əldə olunması və təmizlənməsi metodlarını göstərir. Bu informasiyanın təsdiq olunması ilə bağlı ünvanlanmış rəsmi sorğuya cavab verən Prabxu bildirib ki, onun rəhbərliyi altında günəş şüasını udan şüşə və vimanların füzelyajının hazırlanmasında istifadə olunan qarışığın hazırlanması prosesi gedir. Bu qarışıq sürətli uçuş zamanı aparatların havada sürtünməsi zamanı yaranan istiliyi udur.
Tədqiqatçı Prabxunun şərh etdiyi məqamlar çox aydın şəkildə "Mahabharata"da öz əksini tapıb. Eposda hindlilərin Krişna deyə adlandırdığı Tanrının yaxın dostu olan Arcuna ilə şeytanın döyüşü belə təsvir edilir:
"Arjuna səma sakinlərindən ilahi silahı almaq və ondan istifadə etməyi öyrənmək üçün səmaya qalxır. Səmaların hökmdarı İndira Arcunaya iblisin okeanın dərinliyində qalalarda gizlənmiş 30 milyonluq ordusunu məhv etməyi əmr edir. İndira Arcunaya uçan bir qurğu verir və həmin qurğunun pilotluğunu köməkçilərindən biri olan Malatiyə tapşırır. Qurğu təkcə səmada uçmur, hətta suyun dibində də hərəkət edə bilir. Növbəti döyüşdə iblislər sularda daşqın yaradırlar, lakin Arcuna ilahi silahın köməyi ilə bütün suyu qurudur".
Daha sonra "Mahabharata"da deyilir ki, Arcuna öz maşını-amfibiya ilə səmaya qayıdır və kosmosda öz oxu ətrafında fırlanan şəhər görür. Bu şəhər Xiranyapura (qızıl şəhər) adlanır və onun qurucusu Brahmadır. O an şəhər iblislərin əsarətində idi. Arcuna şəhəri dağıtmaq əmri alır, lakin əfsanəvi döyüş silahları ilə silahlanmış iblislər var qüvvələri ilə şəhəri qoruyurdular:
"Prabxu Mahabharata"da belə deyilir:
"Bu çox dəhşətli döyüş idi. Döyüş zamanı şəhər kosmosun dərinliklərinə atılır və çox bərk şəkildə hərəkətlənir. Arcuna şəhərə öz ilahi silahı ilə atəş açır və onu hissələrə bölür. Bu hissələr yerə tökülür. Xilas olmuş iblislər xarabalıqlardan çıxaraq yenidən döyüşə atılırlar. Lakin Arcuna onları məhv edir və İndira onu "böyük qəhrəman" adlandırır..."
Vimanlar - bir çox qədim yazılı mənbələrdə adı çəkilən uçan qurğulardır. "Mahabharata", "Ramayana", eləcə də "Riqvede"də (e.ə. II minillik) bu qurğular barədə çox ətraflı şəkildə bəhs edilib. Bu kitablara əsasən, vimanlar bir neçə növə bölünür və təkcə yer atmosferi çərçivəsində deyil, ondan kənarda - kosmosda və digər ulduz sistemində də hərəkət edə bilirdi.
Vaytmara - ana gəmidir, o 144 vaytman (viman) tutur. Vaytmanlar öz növbəsində 5 növə bölünür - Rukma Vimana, Sundara Vimana, Tripura Vimana, Şakuna Vimana və Aqnixotrlar.
Vaytmarlar qalaktikalararası, vaytmanlar (viman) isə bir qalaktika daxilində uçuşlar üçün nəzərdə tutulur. Rukma Vimana üç göyərtəli uçan aparat kimi təsvir olunur. Mənbələrdə qeyd olunur ki, vimanlar o dövrdəki geniş miqyaslı döyüşlərdə iştirak edə bilərdi.
Rukma Vimana və Sundara Vimana konusşəkilli olub. Tripura Vimana daha böyük gəmidir. Sundara Vimana Rukmadan fərqli olaraq, sürüşkən formadadır. Aqnixotrlar isə vimanların əksinə, reaktivlə hərəkət edirdilər.

Onlar nə ilə təhciz ediliblər?

Doktor Narin Şeth deyir ki, "Uçuşlar haqqında traktat"ın bir hissəsi uçan aparatda quraşdırılmış "Quhaqarbhadarş yantra" adlı cihaza həsr olunub. Qədim kitabda göstərilir ki, o cihazın köməyi ilə çox yüksək məsafədən yerin altındakı predmetləri müəyyən etmək mümkündür. Bir sıra ekspertlərin rəyinə görə, söhbət rəqibin maskalanmış raket əleyhinə mübarizə vasitələrinə reaksiya verən radardan gedir. Cihaz 12 bolkdan ibarət olub. Narin Şethin fikrinə görə, bu cihazın güclü şüavermə qabiliyyəti sayəsində qısa dalğalar göndərmək və onların qəbul etməklə yerin altında gizlənmiş predmetləri öyrənmək olar.
"Quhaqarbhadarş yantra" uçan aparatlara qoşulmuş 32 cihazdan sadəcə biridir. Digərləri çox güman ki, indiki anlamda radar, fotoaparat, projektor rolunu oynayan cihazlardır. Eyni zamanda orada vizual müşahidələr aparmaq üçün linzalı güzgülər olub. Onlardan biri - "Pincula güzgüsü" pilotun rəqibin göndərdiyi şüalardan qorunması üçün nəzərdə tutulub.

Onlar kimlərlə döyüşüblər?

Qədim sivilizasiyada yaşayan insanların uçuşları barədə sənədlər təkcə Hindistanda deyil. Çinlilər Lxasda (Tibet) sanskrit dilində yazılmış bir neçə mətni öyrənilmək üçün Çandridarh şəhərinin Pəncab universitetinə təqdim ediblər. Doktor Rut Reynanın dediklərinə görə, mətnlərdə ulduzlararası kosmik gəmilərin kostrkusiyaları haqqında yazılıb. Eyni zamanda mühərriklər də təsvir olunub. Doktor Reynanın bildirdiyinə görə, sənədlərdən məlum olur ki, bu aparatlar "astra" adlanıb və qədim hindlilər onlardan insanları istənilən planetə göndərmək üçün istifadə ediblər. "Ramayana"da "astra"da ulduzlararası səyahətin ətraflı təsviri ilə yanaşı, ayda qədim hindlilərlə atlantların atmosferdə, kosmosda və suda çox yaxşı manevr edən "vayliksi" hava gəmisi arasında döyüşdən də geniş bəhs olunub.
Bütün bunlar bir daha sübut edir ki, elm və texnologiya nə qədər inkişaf etsə də, bəşəriyyətin, açılması müşkül olan hələ çox sirri var.

Yaqut Əliyeva                         publika.az












Комментариев нет:

Отправить комментарий