18.09.2012

Fərid Hüseyn: "Həbsxanada toxuculuq da öyrəndim"

"Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi".

Bu günlərdə İranda əfv edilərək həbsdən azadlığa buraxılan gənc Azərbaycan şairi Fərid Hüseyn ilə müsahibə

- Nədənsə sizinlə müsahibəyə başlayanda yadıma Nizami Gəncəvinin “Yeddi Gözəl”indəki "Çin qızı söylədi iki növcavan,/ Başqa bir şəhərə oldular rəvan" beyti düşdü. O, qızın sözü olmasın, siz iki cavan başqa bir şəhərə getdiniz və sonrakı proseslərin necə olduğu hamıya məlumdur. Sizi şərdə, casusluqda ittiham etdilər, daha sonra məhkəməniz oldu və nəticədə azdlığa çıxdınız.

- Biz orda olanda casusluqda ittiham etməyiblər, təbliğata cəhdə günahlandırılırdıq. Casusluqda ittiham olunduğumuzu ölkəmizə gələndən sonra bilmişəm. Məhkəmədə bizə bir il həbs cəzası verdilər. Biz əgər azad olunmasaydıq, məhkəməyə etiraz etməyə hazırlaşırdıq. Çünki ittihamlarla razı deyildik, bizim günahımız yox idi. Şəhriyarla məni heç bir arqumet olmadan ittiham etmişdilər. Bizim həbsimiz təziri həbs sayılırdı. Oranın qanunlarına görə birinci dəfə məhkumluq yaşayırsansa və hökmün təziridirsə, həbs müddətinin yarısını çəkib qurtarandan sonra, əfv oluna bilərsən, amma məhkəmə bu əmri verməyə də bilər. Həbsin yarısını çəkib azad olmağa əfvi-məşrut deyirlər. Biz ən yaxşı halda noyabrın 4-də azadlığa çıxa bilərdik. Təxminən hökmümüz çıxandan 15 gün sonra bizi gəlib apardılar ki, sizi İranın ali dini lideri əfv etdi. Biz İranın əfviylə azadlığa çıxdıq, çıxma sənədimiz də əfv sənədidir. Amma burda bəzi ağzıgöyçəklər cızmaqara eləyiblər ki, şairlərin sözündən elə çıxır ki, bunların günahı var idi, İran dövləti bunları əfv etdi. Təbii ki, proses dövlətimizin və cənab prezidentin səyi və böyük nüfuzu, eləcə də iki dövlətin münasibəti çərçivəsində gerçəkləşdi. Sadəcə azad olmaq sənədimiz əfvlə bağlı olduğuna görə belə dedik.

- Həmin sənədi sizə verdilər?
- Xeyr, vermədilər.

- Məhkəmənin hökm kağızını alardınız dəə…
- Məhkəmənin hökm kağızını almışıq.

- Nə yazılıb ki, orda? Sizi nədə ittiham edirdilər?
- Bizi İranın əleyhinə təbliğatda günahlandırırdılar. Deyirdilər ki, sizi bura kimsə göndərib. Amma buna heç bir sübutları yox idi. Məsələn, telefonumuzda İranlı bir şəxslə danışığımız olmamışdı, fotoaparatda İranın qadağan olunmuş heç bir ərazisinin şəkilini çəkməmişdik, diktafonumuzda rus dili dərslərim və mahnılar vardı, heç bir səs yazısı yox idi.

- Bəs, sizi harada həbs etdilər?
- Yola düşməyimizə təxminən 5 dəqiqə qalmış, Təbriz şəhərinin Firdovsi küçəsində avtobusa minərkən tutdular.

- Həbs edən kim idi? Neçə nəfər idilər?
- İTTİLAtın nümayəndələri həbs etdi bizi. Qəflətən 3-4 nəfər tutub apardı. Həmin vaxt Şəhriyar dükanın içərisində su alırdı, mən də yaxında idim.

- Darıxırdınızmı orada?
- Elə təxminən 1 gün sonra darıxmağa başlamışdım. Şəhriyarın ev muzeyində çəkilən videoda da darıxdığım hiss olunur.

- Bir də İrana gedərsən?
- Bu sualı məndən artıq neçənci dəfədir ki, jurnalistlərimiz soruşub. Düşünürəm ki, getmərəm. Ona görə yox ki, orda həbsdə olmuşam, əziyyət çəkmişəm. Ümumiyyətlə, nəsə istəmirəm. Hamı yaxşı bilir ki, günahsız tutulmuşam və vətənə də üzü ağ qayıtmışam.

- Bəs, gəzmək üçün necə gedərsən?
- Əslində, çox gəzə də bilmədim. Şəhriyarın ev muzeyində olduq, məzarını ziyarət etdik və Elgölündə gəzdik. Təbrizdə vaxtımız az idi. Biletimizi almışdıq, o zaman kəsiyində nə qədər vaxtımız var idisə gəzdik.

- Sizi həbs edəndən sonra hara apardılar?
- Bizi İttilatın saxlanma məntəqəsinə apardılar. Dedilər ki, festivala gələndə konsulluqdan icazə kağızı – mücəvviz almalı idiniz. Amma dəvət edən tərəf bizə elə bir sənədin olub-olmamağı haqda məlumat verməmişdi. Biz bildirdik ki, bilmədən icazə kağızını almamağımızın xüsusi bir səbəbi yoxdur, sadəcə bu barədə informasiyasız olmuşuq. Orda nə məhkəmə hökmündə, nə də digər polis strukturlarında bizi heç vaxt casusluqda suçlamayıblar. O ittihamı mən burda eşitmişəm.

- Bir ara sizin edam edəcəkləri ilə bağlı xəbərlər də yayıldı burda.
- Bizim o məlumatdan da xəbərimiz yox idi. Mənim fikrimcə, burda xəbərlərin çoxu informasiyasızlıqdan yaranıb. Çünki əlaqə yaratmaq çətin idi. Müəmmalar da yalnış versiyalara, fikirlərə yol açırdı.

- Həbsxanada şərait necə idi?
- 22 gün tək qaldım, sonra Şəhriyarla birlikdə qaldıq. Həbsxananın şəraiti çox yaxşı idi. Kondisianer var idi, otaq başdan-ayağa xalı ilə döşənmişdi. Yatacaqlar normal idi. Yemək vaxtlı-vaxtında verilirdi.

- Maraqlıdır, Şəhriyarla ayrı qaldığınız müddət nə baş verirdi?
- Həmin vaxt qapının altında otağa havagəlməsi üçün olan nəfəslikdən bəlkə 10 dəfə “Şəhriyar” deyə qışqırdım ki, o da bir dəfə “Fərid” desin, məhrəm bir səs eşidim. Amma o çağırışlarımın çoxunu eşitməmişdi, bir dəfə cavab vermişdi. Mənim o cür səslənməyimi nəzarətçilər tutsaydılar təbii ki, pis olacaqdı. Əlbəttə, fiziki təzyiq yox, amma danlayardılar. Eyni zamanda Şəhriyar da məni çağırıb. Çox vaxt xidmətçidən bir-birimizi soruşurduq. Bir-birimizin qapısının yanından keçəndə möhkəm danışırdıq ki, heç olmasa səsimizi eşidək. Paltar asılan yerdə gözümüz bir-birimizin paltarlarını axtarırdı. 22 gün ərzində saç-saqqalımız tamam uzanmışdı, eyni otağa salınanda təxminən 2 dəqiqə bir-birimizi tanımadıq. Ayrı qaldığımız müddətdə o qədər danışmamışdıq ki, bizi bir yerə köçürəndə 3 gün, 3 gecə yatmadıq söhbət etdik.

- Bəs, yeməyə nə verirdilər?
- Səhər yeməyi 3 cür idi - yumurta, mürəbbə, pendir, çörək də nə qədər istəsən. Günorta yeməyində isə balıq, kabab, aş, piti, şorba, soyutma kartof və üç-beş növdə adını bilmədiyim düyü yeməkləri. Fiziki təzyiq yox idi, vaxtlı-vaxtında havaya çıxarırdılar, həkim müayinəsi var idi.

- Yazmağa, oxumağa necə şərait yaradırdılar?
- Əlifbamız fərqli olduğu üçün onlardan kitab istəyə bilmirdik, amma sonra öz çantamızda olan kitablardan verdilər oxuduq. Qaldığımız otağa qələm vermirdilər. Fikirləşirdilər ki, məhbus qələmlə özünə qəsd edə bilər, boğazına soxa bilər. Havaya çıxanda isə yazmaq üçün qələm, kağız verirdilər.

- Yəqin yazdıqlarınıza baxırdılar.
- Yox, baxmırdılar. Orda təxminən 12 şeir, 1 povest, 10-a yaxın esse, 3 hekayə yazmışam. Gün ərzində fikirləşirdim, ancaq havaya çıxanda yazırdım. Təbriz zindanına köçürüləndən sonra isə yazmaq rahat oldu. 86 gün ittilatda, 1 ay 1 həftə də Təbriz zindanına qaldıq. Oranın şəraiti daha yaxşı idi. Məsələn, neçə il idi zindanda olan məhbuslar vardı ki, yataqsız idilər, amma biz ora gedən kimi bizi yataqla təmin etdilər. Sanki bizi gizli bir əl qoruyurdu. Burda da yeməyimizə fikir verirdilər, kiminsə sataşmağına imkan vermirdilər.

- Şəhriyar nə yazdı orda?
- Şəhriyar, esselər, şeirlər yazdı, hekayə qeydləri götürdü. Biz ikimiz də burda aktiv olmuşuq, orda qapalı bir otaqda çox darıxırdıq. Ona görə vaxtımızın çoxunu yazmaqla keçirirdik.

- Bəs, siqaret çəkirdiniz?
- Yox mən, ümumiyyətlə, siqaret çəkən deyiləm. Heç əsgərlikdə də çəkməmişəm. Orda da çəkmədim.

- Bəs, Şəhriyar?
- Ona çətin oldu. Orda siqaret vermirdilər, qadağan idi. Azad olan kimi əhdi var idi ki, doyunca çəksin. Çəkir indi bala-bala.

- Yazdıqlarınızın hamısını mətbuata təqdim etmisiniz?
- Sizin saytınıza bir şeir vermişəm, başqa heç bir yerdə çap olunmamışam.

- Həmin şeir mən özüm də oxudum və mənə çox xoş gəldi, amma başqa cür qarşılayanlar da oldu.
- Mən sonra öyrəndim ki, mənim əleyhimə olan şərhin beşini eyni adam, müxtəlif adlarla yazıb. Ümumiyyətlə, həbsdən də əvvəl bu cür qısqanclıqlar edən insancıqlar var idi. Şeirlərimin sizin saytınızda çap olunması mənə xoşdur. Bir-iki mətbuat orqanı istəyib şeirlərimizi, müəyyən qonarar qarşılığındasa çapına razı olarıq. Yazdıqlarımızın 90 faizi orada yaşadıqlarımızdan, ağrılarımızdan, psixoloji vəziyyətimizdən bəhs edir.

- İran hökumətinin əleyhinə olan yazılarınız var?
-Yox, mən, ümumiyyətlə, heç bir ölkənin əleyhinə deyiləm, o cümlədən İran hökumətinin də. Məni tanıyanlar bilir ki, necə həlim adamam... Siyasətlə də əlaqəm yoxdur, heç bir siyasi partiyanın üzvi də deyiləm. Bütün dövlətlərin dostluq münasibətlərini alqışlayıram. Ölkəmiz də dünyada xalqlara mədəni münasibəti ilə seçilir.

- Azad olundandan sonra hiss etdiniz ki, sizin arxanızda dura biləcək dövlətimiz var?
- Biz həbsdən çıxandan sonra Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun müavini Nəriman Orucəliyev dedi ki, sizə başqa bir şad xəbər də verim, Ramil Səfərov da azad olunub. Bu xəbərə ikimiz də çox sevindik. Bu hadisələr göstərdi ki, Azərbaycan dövləti hər bir vətədaşının arxasındadır. Biz hiss edirdik ki, bizim dövlətin əli kürəyimizdədir. Kimin nəyə gücü çatdısa bizim üçün etdi. Sadə jurnalistdən tutmuş, ta prezidentimizə qədər bizim azad olunmağımız üçün əlinən gələni etdilər. İnformasiyaların çoxundan burda xəbərimiz oldu. Kiməsə təşəkkür etməsək bizdən inciməsinlər. Hələ təzə gəlmişik yavaş-yavaş hər kəsə təşəkkürümüzü çatdıracağıq, çünki bəzi adamların köməyindən yenicə xəbərimiz olub. Bu gün vətəndə olmağımıza görə cənab İlham Əliyevə minnətdaram.


- Deyəsən, nişanlısan. Bəs, toy nə vaxtdır?
- Oktyabr ayında.

- Toyun belə tez olmasına səbəb uzunmüddətli ayrılığınızdır?
- Yox, iyun ayında toyum olacaqdı, mən də mayda həbs olundum. 2 ildir nişanlıyam, istəmirik müddət bir az da uzansın.

- Toy harada olacaq?
- Bakıda.

- Nişanlınla necə telefonla danışa bildirdin mi?
- 2 dəfə danışdım.

- Nişanlına İrandan nə almısan?
“Eşqi-sənc” adlanan bir süvenir vardı orda, onu hədiyyə almışam. Həmin suvenirin funksiyası odur ki, “Mən səni sevirəm” deyib o süvenirdən yapışırsan, onun içərisində olan maddə yuxarıya qalxır. Kim o sözü daha ürəkdən deyirsə onda həmin maddə daha yuxarı qalxır. Məhəbbəti test etmək üçün çox maraqlı bir alətdir. Həbsxanada toxuculuq da öyrəndim. Ətir qabı, qələm, kukula toxuyurdum orda.

- Bundan sonra bir də Şəhriyarla harasa gedərsən?
- Şəhriyarla bizim heç bir problemimiz olmayıb, əksinə çətin günlərdə bir-birimizə dayaq olmuşuq. İstintaq müddətində də bir-birimizi müdafiə etmişik, birlikdə olanda da söhbətlərimizdə heç vaxt bir-birimizi suçlamamışıq. Istintaqımız zamanı da Şəhriyardan mənə, məndən Şəhriyara bizdən söz almaq üçün hər hansı bir yalnış fikir söyləyəndə inkar etmişik ki, o elə söz deməz. Biz bu hadisəyə tale məsələsi kimi qəbul edirdik, Vəkilov və Cəfər Cabbarlı üzləşməsindən hər ikimiz Cabbarlı kimi çıxmışıq.

- Adətən, adam əsgərlikdən sonra düşünür ki çox çətin idi vəziyyət. Amma müəyyən müddət keçdikdən sonra fikirləşir ki, yaxşı ki, o məktəbi keçdim. Yəqin siz də ne vaxtsa deyəcəksiniz ki, yaxşı ki, bu məktəbi keçdik.
- Doğrudan, çox çətin məqamlar olurdu. Orada hətta paltarlarımız belə özümüzün deyildi, hərdən deyirdik ki, bizi aparın heç olmasa paltarlarımıza baxaq. Bizə doğma olan nəsə axtarırdıq. Burda ucuz araq içib vətənə dodaqbüzən şeirlər yazmaq qədər asan deyil orda qalmaq. Başa düşürsən ki, bir anın içində insan hər şeyini itirə bilər. Yaşımın indisində bu ifadəni işlətməyin nə qədər doğru olub-olmadığını bilmirəm, amma onu deyə bilərəm ki, həyat adama yerini göstərir.

- Bunları yaz dəə...
- Yazacağam, hələ təzə gəlmişik.

- Orda nə üçünsə təəssüfləndiniz?
- Burdan gedəndə dünya ədəbiyyatı kitabxanası seriyasından yeni kitablar almışdım. Ağır olduğuna görə aparmadım, orda kitabsız qaldıq. Çantamızda 1-2 kitab var idi onu da oxuyub qurtardıq. Jose Saramaqonun kitabını oxumaq istəyirdim yanımda olmadığı üçün təəssüfləndim. Ən çox Şəhriyar təəssüflənirdi. Deyirdi kaş yanımda bu kitab olardı, kaş bu sumka olardı. Kaş filankəs olardı, kaş bu paltar olardı. Axırda mən də zarafata salıb dedim ki, bir dəfə də de ki, kaş burdan azad olardıq. azadlıqda olsaq bunlar hamısı onsuz da bizimdir.

-Haqqınızda yazılanları, danışılanları oxudunuzmu, bilirsiz ki, sizə qarşı münasibət birmənalı deyildi.
- Yazıları oxudum, bizi sevənlər çox imiş. Onlara dərin minnətdarlığımı bildirirəm. Amma ağzına gələni yazanlar, köşə xətrinə yazanlar da var idi. Məsələn, biri elə mənim iş yoldaşım Aqşin Yenisey. Bizi vətən şeirləri yazmamaqda az qala suçlayır. Ümumiyyətlə, Aqşinin köşələrini oxuyanda elə bilirəm ki, onun romanının qəhrəmanı Leş Əli elə onun özüdür. Çünki Aqşinin publisistikası insanda az halda ikrah doğurmur. Və əgər Leş Əli vətənpərvərlik simvoludursa, o mənə lazım deyil. Aqşin bizi Rasputin kimi mövqesiz adlandırıb. Aqşinin şeirlərində bir qadın obrazı var ki, fahişədir, amma Aqşin həya edərək, bir qədər də kişi zəifliyini büruzə verməmək üçün onu öz oxucularına vəfasız, özünü isə atılmış kimi təqdim edir. Bütün bunlardan sonra biz əgər Rasputsiniksə o heç də Soljinetsin deyil, Zəmanəmizin qəhrəmanıdır. Ümumiyyətlə, AYO-çuların çoxu XX əsrin əvvələrində Rusiyada Politexnik Universitetinə toplaşan “cəfəngiyyatçılardan” heç nəyi ilə fərqlənmirlər. Seymur Baycan da bizi ictimai mövqeyimizin olmamağında qınayır. Amma Seymuru başa düşmək olar, çünki o dörd roman yazandan sonra köşə yazarı olaraq tanınmağın faciəsini yaşayır, məncə yazıçı üçün bundan böyük bədbəxtlik yoxdu. Aysel Əlizadənin yazısında da müəyyən informasiya yalnışlığına yol verilmişdi. Aysel xanımdan belə yazı ummazdım, bizim münasibətlərimiz mədəni, hörmət çərçivəsindədir, çalışacağam ki, münasibətimiz korlanmasın. Günel Mövlud da bizim sözə görə tutulmadığımızı deyir, o qız çox qəribədir, həmişə öz alt mövqeyini ciddi-cəhdlə qorumağa çalışır. Bir də Rasim Qaracanın bizim müdafiəmizdə kampaniyalaşmağı mənasız görməyi məndə gülüş doğurdu, ümumiyyətlə, onun hamı varsa mən yoxam, qatıq qaradı prinsipi mənə çox gülməli gəlir. Onun sözündən belə çıxır ki, tanınmayan adamlar üçün bu cür şeylərə dəyməz. Mən üç-dörd ildə kim tanıyırsa, Rasimi də o adamlar tanıyır, Azərbaycan ədəbi mühitinin sərhədləri hamımıza məlumdur, yoxsa Rasimin böyük beynəlxalq şöhrəti var bəlkə, biz bilmirik. Qaraçı Rasim, Rasim Qaracadan çox tanınır.

-Bəs, Bakı Slavyan Universitetində görüşünüz oldu?
- Yox mən Kamal Abdullayla görüşüb ona təşəkkürlərimi bildirdim. Onun bu işdə mənə, ailəmə çox köməkliyi oldu. Azad olunmağım üçün əlindən gələni əsirgəmədi İrandakı konsulluqla, Xarici İşlər Nazirliyi ilə də xüsusi maraqlanıb, prosesin başlanmasına və təkan qazanmasına çox köməyi oldu.. “Kaspi” qəzetinin redaktoru Natiq Məmmədlinin də köməyi olub. Həmişə işim çətinə düşəndə böyük qardaş kimi dadıma çatıb. Həbsdə olduğum müddətdə əmək haqqımı kəsməyib, evimizə göndərib.

- Uğurlar arzulayıram sizə. Siz əvvəl 5-6 nəfərin doğması idinizsə indi artıq bütün Azərbaycanın əzizisiniz. Bir də yolunuz zindana düşməsin.
- Mən də hər kəsə - prezidentimizə, Xarici İşlər Nazirliyiə, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə nümayəndələrinə rəhbərliyinə, Bakı Slavyan Universitetinə, “Kaspi” qəzetinə, kəsəsi bizdən ötrü dırnaq ucu boyda da olsa iş görmüş hər kəsə təşəkkür edirəm. Azad olmağımızda əməyi keçən insanlara, jurnalistlərə təşəkkürümü bildirirəm. İnsanların bu məsələdə göstərdiyi ədalət hissi mənə çox xoş gəldi. Bizi müdafiə etmək günahsızlığı müdafiə etmək, ədaləti bərqərar etmək demək idi.

Elbrus Ərud                      qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий