06.02.2013

ONUN HAQQINDA FİKRİM VAR…

Rövşən NOVRUZOĞLU
Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor

“Düşüncələr işığında” kitabını oxuyarkən

Bir müddət “Düşüncələr işığında” qaldım. Qış gecələrində belə kitabları bir daha vərəqləmək maraqlı olur. Hər sətirdən, hər cümlədən qara bələnmiş bağça-bağdan cənubda bitən qızılgülün, itburnunun, bənövşənin, gülənburun, hindəğanın, ləmiotun, şücənğanın gözəl ətri gəlir. Neçə illər bundan öncə bu yerlərə Fransadan tədqiqata gələrdilər. Məşhur “Joze” ətri hindəğanın zərdabı ilə hazırlanır… Hiss edirsən ki, bu qar altında qalan çiçək budaqları nəfəs alır, cücərib çıxmaq üçün, pöhrələnmək üçün işıq axtarır.
Bu kitabda qələmə alınmış ana ilə adam istəyir elə hey yol getsin, onun ürəyinin döyüntüsünə qulaq assın.
Ana — Firuzə xanımla üz-üzə dayanmaq, adama şərəfdən başqa bir şey verməz… — öz-özümə düşündüm, götür-qoy etdim. Hər qələm sahibi ana haqqında yaza bilməz. Hələ dünyada elə bir insan yoxdur ki, anasını olduğu kimi duysun, onu təsvir etsin… onun taleyinə həqiqi bir işıq salsın. Bu nədən belə olur? Çünki heç bir ana özünün kədərli, hüznlü, əzab-əziyyətli çağlarını, günlərini… övladı ilə bölmür. Bu mümkün deyil. Analar öz kədərli, boranlı, çovğunlu talelərini… övladlarından həmişə gizlədiblər.
Vaxtilə dünyaya meydan oxuyan Bonapart Napoleon 1812-ci ildə Moskvanı ələ keçirəndə, əsir götürülmüş din xadimlərindən birindən, keşiş Fyodordan xahiş edir: — Müqəddəs Ata! İstəyirəm anama bir məktub yazasan.
Keşiş Fyodor deyir; Mən nə yazım?
Napoleon isə cavabında qeyd edir: Cəmi bir cümlə. Yaz ki, mən səni həmişə Allahım kimi sevəcəm…
Keşiş təəccübünü gizlədə bilmir: Bunu, bu bir cümləni, özünüz də yaza bilərsiniz, əlahəzrət…
Napoleon gülümsünür: Mən sərkərdəyəm, müqəddəs Ata! Yaza bilmirəm. Çünki əllərim qan içindədir… Necə yazım? Bir cümlə də yazsam, bilinəcək ki, bunu qəddar bir adam yazıb. Siz isə yazanda orda Allah sevgisini, Allah istəyini görməmək olmur… Cəmi bir cümlə yazın… Yəni hər kəs anaya məktub yaza bilmir. Baxın, dünyanı səksəkə içində saxlayan böyük bir sərkərdə doğma anasına məktub yazmaqda, özü də bir cümlə yazmaqda özünü nə qədər aciz sayır. Məsələn, özümüzdən götürək. Kənddən gəlib Bakıdan anamıza yazdığımız məktubda nə istəmişik?… “Filan şeyi göndər… Filan şeyə ehtiyacım var… Filankəsə məni tapşır…və s.” Vəssalam. Anamıza məktub yazarkən, məhəbbəti, sevgini büküb bir yana qoymuşuq. Çoxumuz qatar sovuşub gedəndən sonra, ayılmışıq ki, bizim də anamız olub… Gözləri daşda-kəsəkdə qalan, düzlərdə çöllərdə… yollarda əriyib, əldən düşən anamız varmış…
Mən bu məktubu sadə bir oxucu kimi yazıram. Sənin bu düşüncələrin, fikrimcə, bugünkü ictimai-siyasi mühitimiz üçün bəşəri bir manifestin başlanğıcıdır. Düşüncələrinin hər cümləsindəki, hər sətirindəki döyüntünü eşidib, duyub bir ssenari, roman… deyərdim ki, dünyanın ən ali bir mükafatını alan kitab da yazmaq mümkündür. İsti, od tutub yanan sətirlərin harayını eşitməmək olmur.
Həqiqət, həqiqət olaraq qalır. Dərk olunmayan həqiqət isə həmişə dərdə çevrilib. Sənin düşüncələrin, duyğuların yeni yüz illiyin ən dəyərli, ən kəsərli və kövrək düşüncələridir, duyğularıdır. Bu məktublar yurdunu, ocağını, elini-obasını sevən bir şəxsin ən azı harayıdır. Müəllif içindəki harayla dünyaya boylanır, ətrafa nəzər salır və bir daha yəqin edir ki, yer üzündə ən böyük haray, ən böyük fəryad, ən böyük istək Ana istəyidir. Mən inanmıram belə bir sətirlərin müəllifi… qəddar olsun, ürəksiz olsun, könül sındıran olsun. Bu mümkün olan məsələ deyil. Məhz bütün bunlara görə bu məktublarla, orada qoyulmuş ictimai-siyasi problemlərlə, dünyagörüşü ilə, istəklə… bitib-tükənməyən həyat sevgisilə bir nəsli… və nəhayət böyük bir xalqı tərbiyə etmək mümkündür. Mən hərdən düşünüb, götür-qoy edirəm: böyük bir nəsil bir yana, dünyanı Ana Məhəbbətilə, Firuzə xanımın sevgisilə idarə etmək mümkündür.
İlk baxışda adama elə gəlir ki, müəllif bir ailənin ağır və iztirab dolu yükünü çiyinlərinə alıb çəkən, onu heç kəsin minnətli tikəsi… olmadan çətinliklərdən çəkib çıxaran, sürüb gedən… bir ananın ömür tarixini vərəqləyir. Amma bu ana başqa analardan fərqlənir. Onun içində başqa bir kədər dolu dünya yaşayır. Ürəyi ikiyə bölüb, yaşamaq çətindir. Bir parçası sevinc, o biri parçası kədər… Belə ürəyi yaşatmaq, gəzdirmək kişi işi olmayıb. Bunu ancaq analar bacarır, analar dərk edir.
Vaxtilə böyük sərkərdə İskəndər Asiyaya yürüş edərkən, filosof Kallisfeni özünə məsləhətçi götürmüşdü. Ancaq yürüşlər zamanı İskəndərin qəddarlığı, amansız olmağı Kallisfenin xoşuna gəlməmişdi. Nəticədə Kallisfen İskəndərə öz kəskin iradını bildirmiş və demişdi: “…Yəqin sənin anan olmayıb…” Bu təbiidir. Şübhəsiz, İskəndərin anası olsaydı, onu yaxından sevib, əzizləsəydi… o, qəddar və zülmkar olmazdı.
Mən filosof Kallisfenlə “Düşüncələr işığında”kı ana arasındakı münasibətləri eyniləşdirmək istərdim. Dövr və zaman böyük də olsa, anaya məhəbbət… məhəbbət olaraq qalır.
Millət vəkili, əsl insan kimi cəmiyyətdə ad-san qazanan Hadı Rəcəbli haqqında, onun taleyilə bağlı, ömür yolunu işıqlandıran bu kitab 20 fəsildən ibarətdir. Hər fəslin də öz çalarları, öz dünyası.
Mən bu kitabı böyük yazıçımız Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”nə bənzədirəm. Əslində bu kitab da Hadı Rəcəblinin manifesti, həyat salnaməsi olaraq, tarixdə qalacaq.
Tarixdə bütün qiymətli kəşflər ayrı-ayrı fərdlərin təşəbbüs və zəkasının məhsuludur. Müşahidələrimə görə müəllifin də anaya olan belə məhəbbət və sevgisi mənim üçün bir kəşfdir. Çünki bu məhəbbət və sevgidə dünyəvilik var. O dünyəvilikdə isə çirkabdan, pislikdən və şərdən, fitnə-fəsaddan uzaq bir həyat var, işıq var. Müəllifin uğurlu cəhətlərindən biri də budur ki, o, oxucusunun əlindən tutub həmin işığa doğru çağırır.
Ana—Firuzə xanım taleyilə oynayan qadın olmayıb. O, ağır yüklü taleyinə həmişə qalib gəlib. Nəsildən, kökdən keçib gələn müdriklik və ağıl onu bir az da möhtəşəm göstərir. İstər-istəməz düşünürsən: “…Belə bir ananın əlindən çörək almaq, nəfəsindən od-alov götürmək… bəxtəvərlikdən başqa bir şey deyil. Eşq olsun belə analara… Mən sizi bilmirəm…mənim öz əzablarını seyr edən adamdan xoşum gəlmir. Əslində tarix də belə adamları sevmir, saxlamır. Öz əzabları üstündə qələbə çalanları isə zaman həmişə yaddaşlarda saxlayır. Firuzə xanımı təsvir edən övladı dünyaya, insanlara xatırladır ki, hələ hər şey tükənməyib, yaşamağa dəyər… Mən təsvir olunan Firuzə xanımda — Anada güclü iradə, ən adi dünyəvi səadət, əyilməz vüqar, iddiasız müdrik soyuqqanlıq, bir də bulaq kimi qaynayan övlad, ər sevgisini, məhəbbətini açıq-aydın gördüm. Onun qəlbi müqəddəs bir məkandır. Orada — o müdrik və inci dolu qəlbdə xəyalla mərdliyin ahəngdarlığı var. Onun qələbəsini də elə burada axtarmaq lazımdır.
Müəllifin həyəcanlı sətirlərindən anlamaq olur ki, onun təsvir etdiyi Ana — Firuzə xanım heç nədə; — nə müdriklikdə, nə idrakda, nə həyata və yaşamağa olan sevgisində… həddini aşmır, müqəddəslikdə və saflıqda, düşüncələrində heç nəyi inkar edib, üstündən sükutla keçmir.
Qədim yunanlar həmişə, əsrlər boyu “Ədalət nədir?”— sualı ətrafında düşünmüş, baş sındırmışlar. İtalyan filosofu Nikkolo qeyd edirdi ki, ədaləti ancaq anaların gözlərində, fikir və düşüncələrində, əllərinin qabarında alınlarının qırışlarında axtarmaq yerinə düşər.
Çox güclü yaddaşa, zəngin mənəviyyata malik olan ana, hiss olunur ki, o, öz ailəsinin, öz nəslinin, öz keçmişinin zəngin bir tarix əsəridir və Azərbaycan mentalitetilə, adət-ənənəsilə bağlı ensiklopedik bir biliyə malikdir.
Filosofların fikrincə, həyatda çox şey insanların mühakiməsindən asılıdır. İstedadlı adam üçün tərif həm həyat, həm də qidadır. Böyük şəxsiyyət elə işlərə üstünlük verir ki, onlar hamının gözü qabağında olsun, şərəf gətirsin və bilavasitə özü də bu işlərdə iştirak etsin, çünki ümumxalq tərifi ona əbədiyyət bəxş edir. Fikrimdə yanılmamışam. Çünki bu məktub qəlbi nisgilli, ürəyi qubarla dolub, daşdanan, min bir həsrətin alovunda alışıb yanan və nəhayət dünyanı, ailəsini, övladlarını, qohum-əqrəbasını, nəvə-nəticəsini… bir də bir ananın həyat aynası olaraq qalır.
Öz ailəsinin mənəvi, həyati və tarixi qanunlarını qoruyub saxlayan Ana mənim üçün ən böyük Demokratiyadır. Hansı ki, mən bunu gördüm, hiss etdim və yaşadım. Bu kitabda Azərbaycan memuar ədəbiyyatının ən gözəl nümunəsi olaraq qalacaq.
Kitabı bitirdikdən sonra istər-istəməz düşündüm: bizim belə əsərlərə ehtiyacımız var. Həyatın və tarixin, insanlığın, şərəf və ləyaqətin belə yazılara çox ehtiyacı var. Bu kitab fikrimcə böyük bir nəslin tərbiyə məktəbi kimi qalacaq.
Mən nədənsə Firuzə xanımdan çox danışdım. Ona görə ki, o, dünyaya Hadı müəllim kimi bir övlad gətirib. Veravul kəndi X əsrin ərəb səyyahı Əbdül Səməd Mənsurinin “Açdığım zolaqlar, keçidlər…” əsərində “Qartal yuvası” kimi adlandırılıb. Axtarsan bu yerlər elə də qartal oylağı olmayıb. Sadəcə adamları iti baxışlı, mərd və saf ürəkli olduqları üçün Veravul “Qartal yuvası” adlandırılıb. Veravul həm də çaydır. Cənubdan axıb keçən, kəndi ikiyə bölən çaylardandır. Amma maraqlı bir məsələ var. Tarixçi Ə.S.Mənsuri yazır ki, Veravul çayının suyunun dadı, ətri Abi Zəmzəm suyuna bərabər tutulur. Bu kənddə elə ağaclar, güllər, çiçəklər var ki, ancaq bu çayın suyundan içəndə cana gəlir, pöhrələnir, ətir saçır. Verayul kəndinin düyünləri hələlik tarix üçün bağlıdır. Onun da vaxta – zamana ehtiyacı var. Veravulda iki qədim məhəllənin kəsişən noqtəsində (mən bilərəkdən həmin yerlərin adlarını çəkmirəm) bədənində, xüsusən ürəyində və beynində ağrısı olan hər hansı bir şəxs dayansa… gecələr üzünü aya, gündüzlər günəşə tutsa… sağalar. Görünür bunun da fəlsəfəsi var. Ərəb tarixçisi qeyd edir ki, məhz həmin yer uğrunda lokal vuruşlar olub…
Hadı müəllim məhz belə bir kənddə dünyaya gəlib. Amma demək olar ki, atasız böyüyüb. Bəlkə də kim bilir, mənim ilk sözüm Veravulda əbədi bir işıq yandıran, ocağından od-alov əskik olmayan Firuzə xanım haqqında oldu. “Düşüncələr işığında” o, övladı haqqında danışır: “…Hadı mənim böyük balamdır. İlkin balam, nübar balamdır. Hadı mənə oğul olmaqla bərabər, qardaş olub, ata olub, balalarımı böyütməyimdə mənə dayaq olub, arxa olub…”
Hadı müəllim həmişə odun-alovun içində olub. Bir tikə halal çörək üçün gecə də çalışıb, gündüz də. Bir adamın qapısını döyməyib, bunu özünə günah bilib.
Yazıçı Hüseynbala Mirələmov deyir ki, Hadı “…əsl kişi kimi böyüyüb. Ondan öyrəniləsi çox şey var. O, başdan-başa həyat fəlsəfəsidir. Onunla hər söhbətdə ürəyim və bədənim dincəlir. Onun yolu həmişə zirvələrdə bitib…” Amma bildiyimə görə, bu yol da tikanlı, kol-koslu olub. Bəzən elə olub ki, Hadı müəllimə edilən hücumlar, paxıllıq və nankorluq onun ürəyində ağır bir yükə çevrilib.
“Düşüncələr işığı” kitabının müəllifi, hiss olunur ki, Hadı müəllimi, onun ailəsini və keçdiyi yolu yaxşı tanıyır. Hadı müəllimə məxsus ən adi bir əhvalat və yaxud həyatın mənalı bir səhnəsi onun nəzərindən yayınmayıb.
Mən kitabı oxuduqdan sonra, belə bir qənaətə gəldim, özüm-özümə sual verdim: Bəs sən Hadı müəllimi necə tanıyırsan?
Mənim tanıdığım və gördüyüm Hadı müəllim bir az da çox ciddi və məsuliyyətli adamdı. Onun yalanla, boş vədlərlə arası olmaz. İkiüzlülüklə, yaltaqlıqla… ədalətsiz işlərlə barışan adam deyil. O, həmişə yıxılana arxa olub, dayaq olub. Azərbaycanın cənub bölgəsində Hadı müəllimi “əmin-amanlıq gətirən adan” kimi tanıyırlar. Uzun müddət dövlət və hökümət strukturlarında çalışan Hadı müəllimə bölgədə böyük hörmət və ehtiram var. Bir işin başlanması, bir işin bitməsi üçün eləcə, bir kəlmə kifayətdir: “Hadı müəllim dedi ki,…”
Mən millət vəkili, Parlamentin Sosial siyasət komitəsinin sədri kimi çalışan Hadı Rəcəblinin bu vaxtadək çalışdığı, işlədiyi yerlərin adını çəkmədim. Əgər bu gün həyatımızın inkişafına dair nə isə bir fikir deyilirsə, orda Hadı müəllimin də payı var. Həm də millət vəkili Hadı Rəcəbli ümummilli Liderimiz Heydər Əliyevin ən inanılmış, nüfuz sahibi olan kadrlarından biridir. O, böyük siyasətdə həmişə öyrənib, arayıb, ən ciddi və çətin açılan qapıların açılmasında gücünü, siyasi davranış və mədəniyyətini ortaya qoyub. Elə buna görə də Heydər Əliyev vaxtilə deyirdi:”…Hadı Rəcəbli bizim siyasətimizə bağlı adamdır…”
Dostluğu saf, əqidəsi işıqlı olan Hadı müəllim, Hadı müəllim olaraq qalır. O, həm içtimai-siyasi xadimdir, həm də müdrik bir el ağsaqqalı…

Комментариев нет:

Отправить комментарий