21.07.2013

Bizim kolbasaların tərkibi: leş ətindən tutmuş Hindistandan gətirilən camış ətinədək

Eyyub Hüseynov: “Bakıya leş yığanları gətirən xüsusi şəbəkəsi var”

Dünyanın inkişaf etmiş ölkələrində qidaların üzərində onun tərkibi ilə bağlı ətraflı məlumatlar verilir. O cümlədən kolbasa məmulatlarında. Məsələn, İngiltərənin paytaxtı Londonda 4 funtluq və ondan iki dəfə baha kolbasa və sosisin üstünə tərkibində nə qədər ət və digər qatqılar olduğu yazılır: 20 faiz ətdir, qalanı ədviyyat, dəri və s. Cana ziyan olsa da, pulun az olduğunda 4 funtluq kolbasanı ala bilərsən. Amma nə aldığını əvvəlcədən bilirsən və heç kim səni aldatmır. Modern.az-ın bu mövzuda araşdırması isə göstərdi ki, Azərbaycanda alıcını hər addımda aldatmağa çalışırlar. Söhbət kolbasa məsələsindən gedir...

Azərbaycanda kolbasa məmulatlarının tərkibi naməlum olaraq qalır. Mağazalarımızda apardığımız qısa monitorinq belə deməyə əsas verir. Satılan kolbasa və sosisin üstündə məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə heç bir məlumat yoxdur. Bircə o yazılır ki, kolbasanın tərkibi mal və yaxud qoyun ətindəndir və yaxud hansı ədviyyat məhsulları vurulub. Mal ətinin 1 kq-ı isə 7-9 manat arasında dəyişdiyi halda bazarda 4 manatdan başlayaraq kolbasa tapmaq mümkündür. Bu da onu göstərir ki, kolbasa istehsalında əti əvəz edən əlavələrdən geniş istifadə edilir. Kolbasa 95 faiz ətdən hazırlanmalı olduğu halda tərkibində zülal saхlayan məhsulların qatqısı ilə bu rəqəm 20 faizə endirilir. Azərbaycanda buraxılan kolbasa və sosisin üzərində də məhsulun tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu qeyd edilmir. Ət və kolbasanın qiymətləri arasındakı fərq də insanda kolbasanın tərkibi barədə şübhə yaratmaya bilmir. Onu da nəzərə almaq lazımdır ki, mal əti sümüklə birgə satılır. Kolbasa məmulatında isə sümükdən istifadə olunmur, üstəlik kolbasa məmulatına müxtəlif ədvalar vurulur, istehsal prosesindən keçir ki, bu da kolbasa məmulatının qiymətinin əslində nisbətən baha olmasını şərtləndirir. Bu kimi bir sıra məsələləri araşdırmaq qərarına gəldik.  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da etiraf edir ki, kolbasalara vurulan ət yerli məhsul deyil. Onun sözlərinə görə, yerli ət baha olduğuna görə, kolbasa istehsalında yerli məhsullardan istifadə istehsalçıya sərf etmir. Odur ki, kolbasa istehsalında istifadə olunan ət Azərbaycana gətirilən, keyfiyyəti və təhlükəsizliyi təsdiqlənən xarici idxal məhsullarıdır.   “Kolbasa istehsalı üçün xaricdən gətirilən ət məhsullarına icazə var və qiyməti də nəzarətdədir. Qaldı ki, bazardakı ətin və kolbasanın qiymətlərindəki fərqi bazar tənzimləyir”.  Bazarda keyfiyyətsiz kolbasa məhsullarına da rast gəlindiyinin etiraf edən komitə rəsmisi bu yaxınlarda Sumqayıtda mənşəyi məlum olmayan xeyli sayda kolbasa məhsulu aşkarlandığını dedi. Onun sözlərinə görə, kolbasa məhsullarına tələbat böyük olduğundan bu istehsal sahəsinə ciddi nəzarət var.  Ölkəyə Hindistandan camış ətinin gətirildiyini deyən Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də bildirdi ki, həmin ətlər kolbasa və sosiska istehsalında istifadə olunur.
“Kolbasa məhsullarının hazırlanmasında yerli camış ətindən və ya ölmüş heyvan ətindən istifadə olunması ilə bağlı əlimizdə fakt olmadığından bunun barəsində heç nə deyə bilmərik. Amma həmin məhsulların istehsalında xaricdən gətirilən camış əti, donuz piyi və ətindən istifadə olunması danılmazdır”.  Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kolbasanın ətdən ucuz olması qatqı üçün Azərbaycana gətirilən ət məhsulunun maya dəyərinin ucuz olması ilə bağlıdır. Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə yerli məhsula üstünlük vermək lazımdır. Çünki xaricdən gətirilən kolbasalar dadlı olsa da, həmin kolbasaları uzun müddət saxlamaq üçün tərkibinə xeyli sayda kimyəvi maddə qarışdırırlar. Kimyəvi maddə isə malın ömrünü uzatdığı kimi, insanın ömrünü qısaldır.  “Yerli mallar nisbətən yaxşıdır. Çox təəssüflər olsun ki, kolbasanın tərkibinə müxtəlif inqridiyentlər qatılır. “Yeyinti məhsulları haqqında” qanuna zidd olaraq kolbasanın tərkibi haqqında məlumat qablaşdırmanın üzərində verilmir. Birmənalı şəkildə Azərbaycanda kolbasaların tərkibinə Hindistandan gətirilən ucuz ət vurulur. Düzdür, hələ bunun monitorinqini apara bilməmişik ki, nə dərəcədə təmizdir. Lakin həmin ətlər Bakıya çox ucuz qiymətə gəlib çıxır. Bizə məlumatlar da daxil olur ki, rayonlarda 10 ilə yaxındır ki, leş yığanlar peyda olub ki, həmin şəxslərin şəbəkəsi barədə dövlət orqanlarına, idarələrinə məlumat vermişəm. Lakin dövlət orqanları bunun qarşısının alınması üçün heç bir iş görməyiblər”.  Leşyığanların murdar olmuş ətin bir kiloqramının 50 qəpiyə, 1 manata aldıqlarını deyən Eyyub Hüseynovun sözlərinə görə, həmin ətlər təşkil olunmuş şəkildə Bakıya gətirilib realizə olunur və kolbasa sexlərinə verilir. Leş ətləri isə paytaxta daha çox Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur.   “Xəstə, ölmüş heyvanların realizə olunması halı daha çox bu bölgələrdə yayılıb. Bu kimi mənbələrdən hazırlanaraq bazara çıxarılan kolbasalar bazara ucuz çıxır. Digərləri ilə rəqabətdə qiymət üstünlüyünə malik olur və satılır. Halal adı ilə satılan kolbasaların tərkibinin yarısını isə soya komponenti təşkil edir ki, həmin məhsulun 90% genetik modifikasiya olunub. Hər nə gəldi necə gəldi kolbasalara qatılır”. 

olaylar.az

Комментариев нет:

Отправить комментарий