25.07.2013

"Stolumun üstündə Azərbaycan bayrağı da var"

Ələkrəm Hümmətov: "Vaxti ilə vətəndaşı olduqda ərazi bütövlüyü uğrunda mərd kimi üzbəüz döyüşlərdə iştirak edib kontuziya almamdan da peşman deyiləm"

Etatist.com susan adamları danışdırmağa davam edir. Prezident İlham Əliyev onu əfv etdiyi gün, o Azərbaycan vətəndaşlığından məhrum edilmişdi. Uzun müddətdir Azərbaycandan uzaqda yaşayır. Ondan müsahibə almaq istədiyimizi deyəndə razılıq verdi, amma şərti də var idi: müsahibəni olduğu kimi verək. Bu həm də bizim prinsipimizdir deyib, elə də etdik. Suallarımız sərt olsa da hamısına cavab verdi. Amma etiraz da etdi, "suallarınız provakasion suallardır" dedi. Bu bizim peşə fəaliyyətimizdir, sərt suallar həqiqət üçündür çünki... 

Etatist.com-un müsahibi hərbi hazırlıq üzrə müdafiə nazirinin sabiq müavini, polkovnik, ölkəni bilərəkdən etnik zəmində bölmək maddəsi ilə cəzalandırılaraq ömürlük həbsə məhkum edilən, daha sonra prezident İlham Əliyevin 3 sentyabr 2004-cü il tarixli 119 saylı sərəncamı ilə azadlığa buraxılan, sonra ölkə vətəndaşlığından çıxarılaraq Azərbaycandan kənarlaşdırılan və hazırda Hollandiyada yaşayan Ələkrəm Hümmətovdur. 

- Uzun müddətdir Azərbaycan mətbuatında görünmürsünüz, buna səbəb nədir?
- Azərbaycan mətbuatında mənə ünvanlanan hər hansı suala daima cavab vermişəm və verəcəyəm. Problem ondadır ki, verdiyim cavablar ya dəyişdirilir, ya da verdiyim müsahibə, məlumata etik normalara uyğun olmayan, hazırkı iqtidarın təbliğatına uyğun düzəlişlər, epitetlər əlavə edilir. Yəqin ki, bu da az-cox mənim zəhmət və fəaliyyətimi qiymətləndirməyi bacaran, insaf və vicdandan məhrum olmayanların etirazina səbəb olduğundan, qəti etirazlarla qarşılandığındandır ki, son zamanlar mənə müraciətlər olunmur.

- Siz separatizmdə təqsirli bilinərək həbs edilib, uzun müddət azadlıqdan məhrum edilmisiniz. Bu barədə nə deyə bilərsiniz hadisələr necə başladı?
- Sualınızın qoyuluşundan bilinir ki, son 20 ildə haqqımda aparılan təbliğatın təsirindən xilas ola bilmirsiniz. Sizləri qınamıram, təqribən 20 il barəmdə Azərbaycanın elektron mediasında, məktəb dərsliklərində normal insanların ağlına gəlməyən yalançı təbliğat aparılıb, o təbliğatın əsas səbəbi heç kəs tərəfindən araşdırılmayıb, iqtidaryönümlü və ya müxalifət olmasından asılı olmayaraq kor-koranə qəbul edilib. Əsas məqam ondadır ki, nə istintaqın hazırladığı ittihamnamədə, nə də barəmdə cıxarılan məhkəmə qərarlarında nə separatcılıqla, nə də TMMR-lə əlaqədar bir kəlmə də yazılmayıb. Məni və məsləkdaşlarımı qeyri-qanuni silahlı dəstələr yaratmaq maddəsi ilə mühakimə etdilər. Buna baxmayaraq, üstündən 20 il keçib Azərbaycan cəmiyyəti hələ də iqtidar və müxalifətin mənim haqqımda yaratdığı streotiplərlə yaşayır. Burdaca bir faktı qeyd etmək yerinə düşərdi: Mənim Avropa Məhkəməsinə şikayətimlə əlaqədar AzTV-nin rəhbəri N. Xudiyev Avropa İnsan Haqları Məhkəməsinin sorğusuna təqdim etdiyi rəsmi məktubda (həmin məktubun surətini feysbuk səhifəmdə yerləşdirmişəm) bildirdi ki, haqqımda heç vaxt, heç bir veriliş efirə verilməyib. Bu fakt, Azərbaycan Respublikasının iqtidarının mənim barəmdə tutduğu qərəzli mövqeyi bir daha dünya ictimaiyyəti qarşısında əyani sübut etdi. İstər ibtidai istintaqda, istərsə də məhkəmə araşdırmalarında bu barədə mən şəxsən nəsə yazmaq istəmişəm və buna heç vəchlə imkan verilməyib, yazdığım qələm zorla əlimdən alınıb. Çünki qanunsuzluq o dövrdə hakimiyyət tərəfindən olunub, qanunvericilik orqanına etdiyimiz rəsmi, yazılı müraciət müzakirəyə cıxarılmayıb, gizlədilib. O vaxt mövcud olan konstitusiya aktının tələbləri səviyyəsində edilən müraciətə, bu günə qədər cavab verilməyib. 
Bir fakt da xatirimdədir; 1998-ci ilin fevral ayında ölüm hökmünün ləğvi ilə əlaqədar, ölüm hökmü ilə həbsdə saxlanılanlardan əfv ərizələri və standart anketlər doldurulması tələb edilirdi. Mən də yazdım, amma Ermənistan Respublikasının o vaxtkı prezidenti Ter Petrosyanın adına. Ona bildirdim ki, yaradılışında və rəhbərliyində iştirak etdiyim hərbi hissə, hansı ki, Azərbaycanda qeyri-qanuni hesab edilərək, mənə ölüm hökmü çıxarılıb, Qarabağ müharibəsində minlərlə erməni döyüşçüsünü qətlə yetirib. Vətənimdə mənə buna görə ən ağır cəza verilibsə, sizdən üzr istəyib əfv xahiş etmək məcburiyətindəyəm. Anket və ərizəm həbsxana rəhbərliyi tərəfindən oxunmadan Prezident Administrasiyasına göndərilmişdi və 2-3 gündən sonra, baş verənləri xatırlayanda gülümsəməyə bilmirəm... 
Bir də onu əlavə etmək istəyirəm ki, Avropa İnsan Haqları Məhkəməsinin barəmdə cıxardığı qərarın cərimə hissəsi icra edilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu, barəmdə ölkə məhkəmələrinin çıxardığı qərarlarının ləğvi barədə hələ də qərar verməyib. Görünür, götürdükləri beynəlxalq öhdəliklərin ziddinə olaraq qərar vermək niyyətində də deyillər. 

- O zamanlar Heydər Əliyev Rəhim Qazıyevlə sizin münasibətlərinizdən danışırdı. Həqiqətən cənub məsələsinin ortaya atılmasında Rəhim Qazıyevin rolu var idimi? Yox idisə kimin rolu var idi?
- Heydər Əliyev barəmdə sona qədər heç nəyi demədi. Yaratdığı yalancı vətənpərvərlik şousundan yararlanaraq, adımdan istifadə edib, rəqib saydıqlarını sıradan cıxartmaq ücün hər şeyi etdi... Siz də hələ də cəkinərək, talış xalqının taleyi haqda danışmaq əvəzinə hansısa "cənub məsələsi" kimi qondarma adı təkrar edirsiniz? Azərbaycan Respublikasında sayca ikinci etnos olan talış adında butöv bir xalq, hər nədən, o cumlədən dilindən yaşam vasitəsi kimi istifadədən məhrum edilməklə, zorakı assimliyasiya prossesini yaşamaqdadır. Sizsə bu məsələdə də kiminsə rolunu axtarırsınız, bununla da iqtidarın talışların yaşam hüququnu tanımamasına haqq qazandırırsız. Özünə hörmət edən hər bir talış, eləcə də talış xalqının qabaqcıl fikirli on minlərlə ziyalısı bu cür ədalətsizliyə qarşıdır. Burda hansısa kənar qüvvənin barmağını axtarmaqdansa, AR–da xalqlarımıza qarşı yeridilən etnosid siyasətini görmək lazımdır. Biz öz milli mənliyimizlə yaşamaq istəyirik, bu haqqı Allah bizə verib. Vətənimiz Azərbaycanda da bunu anlayaraq, əlimizdən aldıqları bu haqqımızı bizə qaytarmalıdırlar. Bunu biz talışlar üçün etməsəniz, heç kim Azərbaycana inanmaz və cətin ki, ərazi butövlüyünü bərpa etmək mümkün olsun. Serbiyada da müharibə və albanların deportasiyası ilə ərazi bütövlüyünü bərpa etmək istəyəndə, bombalar Belqradda partlamağa başladı...

- Azərbaycanın müharibə etdiyi bir sırada ikinci Qarabağ məsələsi ilə üz-üzə qalmalı olduğuna həqiqətən inanırdınız?
- Azərbaycan müharibə edəndə biz talişlar kənarda qalmışdıqmı? Bir nümunə göstərin ki, biz talışların toplaşdığı 704-cü briqadanın müdafiəsində durduğu cəbhə xəttində bir addım geri çəkilmə olsun, bir qarış torpaq təslim edilsin! 1992-ci ilin noyabr ayında briqadaya həvalə edilmiş 48 km-lik cəbhə xətti nəcə təhvil alınmışdısa, bu gün də həmin vəziyyətdə qurduğumuz müdafiə sistemi, istehkamları ilə göz qabağındadır. Əgər, biz ikinci Qarabağ yaratmaq istəsəydik, imkanlarımızı cəbhə xəttində saxlamaz, Heydər Əliyevin 5 günlük atəşkəs elan edib, erməni hərbi birləşmələri üçün sol cinahımızı gecə ikən boşaltdırıb, avqustun 21-də (1993) onların Ağcabədi istiqamətində arxamıza keçərək mühasirəyə almalarının qarşısını 76 nəfər şəhid verməklə almazdıq və biz şəhidlərimizin (Allah onları qəni-qəni rəhmət etsin!) dəfni ilə məşğul olanda, Lənkəranda "ictimaiyyətin" etiraz mitinqlərini cinayət aləminin avtoritetlərinin köməyi ilə təşkil edilməsinə imkan verməzdik.

- O zamanlar bu belə şərh edilirdi ki, bu İranın və Rusiyanın layihəsi idi. Bu barədə nə deyə bilərsiniz?
- Dediyiniz "o zamanlar" kifayət qədər yalanlar danışılıb. Bu gün də, hec bir əsas gətirməyib təsdiq edən, bir sübut ortaya qoymadan həmin hədyanlara istinad edərək danışır, "vətənşüvənlik" edir. Həmin dövrlərdə Rusiya da, İran da Heydər Əliyevin hakimiyyətə gəlməsində maraqlı idi və bu dövlətlərin bilavasitə iştirakı, yardımı ilə də hakimiyyət mənimsənildi. İndi hər şeyi təhlil edəndə aydın görürəm ki, Heydər Əliyevin hakimiyyət mənimsəməsində, avtoritar rejimi yaratması yolunda yeganə real maneə mən olmuşam. Vaxtı ilə onun aldadaraq, qurban verdiyi, Azərbaycanın ən qiymətli, mərd oğullarından biri olan Surət Hüseynov Heydər Əliyevin birbaşa üzünə dediklərimi öz məhkəmə prosessində dilə gətirmişdi və mətbuatda da yayılmışdı. Təəssüflər olsun ki, az adamın həmin söhbətdən məlumatı var.

- Sosial şəbəkədə yerləşdirdiyiniz fotonuzda masanızın üstündə Azərbaycan Respublikasının bayrağı var. Siz dövlətə xəyanətdə ittiham olunmusunuz, bunu necə şərh edərsiniz?
- Hələ böyük əksəriyyətin o bayraq barədə məlumatı olmayanda - 1988-ci ilin noyabrında, Astarada sərhəd məntəqəsinin hər iki girişini bağlamaqla, o bayrağı biz zastavaların ən uca nöqtələrində qaldırmışdıq. Bu gün, hazırda sizin suallara cavab yazan anda da stolumun üzərində 3 bayraq var: hazirda yaşadığım Niderland krallığının, Azərbaycan Respublikasının və talış xalqının. Azərbaycan Respublikası hazırda bir dövlət olaraq beynəlxalq səviyyədə Azərbaycan SSR-dən qalma ərazisi ilə tanınıb, varlığı reallıqda həqiqətdir və mənim vətənimdir. Vaxti ilə vətəndaşı olduqda ərazi bütövlüyü uğrunda mərd kimi üzbəüz döyüşlərdə iştirak edib kontuziya almamdan da peşman deyiləm. Əksinə fəxr edirəm ki, vətəndaşlıq borcumu ləyaqətlə, mərdcəsinə yerinə yetirmişəm.

- Prezidentin sizi əfv etməsindən sonra Azərbaycan vətəndaşlığından məhrum edildiniz, ondan sonra da Hollandiyaya yerləşdiniz. Nə kimi problemlərlə üzləşdiniz? Mühafizə olunursunuzmu?
- Əfvdən iki gün sonra, həbsxanadan birbaşa aeroporta gətirilərək təyyarənin trapının qarşısında qandallar əlimdən acılmış və təyyarəyə mindirilmişəm. Vətəndaşlıqdan məhrum olunmam barədə sənəd və digər barəmdə olan kağızlar da trap qarşısında mənə verilib. Həmin kağızlara imza etdim, ingilis dilində olduğundan hec nə anlamadım. Vaxt məhdudiyyətini bildirərək tərcümə barədə tələbim də yerinə yetirilmədiyindən indi ağrısını, əzabını çəkirəm. Belə ki, burada ancaq oturum haqqından başqa hər hansı bir sənəd ala bilmirəm. Bilirəm ki, üzərimdə nəzarət və mühafizə var, yəqin azad olmağım müqabilində Niderland krallığının üzərinə götürdüyü öhdəliyə riayət edir.

- Bir müddət bundan öncə Ermənistana səfər etmişdiniz, bunun səbəbi nə idi? Nə üçün bir zamanlar ermənilərə qarşı hərbi cəbhə tutmuş olduğunuz halda indi Yerevana səfər edirsiniz?
- Yenə yalana söykənən sual... Mən Ermənistanda olmamışam, amma, əgər imkan yaransa, tərəddüd etmədən ora gedərəm. Niyə də getməyim? Hazırda ki, hec bir müharibə yoxdur. Calışaram ki, mövcud hakimiyyətin, onun rəhbərlərinin, öz hakim mövqelərini qorumaq naminə, daima qonşu kimi yaşamağa məhkum xalqların, aralarında ədavəti, nifrəti yaymaqla özlərindən diqqəti yayındırmaları barədə danışım.

- Bir müddət bundan öncə Dağlıq Qarabağda fəaliyyət göstərən talış radiosu üçün ermənilərə təşəkkür etmişdiniz? Bunun səbəbi nə idi?
- Talış xalqının yaşamı, onun dilinin inkişafı barədə bizə yardım edən hər kəsə, məqsədinin nədən ibarət olmasından asılı olmayaraq, təşəkkür etməyin icazəsini kimdənsə almaq barəsində düşünməmişəm. Mən adımla, talışlığımla vətənimin övladıyam, sahibiyəm. Düşmənin mərdliyini, dostun namərdliyini qiymətləndirməyi bacarmaqla yanaşı, heç kəsə süni formada xoş gəlməyə yox, öz adım - talışlığımla yaşamağa üstünlük verirəm. Vətənimdə bir xalq olaraq ölümümə, yox olmağıma ümumölkə miqyasında dövlət rəhbərliyinin istəyi və təbliğatı ilə ictimai fikrin formalaşdırılması ən yüksək həddə olan bir məqamda, yaşamımıza yardım edənlərə minnətdarlıq etməyi ancaq kişilər bacarar və etmişəm. Minnətdarlıq etməməyi isə qeyri-məntiqi bir əməl sayıram. Milyardları olan Azərbaycan Respublikası talış dilində radio, TV, məktəb yaratsın, ölkə başçısına etdiyimiz bu məsələlərlə bağlı müraciətlərə səviyyəli bir cavab verilsin, biz talışlara həqiqi qardaşlıq (hərçənd ki, qardaşları, dostları cox uzaqlarda axtarırsınız) nümunəsi yaratsın, minnətdarlıq edib, qiymətləndirməyi bacaran xalqın övladıyıq, ona ləyaqətlə əvəzini verərik.

- Həbsdən azad olunduqdan sora heç vaxt rast gəlməmişəm ki, öz fəaliyyətiniz barədə danışasınız. Həqiqətən özünüzü 1993-cü il hadisələrinə görə təqsirli hesab edirsinizmi?
- Yox. Azərbaycanın müstəqilliyi naminə aparılan mübarizələrdə, həbsdə yatdığım, rus ordusu ilə üzbəüz qaldığım, müharibədə iştirak etdiyim dövrlərdə çəkdiyim əziyyətləri, heç xatırlamadınız da. Sərf etmir, sizə ancaq duşmən obrazı lazımdır. Mənə edilən pisliklərə və çəkdiyim əziyyətlərə görə nadanlığı və onun daşıyıcısı olan ictimai fikrin yaradıcılarını qınayıram.

- Rusiyanın Azərbaycanla münasibətlərinin pozulduğu sırada yenə etnik kartdan istifadə olunacağı ehtimal edilməkdədir. Bununla bağlı hər hansı bir təklif almısınız?
- Kimin kiminlə münasibətinin necə olmasının "milli azlıq" adlandırdığınız talış xalqının yaşam istəyinə nə aidiyyatı? Əgər belə bir problem yaranıbsa, bunda günahı niyə Azərbaycanda milli zəmndə dövlət siyasətinin naqisliyində axtarılmasın? Nə üçün bu və ya buna oxşar problemlərin yaranmasının səbəbkarı olan hakimiyyət qınanmasın? Problem varsa, ondan düşmən tərəfin istifadəsinə imkanı yaradan hazırkı iqtidar, onun ali rəhbərliyidir. O, cavab verməyə vadar edilməlidir. Cavab verməlidir ki, problemləri vaxtında görüb aradan qaldırmayıbsa, deməli ölkə ücün təhlükənin yaranmasında, Azərbaycanı istəməyənlər üçün bilərəkdən və ya nadanlığından fürsət, imkan yaradir.

- Ermənistana və ya İrana səfər etdikdə sizi hansı statusda qəbul edirlər?
- Hələ ki, belə səfərlərim olmayib, olmayan nəsə barədə danışmaq, qeyri-mümkündür.

- Azərabaycan gedən prosesləri izləyirsiniz?
- Gündəlik izləməyə olan imkanlardan istifadə etməklə, calışıram.

- Milli Şuraya münasibətiniz nədir?
- Bu formatın yaranması düz beş il yubanıb, yenə şükür, yaranıb. Amma romantik, kortəbii millətci quzğunların təmsilciliyi, Azərbaycanda yaşayan, türk olmayan digər xalqlara münasibətdə ciddi narahatçılıq doğuracağının nəzərə alınmamasına təəssüflənirəm.

- 2013-cü il prezident seçkiləri ilə bağlı düşüncələriniz nədir?
- Mövcud seçki qanunları və sistemi ilə aparılan seçkilərdə, seçki yeşiklərindən hökmən hazırkı rejimin nümayəndəsi cıxacaq!

- Azərbaycana qayıtmaq niyyətiniz varmı? Bu istiqamətdə hər hansı bir fəaiyyət göstərirsinizmi?
- Niyyətim və boyük arzum var və bu istiqamətdə də daima calişmışam, fəaliyyətdəyəm. Rejimdən xilasımızı - güc olub birlikdə həyata kecirmənizə buradan xidmət etməyə də, gücüm çatan səviyyədə hazır olduğuma bildirməyə şadam.

Комментариев нет:

Отправить комментарий