19.07.2013

Azər Allahverənov - DƏFTƏR

Günlərin bir günü əlimə diqqətimi çəkən bir dəftər düşdü. Adi, heç nəyi ilə fərqlənməyən bir dəftər. Vərəqləri, demək olar ki, boş idi. Hərdən bir hansısa vərəqdə elə də gözə çarpmayan cızma-qaraya rast gəlmək olardı. Bu günə qədər bilmirəm niyə digər dəftərlər arasında məhz bu dəftəri gözüm tutdu, amma bildiyim dəqiq bir şey var idi ki, bu dəftəri yazmaqla dolduraraq daha da zənginləşdirməli və sanballı etməli idim...
Yavaş-yavaş həmin dəftəri nəzərdən keçirməyə, ürəyimdən gələn fikirləri orada yazmağa başladım. Hətta arada bir əvvəlki vərəqlərdə yazdıqlarıma qayıdardım, orada gözümə dəyən zəif məqamları tapıb əlavə fikirlərlə daha da zənginləşdirərdim...
Vərəqləri zaman-zaman yazılan dəftərin dəyəri şəxsən mənim üçün getdikcə artırdı.
Göz önümdə möhtəşəm bir əsər yaranmaqda idi... Demək olar ki, qısa zaman ərzində həmin dəftər adi dəftər formatında könül dəftəri səviyyəsinə qalxmışdı, çünki yazdığım hər bir kəlmədə, hər bir misrada, hər bir abzasda varımı qoyurdum, canımı param-parça edən fikirləri yerləşdirirdim. Hətta hərdən elə olurdu ki, ülviyyətlə yoğurulan fikirləri hansısa vərəqə köçürəndən vərəq onu qəbul etmək istəmirdi, inkar edirdi. Amma bu fikirlərin müəllifinin israrlığı növbəti, yeni bir səhifənin yazılması ilə nəticələnirdi. Ruhumun mənəvi qidası olan ülvi hisslərimin ayrı-ayrı elementlərini yazılan vərəqlərdə yenidən oxuduqda isə çox sevincli olurdum, çünki həmin yazılarda varımı tapırdım, ruhumu görürdüm...
Sevincli olmağıma baxmayaraq, dərk etdiyim bir həqiqət var idi: bu dəftərə köçürülən fikirlər həm ruhumu, həm də onunla birlikdə parça-parça olunan varımı da çəkib aparırdı. Mümkün təhlükələrin üzünə dik baxaraq özüm-özümə deyirdim: “Qoy olsun, çox güman ki, hər bir insanın bir missiyası olduğu kimi də, mənim də missiyam bələ də bu dəftəri KÖNÜL DƏFTƏRİ etməkdən ibarətdir”. İstədiyim tək arzum bu könül dəftərinin hətta bir neçə cildlik kitablarla rəqabətə girmək səviyyəsinə qaldırmaq və bununla da, bir müəllif kimi, onun hörmət və sevgisini qazanmaq idi... Amma.... Heç ağlıma belə gətirə bilməzdim ki, digərləri tərəfindən sevgi ilə bəslənməyən başlayan həmin könül dəftəri hətta onun müəllifini belə unudacağı qədər uzaqlara gedən planları var imiş...
Könül dəftəri məndən uzaq düşdükcə oradakı yazılarım yavaş-yavaş saralmağa, zamanla isə bütövlükdə itməyə başladı. Nəticədə, vaxtilə zülmət qaranlığa işıq saçmağı bacaran yazılarla zəngin olan könül dəftəri adi dəftər formatına qayıtdı və özünü yenidən digər adi dəftərlər arasında tapdı. Hətta belə bir vəziyyətdə də təkəbbürlü və özündən kifayət qədər razı olan bu dəftər yenə də anlaya bilmədi ki, onu “könül dəftəri” statusuna qaldıran özü yox, onun üzərində yazılan fikirlər və həmin fikirlərin müəllifi idi...
Onu yenidən adi dəftərlər arasında görmək olduqca ağır gəlir mənə. Ağır gəlir ona görə yox ki, vaxtilə üzərində yer almış ruhumun ülvi hissləri etinasızlıq və vəfasızlıqla üzləşdi və bundan irəli gələrək əriyərək göylərə sovruldu. Ağır gəlir ona görə ki, həmin hisslər hesabına və, bütövlükdə, ruhum bahasına çox möhtəşəm əsər yaradılmış, lakin sonradan bilərəkdən atəşə atılaraq məhv edilmişdir...  
Təbii ki, çox istərdim könül dəftərinin sonuncu səhifəsi onu müəllifinin sevgi dolu ruhuna cavab versin, ona layiq və hər zaman sədaqətli olsun, heç vaxt uzaqlara getməsin, onu dəyərləndirə, anlaya bilsin və, nəhayət, möhtəşəm sevgi əsəri sonluğu ilə yekunlaşsın. Məhz belə olduğu təqdirdə həmin könül dəftəri dəftər formatında çıxıb “HƏYAT” əsəri səviyyəsinə qalxa bilərdi... Amma, yalnız qalxa bilərdi, çünki daha nə həmin dəftəri yazmaqla könül dəftəri səviyyəsinə qaldırmaq istəyən müəllif, nə də könül dəftəri olmağa layiq olan həmin dəftər var... 

Комментариев нет:

Отправить комментарий