31.07.2013

Planetimiz işğal altındadır!

Gülnarə Rəfiq

2013-cü il 29 aprel - 3 may tarixində Kanadanın keçmiş müdafiə naziri Pol Xellye sensasiyalı etiraf etdi. Həmin tarixdə Vaşinqtonda «Sirrlərin açılması üzrə vətəndaş dinləmələri» adı altında konfrans keçirilirdi. 10 ölkəni təmsil edən tədqiqatçılar, siyasi liderlər, ictimai fəallar, keçmiş hərbçilər, cəsuslar Kalumbiya dairəsi ABŞ Konqresinin 6 keçmiş üzvünə şahid ifadələri verirdi. 30 saatdan artıq sürən bu konfrans Konqresin keçmiş üzvlərinin iştirakı ilə baş vermiş böyük ictimai hadisəyə çevrildi. Burada yerdən kənar sivilizasiyaların olması, yer üzünə dəfələrlə səfər etməsi və insanların həyatına müdaxiləsi barədə təkzibedilməz faktlar səsləndirildiyindən böyük tarixi hadisəyə çevrildi. Çünki Uçan Naməlum Obyektlər (UNO) barədə ortaya çıxarılan bütün sənədlər və faktlar ciddi sayılmır və əksəriyyəti qondarma olduğundan nüfuzlu konfranslarda səsləndirilmirdi.

Səslənən bütün nitqlər içində keçmiş nazir Pol Xerrlyenin çıxışı xüsusi diqqətə layiq görüldü. O, yadplanetlilərə inama necə gəldiyindən danışdı. Vəzifələrdə çalışdığı müddətdə qazandığı nüfuzu hesabına indi o, yadplanetlilər barədə açıq-aydın söhbətlər aparır və yadplanetlilərdən alınmış texnologiyalar sayəsində alınacaq təmiz enerjidən danışır: «Mən inanıram ki, bu texnologiya artıq yer kürəsində var. Amma o, böyük sirr kimi saxlanır ki, neft sənayesi öz trilyonluq gəlirlərindən məhrum olmasın».

Axı, ONLAR nə istəyir?!

Bu gün adıçəkilən konfransdan çəkilmiş videoçarx «YouTube»də böyük maraq doğoraraq minlərlə tamaşaçı qazanıb. Bu nitqi dinləyərkən adamın tükləri biz-biz olur: «Mənim adım Pol Xellyedir. Mən Kanadanın keçmiş müdafiə naziriyəm. Həmin vəzifədə 23 il yarım çalışmışam. Nazir olduğum zamanlarda da mən UNO barədə çoxlu məlumatlar alırdım. Amma çox məşğul olduğumdan bu faktları araşdırmağa macal tapmırdım. Son 10 ildə mən bu mövzuyla maraqlanmağa və məlumatlar toplamağa başladım. Çünki Ottava ştatından olan bir gənc mənə bu tip materialları təkidlə göndərməkdən əl çəkmirdi. Bir dəfə o, polkovnik Korsonun «Rozuelldən sonrakı gün» adlı kitabını göndərdi. Mən onu 2005-ci ilin yay aylarında oxudum və həqiqətən də heyrətləndim. Düşündüm ki, müəllif ciddi məsələlərə toxunur və Amerika xalqının, eləcə də bütün dünyanın bunları bilməsi yaxşı olardı. Çünki UNO ayrıca təcrid edilmiş bir məsələ deyil, indi baş verən hadisələrin tərkib hissəsi idi. Bundan sonra mən Viktor Viciani və Maykl Berdin dəvətilə Toronto Universitetində çıxış etməyə razılıq verdim. Onda mən artıq «UNO başımızın üstündə uçan təyyarələr qədər realdır» dedim. Bu etiraf məni «böyük səkkizlik» ölkələrinin naziri səviyyəsində həqiqətləri demiş ilk adama çevirdi. O vaxtdan mən çoxlu mənbələr, şahid etirafları tədqiqlər etmişəm.
Əvvəla, 1960-ci illərdə NATO ərazilərini keçən və cənuba yönəlmiş UNO flotiliyası əmələ gəldi. Əlbəttə, bu, Avropada hərbi qüvvələr başqanını sarsıtdı. Xoşbəxtlikdən çaxnaşma zamanı kritik düymə basılmadı və flotiliya yolunu dəyişib şimala yönəldi. Hamı bunun rusların işi olduğunu düşündü. Tədqiqat aparıldı və nəticədə minilliklər boyu yer üzünə mütəmadi səfər etmiş 4 növ yadplanetli aşkar olundu. Mən kitabımda onların 5 növünü göstərmişəm. Amma əslində onlar daha çoxdur, çünki bu yaxında yer üzündə olmuş 20 növ canlılar barədə bir sənədi görmüşəm. Onlar Dzeta Setki ulduz sistemi, Orion, Andromeda və Altair pleyadasından gəlirlər. Ona görə də biz ONLAR sözünü işlətməkdə də səhv buraxırıq. Çünki onlar müxtəlif məqsədlə buralara gələn müxtəlif növ canlılardır».

ABŞ hökumətini yadplanetlilər idarə edir?!

«Biz 6 aşlı uşaqlar boyda olan ölü yadplanetlilər barədə danışmaqla vaxt itiririk. Çünki hazırda bizimlə bərabər bu planetdə yaşayan gəlmələr var. Onlardan ikisini mən ABŞ hökümətində vəzifədə görmüşəm. Uca Ağlar adlandırılan bir növ barədə isə bu yaxınlarda eşitmişəm. Paola Xarris bu barədə rəsmi açıqlama verib. Onun sayəsində mən keçmiş pilot Çarlz Xoll ilə 3 saatlıq söhbət etdim. Bu pilot həmin canlılarla birgə işlədiyi zamanlar barədə heyrətamiz söhbətlər elədi. O deyir ki, əvvəl dəhşətli dərəcədə onlardan qorxurdu. Amma sonra yaxından tanış olandan sonra bir-birinə etibar etməyə başladılar. Beləliklə, Uca Ağlarla işgüzar münasibətlər İndiana və Nevada poliqonlarında yaradıldı. Onlar ABŞ-ın bazaları ərazilərində yaşayır və texniki baxımdan bilik mübadiləsi edirlər. Uca Ağlara bəzən Nord, bəzən «skandinavlar» deiyrlər.
Mənim marağım bu məsələnin tamamilə açılmasındadır. Əlbəttə, bu məsələdə elə məqamlar var ki, onları mütləq gizli saxlamaq lazımdı, heç olmasa indi. Bilirəm ki, bu nə vaxtsa baş verəcək. Uşaqlar Şaxta Baba obrazı ilə vidalaşdıqları kimi zaman gələcək ki, insanlar da kosmosda başqa canlılarla yanaşı yaşamağımız fikrini normal qəbul edəcəklər. Onların bizdən dəfələrlə inkişaflı olması fikri alçaldıcıdır, amma sağ qalmaq üçün bunu da qəbul etməyimiz lazımdı. Dünyamız qarışıqlıq içindədir. Vaxtımız isə uzaqbaşı bu onilliyin sonuna qədərdir. Heç olmasa qlobal istiləşmənin qarşısını almalıyıq ki, dönüş nöqtəsinə qayıda bilək. Amma bizim liderlər bu barədə heç danışmırlar da. Ola bilər onlara neft üzərində nəzarəti saxlamaq xətrinə müharibələr eləmək daha maraqlı gəlir. Deyim ki, onlar bu məsələni ciddi qəbul edib yeni təmiz enerjiyə keçməyi istəsələr belə, bunu etməyə maliyyə imkanı kifayət etməz. Çünki qərb dünyası axmaq maliyyə və bank sistemi içində yaşayır. Bizə təmiz enerji almağa texnologiya lazımdı. Belə texnologia artıq var, amma taleyimizi idarə edənlər məkrli məqsəd güddüklərindən onu sirr kimi saxlayırlar. Dünya ağalığı ssenarisini yazanlar artıq ABŞ-da da, Qərbdə də kölgə idarəçiliyinin sükanı arxasındadı».

Biz ruhani varlıqlar olmalıyıq…

«Bircə çıxış yolumuz qalır, bütün dünya ilə əməkdaşlıq siyasətini əsas tutaraq Amerikanın yanaşmasını rədd etmək və hamının yaşaya biləcəyi bir dünya qurmaq. İndiki gənclik ali hisslər və məqsədlər uğrunda mübarizə etməkçün darıxır. Biz göydəki qonşularımızla da dil tapıb reallıqda yaşamağa başlamalıyıq. Bir sözlə, ali, bütün dinlərin cövhərini təşkil edən meyarları əsas tutan ruhani varlıqlar olmalıyıq. Gəlmələr arabir ilahi mənbə ilə bizim aramızda vasitəçilik edib mələklər və qoruyucu ruhlar rolunda çıxış edirlər».
90-a yaxın yaşına baxmayaraq Pol Xellye uzun-uzadı çıxışı ilə konfransda təlatüm yarada bildi. Bu, onun UNO haqqında ilk çıxışı deildi. 2005-ci ildə Torontoda çıxışında o «ABŞ silahlı qüvvələri yad planetlilərə qarşı işlədilə biləcək silah hazırlayır. ABŞ bizim xəbərimiz olmadan qalaktikalar arası müharibəyə başlaya bilər» demişdi. Bu məruzəsi ilə o, 3 qeyri hökumət təşkilatının Kanada hökumətinə verdiyi «Ekzosiyasət -Yerdənkənar sivilizasilar» mövzusunda müraciətinə qoşulmuşdu. Onun çıxışları içində 2010-cu ildə UNO və faktların gizlədilməsi barədə dediyi niqt də yaddaqalandır. Həmin çıxışında Xelle demişdi ki, «Buş administrasiyası hərbi qüvvələrə Ayda baza tikməyə ona görə icazə verdi ki, həmin nöqtədən Yer kürəsinə olan səfərləri, eləcə də hücumlar olacaqsa, müdafiəni daha sərfəli mövqedən nəzarət etmək mümkün olsun». Məruzəsində Xellye minilliklər boyu insanlara göndərilən xəbərdarlıqları və edilən kömək təklifini xatırlatdı: «Biz bu əlaqəyə girmə cəhdlərini təhlükə kimi qarşılayaraq əvvəl atəş açıb sonra suallara cavab axtarmışıq. Təyyarələri itirmək bizim üçün qərar çıxarmağa səbəb olub. Heç kim düşünmədi ki, uçan aparatların ətrafındakı maqnit sahələri bizim avadanlıqları göz qırpımında sıradan çıxara bilir. Bu, nə hücum, nə də müdafiə idi. İnsan tələfatı bizim öz axmaqlığımızdan və həqiqəti qəbul etməyi bacarmamağımızdan irəli gəlirdi. Onlar bizə mübadilə üçün tərəf müqabili kimi maraqlı olar. Deyək ki, belə işbirliyinin izləri bəzi «iblis kəşfləri» adlandırıla biləcək texniki irəliləyişlərdən artıq görünür. Milyardlarla pul xərclənir ki, Konqress və səlahiyyətli orqanlar bu məsələlərdən xəbərdar olmasın. Ona görə də əgər yadplanetlilərlə əlaqələr varsa, bütün bunlar açıqlanmalı və hamı xəbərdar olmalıdır.
Bir vaxt Ağ evin reportyoru Sara MakLendon prezident Klintona belə bir sual verdi: «Niyə axı məlumatların açıqlanması işində heç bir irəliləyiş olmur?». Klinton cavabında «Bilirsən Sara, dövlət içində daha bir dövlət də var ki, mən onlara ağalıq edə bilmərəm ». Görəsən barmağını düymənin üstündə hazır vəziyyətdə tutub basmağa hazır olan baş komandan həqiqətləri bilməyə layiq deyilmi? Vergi ödəyənlərin də bunları bilməyə haqqı var. İndi Amerika xalqının yeni bir müharibəyə, yalan və riyakarlığa qarşı savaşa başlaması lazımdır».

Bizim də «boşqab»larımız uçur

Gəlmələrin planetimizdə əl-ayaq açmasının izlənməsi 19-cu əsrdən başlayıb. Yaxud fotoaparatın kəşfi ilə bunu sübut etmək rahatlaşıb. İlk dəfə uçan boşqab 1936-cı ildə almanların əlinə düşüb. Amerikanın gəlmələr barədə olan faktları sirr kimi saxlaması 1947-ci ildən başlayır. O vaxt yadplanetli uçan boşqab qəzaya uğramışdı. Əldə edilən meyitlərin yarılması prosesində çəkilmiş kadrlar sonradan bütün dünyanı dolaşmışdı. Nyu-Mexiko ştatında qəzaya uğramış gəmidə bir nəfəri sağ qalmışdı. Onu 1952-ci ilədək, ölümünə qədər əsirlikdə saxladılar. Əldə olunmuş materiallar əsasında işə salınan «Qırmızı işıq» və «Arzular ölkəsi» adlı layihələr 1962-ci ilə təsadüf edir. Məqsəd havaya uçan boşqablar buraxmaq idi. «Zona 51» adlı ərazilərdə işləyən adamlar deyirdi ki, «gəlmələr təlim üçün bizə 3 uçan boşqab vermişdilər. Onların əsir düşmüş boşqabı əsasında yaratdığımız aparatlar da təlimə qoşulurdu». Ona görə də hazırda göydə artıq UNO gördükdə «bəlkə sükan arxasında özümüzküdür» düşünə də bilərik. Göydə parıldayan müxtəlif quruluşlu işartılar yeni, xoruz banı eşitməmiş silahların təlimindən bizə qalan görüntüləri də ola bilər.
Ufologiya üzrə yeni bir sənəd aşkarlanan kimi buna qarşı ağızbüzəndər ordusu yaranır. Onların da dediklərində həqiqətlər var. Çünki Amerika bütün dünyanı «sui-qəsd nəzəriyyəsi» vasitəsiylə gərginlikdə saxlayır. Guya bütün dünya Amerika adlı nəhəngi əzmək üçün durmadan terror aktları hazırlayır, buna cavab olaraq Amerika demokratiya qurmaq adıyla ölkələrə daxil olur və istədiyi ərazidə öz istəklərini yeridir. UNO barədə açıqlanan faktları da əksəriyyəti Amerikanın uydurduğu növbəti ssenari kimi qəbul edir. Çünki kütlənin başını qatmaq üçün düzənlənən tamaşaya qoşulmaq istəmir. Bütün bunlar həqiqət olsa da, minlərlə aşkarlanan və xüsusilə də son illər durmadan artan faktları nə izah etmək, nə də artıq gizlətmək olmur. Rəsmi dairələr bu faktları şərh etməkdən imtina edir və ən yaxşı halda susur. Məruzəçi Pol Xellye özü vəzifədə olarkən 1966-67-ci illərdə UNO müşahidə dalğasına heç bir reaksiya verməmişdi.

UNO zamanı

Amerika tarixində yad planetlilərlə bağlı versiyalar artmaqdadır. Məsələn, Amerika prezidenti Con Kennedinin öldürülməsi məsələsində versiyalardan biri yad planetlilərlə bağlı idi. Guya onu gəlmələrlə kontak faktlarını aşkarlamaq istədiyinə görə aradan götürüblər. O, hakim dairələrin yadplanetlilərlə sıx əlaqələrini sübut edən faktlara sahib idi. Müsahibələrin birində o, «Mən UNO barədə vəziyyəti xalqa danışmaq istərdim, amma mənim əl-ayağım bağlıdır» demişdi.
UNO -nu öyrənmək üzrə layihələrin işinin sonda aşkarlanmaması bu məsələyə marağı daha da alovlandırır. 1950-ci ildə tədqiqat layihəsinin aparıcı mühəndisi Uilbert Smit fikir yürütdü ki, uçan boşqablar nəinki mövcuddur, onların məqsədləri və motivləri də artıq məlumdur. Amma bu mövzu ABŞ hökümətinin nəzarəti və diqqəti dairəsindədir. ABŞ-ın hərbi texniki baxmdan dünyada ağalıq etməsi onların yadplanetlilərlə kontaktda olub tezniki dəstək alması fikrini bir daha təsdiqləyir.

Qonaqlar qapını çoxdan döyür

Bir neçə il bundan əvvəl UNO barədə yazını sarı mətbuat həvəslə çap edirdi, amma özünə hörmət edən qəzetlər bu barədə təmkinlə susurdu. Çünki bu mözvunu nə sübut, nə də təkzib edəcək durumda deyilik. Amma hər kəsin içində bir inam gəzir: Biz Kainatda tək ola bilmərik axı! İnternetin geniş yayıldığı bir zamanda evdən çıxmadan bütün mədəni abidələri gəzişib skafandrlı qayaüst rəsmlərə, əlində əcaib silah tutmuş nəhəng heykəllərə, uçan aparatların sxemini verən qədim gil lövhələrə baxa bilərik. Bir tək «YouTube»da minlərlə UNO ilə bağlı video var. Bura ondan da artıq foto şəkilləri də əlavə etsək, yer kürəsinin az qala uçan boşqab içində olduğunu düşünməliyik. Bu tip məlumatlar efirə sel kimi axır. Faktlar bu qədər çoxdursa niyə onların rəsmi təsdiqi, ya təkzibi olmur. Sanki faktları sükutla qarşılamaqla yaddaşlardan silməyə çalışırlar. Ola bilər bu məsələ ən vaciblərdən, hətta atom silahı qədər sirrli qalmalı bir məsələdir.
Nə vaxtsa «UNO varmı, yoxmu?», «Filan yerdə kateri meteorit, yoxsa qəzaya düşmüş UNO yaratdı?» kimi suallar adiləşəcək və avtomatik cavabını tapacaq. İndi artıq heç kim göydə uçan təyyarənin fotosonu çəkməyə çalışmır. «Bizdən bunu niyə gizlədirlər?» sualına cavab axtararkən ilk əvvəl əhalidə çaxnaşma yaratmamaq cəhdləri yada düşür. Əlbəttə, əgər gəlmələrin əlindəki silahı düyməni basmaqla insanı malekullara parçalaya bilirsə, ondan qorxub uzaq gəzmək daha salamatıdır.
Bu artıq sirr deyil ki, bütün böyük dövlətlər yeraltı şəhərlər kompleksini hazırlayıb. Burda minlərlə insanın yaşaması üçün evlər, bitki plantasiyaları, hətta türmələr də var. Bu yeraltı şəhərlər adi insanlar üçün deyil, həqiqətlərdən agah olan seçilmişlər üçündür. Deməli heç olmasa yarım əsrdir ki, dövlətlər nəsə vacib bir hadisəyə hazırlaşır. Yeraltı şəhər kompleksi Amerikada, Rusiyada, İngiltərədə, Avstraliyada, Səudiyyə Ərəbistanında var.
Biz durmadan planetimizi məhv edirik və bu bərədə fikir çəkənə də oxşamırıq. Bu işi təssüf ki, tam mənada gəlmələrin boynuna yıxmaq olmur. Ola bilər hansısa canlı bizə yem kimi, hansısa təbii filizləri çıxarmağa layiq işçi qüvvəsi kimi baxır. Biz ya Kainatda öz yerimizi anlayıb şüurlu canlılara qoşulacağıq, ya da məhv olub sonu bilinməyən kəhkəşanda yeni həyat yaratmaq üçün xammala çevriləcəyik. Yenə də seçim özümüzdədir…

bizimyolinfo.com

Комментариев нет:

Отправить комментарий