30.07.2013

SPİRİNT

Akif Abbasov

Maaşa qədər evdə vur-tut səkkiz manat ehtiyat pul qalmışdı. Şamilin öz ailəsi ilə onlara qonaq gələcəyi xəbəri Bəkirlə Nəzakəti şok vəziyyətinə saldı. Nəzakət telefonun dəstəyini yerə qoyan kimi: “Əcəb biabır olduq! Qonaqların qarşısına nə qoyacağıq?” – deyə Bəkirə baxdı. Bəkir çiyinlərini çəkdi: “Yoxun üzü qara olsun”. Bəkir səkkiz manatı götürüb: -Gedim, görüm nə tapıram, - dedi. Nəzakət təəccübləndi: -Bazara səkkiz manatla gedirsən? Bilsələr cibində cəmi səkkiz manat pul var, heç səni bazara buraxmazlar. Bəkir əlacsız halda əllərini yanlara açdı: -Bəs nə edim? Binaya da təzə köçmüşük. Qonşuları da tanımıram ki, birisinin qapısını döyüm. Yenə söhbətləşdiyim, dərdləşdiyim birisi olsaydı, deyərdim maaşa qədər mənə bir az pul ver.
Ay Nəzakət, açığı, indi tanıdığından da kar aşmır. Nə sirri-xudadır, indi adama borc pul verən də olmur. Nəzakət onunla razılaşdı: -Adamlar elə bil dəyişiblər, bir-birləırinə inamları itib. Çünki fırıldaqçı çoxdur, borc alır, sonra geri qaytarmır, ya da pulu qaytarınca borc verənin anadan əmdiyi südü burnundan gətirirlər. Bəkir, sən Allah, bu səkkiz manata nə alacaqsan? Elə təkcə ətin kilosu altı manatadır. -Nə bilim, ay arvad, əlimi əlimin üstünə qoyub dayana da bilmərəm. Qonağımız olacaq. Yarım kilo da olsa gərək ət alam. Allah kərimdir, bilmək olmaz, bir də gördün bazarda dosta-aşnaya rast gəldim. Bəkir bazara çatıb ayaq saxladı. Öz-özünə düşündü: “Nəzakət demişkən, bu səkkiz manata nə alım? Göy-göyərti, xiyar, bir ədəd toyuq alsam, səkkiz manatı aşır. Eyb etməz, dondurulmuş ət alaram. İki manatadır. Qonaq nə biləcək, əti əldən almışam, yoxsa dükandan. Toyuğun kilosu da iki manat altmış qəpiyədir.” Bəkir fikir-xəyal içərisində bazarda dolaşırdı. Birdən gözü bazarın küncünə sataşdı. Spirint satırdılar. Əvvəl istədi ötüb-keçsin, fəqət şeytan saqqızını oğurladı. Səkkiz manatı verib nə zaman səkkiz ədəd spirint aldığını bilmədi, azacıq aralanmışdı ki, onu soyuq tər basdı: “Bu, nə hərəkətdir, mən etdim?! Evdə məni gözləyirlər. Evə qonaq gələcək. Arvad yemək bişirməlidir”. Bəkir dəsmal çıxarıb boyun-boğazının tərini sildi. Bir tərəfə çəkilib spirintlərə ümidlə baxmağa başladı. Açmağa ürəyi gəlmirdi. Nəzakət belə şeylərə pul verməyin əleyhinə idi: “Pul tələsidir. Oturduğun yerdə heç kim sənə havayı pul verməz. Əksinə, əlində-ovcundakını çəkmək üçün düzəldilmiş oyunlardır bunlar!” Maddi durumun indiki vaxtında Nəzakət eşitsəydi ki, Bəkir olan-qalanını da spirintə verib, lap dəli olardı. Bəkir bir istədi aparıb spirintləri qaytarsın. Lap satanın əl-qayağına düşər, qələt elədiyini ona deyər, vəziyyətini başa salardı. Amma utandı. Spirint satan hayasıza oxşayırdı. Başlayacaqdı ki: “Yekə kişisən, bəs ağlın harada idi?” “Bəlkə... Hə, doğrudan da, bəlkə... artıq cibində siçanlar oynayırdı. Bayaq heç olmasa, torbanın dibində də olsa, nə iləsə evə gedəcəyinə bel bağlayırdı. İndi isə... Bu gün onunku onsuz da gətirmirdi. Hər nə olursa-olsun. Onsuz da səkkiz manatla bazarlıq alınmır. Spirintin birini açdı: bəxtinizi bir də sınayın. İkinciskni açdı: bəxtinizi bir də sınayın. Üçüncüsünü açdı: bir manat. Dördüncüsünü açdı: bəxtinizi bir də sınayın. Soyuq tər Bəkiri basır, o, əsəbləşirdi. Beşinci siprint 3 manar da gətirdi. “Cəhənnəmə, heç olmasa artıq 4 manatı var”. Altıncı boş idi, yeddincisi 5 manat uddu. Bəkirin gözünə işıq gəldi. Hələ bir sprint qalmışdı. İndi əlində 9 manatı vardı. Bank iki dayanacaq aralıda idi. Lakin fasilə vaxtına düşmüşdü. Səkkizinci spirinti açanda qeyri-ixtiyari qışqırdi. Sənə şəkk edənə min lənət, İlahi! Yüz manat da udmuşdu. Siprint satana: -Bank bağlıdır. Bu yüz manatlıq spirinti götür, bu da 9 manatlıq. Yüz manatı mənə ver, doqquz manat sənin olsun. O, razılaşmadı. -Yaxşı, doxsan beş manat ver, on dörd manat da sənə qalsın. Spirint satan “yox” deyib dururdu. Ət satan spirinti alıb, doxsan beş manat verdi. Bunu görən Bəkir qəssabdan üç kiloqram ət də aldı. O, yaxşıca bazarlıq edib taksi ilə evə qayıtdı. Nəzakət onu taksidən düşən görüb sinirləndi: -Bir görürsən bunu?! Cibində siçanlar oynayır, forsundan taksi tutub. Yəqin azından bir manat da ona verib. O, bir manata qatıq, göy-göyərti almaq olardı. Bəkiri əli dolu görən Nəzakətin təəccübü birə-beş artdı. Sevinsə də, az sonra qaş-qabağını tökdü: -A kişi, mənə deyirsən, maaşa qədər səkkiz manata gümanım gəlir, amma gedib 40-50 manatlıq bazarlıq edirsən. Bunu necə başa düşək? Bəkir başına gələnləri arvadına danışdı. Nəzakər sakitləşib qolunu çırmaladı. Qonaqlar axşamüstü saat 6-da gələcəkdilər. Vaxta bir neçə saat qalırdı. Köməyi olsa, yeməkləri çatdıra bilərdi. Qızı Solmazı çağırdı, Bəkir də kömək edirdi. ...Həmin hadisədən dörd-beş gün keçmişdi. Bəkir işdən evə dönürdü. Bu gün maaş almışdılar. O, 217 manat 45 qəpiyə qol çəkmişdi. Bazarın yanından ötürdü. 17 manatlıq bazarlıq etdi. Özünü saxlaya bilməyib maaşın qalanını verib 200 ədəd spirint aldı və yoluna düzəldi. Bir stəkan çay içdi. Nəzakət yeməyini gətirdi. Yarpaq dolmasını iştahla yeyib spirintləri stolun üstünə tökdü. Nəzakətlə Solmaz da yaxın gəldilər. -A kişi, bu spirintlərə uyub var-yoxdan çıxarsan ha. Bu da qumarın bir növüdür. Şirnikdin, yaxanı qurtara bilmirsən. Bəkir bir tərəfdən, Nəzakət bir tərəfdən, Solmaz da o biri tərəfdən spirintləri açır, uduşlu olanda sevinir, “Bir daha bəxtinizi sınayın” sözlərini oxuyanda dilxor olurdular. Bəkir üst-üstə iyirmi manat uddu. İki yüz manatın müqabilində iyirmi manat. Ərinin bərk pərt olduğunu görən Nəzakət sözə başladı: -A kişi, ürəyini sıxma. Oldu əvəz-əvəz. Hələ bir az da ziyana. Elə bil ötən dəfəki bazarlığın pulunu borca götürmüşdün. Bundan nəticə çıxar. Belə şeylərə uyma. Bəkir həmin əhvalatdan sonra daha spirint almadı.

Комментариев нет:

Отправить комментарий