22.07.2013

Telefon söhbəti

Elnur Rəsuloğlu (Əliyev)

Roman oxuyurdum Əbülhəsəndən.
“Sədaqət”. Beləydi romanın adı.
Açıq-mavi rəngli telefon birdən,
Fasilə vermədən hey dınqıldadı.
Dəstəyi qaldırıb dönük həvəslə
“Nə olub görəsən?” özümdən sordum.
Sonra fikirləşib sönük həvəslə
Deyindim:
“Boş yerə özümü yordum”.
Səsini eşitdim iki nəfərin.
Qət etdim, bildim ki, yola girmişəm.
Birisi çəkərək köksünü dərin
Sözə başlamışdı:
- Mən bilmirmişəm.
Hə, Salman, nə oldu? Söylə ki, nədən

Dəstəyi qoydun sən telefon üstə?
- Vaqif, yol qarışdı. İncimə məndən.
Sağalmamısan heç! Xəstəsən, xəstə!
- Təzədən sənə zəng etməli oldum.
Çünki söhbətimiz qaldı yarımçıq.
Təzədən səni dəng etməli oldum.
Bir gün görərsən ki, ölürsən artıq.
- Təzədən başlama. Qurtar söhbəti.
Mən onu sevmirəm. Mənim qəlbimi
Heç kəs ala bilməz. Saxla hörməti.
- Necə başlamayım? O cür gül kimi
Qızı qaçırtdın sən əldən, ay məzlum!
Hələ də qorxursan xəyanət edər?
- Bəli, mən qorxuram. Güclüdür qorxum.
Qorxuram sevərəm, o atıb gedər.
- Daha sözüm yoxdur. Salman, mən axmaq
Xəbərin olmadan, sənə demədən
Sevgi məktubları yazdım. Sən axmaq
Aləmi qatmısan mənə demədən.
- Vaqif, sən qatmısan aləmi, mən yox!
- Dostluq xatirinə tutdum bu işi.
- Sən mənə köməklik çox etmisən, çox!
- Dosta kömək etmək könlüm vərdişi.
- Onu istəmirəm. Onu sevmirəm.
- Sevmirsən, nə olar! Söhbət zamanı
Ölərdin deyəndə “səni sevirəm”?
- Dilə gətirəydim bu ağ yalanı?
Bəziləri kimi bacarmaram mən.
Sevməyə-sevməyə yalandan deyəm
“Sevirəm”. Gərəkmi sevdirib həmən,
Beynini, qəlbini yalanla yeyəm?
Bunu etməyimə kim haqq veribdir?
- Bəsdir danışdığın filosof kimi.
Salman, olan olub, keçən keçibdir.
- Düzünü deyirəm, kəsmə sözümü.
Bir özün fikirləş.
- ...
- Niyə susursan?
Düz söz acı olub hər vaxt bilirəm.
- Sən allah, bağışla! Yaxşı da, Salman,
Gəl, bizə. Hələlik!
- Oldu. Gəlirəm.
Bu söhbət sarsıtdı bütün qəlbimi.
Bir qədər səssizcə xəyala daldım.
Sonra bu söhbəti olduğu kimi
Qələmə almağı qərara aldım.

Комментариев нет:

Отправить комментарий