30.07.2013

Sən demə, yanılmışam

İntiqam Yaşar
                                             
Bizim bu xalqın nümayəndələrini səhvən günahkar saymaq cəhdim sən demə, bir qərəz imiş. İndi, günahımıı etiraf etmək vəbu qənaatə gəlməkdə səhvə yol verdiyimi boynuma almaq istəyirəm. Siz də biləcəksiniz ki, mən bu işdə həqiqətən də səhv etmişəm. Əvvəl başlayım bizim bəzi  “igid”, “mətanətli” oğul və qızlarımız haqqında söylədiyim -“ bunlar vətənsevər gənclər deyil, hətta şəhidlərimizi də unudublar” kimi qərəzlə aşıb-daşan bir ifadədən. Bir neçə gün bundan öncə bir xarici vətəndaşın qonaq qismində ölkəmizə gəlişi və onunla bərabər şəhidlər xiyabanını ziyarət etməyim mənə bəzi doğmalarımız haqqında düzgün fikirdə olmadığımı anlatdı.
Nə isə, birtəhər bu qonağı aparıb şəhidlər xiyabanı ilə tanış etmək, başımıza gətirilən minlərlə müsibətdən biri olmuş 90-cı illərin hadisələrindən xəbərdar etmək istəyim məni qəflət yuxusundan oyatdı.
Yuxarıda “birtəhər” sözünü təsadüfən işlətmədik. Bizim dilimizdə artıq, birtəhər vəziyyətə düşmüş bu “birtəhər” sözü təşkilatımızdan Şəhidlər xiyabanına qədər olan yol təəssüratlarının tıxaclar ucbatından yeganə ifadəsidir.
Mətləbdən uzaqlaşmadan qayıdaq əvvəlki söhbətimizə. Hələ, Şəhidlər xiyabanına çatmamışdan ürəyimdəki ən böyük arzum idi ki, kaş orada bizdən başqa da ziyarətçilər də olsun. Qonaq da görsün ki, bizim xalq dünənini unudan xalq deyil.
Gəlib Şəhidlər xiyabanına çatdıq və pillələrlə yuxarı – şəhidlərimizin məzarlarına yaxınlaşdıq. Əlimizdəki qərənfilləri məzarların üstünə düzməyə başladıq. Mən bu məqamda öz vətəndaşlıq borcumdan birini yerinə yetirmək üçün, qonağa 20 yanvar hadisələrindən, bu hadisələrdə kimlərin əlinin olduğundan, əliyalın əhaliyə necə divan tutulmasından, bir sözlə, başımıza  gətirilmiş bu müsibətin təfərrüatlarından, dünya ictimaiətini  bu hadisələrə biganəliyinin dözülməz olduğundan danışdım. Qonaq isə öz növbəsində söylədiklərimi təsdiq edir, dünyada baş vermiş digər faciələrlə müqyisə edir, heyrətini gizləyə bilmirdi. Artıq biz şəhid məzarlarının yanından ötüb, şəhidlərin xatirəsinə ucaldılmış abidənin yanına çatdıq. Qonaq buradan  bir az Xəzərə tamaşa etməyi xahiş etdi və bir az irəliyə doğru irəlilədik. Kaş ki, heç irəliləməzdik. Şəhidlər xiyabanında bizdən başqa xeyli ziyarətçi var imiş, sadəcə biz bilməmişik. Qarşımızda açılan mənzərə qonağı da, məni də sözün əsl mənasında heyrətə saldı. Əvvəldə bəhs etdiyim “igid və mətanətli” oğul və qızlarımızdan buranı ziyarətə gələnlər var  idi. Amma, nədənsə bu ziyarət hamının etdiyi ziyarətdən fərqli idi, məkan eyni olsa da. Şəhidlər xiyabanı ərazisində ağacların yanında, divarların dibində hərə öz aləmində idi. Bu mənzərəni gördükdə bir anlıq, bayaqdan bəri danışdığım hadisələr, dəm vurduğum dünya ictimaiəti biganəliyi və s. Söhbətlər yadıma düşdü və mənim qonağın üzünə dik baxmaq cürətimi əməlli-başlı əlimdən aldı. Qonağa bir avropalı olaraq bu cür mənzərə heç də qeyri-adi olmasa da, o bir cümlə işlətdi: “Hər şeyin öz yeri var”

Комментариев нет:

Отправить комментарий