31.07.2013

Mətbuat tariximizdən səhifələr: “Yeni həyat”

Nurəddin ƏDİLOĞLU

XX əsrin 30-cu illərinin əvvəllərində Masallıda “Yeni həyat” qəzetinin nəşrə başlaması rayonun ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri sayılır. Yaxın keçmişimizdən bu günümüzə körpü olan bu qəzetin Masallının inkişafında, mədəni həyatında çox dəyərli rolu olmuşdur.
1932-ci ilin may ayının 31-də rayon firqə və icraiyyə komitələrinin orqanı kimi ilk sayı çapdan çıxan “Yeni həyat” bu gün 81 yaşındadır.
Qəzetin ilk sayları Masallıda mətbəə olmadığından Lənkəranda - “Qızıl Talış” qəzetinin mətbəəsində 600-800 tirajla çap olunmuşdur.
Birinci nömrəsi ağ kətan parça üzərində nəşr olunan qəzetin redaktorluğunu rayon firqə komitəsinin birinci katibi işləyən İlya Mişiyev öz öhtəsinə götürmüşdü.
O zaman qəzetin şöbələri yalnız ictimai əsaslarla fəaliyyət göstərirdi. Bunlardan biri kütləvi işlər şöbəsi idi. Şöbənin yazıları “Firqə quruluşu” rubrikası altında dərc olunurdu.
Qəzetin bir şöbəsi də “Mədəni-maarif” adlanırdı. Bu şöbə materialları, əsasən, “Savadsızlığın ləğvi uğrunda” rubrikası altında dərc edirdi.
“Kolxoz bayrağı”
1933-cü ildə Masallıda MTS-in siyasi şöbəsi yaradılandan sonra burada “Kolxoz bayrağı” qəzeti nəşrə başladı. Həmin ilin iyununda ÜİK (b) P MK-nın göstərişinə əsasən siyasi şöbə qəzetlərinə redaktor ştatı ayrıldı. “Kolxoz bayrağı” qəzetinə redaktorluğa sonralar “Yeni həyat” qəzetinin məsul katibi və redaktoru olan, qəzetin fəal kəndli müxbiri digahlı Oruc Əliyev göndərildi. 1934-cü ildən etibarən “Yeni həyat” Lənkəranda deyil, Masallıda çap olunmağa başlayır.
Rayonun Köhnə Alvadı kəndindən olan Səfər Hüseynov 6 aylıq mətbəə işçisi kursunu bitirəndən sonra qəzetin ilk çapçısı və mürəttibi işləyib. Qəzetin ilk çapçılarından Tağı Cəfərov (Masallı), Sahib Nəcəfov (Ərkivan), İbrahim Gözəlov (Masallı) həftədə bir dəfə 600-800 tirajla nəşr edilən qəzetin materiallarını əllə yığır, sonra “amerikanka” adlanan maşında çap edirdilər.
Otuzuncu illərdə haqqı yazan, əyri əməl sahiblərini tənqid atəşinə tutan müxbirlər təqib olunduğundan yazılar çox vaxt gizli imzalarla dərc edilirdi. “Biçinçi”, “Hərif”, “Tək səbir”, “Hərdəmxəyal”, “Qızıl Avarlı” və s. imzaların müəllifi olan fəhlə-kəndli müxbirləri öz yazılarında övladlarını məktəbə buraxmayan valideynləri, kolxoz ambardarları ilə əlaqəyə girib taxılı satan şura sədrlərini ciddi tənqid atəşinə tuturdular.
1934-cü ilin oktyabrında Azərbaycan fəhlə-kəndli müxbirlərinin III qurultayı keçirilir. Həmin qurultayın nümayəndələrindən biri də Nemət Nemətov idi. “Yeni həyat” qəzetinin səhifələrində “Xəzərli”, “Günəşli”, “N. Nəzir” və “N.Nəzirzadə” imzaları ilə çıxış edən N. Nemətov 1935-1936-ci illərdə Ərkivan kəndində 200-400 tirajla çap olunan “Bolşevik yolu” çoxtirajlı qəzetinin redaktoru, sonra uzun müddət “Yeni həyat”ın məsul katibi və redaktoru işləmişdir.
Məlumat üçün bildirək ki, Nemətovlar ailəsinin mətbuat tariximizdə xüsusi rolu olmuşdur. Belə ki, Nemət Nemətovun oğlu Cəmil Nemətov uzun müddət Masallıda fəaliyyət göstərən Yerli Radio Verilişlərinin yaradıcısı və redaktoru, eləcə də o vaxtki “Çağırış” qəzetinin aparıcı müxbirlərindən olmuşdur. Nemətovlar ailəsinin ən kiçik üzvü Mahir Nemətov da nəinki rayon, eləcə də ölkə mətbuatında yaxşı qələm sahibi olan jurnalistlərdəndir.
1935-ci ildə “Yeni həyat”a ilk rəsmi təsdiq olunmuş redaktor Məmmədağa Sultanov (Bakı şəhəri) göndərildi. Sonralar filoloji elmlər namizədi, əməkdar mədəniyyət işçisi M. Sultanov 26 il Respublika Əlyazmalar Fondunun direktoru vəzifəsində çalışıb, 1947-ci ildə Mircavad bəy Talışxanovun qızı Badisabah xanımla ailə həyatı qurub. “Yeni həyat”da çox vaxt M.Soltan imzazı ilə çıxış edən Məmmədağa Sultanov elmi təşkilatı işlərlə yanaşı, Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin qiymətli əsərlərini fars dilindən ana dilimizə tərcümə etmişdir.
1936-cı ildə qəzet səhifələrində qadın müxbirlərin imzası görünməyə başladı. Onlardan biri də qızılavarlı Yaqut Rəmətova idi. 20 avqust 1936-cı il nömrəsində o, Qızılavarda məktəb binasının təmirində çalışan gənclərdən söhbət açırdı.
Müharibə illərində “Yeni həyat” arxa cəbhədəkilərin ən çətin sınaqlar dövründə təsəllisi, usanmayan dostu, faşizmin süqutundan soraq verən müjdəçisi oldu.
Müharibənin ilk günü keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Masallıda da ümumrayon mitinqi keçirildi. Mitinqdə rayon icraiyyə komitəsinin sədri, ordenli Qurbanqulu Ağababayev, rayon partiya komitəsinin katibi Kamran Həsənov, hərbi komissar, baş leytenant Məmmədov və başqaları çıxış etdilər. Mitinqin materialları rayon qəzetinin 26 iyun 26-cı nömrəsində dərc olundu. Növbəti sayında diqqəti cəlb edən “Kolxozçu qadınlar, traktoru öyrənin, cəbhəyə gedən traktorçuları əvəz edin!” başlığı altında geniş məqalə dərc olundu. “Yeni həyat” rayonda keçirilən mitinqin iştirakçılarından biri, Türkoba kənd sakini Qəmər Ağayevanın çıxışından belə misal gətirir: “Qoy traktorçu, kombaynçı ərlərimiz, oğlanlarımız və qardaşlarımız müqəddəs və toxunulmaz vətənimizin müdafiəsinə getsinlər... Alçaq düşmənin zərbəsinə ikiqat zərbə ilə cavab versinlər. Biz bu gündən... polad atlara minərək onları əvəz edəcəyik. Mən bu şərəfli iş uğrunda bütün traktorçu qadınları mübarizəyə çağırıram” ( “Yeni həyat”, 5 iyul 1941-ci il).
Sonra qəzet həmin mitinqdə traktorçu qadınlardan Səkinə Abbasova, Badisəba Rzayeva, Xeyri Ağaməmmədova və başqalarının çıxış edərək yekdilliklə qətnamə qəbul etdiklərindən bəhs edir.
40-cı illərin əvvələrindən “Yeni həyat”ın redaktoru vəzifəsində çalışan Zülfüqar Fərəcov (Ağdam) həm də gözəl publisistik məqalələr müəllifi kimi tanınmışdır. Onun “Yeni həyat”da Abbasoğlu imzası ilə dərc etdiyi “Düşmən məhv ediləcək”, “Biz qalib gələcəyik”, “Ananın məktubu”, “Gənclərin ürək sözü” və başqa məqalələrində masallıların ön və arxa cəbhələrdə şücayəti bədii boyalarla, təsirli dillə qələmə alınmışdır.
Ölkədə kağız ehtiyatının azlığı ilə əlaqədar bir çox rayon qəzetləri kimi, “Yeni həyat”in da nəşri müvəqqəti olaraq 1942-ci ilin martından dayandırıldı. Qısa fasilədən sonra qəzet 1943-cü ilin oktyabrında yenidən oxucularla görüşdü. Ş. Səfərli, Y. Əlizadə, A. Mikayılov və başqa müxbirlərin o dövrdəki yazılarında günün vacib məsələləri işıqlandırılırdı.
“Yeni həyat” qəzetinin məsul katibi Münəvvər Əhmədova, çapçı qızlardan Cəvahir Axundova, rayonun fəal qadınlarından həkim Məsməxanım Hacıyeva, Nəziyə Əfəndiyeva, Səkinə Ələkbərli, RPK-nın qadınlarla iş aparan şöbəsinin müdiri Fatma Baxşiyeva və başqaları redaksiyanın keçirdiyi tədbirlərdə iştirak edirdilər. Bu illərdə qəzetdə “Dalğa” satirik güşəsi təşkil olundu. Əyintilər, geridə qalmış təsərrüfatlar satirik yazılarda tənqid olunurdu. Bəzən belə məzmunda yazılar “Kirpi guşəsi” rubrikası altında dərc olunurdu. Məmməd Kazım, Şulduz Tarıverdiyev, Beytulla Əliyev, Novruz Abdullayev (Novruz Xoşbəxt), Adəm İzzətoğlu, Əyyub Xankişiyev, Xudakərim Fərzəliyev (Xudakərim Məftun) və başqaları tez-tez qəzetin səhifələrində maraqlı məqalə və şeirlər ilə çıxış edirdilər.
“Çağırış”
1962-ci ilin may ayında “Yeni həyat”ın nəşri dayandırıldı. 1965-ci ilin ortalarına kimi Lənkəranda çap olunan “Leninçi” rayonlararası (indiki dildə desək, regional) qəzeti kimi fəaliyyət göstərmişdir. Azərbaycan KP MK-nın 6 aprel 1965-ci il bürosu bütün rayonlarda yerli qəzetlərin nəşrə başlaması haqqında qərar qəbul etdi. Masallı rayonunda da “Çağırış” adlı qəzet həmin ilin avqustun 18-dən nəşrə başladı. İctimai-siyasi orqan kimi fəaliyyət göstərən “Çağırış” öz sələfi “Yeni həyat”ın ənənələrini davam etdirirdi. 1968-ci ildə ən yaxşı tərtibatına görə qəzet Azərbaycan Jurnalistlər İttifaqının, 1970-ci ildə Ostrovski adına Ümumittifaq mükafatının sahibi oldu. Şair Vaqif Hüseynovun redaktorluğu ilə nəşr olunduğu illərdə qəzet xeyli populyarlıq qazanmışdı. Həftədə 3 dəfə nəşr edilən və ən yüksək tirajı 14 mindən artıq olan “Çağırış” rayonun ərazisində mövcud olan tarixi abidələrdən, “El-obanın söz boğçası” rubrikası altında ağız ədəbiyyatının toplanmasından tutmuş, elm, maarif, musiqi tarixi, tənqidi və satirik yazılaradək mənəvi tərbiyə mövzularını əhatə edirdi.
70-80-ci illərdə bu qəzetdə Vaqif Yusiflinin, Əvəz Nəbioğlunun, Rəsul Rzayevin, Zahir Əmənovun, Musrza Mirzəyevin və başqalarının olduqca maraqlı məqalələri çap olunurdu. Vaqif Hüseynovdan sonra qəzetə uzun müddətə təzə alvaılı İbrahim İbrahimov redaktorluq etmişdir. Qəzetin nəşri 1994-cü ildə dayandı Onun əvəzinə bir müddət “Yeni qəzet” fəalliyət göstərdi. Bu qəzet Masallıda mətbuat tarixinin 1932-ci ildən başladığını əks etdirmirdi.
1992-ci ilin oktyabrında Masallıda ilk müstəqil qəzet olun “Masallı” nəşr olunama]a başladı. O vaxt rayonda fəaliyyət göstərən Demokratik Qüvvələr Birliyinin təmsilçisi kimi çıxış edən “Masallı” qəzetinin ilk redaktoru Zahir Əmənov olmuşdur. Qəzet kəskin radikal mövqeyi ilə seçilirdi. Daha sonra Zahir Əmənov öz təsisçiliyi ilə 1993-cü ildə “Masallı xəbərləri” qəzetinin yaratdıqdan sonra bu qəzetə öncə gəyəçöllü Məmmədhüseyn Şükürlü, sonra isə Nurəddin Muğanlı rəhbərlik etdi. Onun dövründə qəzet “RUH” Jurnalistləri Müdafiə Komitəsinin “Ən mübariz əyalət qəzeti” adına layiq görüldü. Bir neçə il sonra “Masallı xəbərləri” qəzeti də eyni mükafata sahib oldu. Bundan əlavə 90-cı illərdə Masallıda Məmməd Məmməd Kazımın rəhbərliyi ilə Masallıda “Qala” ədəbiyyat qəzeti çap olundu, qısa müddətli olsa da “Ditdili” jurnalı “Fidan”, “Masallı ziyası” və sair qəzetlər işıq üzü gördü.
2003-ci ildən başlayaraq Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə “Yeni həyat” qəzetinin nəşri bərpa olundu.
2003-cü ilin aprel ayından fəaliyyətə başlayan “Cənub xəbərləri” qəzeti isə nəinki Masxallının, ölkə üzrə regional mətbuat tarixində bir hadisəyə çevrildi. Bu il qeyd olunmasa da 10 yaşı tamam olan qəzet müstəqil, obyektiv və cəsarətli mövqeyi seçilən qəzet ölkə üzrə bir sıra mükafatlara sahib çıxdı, bir neçə müsabiqənin qalibi oldu, qəzetin əməkdaşları ABŞ, Türkiyə, Ukrayna, Litva, Polşa, Gürcüstan və sair ölkəkələrə müsabiqə qalibi kimi səfər etdilər. Nəhayət, ötən il, “Cənub xəbərləri” ölkənin ən aparıcı jurnalist təşkilatları olan-Azərbaycan Jurnalistlər Birliyinin və Yeni Nəsil Jurnalistlər Birliyinin elan etdiyi müsabiqə “İlin qəzeti” adını qazanaraq ölkə üzrə region qəzetləri arasında 1-ci oldu.
İnanırıq ki, hazırda ixtisasca jurnalist olan Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bu rayonda müstəqil mətbuatın inkişafı üçün öz köməyini əsirgəməyəcək.

cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий