16.07.2013

Əliağa Kürçaylının bədii yaradıcılığında yunan mövzusu

Elnur Rəsuloğlu

 Sovet dönəmində qədim yunan mifləri və tarixinə müraciət daha çox poeziyada üzə çıxıb və bu, məntiqidir. Çünki nəsr yazıçıdan daha geniş və real məlumat, predmetə, konkret olaraq yunan həyatına daha dərin bələdlik tələb edirdi ki, bunu sovet dövrünün hər hansı bir Azərbaycan nasirindən gözləmək absurd idi. Bundan başqa, sosrealizmin “sovet gerçəkliyi” tələbindən inqilabi romantika adı altında qaçan poeziyadan fərqli olaraq, nəsr belə imkana malik deyildi. Kommunist Partiyası və onun buyruq qulu olan vulqar-sosioloji tənqid nasirdən tamam başqa şeylər-inqilabdan əvvəlki “ağır həyat”, inqilab hadisələri, kolxozlaşmaya əngəl olan antisovet ünsürlərin tənqidi, kənddə maarif, qadın hüquqsuzluğunun tənqidi və s. mövzuları işləməyi tələb edirdi. Stalin praktik olaraq hakimiyyətdən məhrum edib siyasi cəhətdən oyuncaq, nominal bir şeyə çevirdiyi sovetləri bədii praktikada yaşatmaq istəyirdi.
Sovet dövrü Azərbaycan poeziyasında qədim yunan miflərinə bəzən ideoloji don geyindirilirdi.  Lakin miflərdən istifadədə bunun tam əksinə olaraq həm də Ezop dilinə müraciət etmək,senzuradan yayınmaq,fikri dolayısı ilə ifadə etmək kimi cəhətlərin olması da qabarıq nəzərə çarpırdı”(1,179).
 Sovetlər zamanında yunan mifologiyası,tarixi,ədəbiyyatı ilə bağlı mövzulara müraciət etmiş Azərbaycan şairləri arasında əməkdar incəsənət xadimi Əliağa Kürçaylı (1928-1980) da var idi.
 Dramaturq,nasir,publisist,tərcüməçi olmasına baxmayaraq,daha çox şair kimi tanınan və sevilən Kürçaylı poeziyasında yunan mövzusundan geniş şəkildə istifadə etmişdir.Fikrimizi onun (Əliağa Kürçaylının-E.R.) bir sıra şeirlərini nümunə gətirməklə təsdiq edə bilərik.Məsələn,elə götürək “Prokrust” şeirini.
 “Tarixdən,əfsanədən aldığı motivləri işləyəndə də Ə.Kürçaylı onların əsiri olmur,ədəbi,tarixi,mifoloji mənbələrdən yaradıcılıq yolu ilə faydalanırdı.Şair əfsanənin qanadlarında ərşi-əlaya qaldırdığı oxucusunu ilk baxışda gözlənilməz hesab olunan süjet dönümü ilə yenə də yerə,müasir beynəlxalq hadisələrin ən qaynar nöqtəsinə sala bilirdi.Qədim yunan əfsanələrindən birində deyilir ki,qaçaq Prokrust əlinə keçən yolçular soymaz,lakin əvəzində onları dəhşətli bir sınağa məruz qoyarmış.Kimin boyu onunkundan uzun olsa,kəsib özünkü ilə bərabərləşdirərmiş,boyu gödək olanları isə xüsusi dəzgaha salıb dartar,uzadarmış...Bir sözlə,Prokrustun beynində belə idbar,idiot bir qənaət yuva salıbmış ki,”gərək hamının boyu mənim boyuma bərabər ola,nə artıq,nə də əskik!”.Kürçaylı bu qədim rəvayətin dumanları arasından bəşər tarixinə nəzər salır,Prokrust meyarlı hakimləri silkələyir,onların bizimlə müasir olan həmtaylarını biabırçılıq sütununa mıxlayırdı:

                                              O vaxtdan illər keçib,dəyişibdir zamana,
                                              Başqa prokrustlar gəlib indi cahana.
                                              Onlar qaçaq deyildir,əllərində hokm var,
                                              Onlar beyin kəsirlər,fikir tarazlayırlar.
                                              Deyirlər mənim kimi düşün,anla,danış,din,
                                              Fikirlər eyni olsun mənim fikirlərimin.
                                              Mənim kimi nəğmə de,mənim kimi oxu,yaz.
                                              Mənim fikirlərimin fövqündə durmaq olmaz!
                                              Düşüncələr,duyğular bir qəlibə salınır,
                                              Qəlibə sığmayandan min intiqam alınır.
                                              Dühaların kitabı tonqallara çatılır,
                                              İşıq dolu beyinlər zindanlara atılır.
                                              Prokrust hər əsrdə bir cür çıxıbdır üzə-
                                              Gözləri oya-oya,başları üzə-üzə.
                                              Prokrustlar,”ənəlhəq!” söyləyəndə Nəsimi,
                                              Dərisini çıxartdı əynindən köynək kimi.
                                              Cordano Brunonu,Qalileyi,Yan Qusu
                                              Onlar salmaq istədi fikir qəliblərinə.
                                               Neçə nəmli zindanda bu gün mərdlər qan qusur,
                                               Zəkalar qılınc kimi qına salınır yenə.
                                               Bu gün qandal vuraraq düşüncəyə,beyinə
                                               Prokrustlar dünyada hökmfərmandır yenə”(2,13).

 “Herkulesin çobanlığı” şeiri də mövzuya nümunə gətirilən şeirlər sırasındadır.Bu şeir Əliağa Kürçaylının 1977-ci ildə qələmə aldığı “Düşüncələr” adlı şeirlər silsiləsinə daxildir.
 “Qədim yunan mifləri və tarixi ilə bağlı şeirlərin hamısını birləşdirən bir ümumi cəhət var.Mif,tarix bu şeirlərin müəllifləri üçün öz-özlüyündə bir məqsəd yox,çağdaşlıqla bağlı hər hansı məsələyə münasibəti ifadə etmək üçün bədii vasitədir.Bədii mətndə qədim miflərin çağdaşlıq poblemləri ilə bağlılığını şair Əliağa Kürçalı “Herkulesin çobanlığı” şeirində...”(1,183) ifadə etmişdir.
 Qədim yunan əfsanələrindən birində deyilir ki,suyu bol,axarlı bulaqları,gözəl otlaqları olan Yunanıstan torpaqlarında sürü çobansız otlarmış.Sürü örüşə,yatağa,yamaca,yala çobansız gedərmiş.Camaat sürüdən çox arxayın imiş.Amma bir gün bu arxayınçılıq pozulub sona yetir.Camaat sürünün günbəgün kiçildiyini görüb,qoyuna canavarın daraşdığı qənaətinə gəlib,sürünün üstündə göz ola biləcək hünərli bir çoban tapmağı vacib saymışlar.Amazonkaları təslim edən,üçbaşlı Gerionu yıxan Herkulesə canavarın heç nə edə bilməyəcəyini düşünən camaat onu sürünün çobanı etmək qərarına gəlib

                                             “Dedilər:Herkules qoy çoban olsun,
                                               Zevsin igid oğlu indi bekardı.
                                               Qoy özü sürüyə pasiban olsun.
                                               Herkules sürünü çölə apardı…”(3,94).

 Bu hadisənin üstündən günlər,həftələr keçsə də,sürüdə qoyunların sayı yenə də azalırdı.Bunun səbəbini aydınlaşdırmaq istəyən adamlar çöldə gizlənib güddülər.Gördüklərindən onları heyrət bürüdü.Gördülər ki,bir dəfəyə kök,yağlı üç qoyunu seçib,bir-bir tutub yeyən,sürünü günbəgün əridən,elin varını talayan,”bu mənim çobanlıq haqqımdır” deyən Herkulesin özü imiş.Camaat bu işə mat qalmışdı.Heç kim nə deyəcəyini bilmirdi.Bu zaman ağsaqqal bir qoca aşağıdakı hökmü çıxardıb dedi:
 - İstər qoyunları canavar yesin,istərsə də Herkules.Nə fərqi var? Dostu,ya düşməni günahkar bilsək də,heç bir xeyri yoxdur.Çünki yenə də haqq-hesabla talanan bizik.
 Hamı qocanın sözünə “bəli” deyib onunla razılaşdı.Qocanın hökmünü ancaq bir Herkules başa düşməyib,onunla razılaşmayıb,”bu mənim çobanlıq haqqımdır” deyib özünü haqlı sanırdı.
 Şeirin sonunda

                                         “…Əzizim,bu günün gözləriylə bax
                                               Nə vaxtsa yaranmış bu əfsanəyə”(3,94)

 – deyən “…şairin hansı simə vurduğu aydındır:xalqı çapıb-talayanlar elə məhz rəhbər vəzifələrə təyin olunanlar özləri idi.Sadəcə,sovet rejimi şəraitində şair fikirlərini Ezop dilində ifadə etmək zorundaydı”(1,183).
 Mövzuya nümunə gətirilən “Yol üstünə düşən daş” şeiri Ə.Kürçaylının “…1978-ci,xüsusən 1979-cu illərdə şair üçün ağır,gərgin keçən ayların məhsulu olan “Daşlar” silsiləsi...”(2,5) tərkibindəki şeirlərdən biridir.
 “Daşla bağlı hər hansı bir anlam şairdə poetik assosiasiya doğura bilir.Tutaq ki,o,yol üstünə düşən daşı götürüb-götürməməyi (müasir şairlərimizdən Musa Yaqubun bu məzmunda bir şeri də var) adi məsələ hesab etmir,bu haqda qədim bir yunan əfsanəsinə müraciət edir:hamı deyinirdi ki,görəsən,bu daşı yolun üstünə kim atıb.Ancaq bu giley-güzar köməyə çatmırdı,insanlar elə hey toqquşub yıxılırdılar.

                                               İnsanlar yıxılır
                                               Zaman keçirdi.
                                               Artırdı yıxılan,qol-qıçı sınan.
                                               O yoldan bir qərib insan keçirdi,
                                               Bu canlı lövhəni gördü nagahan.

                                               O giley etmədi.Qol çirməyərək,
                                               Sürüdü sal daşı yoldan kənara.
                                               El yolu göründü ovuc içitək
                                               Sonra o,üz tutdu dayananlara.

                                               Söylədi:-heyrətə düşdünüz niyə?
                                               Durub baxırdınız daşa qatarla.
                                               Qalxmaz ortalıqdan heç bir maneə
                                               Sözlə,yalvarışla,giley-güzarla.

                                               Gərək çirməyəsiz qollarınızı-
                                               Uşaq da,böyük də,qız da,qarı da.
                                               O zaman daş nədir,yollarınızı
                                               Kəsəməz Olimpin allahları da!”(4,145-146).

 “Yol üstünə düşən daş” şeirini şairin “Elladanın nəvəsinə”(1964) şeirinin məntiqi davamı kimi qəbul etmək olar.”Elladanın nəvəsinə” şeiri ilə oxşarlıq təşkil edən Nəbi Xəzrinin(1924-2007) “Yunan oğlu” adlı tribun şeirində olduğu kimi,Kürçaylı da Nəbi Xəzri kimi Elladanın nəvələrini müstəmləkə olan,”…yad çəkmələrin tapdağı altında qalan...”(1,184) Qədim Yunanıstanın əvvəlki şöhrətini özünə qaytarmağa çağırır:

                                              “Yadellilər qarşısında
                                                Tarixini varaqlama.
                                                Qolundakı köləliyin
                                                Zəncirini qır,at bu gün!
                                                Keçmişinin ləkələnən
                                                Şöhrətiyçün çox ağlama.
                                                Keçmişinə layiq olan
                                                Bu gününü yarat bu gün!”(3,141).

 Əvvəldə nümunə kimi verilən,haqqında söz açılan şeirlər qədim yunan mifologiyası və tarixi ilə bağlı olduğu halda,Ə.Kürçaylının 1975-ci ildə yazdığı,”Aktyor dostumun söhbətləri” şeirlər silsiləsinə daxil olan “Mütilər” şeiri qədim yunan yazılı ədəbiyyatı ilə bağlıdır.
 “Mütilər” şeirinin əsasında Klassik dövr yunan ədəbiyyatı (Yunanıstanın makedoniyalılar tərəfindən işğalına qədər davam edən yunan tarixinin bu dövrünə Attik dövr deyilir (Attika-Afinanın mərkəzidir)) (eramızdan əvvəl V-IV əsrlər) (5,332) nümayəndəsi olub,ən yaxşı faciələrin müəllifi kimi tanınan,e.ə.V əsrdə yaşamış Sofoklun (e.ə.496-406) (5,355) “Çar Edip” faciəsi durur.
 “…Adi faktların bədii şəkildə əyaniləşdirilməsi imkan verir deyək ki,şair özündən razılığa dözə bilmir;hətta,Edip rolunun səhnə təcəssümünü verən aktyorun...əhvali-ruhiyyəsi,psixoloji sarsıntısı şairi kədərləndirir,onda təzə hisslər,duyğular oyadır.
 Səhnədən haqq deyən də,nahaq deyən də,düzlər də,əyrilər də,adlı-sanlı sərkərdələr də Edipin qarşısında sarsılır,vəzirlər və müşavirlər ondan aman istəyirlər.Edip bu mənzərəni görür,daxilində narahatlıq yaranır,özünün gücünü taxt-tacın vahiməsində axtarır:

                                               Sanki milyon başlı əjdahayam mən,
                                               Tərpənsəm bir anda dağılar aləm.
                                               Özümə baxıram-cılız bir bədən;
                                               Bir qul yumruğuna dözə bilmərəm.

 Aktyor səhnədən-Ediplər mühitindən ayrılanda özündə dinclik və rahatlıq tapır.Mütiliyin müstəbidlik doğurduğuna inanır:

                                               Deyirəm yaxşı ki,səhnədir bura,
                                               Edip paltarında aktyoram mən.
                                               Uzaq olacağam bir saat sonra,
                                               Qullar dünyasının mütiliyindən.

                                               Onlara baxdıqca iyrənir ürək,
                                               Önündə əsirlər kralın,serin.
                                               Onlar olmasaydı,güney qarı tək
                                               Ömrü az olardı müstəbidlərin”(6,51-52).

 Yuxarıda nümunə gətirilən şeirlərdən əlavə,”…1978-ci ildə,sağlığında işıq üzü görmüş “Bütövlük” adlı son kitabı üçün...”(2,4) Dövlət mükafatı alan Əliağa Kürçaylı şeir və poemalarında Arxaik dövr yunan ədəbiyyatı(5,294) nümayəndəsi,e.ə.VIII əsrdə yaşamış Homerin(5,296),onun “İliada” və “Odisseya” poemalarının,Olimp dağının,Orfeyin,Zevsin,Dedalın,İkarın,Afroditanın,Anteyin,Prometeyin,Atlantın,Apollonun,He-raklın;Damoklun qılıncı və Femidanın tərəzisi istilahlarının adlarını çəkir.
 Sonda onu da qeyd etmək lazımdır ki,”...Ə.Kürçaylının “Axillesin dabanı” pyesinin...yunan mövzusuna aidiyyəti sadəcə sərlövhə səviyyəsindədir”(1,187).Bunu pyesin məzmunu ilə tanışlıq da təsdiq edir.
 “…Kürçaylının “Axillesin dabanı” pyesində…”İstehsalat” mövzusu zahiri fon təşkil edir,əsas hadisələr ailə-məişət planında cərəyan edir.Avtobaza rəisi Qulam İmamzadə vaxtilə adi sürücü olduğunu unudub indi həm işdə,həm də evdə özünü alimənsəb bir insan hesab edir,hamıya yuxarıdan aşağı baxır,avtobazada qanunsuzluqlar törədir,ailədə isə oğlunun səadətinə hər vəchlə mane olmağa çalışır.Konfliktin mənfi qütbünü əsasən o,təmsil edir.Arvadı Kövsərin də hər addımbaşı onunla həmfikir olması bir elə rol oynamır.Qulamın avtobazada törətdiyi cinayət sürücü Yalçının əli ilə törədilir.Ancaq burada onun heç bir günahı yoxdur,çünki oğurluq hadisəsi Qulamın göstərişi ilə olub.Beləliklə,pyesdə Qulam İmamzadə yeganə mənfi obraz kimi diqqəti cəlb edir.Ona görə də,konflikt dərinləşmir,şaxələnmir,bir qapalı dairədən kənara çıxmır.Doğrudur,əsərin sonunda günahkar ifşa olunur.Qulam İmamzadənin avtobaza rəisi,həm də ailə başçısı kimi iflası sona yetir”(4,67-86).

Ədəbiyyat:

 1.Əsəd Cahangir.Azərbaycan ədəbiyyatında yunan mövzusu.”Azərbaycan” jurnalı,2005,№7.
 2.Bəkir Nəbiyev.Səfərdən qalmayan ömür.Əliağa Kürçaylının seçilmiş əsərlərinə müqəddimə.Bakı,Azərnəşr,1989.
 3.Əliağa Kürçaylı.Seçilmiş əsərləri.Bakı,Azərnəşr,1989.
 4.Sevda Əliyeva.Ə.Kürçaylının poetik dünyası.Bakı,Azərnəşr,1998.
 5.Tərlan Novruzov.Qədim dünya ədəbiyyatı tarixi.Bakı,ADPU-nun nəşri,2003.
 6.Abbas Hacıyev.Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq.Bakı,Yazıçı,1986.

Elnur Rəsuloğlu (Əliyev) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur.1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş,1999-cu ildə oranı bitirmişdir.Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla,ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş,2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur.Həmin ildən Salyan rayon Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir.Müxtəlif zaman kəsiyində “Qələbə”,”Kredo”,”Gənc müəllim”,”Aysberq və həyat” qəzetlərində şeir və məqalələri çap olunmuşdur.
Ailəlidir.Bir oğlu var.

Комментариев нет:

Отправить комментарий