06.09.2013

RAUFUN İGİDLİYİ

Akif ABBASOV
                    
“Acı xatirələr” romanından

Həmzə kişi yataqda uzanmışdı. Ona sistem qoşmuşdular. Rəfiqə xanımla Müjkan növbə ilə onun yanında qalırdılar. Həmzəyə yaxşı qulluq göstərirdilər. Ona dinclik, əsəb sakitliyi və qayğı lazım idi ki, bu da təmin olunmuşdu. Həmzə böhran vəziyyətindən çıxmışdı. Həkimlərin dediyinə görə, bir neçə gün sonra evə buraxmaq olardı. Yanına gəlib gedənlərin ardı-arası kəsilmirdi. Qohum-əqrəba çox, dost-tanış ondan da çox. Həmzə özü xeyirdən-şərdən qalan deyildi. Borca borc buna deyirlər. Ha yaxınlarına, iş yoldaşlarına, qonşulara xəbər göndərirdi ki, zəhmət çəkib gəlməsinlər.
Ha deyib-tapşırırdılar ki, merdən-meyvədən, şirniyyatdan, Gəncə qaymağından xəstəxanaya, onun yanına əziyyət çəkib gətirməsinlər, izafi xərc çəkməsinlər. Kimdir qulaq asan. Gəlirdilər də, mer-meyvə, mineral sular, cürbəcür şirələr gətirirdilər. Payların bir qismi evə gedirdi, bir qismi burada həkimlərə, tibb bacılarına, sanitar qadınlara paylanırdı. Xəstəxana qaydaları idi. Başqaları da belə edirdilər. İnsanlar görə-görə gəlirlər, öyrənirlər.
Müjkan atasının yavaş-yavaş özünə gəldiyini görüb sevinirdi. Nə yaşı vardı ki, atasının? Əlli yaşını təzəcə adlamışdı. Həmzənin ürəyini üzən təkcə Müjkanın uğursuz taleyi deyildi. O, oğlu Raufun da dərdini ürəyində gəzdirirdi. Rauf Müjkandan beş yaş böyük idi. Zabit idi. Döyüş bölgəsinə yaxın bir yerdə qulluq edirdi. Evlənmişdi. Bir oğlu, bir qızı vardı. Ermənilərin azğınlığı Raufda hiddət yaradırdı. Belə təsəvvür edin ki, bir nəfərin əlini ayağını bağlayıb yıxırlar yerə. Ondan dəfələrlə kiçik və cılız birisinə deyirlər ki, vur bunun harasından gəldi. O da əli-qolu bağlı həmin şəxsi təpiyə-yumruğa tutur. Bax Azərbaycan həmin vəziyyətdə idi. Təcavüzə məruz qalmağına baxmayaraq, dünya dövlətləri onun deyil, ermənilərin tərəfini saxlayır, Azərbaycanın yaşadıqlarını görməməzliyə vururdular. Azərbaycanın səsini eşidən yox idi. 
Rauf bunlara, sadəcə, dözə bilmirdi. Guya ermənilərlə aramızda atəşkəs vardı. Bizimkilər atəşkəsin tələblərinə əməl etsələr də, ermənilər istədikləri vaxt atəşkəsi pozur, qan tökürdülər.
Azərbaycanlılar erməni vəhşiliklərinin qurbanı idilər, onlar torpaqlarımızı tutur, musiqimizi, milli mətbəximizi, incəsənət əsərlərimizi, xalçalarımızı oğurlayıb öz adlarına çıxarırlar. Rauf tez-tez Lord Korzonun dünya ictimaiyyətinə müraciətini xatırlayırdı: “Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında olan təmiz və məsum qız kimi təsəvvür edirsiniz. Yanılırsınız. Tarix onların nə qədər vəhşi, qaniçən olduqlarını artıq sübuta yetirmişdir”.
Rauf  bir dəfə hamını yuxuya verib, öz avtomatını və bir neçə güllə darağı  götürdü. Bir neçə qumbara gizlətmişdi. Onları da belinə bağladı və yola düzəldi. Dəfələrlə kəşfiyyatda olduğundan yola-izə bələd idi. Erməni tərəfini çox müşahidə etmişdi. Gözətçi postunun, kazarmanın, qərargahın harada olduğunu, əsgər və zabitlərin hərəkət, yerdəyişmə istiqamətini yaxşı bilirdi.
Bu əməliyyata çıxmazdan əvvəl evlərinə məktub yazmışdı: “Yaxınlarda şad xəbər eşidəcəksiniz. Ermənilərə böyük zərbə vurulacaq. Bu zərbə güclü əks-səda doğuracaq. Bu işdə mənim də payım olacaq. Başıma bir iş gəlsə, kədərlənməyin. O böyük hadisəyə görə sevinin. Biz vətən üçün doğulmuşuq. Siz də bilin, cavanlarımız da xəbərdar olsunlar: biz öz valideynlərimizin övladları olmaqdan əvvəl, Vətənin oğul və qızlarıyıq. Ata-anamızdan əvvəl biz Vətəni düşünməli, onu qorumalıyıq. Ata-analarımız da bu Vətənin övladlarıdırlar. Onu qoruyuruqsa, valideynlərimizi də qoruyuruq. Namusumuzu, milli və şəxsi şərəf və ləyaqətimizi qoruyuruq.  Mən elə etməliyəm ki, övladlarım, valideynlərim, Vətənim mənə “Halal olsun!” deyə bilsinlər”.
Rauf  hərbi hissədən çıxanda yazı masasının üstünə də bir məktub qoymuşdu. Onu sonradan tapdılar və oxudular: “İcazəsiz döyüş əməliyyatı keçirdiyim üçün məni bağışlayın. Ölsəm, haqqınızı halal edin, qalsam, gələrəm, günahım varsa, cəzamı verərsiniz. Əlvida! Təki Vətən var olsun!”
Ertəsi gün bütün dünya axşam baş vermiş hadisənin, təəssüratını yaşayırdı. Rauf  böyük igidlik göstərmişdi. Onun apardığı əməliyyat son dərəcə uğurla həyata keçmiş, saysız-hesabsız, yüzlərlə erməni əsgəri və zabiti öldürülmüşdü. 
Rauf ağır-ağır gedir, gizlənir, sakitcə qalır, bəzən hətta sürünə-sürünə irəliləyirdi. Düşməni ayıq salmaq olmazdı. Heç nəyə nail olmadan ya səni məhv edərlər, ya da əsir götürüb olmazın işgəncə verərlər. Gecənin qaranlığı idi, göz-gözü görmürdü. Arada qarşısına erməni gözətçi dəstəsi çıxdı, növbəni dəyişməyə gedirdilər. İki əsgər, bir zabit idi. Rauf yerində dondu.  Dığalardan biri yoldaşlarından dala qaldı. Gecənin bir aləmi ayaqyolu axtarmayacaqdı ki. Kimdi onu görən, ona baxan? Ətrafı sulamağa başı qarışdığından Raufun qırğı kimi onun üzərinə necə şığıdığından xəbər tutmadı. Dığa işini görüb qurtarmışdı. Yoxsa o dünyaya narahat, sancılaya-sancılaya gedəcəkdi.
Qabaqdakılar hadisədən xəbər tutmadılar. Əsgərin gəlib çıxmadığını görən zabit o biri əsgəri onun dalınca göndərdi: “Bax gör bu zalım oğlu harada itib batdı, qarnının ağrısı indiyə qalmışdı?”
Rauf ikinci erməni dığasının da axırına çıxdı. Növbə zabitə çatanda, Rauf onun başını kəsdi. Meyitləri çölün düzündə qoyub ehtiyatla əsgərlərin yatdıqları kazarmaya sarı irəlilədi. O, formasını dəyişmiş, erməni zabitinin hərbi paltarını geyinmişdi. Lakin yenə ehtiyatı əldən vermirdi. O, kazarmaya daxil olanda növbətçi əsgər hərbi salam verib, əmrə müntəzir dayandı. Rauf erməni dilində bilirdi. Lakin ləhcəsindən onun erməni olmadığını bilməsinlər deyə, ara-sıra sözləri rus ləhcəsi ilə deyir, bəzən rus sözləri işlədirdi ki, elə bilsinlər rus bölməsində təhsil aldığından ermənicə təmiz danışa bilmir. 
Rauf əli ilə əsgəri çağırıb, kazarmanın qapısı ağzından uzaqlaşdırdı ki, onun başına gələnlər çöldən görünməsin. Rauf onu da cəhənnəmə vasil edib zirzəmiyə gedən pilləkənlə üzü aşağı diyirlətdi. İndi əsgərlərin yatdığı kazarmanın qapısı onun üzünə açıq idi. Onları bir-bir öldürməli olsaydı, bu həm çox vaxt aparardı, həm də yaralıların qışqırtısına tökülüb gələrdilər. Kazarma iki hissədən ibarət idi: sağ və sol. Hər biri ayrı-ayrı rotalara aid idi.  
Rauf avtomatı çiynindən aşırıb birinci rotanın əsgərlərini biçməyə başladı. Gülləsi qurtaran kimi ikinci darağı keçirdi. Atəş ara vermirdi sonra ikinci rotanın kazarmasına sarı qaçdı. Səsə əsgərlər oyanmış, nə hadisə baş verdiyini anlaya bilmədiklərindən dayanıb key-key baxırdılar. Bir-ikisi qaçıb çölə çıxmışdı. O birilər də çıxmaq istəyəndə Rauf başlarının üstünü aldı. Erməni əsgərləri, başını, ürəyini, alnını, qarnını tutub yerə yıxılırdılar. Getmək vaxtı idi. Artıq “Hazırlıq-1” komandası verilmiş, şəxsi heyət toplanmışdı. Kazarmanın ətrafı, bütövlükdə hərbi hissə mühasirəyə alınmışdı.
Rauf tez özünü çölə atdı. Bir zabitlə qarşılaşdı. O, polkovnik formasında idi. Demək, o, ya briqada, ya da batalyon komandiri idi. Rauf sevindi. Komandir qəfil qarşılaşmadan özünü itirdi. Rauf onun yaxasından tutub, dalınca sürüyə-sürüyə qaçmağa başladı. Polkovnik onun xilaskarı olacaq, ona görə Raufu vura bilməyəcəkdilər. O, silahlı erməniləri yarıb keçmək üçün həm ondan, həm də qumbaralardan istifadə edirdi. Ermənilər bir qədər arxada qalmışdılar. Odur ki, Rauf  polkovniki kürəyinə aldı ki, onu arxadan vura bilməsinlər. Bir müddət atəş kəsildi. İndi ermənilər bilmirdilər ki, Raufun ölüsünü, yaxud dirisini necə ələ keçirsinlər. Komandir onlara mane olurdu. Birdən gülləni dolu kimi yağdırmağa başladılar. Görünür tapşırıq almışdılar ki, polkovniki qurban vermək hesabına da olsa, erməni ordusuna bu qədər itki vermiş Raufu ələ keçirsinlər.  Raufa  atılan güllələr erməni zabitini dəlik-deşik eləmişdi.  Hələ avtomatın  gülləsi vardı. Rauf arada yerə yata-yata, güllə tutmasın deyə əyri-dolanbac gedə-gedə xeyli uzaqlaşmışdı. Bir qədər də gedə bilsəydi, bizimkilərə çatacaqdı, yaxud bizimkilər güllə yağdırmaqla onu ermənilərin əlindən alacaqdılar. Fəqət bura qədər imiş. Erməni snayperinin gülləsi onu torpağa sərdi.
Müjkan qardaşının ölüm xəbərini televizordan eşitdi və vaxt itirmədən Gəncəyə uçdu. 
Yas içində olsalar da, onun gəlişindən hamı sevindi. Bir gözləri ağlayır, bir gözləri gülürdü. Oğul itirib, qızı təzədən tapmışdılar. 
Müjkan atasının əlini əlinə alaraq:
-Ata, maşallah yaxşısan-dedi.
-Sağ ol, qızım, Allah köməyin olsun. 
Müjkan Moskvaya qayıtmaq barədə düşünürdü. Yəqin Rasim onu gözləyir. Görəsən Sima necədir? Emilgilin toyu necə keçdi?
Birdən-birə yadına Çərkəz düşdü. Onlar boşanmışdılar. Müjkan bir daha Rəxşəndə kimi qaynananın, bədən alverçisinin üzünə çıxa, onun murdar, mürdəşir yumuş sifətini görə bilməzdi. Çərkəzdən isə adam olmayacaqdı. O, narkoman idi. 
Müjkanın narahatlığı Səhərdən idi. Qız tez-tez atası barədə suallar verirdi. Səhər bu gün-sabah məktəbə gedəcəkdi. Atasının adını soruşub sinif jurnalında qeyd edəcəkdilər. “Çərkəzdir” deyib yazdıracaqdı. Bəs sonra? Səhər atasını tələb edəcəkdi. Desə ölüb, deyəcək qəbrini ziyarət etmək istəyirəm. Bildirsə həbsdədir. Deyəcək: apar yanına, görmək istəyirəm məni dünyaya gətirən insanı. Bilmək istəyirəm görüm, ata necə olur. Məni nə qədər sevir. Buna əmin olmaq istəyirəm. Desə, boşanıblar. Onda soruşacaq: boşanma nədir? Uşağı olandan sonra kişi və qadın boşanırsa, onda o biri uşaqların ata-anaları niyə boşanmayıblar?! Boşanmanın səbəbi ilə maraqlanacaq. Başına gələnləri bir əlcə qız uşağına necə danışsın? Qayınanasının alçaq hərəkətlərini ona necə anlatsın? 
Müjkan odla su arasında qalmışdı. Çərkəz Bakıda 6-cı kalonda yatırdı. Müjkanın mobil telefonunun nömrəsini, Moskvadakı ünvanını bilmədiyindən məktubları Həmzəgilə göndərirdi. Məktublar gəldikcə Həmzə qəzəblə onları cırır, acığı soyumadığından od vurub yandırırdı. Məktublar Müjkana ünvanlandığından Rəfiqə xanım Həmzədən gizli onları yığıb saxladı. “Bir zaman lazım olar”- deyə fikirləşdi.
Müjkanla barışıq olandan sonra onları qızına verdi. Müjkan da acı xatirələrdən uzaq olmaq üçün oxumadan onları yandırdı. Məktublardan biri düşüb yerdə qalmışdı. Onu da oda atmaq istəyəndə nəsə fikirləşib əl saxladı. Tarix tarix olaraq qalır. Üstündən nə qədər xətt çəksən də, yuxuda, xatirələrdə canlanır, sənədlərdən baş qaldırır. Maraq güc gəldi. Məktubu oxumağa başladı: “Layiq olduğun həyatı sənə verə bilmədim. Səni xoşbəxt etmək istəyirdim. Bacarmadım. Zəhrimara qalmış narkotik maddələrə aludə olub özümü bədbəxt etdim, ailəmdən, uşağımdan məhrum oldum. Bu mənə Allah tərəfindən verilmiş cəzadır. Sənin sözlərinə qulaq assaydım, bu günə qalmazdım. Səni  başa düşürəm: anamla da problemlərin vardı. Ona görə demirəm o xarabaya qayıt. Mənə ümid ver ki, biz yenə bir yerdə olacağıq. O evə mən də qayıtmayacağam. Oralardan uzaq bir yerdə mənzil tutar, ev tikər, sən, mən və Səhər şad-xürrəm yaşayarıq. Bu zəhrimarın daşını birdəfəlik atacağam.
O evdə nəinki sən, heç mən də xoş gün görməmişəm. Atamı xatırlamıram. Anam öz əlilə mənə narkotik maddə verib, satdırırdı. Ona, mənə bu lazım idi? Kafenin qazancı hamımıza bəs idi. Amma onun gözləri doymadı. Halalına haram qatdı və cəzasına da çatdı...”
Müjkanın gözləri məktubda olsa da, xəyalı, fikri Rasimin yanında idi. Çərkəzi artıq dəfn etmişdi. Ölünü necə diriltmək olardı? Görəsən Rasim necədir? İndi görəsən kiminlə mərc gəlib? Bu oğlan macərasız yaşaya bilmir.
Çərkəzlə xoş günləri az olmamışdı. Sevgili vaxtlarında əl-ələ tutub Dənizkənarı bulvarda gəzişər, qaranlığın və salxım soyüdlərin məharətlə gizlətdiyi oturacaqların birində əyləşər, bir-birinə sarmaşaraq şirin-şirin öpüşərdilər. Hərdən Müjkan onun əlinin üstünə vurar: “Yavaş, dodağımı qaraldarsan, sonra camaat içərisinə necə çıxar, ata-anamın üzünə necə baxaram?”–deyə ona acıqlanardı.
Həmzə və Rəfiqə Çərkəzlə görüşməyi Müjkana qadağan etmişdilər: “Qızım, onların ailəsi bizim tayımız deyil. Anası bazar adamıdır, əxlaqı naqisdir. Səni yola verməyəcək”.
Müjkan deyilənləri qulaq ardına vurur, “Çərkəz məni dəlicəsinə sevir, bir an mənsiz dayana bilmir. Anası nə edəcək? Anasına ki ərə getmirəm? Rəxşəndə çox o yan-bu yan eləsə, Çərkəzə deyərəm, onu yerində oturdar”.
Sadəlövh Müjkan belə fikirləşir, özünə quyu qazdığını bilmirdi.
Ər-arvadlıq həyatının ilk günləri pis keçmədi. Lakin Çərkəzin üzərində Rəxşəndənin təsiri böyük idi. Bu da öz işini gördü. Rəxşəndənin gözə görünməz bir çox alçaqlıqları da məlum oldu ki, bunlardan xəbərimiz oldu.
Ortada Səhər vardı. Çərkəz həbsdən çıxandan sonra onu görmək istəyəcəkdi. Buna uşağın atası kimi haqqı vardı. Ana şərait yaratmağa borcludur. Müjkan nə qədər Səhəri ondan qaçırsa da, o, istəyinə nail olacaqdı. Gedib məhkəmənin hökmünü gətirəcək. Ondan sonra icazə vermə, görüm necə vermirsən. İndi bəs nə etsin? Bəlkə aparıb Səhəri atası ilə görüşdürsün? Əsla.
Bu ara qəribə hadisə oldu. Anasının gülə-gülə gəldiyini görən Müjkan “Bu arvadda nəsə təzə xəbər var” - deyə düşündü. Odur ki, soruşdu:
-Anacan, buyur, sözlü adama oxşayırsan.
-Qızım sənin üçün elçi gəlmək istəyirdilər. Demə, Məsmə arvadın gözü səni tutubmuş. Nəvəsinə almaq istəyir. Mən də məsələni ona anlatdım. Dedim ərdə olub, üstəlik bir uşağı da var.
Raufun arvadı Vüsalə:
-Ay ana, nə olsun ərdə olub, bəlkə razı olacaqdılar. Gül kimi gəlindir. Yarlı-yaraşıqlı, şəkil kimi.
Rəfiqə:
-Yox, Məsmə arvad məlumatsız imiş. Deyir: elə bildim, subaydır, hələ ərə getməyib. Subay oğlan subay qız alar. Elimizin adəti belədir.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий