Könüllü şəkildə getmirsinizsə, gecəylə ekskavatorlar üstünüzə gələ bilər. Yox, təkcə “”Sovetski”yə aid deyil, bütün Bakı birazdan köçməli olacaq... Hara? Onu daha bilmirəm, çünki mən də kirayə ev axtarıram, kirayə qaldığımız evi sökürlər... Söküb neynəyəcəklər? Bax, onu təxmin etmək çətin deyil- altında avtomobil dayanacağı olan park tikəcəklər, yəqin ki, “yaz parkı”ndan falan qoyarlar adın... Artıq qalan yerləri də sahibkarlara satacaqlar, 1500 manatdan alıb, bəlkə də elə aldıqları adamlara 2-3 qat bahasına satacaqlar...
Bu ərazinin insanlarının əksəriyyəti şəhərin ən köhnə sakinləridir. Çoxlarının baba həyətidir bu balaca evlər... Doğmadır, istidir, bakılıların dediyi təbirdə desək “şəhər əhalisindən olan qalanı elə budur”.
Əksəriyyəti də kasıb təbəqədir, bu ərazinin bir neçə yerində kirayə qalmışam. Mənzərə acınacaqlıdır. Bir həyətdə, bir neçə ailə, hər ailədə ən azı 5-6 nəfər. Tanıdıqlarımın başqa yerdə evi, bağı yoxdur. Əvvəldən Bakıda yaşadıqları üçün rayonlarda evləri də, qocaların gedib qalmağa qohumları da yoxdur. Bakılıdırlar, ya da aşağısı 60 ildir Bakıda yaşayırlar... İşləri, gücləri də burdadır. Evlərinin qabağında dükan açıb işlədən kim, çörək bişirib satan kim, evinin bir tərəfini kirayə verib ordan gələn pulla yaşayan kim... Son baş verən hadisələrdən və öz müşahidələrimdən onu deyə bilərəm ki, buranın əhalisi əvvəlki sökülən ərazilərin sakinlərindən daha israrlıdırlar, razı salınmaq istəyirlər, haqları olaraq, tələb edirlər...
Əksəriyyəti də kasıb təbəqədir, bu ərazinin bir neçə yerində kirayə qalmışam. Mənzərə acınacaqlıdır. Bir həyətdə, bir neçə ailə, hər ailədə ən azı 5-6 nəfər. Tanıdıqlarımın başqa yerdə evi, bağı yoxdur. Əvvəldən Bakıda yaşadıqları üçün rayonlarda evləri də, qocaların gedib qalmağa qohumları da yoxdur. Bakılıdırlar, ya da aşağısı 60 ildir Bakıda yaşayırlar... İşləri, gücləri də burdadır. Evlərinin qabağında dükan açıb işlədən kim, çörək bişirib satan kim, evinin bir tərəfini kirayə verib ordan gələn pulla yaşayan kim... Son baş verən hadisələrdən və öz müşahidələrimdən onu deyə bilərəm ki, buranın əhalisi əvvəlki sökülən ərazilərin sakinlərindən daha israrlıdırlar, razı salınmaq istəyirlər, haqları olaraq, tələb edirlər...
Yeni “Basin” təhlükəsi
Yadımızdadır, bir neçə il əvvəl gecəynən polislərlə sakinlə arasında olan qarşıdurmalar, qadınların qışqırtısı, özünü öldürmək istəyənlər... O da yadımdadır ki, Füzuli küçəsindən hamı köçəndən sonra bir rus qadın qalmışdı, Nə israr edirdilərsə evdən çıxara bilmirdilər... Deyəsən, son anda rəhmətə getdi... İndidən başlayan etirazlardan görünür ki, problemlər və qarşıdurmalar yenə də əskik olmayacaq. Həm də sökülən ərazinin böyük olması əlavə problemlər yaradacaq. Çünki burda yaşayan əhali ev almaq üçün üz tutduğu mənzil bazarında iki ay əvvəlkindən daha böyük və fantastik rəqəmlərlə qarşılaşacaq. Kvadrat metrə verilən 1500 manat isə ümumi bazar qiymətindən çox aşağıdadır. “Sovetski”dən aşağıda, yuxarıda, sağda, solda- hər yerdə isə mənzillər ən aşağısı bu qiymətin iki qatınadır. Növbəti problem isə, yaxşı-pis, balaca evdə yaşayan ailələrdir. Onlara verilən pulla ev almaq heç Sumqayıtda, Xırdalanda, Masazırda mümkün deyil. Tutaq ki, 30kv metrlik evi olan şəxs 45 min manata harda ev ala bilər? Hələ bundan da kiçik ərazidə yaşayan ailələr var. İnsanların qorxusu onlar razılaşmasa, gecəynən başlarına uçurulan evləridir. “Nə qanun var, nə qayda, bizə qulaq asan kimdir” deyib hər gün divarlarının yıxılacağı, işıqlarının, qazlarının kəsilə biləcəyini bilirlər. Onu da xatırladım ki, ənənəyə sadiq qalaraq iki ay əvvəl bu əraziyə yeni elektrik sayğaclar quraşdırılıd. Bütün evlərin elektrik xətləri yeniləndi. Əgər bu söküləcəksə, nəyə lazım idi? Nə qədər klişe də olsa, bu “ənənəyə” öyrəşsək də, adamın matı-mutu quruyur.
Bəs qazanan kim olacaq?
Evləri böyük olan, ailə tərkibi isə geniş olmayan insanlar bu bazarlıqdan, haqlı olaraq, qazanacaqlar. Hətta illərdir bu ərazinin plana düşməsini və yaxşı pul alacağını gözləyənlər var. Məhz buna görə buralarda özünə yeni ev alan, dükan açanlar da var. Onlar qazanacaqlar, çünki başqa yerdə evləri var, itirəcəkləri bir şey yoxdur, aldığı qiymətdən bir qədər baha satsa vəziyyətini kafi sayacaq.
“Sovetski”nin, həqiqətən də, restavrasiyaya, bəzi yerlərin isə ümumiyyətlə sökülməyə ehtiyacı var. Çünki şəhərin mərkəz hissəsini tutan bu ərazi görkəm baxımından elə də xoş görünmür. Amma bu haqq vermir ki, gözəllik və səliqəlik naminə insanların həyatı təhlükəyə düşsün, səsini çıxara bilməyən, aldığı pula qane olan sakinlər özlərinə ev ala bilməyib, kirayələrdə yaşasınlar. “Basin”dən köçüb hələ də özünə ev ala bilməyib kirayədə yaşayanlar var, və əlində olan pulu da xərcləyib tamamilə müflisləşmiş ailə nümunəsi də var.
Digər problem isə onsuz da problemli olan Bakı nəqliyyatı əsas yolların keçdiyi “Sovetski”də söküntülərin uzun müddət davam etməsi nəticəsində tamamilə iflic vəziyyətə düşəcək. İnanın ki, bundan heç “intelektual idarəetmə” baş aça bilməyəcək. Mirzağa Əliyev və Çingiz Mustafayev küçələrinin bağlanması bəsdir ki, bu problemin canlı şahidi olaq. Hətta həmin yollara alternativ yoxdur...
Bəs həlli yolu nədir?
Ərazinin sökülməsinə hökumətdə kiçik məmurlar, bələdiyyə və “jek” müdirləri, hətta icra hakimiyyəti səviyyəsində yox, birbaşa yuxarı instansiyalardan, həm də həssas şəkildə nəzarət olunmalıdır. Sözdə və kağızda yox, millətin taleyi ilə yaxından maraqlanıb bütün narazılıqlarını dinləmək, razı salan məbləği vermək, ya da ailələr mənzillə təmin edilməlidir. Sadə bir nümunə çəkim: “Möhtəşəm Yüzil” serialında Hürrəm Sultan bir vaxtlar qul kimi gətirildiyi meydanı sökdürüb yerində məscid, xəstəxana və s. kimi kompleks tikdirmək istəyir. Nökərlərinə tapşırır ki, ərazidə yaşayan, işləyən hər kəslə bir-bir danışılsın və hamı razı salınsın... Bir müddət sonra məlum olur ki, bir qadından başqa hamı razılaşıb. Məbləği dəfələrlə qaldırsalar da, qadın inadından dönmür. Bu halda Hürrem Sultan qadının evinə gedib, onunla səmimi söhbət edir, həmin meydanı tikdirmə səbəbini, öz kənizlik günlərini xatırladır, bir sözlə, qadının ürəyinə yol tapmağı bacarır... İmperiyanın ən yüksək imtiyazlara sahib olan “Haseki Sultanı”nın tikdirdiyi həmin komleks hazırda İstanbulda “Haseki Külliyesi” kimi tanınır... Serial da olsa, lap həqiqət olmasa da, məncə yaxşı nümunədir... Sizcə bizdə həmin qadına nə edərdilər?
Комментариев нет:
Отправить комментарий