15.02.2014

İstedadlı klounlar

Qafar Şövqi

Sükunətdə olan iki nöqtəvi yükün vakkumda qarşılıqlı təsir qüvvəsinə “kulon qanunu” deyilir. (Əsl kişilərdən uzaq)

Klounlar isə çarəsi olmayan virus kimi daraşıblar Azərbaycanın canına. Əslində bu “klounlaşma” elmini yayanlar var. Böyük klounlar. Onlar sadəcə otururlar “sehrli qreslolar”da və kiçik klounlara tapşırıqlar verirlər. Kiçik klounlar da canla-başla yerinə yetirirlər. Belə də ki, ağızları nədir yerinə yetirməsinlər? İşdi şayəd, yerinə yetirməsələr, elə dərhal o klounları “xəbs” edib, boynuna da böhtan kəndirini dolayıb atırlar içəri. Vəssalam, şüt-tamam.

Bizim böyük klounların əlində bu və bu kimi işlər su içmək kimidir. Axı, bir vaxtlar onlar da kiçik klounlar sinfinə aid olublar. İndi artıq konkret stajları var. Necə deyərlər, dünya görmüş klounlardı. Ümumiyyətlə, bizim klounlarımızın əllərindən hər iş gəlir. Dombalağ aşırlar, ortada qaldı oynayırlar, uşaqlar üçün nağıl danışırlar, böyükləri güldürürlər və s. Amma onu da nəzərinizə çatdırım ki, bu klounlar “zakazla” ad gününə, toya-zada getmirlər ha. Bunlar lazım gələndə özləri millətə toy tuturlar. Bu “Lazım” da axır vaxtlar tez-tez gəlir. Çox üzlü qonaqdır.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə, vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə Rəyasət Heyətinin qərarı ilə “İlin vətənpərvər adamı” fəxri mükafatına Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev layiq görülüb. Pay atonnan. Bizim Cəbiş də bir işə yarayarmış. Mənə maraqlıdır, bu həmkarlar ittifaqında kimlər var? Ümumiyyətlə o ittifaqa kimlər üzvdür? Onlardamı “BDKQU” (Bakı Dövlət Klounqayırma Universiteti)-ni bitiriblər? Yoxsa bunlar adı çəkilən universitetdə dərs deyirlər? Hər halda normal adam deyillər. And olsun Mirzə Ələkbər Sabirin pak və müqəddəs ruhuna, “kilkə” Hafizi vətənpərvər hesab edən adamlarda ciddi şəkildə psixoloji, “abıroloji”, “həyaloji”, “mənəviyyatoloji” problemlər var. Yoxsa, durduğu yerdə niyə belə quş buraxsınlar? Lap elə fərz edək ki, bu kişilər düz eləyiblər. Bəs “kilkə Hafizə” orden, nə bilim atestat, ya medal verəndə, əsas səbəb nə idi? “Kilkə Hafiz” hansı vətənpərvərliyi nümayiş etdirmişdi ki, onu bu fəxri ada layiq gördülər? Bəlkə seçkilər ərəfəsində gedən debatlarda göstərdiyi “şücaəti” nəzərə alıblar? Bəlkə Cəmil Həsənliyə atdığı su butulkasına görə onu vətənpərvər bilirlər? “Kilkə Hafizi” ilin vətənpərvəri yox, ilin ən “mədə-niyyətli” adamı seçmək olar. Sonra gətirib onu düz Mədəniyyət və Turizm nazirliyiəi sədr qoy. Bəh-bəh. Öz aramızdı, nə yaraşar...
Özü də mən oxuduğum xəbərdə “kilkə Hafiz” haqda yazılıb ki, prezidentliyə keçmiş namizəd. Mən başa düşmürəm, keçmiş niyə? Keçmiş deyəndə kişini bir az nüfuzdan salırıq axı. Gəl bu cümlədə keçmiş yox, “HPOB” (Hər an prezident ola bilər) sözünü yazaq, ifadəsini hallandıraq. Məncə, belə daha da məqsədə uyğun olar. Əşşi, özünü korluğa vuran insanların içində, “əli sabunlu” klounlar asanlıqla prezident ola bilər və yaxud seçilə bilər. Onsuz da, seçkilərin gedişatı da klounların əlindədir də. İstər səni seçər, istər özünü seçər. Birincisinə heç ümid yoxdur.
Bugünki məqaləm bu qədər. Ayıq olun. Ayıq olun ki, klounlar sizi kloun yerinə qoymasınlar. Xudahafiz. Xudaya, Hafizə bundan da yaxşı nailiyyətlər nəsib et. Narahat olmayın. Mənim duam elə də asanlıqla qəbul olmur.

azadxeber.net

Комментариев нет:

Отправить комментарий