16.02.2014

Məhərrəm Bayramov kənd sakinlərinin pulunu mənimsəmişdir

Məhərrəm Bayramov hektarlarla Qarazəncir torpaqlarını qanunsuz olaraq ələ keçirmişdir

Redaksiyanın poçtundan

        Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonu Qarazəncir kənd İcra nümayəndəliyinin keçmiş rəhbəri Məhərrəm Ağababa oğlu Bayramov 2000-ci ildə həyətyanı torpaq vermək adı ilə, ailəmizdən 300 dollar pul almışdır. O vaxtkı pulla bu kənddə ev tikmək üçün 12 sot torpaq sahəsinin pulu idi. Məhərrəm Bayramov bu pulu alarkən tez bir zamanda bizi ev tikmək üçün həyətyanı torpaqla təmin edəcəyini bildirdi. O dedi ki, bu torpağın dövlət köçürməsinin puludur və sənədləri verəndə qəbz də verəcəyəm. İndi üstündən 13 il keçməsinə baxmayaraq hələ də torpaq ala bilməmişik.
Məhərrəm Bayramov bizim pulumuzu mənimsəmişdir. Baş Prokurorluqdan üzü belə, o cümlədən Ölkə Prezidentinə də müraciət etmişik. Media orqanlarına da müraciət edirik ki, bəlkə bu adam öz əməllərindən utana!
     Bu uzun illər ərzində dəfələrlə qohumlarımızla, kənd ağsaqqalları ilə onun yanına, qapısına getmişik. Hər dəfə gedəndə deyir ki, düzələcək, torpağınızı verəcəm, darıxmayın. Ay Məhərrəm, səni artıq neçə illərdir qanunsuz əməllərinə görə işdən qovublar, necə verəcəksən?! Artıq bir neçə ildir ki, Məhərrəm Bayramov işdən çıxarılmışdır, bizim ailə isə evsiz-eşiksiz qalmışdır. Biz iki uşaq və anam yaxın qohumumuzun uçub dağılmış evində kiçik bir otağa sığınmışıq. Yazıb sizdən xahiş edirəm ki, Məhərrəm Bayramovun bu cinayətkar əməlini işıqlandırasınız, cəmiyyət və Dövlət orqanları bizə kömək etsin, tədbir görülsün. Dövlət orqanları onun saysız-hesabsız fırıldaqlarına hüquqi müstəvidə qiymət verməlidir. Biz tək deyilik, Məhərrəm Bayramov Qarazəncir kənd icra nümayəndəsi işlədiyi müddətdə bizim kimi onlarla ailənin halal pullarını yemiş, onları torpaq verəcəyəm adı ilə aldatmışdır. 
       Bu adam saysız-hesabsız kənd torpaqlarının qanunsuz olaraq ələ keçirərək yerli sakinləri torpaqsız qoymuşdur. Gözü doymur. Kəndin müxtəlif yerlərində böyük torpaq sahələri vardır ki, Məhərrəm Bayramov icra nümayəndəsi işlədiyi vaxt həmin torpaqları sadəcə işğal etmiş, çəpərləyərək dədə-baba mülkiyyəti elan etmişdir. Hansı ki bu torpaqların heç birinin sənədi yoxdur. Dövlət orqanlarından, konkret olaraq Torpaq və Xəritəçəkmə Komitəsindən və Ədliyyə Nazirliyindən xahiş edirəm ki, komissiya təşkil olunsun, keçmiş icra nümayəndəsi Məhərrəm Bayramovun ələ keçirdiyi sənədsiz torpaqlar araşdırılsın, ondan alınaraq kənd camaatına qaytarılsın. Kəndimizin Qarabağ veteranları, şəhid ailələri torpaq ala bilmir, bu adam isə Qarazəncir torpaqlarının yarısını mənimsəmişdir. Kənddə camaat uşağına ev tikməyə torpaq tapa bilmir, torpaq yoxdur, çünki kəndin ən böyük torpaqlarını Məhərrəm Bayramov ələ keçirib. Bu açıq-aşkar dövlətə, eləcə də xalqa meydan oxumaqdır. Tədbir görün.
    Məhərrəm Bayramov Qarazəncirdə keçmiş toyuq fermasının 3 hektar yarım ərazisini qanunsuz zəbt edərək üzüm bağı salmışdır. Həmin üzüm bağının yanında nə az nə çox, özünə 3 həyət yeri götürmüşdür. Qarazəncirdə trasın üstündə keçmiş çörək bişirmə sexinin yerini də qanunsuz mənimsəmişdir, indi ona müxtəlif yollarla saxta sənəd düzəltməyə çalışır. Kəndin rayona tərəf olan hissəsində “Qolden Palas” şadlıq evinin yanında 35 sotka yeri aptek adı ilə zəbt etmişdir, hansı ki orda heç bir aptek-zad fəaliyyət göstərmir. Həmin yerə görə ordakı qonum-qonşuların da başını mütəmadi ağrıya salır. Bu adam zəli olub yapışıb kənd camaatının boynuna, qanımızı içir. Bir evin yerini elə vaxt 4-5 adama satıb, hamısından da pul alıb, buna görə tez-tez mübahisələr düşür. İndi tez-tez kənd sakinləri qapısına hücum çəkirlər, dava-dalaş düşsə də Məhərrəm Bayramov müxtəlif yollarla mənimsədiyi pulları verməkdən imtina edir.
       Ən dəhşətlisi budur ki, İcra nümayəndəsi işlədiyi vaxt Ocaqlı kənd 1 saylı orta məktəbinin ərazisini qanunsuz olaraq satmışdır. Ona kim ixtiyar verib ki məktəbin ərazisini satsın? İndi qəribəsi odur ki, məktəbun içində evlər var, insanlar yaşayır. Xahiş edirəm ki, bu qanunsuzluqlara da dövlət səviyyəsində hüquqi qiymət verilsin.
       Kənd camaatı adından xahiş edirik ki, komissiya yaradılsın, Məhərrəm Bayramovun ələ keçirdiyi saxta torpaqlar geri alınsın. Onun ələ keçirdiyi 10 hektara yaxın yer haqqında həm kənd icra nümayəndəsi başçısı, həm də bələdiyyə başçısı tam məlumatlıdırlar, amma nədənsə heç bir reaksiya verilmir. Hamı Məhərrəmin zəbt etdiyi torpaqların yerini gözəl bilir. Xahiş edirəm ki, xalqın qanuni torpaqları özünə qaytarılsın.
     Neçə dəfə qapısına getmişik, hər dəfə bir söz deyir, axırıncı dəfə isə çox gülməli bir söz dedi. Dedi ki, sizin mənə verdiyiniz pulu silaha vermişəm. Guya ki, Məhərrəm Bayramov Qarabağ müharibəsi vaxtı mənim puluma silah alıb orduya göndərib! O vaxtkı Müdafiə Naziri Rəhim Qazıyevdən soruşuruq: M. Bayramov adlı adam müharibə vaxtı sənə silah göndəribmi?! Bu söz indi kənd camaatının dilinə lətifə kimi düşüb, indi hamı kənddə ona gülür. Özünü axırıncı yola qoyub! Çünki kənddə hamı bilir ki, Məhərrəm müharibə vaxtı orduya heç bir köməklik etməyib, əksinə hərbi bilet alveri edib, camaatın qanını içib. Müharibə vaxtı neçə adamın evini yıxıb, rüşvət verməyənləri orduya göndərib, verənləri isə ordudan yayındırıb.
       Qapısına gedirik ki, dərdimizi deyək, pulumuzu geri istəyək, polisdə serjant işləyən oğlu Ramin Bayramov üstümüzə cumur. Axırıncı dəfə Məhərrəmin oğlu, polis çavuşu Ramin Bayramov atasından pulumuzu istədiyimə görə məni yumruq ilə vurdu, üz-gözümə arvad kimi cırnaq atdı. Halbuki mən xəstəyəm, zəif bədənli adamam, iki dəfə əməliyyat olunub. Məhərrəm Bayramov oğlu Ramin Bayramova saxta, “neqodnı” hərbi bilet aldığı halda saxta yollarla da polisə düzəldib. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, Cəlilabad rayon Polis Şöbəsində işləyən çavuş Ramin Məhərrəm oğlu Bayramov barəsində araşdırma aparılsın, necə olur ki, gənclərimiz vətən yolunda canını qoyduğu halda, ləyaqətli xidmət etdiyi halda Daxili İşlər Nazirliyinə işə düzələ bilmir, amma o “neqodnı”, saxta hərbi biletlə polis sisteminə işə düzəlir? O bunun üstündə, yəni saxta sənədləşməyə görə iki dəfə polisdən qovulmuşdur, amma yenə də hansı yollarlasa ora düzəlməyə müvəffəq olmuşdur. Bu adam öz çavuş rütbəsindən istifadə edərək məni döymüş və ailəmizi təhqir etmişdir. Ramin Bayramov öz hərəkətləri ilə atasının fırıldaq əməllərini ört-basdır etmək istəyir, atasına pulumuzu mənimsəməkdə kömək edir, amma bu alınmayacaq. Haqq var, öz yerini tapar!

Zamanov Murad 
Cəlilabad rayonu Ocaqlı kəndi

Комментариев нет:

Отправить комментарий