12.02.2014

“Onlar məscid tiksələr, Sumqayıtın 50 faizi saqqallı olar”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt-Abşeron bölgəsi üzrə şöbə müdiri Neman Əhədovla əlaqə saxladıq. O, “Xeberle.com”-un suallarını cavablandırmağa razılıq verdi. Fürsətdən istifadə edib bizi maraqlandıran sualları müsahibimizə ünvanladıq.

-Neman müəllim, bir neçə gün öncə saytların birində sizin haqqınızda müsbət olmayan fikirlər yayıldı. Bu, ilk belə yazı deyildi və dəfələrlə mətbu orqanlarda  sizin işiniz, şöbənin fəaliyyəti kəskin tənqid edilib. Yazıda bildirilirdi ki, sizin heç bir dini təhsiliniz yoxdur. Həmçinin Dini İşlər üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovu və hazırkı rəhbərliyini bahalı kostyumlarla, saatlarla siz təmin edirsiniz.
Haqqınızda yazılanlar barəsində nə deyə bilərsiniz?
-Sadəcə təəssüf edirəm. Mən Suriyada, Şamda dini təhsil almışam. Əgər mənim dini təhsilim olmasa idi, Dövlət Komitəsinin Sumqayıt-Abşeron regionu üzrə şöbəsinin rəhbəri təyin etməzdilər. Haqqımda yazırlar, qoy yazsınlar. Mən bilirəm bunlar sifarişli yazılardır. O ki qaldı digər məsələyə, bunu deyə bilərəm ki, Hidayət Orucovun və ya Elşad İsgəndərovun mənə nə ehtiyacları var ki?! Onların bir kostyum və saat almağa belə imkanları yoxdur ki, mən onları kostyum və saatla təmin edim?! Yazılanlar həqiqətəuyğun deyil və iftiradan başqa bir şey deyil.

-Neman müəllim, böyük və dini cəhətdən həssas bir regionu sizə etibar ediblər. Siz işə getmirsiniz?
-Kim deyir ki, bunu mən işə getmirəm?!

-Elə yazırlar, Neman müəllim...
-Bu yazılanlar heç bir məntiqə sığmır. Hər gün işə gedirəm və mənə olan etimadı doğrultmağa çalışıram.

-Bu yazılanlarla bağlı olan suallar idi. İndi isə keçək əsas məsələlərə.  Hazırda Sumqayıtda dini durumu necə qiymətləndirirsiniz?
-Mən deyərdim ki, Azərbaycan Respublikasını dünyada ən tolerant ölkələrdən biri hesab etmək olar. Çünki bu vaxta qədər məmləkətimizdə təbii şəkildə heç vaxt din və məzhəbçilik zəminində hansısa ixtilaf yaşanmayıb. Sumqayıta gəldikdə isə dini vəziyyət sabitdir. Düzdür, bəzi problemlər yaşanmışdı, amma hüquq-mühafizə orqanları tərəfindən aradan qaldırıldı.

-Sələfilər iddia edir ki, onları Sumqayıt Cümə Məscidində ibadət etməyə imkan vermirlər. Məscid Allahın evidirsə, ibadət etmək üçün hamıya açıq olmalıdır. Buna münasibətiniz?
-Haqlısınız, məscid Allahın evidir. Orada hər bir müsəlman məzhəbindən asılı olmayaraq ibadət edə bilər. Ötən ildə bir sıra anlaşılmazlıqlar oldu. Hər iki tərəfdə problem var. Onların təbliğatı çox güclüdür. Onu da deyim ki, şiələrin arasında da radikalları var. Məhz onlar sələfilərin, vəhhabilərin məsciddə ibadət etməsinə qarşı idilər.

-Neman müəllim, 15-ci məhəllədə sünni təriqətinə mənsub olanların ibadəti üçün məscid mövcud idi. Sonradan həmin məscid bağlandı.
-Həmin məhəllədə - məscid yerləşən həyətdə 4 bina var. Bu məscid ərəblər tərəfindən açılmışdı. Sonradan bəzi problemlər yarandığından məscidin fəaliyyəti dayandırıldı. Onu deyim ki, orada fəaliyyət göstərən ərəblərin xeyriyyə cəmiyyəti insanların ərzaq məhsulları ehtiyacını ödəyərək öz mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. İş o dərəcəyə çatmışdı ki, artıq o ərazidə məskunlaşan insanların əksəriyyəti vəhhabilərin toruna düşmüşdü. Vaxtında bunun qarşısı dövlətimizin dəstəyi ilə alındı.

-Sələfilərin məscidi bağlandı. Sumqayıtda onlar üçün məscidin tikilməsinə necə baxırsınız?
-Sumqayıtda başqa bir məscidin tikilməsinə ehtiyac yoxdur. Sələfilər, vəhhabilər ibadətlərini Ceyranbatan məscidində edirlər. Sumqayıtda onlar üçün xüsusi bir məscid tikilərsə vəziyyət nəzarətdən çıxar. Onların təbliğatı çox güclüdür. Təsəvvür edirsiz Sumqayıtda onlar üçün məscid tikilərsə şəhərin 50 faizdən çoxu saqqallı olar. Məhz buna görə də ehtiyac yoxdur.

-Deyirsiz ki, vəhhabilərin təbliğat maşını daha yaxşı işləyir, insanları öz ətraflarına tez toplaya bilirlər, əqidələrini onlara aşılayırlar. Problem nədədir?
-Bilirsiniz, insanlar dini cəhətdən savadsız və çox az bilgiyə malikdirlər. Belə olan təqdirdə istənilən və güclü təbliğatı olan məzhəblər bundan peşəkarcasına istifadə edirlər. Cəmiyyətimizdə dini maarifçilik sahəsində ciddi addımlar atılmalıdır.

-Yaxşı, bəs onda  Dövlət Komitəsinin Sumqayıt-Abşeron bölgəsi üzrə şöbəsinin müdiri olaraq siz nə işlə məşğulsunuz ki, bu kimi problemlər ortaya çıxır?
-Yerində verilən sualdır. Mənim çalışdığım komitə də məhz mənfi halların aradan qaldırılması üçün səylərini əsirgəmir və bu sahədə fəaliyyətini daha geniş sferada qurmaq istəyir. Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. İslamı düzgün dərk etməyən gənclər yanlış yollara gedir, qeyri-ənənəvi dinləri seçirlər. Əgər onlar orta və ali məktəblərdə düzgün dini təhsil alsaydılar, təbii ki, bu gün belə hal yaranmazdı, onlar xaricdən gələn missionerlərin fətvalarına, yalan təbliğatlarına aldanmazdı, cavanlarımızı da itirməzdik. Təsəvvür edirsiniz, orta məktəb dərsliklərində dinlə bağlı bilgilər yoxdur. Bu da sonradan dini təsəvvürü olmayanların daha tez təsir altına düşməsinə səbəb olur. Ona görə də dövlətin müvafiq qurumları bu məsələdə maraqlı olmalıdırlar. İnsanlarımızın dini baxımdan sağlam düşüncəyə malik olması üçün bu məsələdə heç kim biganə qalmamalı, yaxasını kənara çəkməməlidir.

-Bəs yaranan problemin qarşısını almaq üçün çıxış yolu nədir?
-Fikrimcə, orta və ali məktəblərdə mütləq şəkildə dini dərslər tədris edilməlidir. Əgər İslamın, digər dinlərin əsasları ilə bağlı tədris və təlim bərpa edilməsə, biz bu problemin qarşısını ala bilməyəcəyik. Bu sahəyə mütəxəssislərin cəlb edilməsi üçün xaricə müraciət etməyə də ehtiyac yoxdur.

-Bununla bağlı rəhbərlik etdiyiniz şöbə hansı işləri həyata keçirir?
-Artıq 3-cü ildir ki, Sumqayıtın orta məktəblərində dini maarifləndirmə ilə bağlı tədbirlər həyata keçiririk. Son iki ildə Sumqayıtda 40 məktəbdə maarifləndirmə işləri aparmışıq. Bu il isə may ayına qədər 30 məktəbdə bu kimi tədbirlərimiz keçiriləcək, şagirdlər arasında dinlə bağlı düzgün təsəvvürlərin formalaşması istiqamətində  maarifləndirici işlər aparılacaq. Dövlət Komitəsi də məktəblərdə dini maarifləndirmənin aparılması işini dəstəkləyir. Bununla bağlı  komitənin sədri  Elşad İsgəndərov da bildirib ki, dini dərslərin fakültətiv şəkildə həyata keçirilməsi istiqamətində proqramlar var. Bu məsələdə dini icmalar da fəal olmalıdırlar. Çünki din haqqında düzgün bilgilərin verilməsi, maarifləndirmə işi, ilk növbədə onların funksiyalarıdır.

-Müsahibəyə görə təşəkkür edirəm.
-Siz sağ olun.

Söhbətləşdi: Ramil Zeynallı      xeberle.com

Комментариев нет:

Отправить комментарий