“Apokalipsis” şedevrinədək (orijinal adı “Apocalypto”, 2006-cı ildə Amerika Birləşmiş Ştatlarında, döyüş, dram və macəra janrlarınında çəkilmiş film) Mel Gibsonu (ingiliscə tam adı Mel Colm-Cille Gerard Gibson, 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu York şəhərində doğulmuş Avstraliya əsilli amerikan aktyoru, rejissoru və prodüseri) başqa iki maraqlı filmdən də tanıyırdım.
Dəyər verdiyim böyük sənətkarı...
Həmin digər iki film “Cəsur ürək” (Mel Gibson, 1995-ci ildə ekranlaşdırılmış bu məşhur filmin həm də rejissorudur) və “İşarətlər” (2002-ci il) filmləridir.
Bunlara qədər və bunlardan sonra çəkildiyi filmlər sayca çox olsa da, indi, bu yazını yazdığım vaxt bu ikisini xatırlayıram nəsə...
Yəqin ki, bu hər ikisinə sonadək oturub maraqla baxdığımdandır...
“Apokalipsis”də də Mel Gibson “Cəsur ürək”dəki kimi yenə fərqli ampuladadır, yəni, o, bu filmin də rejissorudur.
“Apokalipsis”i çəkmiş, bunu bacarmış Mel Gibson mənə görə, dahidir.
Filin ssenari müəllifləri Mel Gibsonun özü və əslən iranlı olan Farhad Safiniyadır (Farhad Safiniya-1975-ci ildə, cənub qonşumuz İran dövlətinin paytaxtı Tehran şəhərində doğulub, 4 yaşında ailəsilə birlikdə İranı tərk edib, hal-hazırda Los Ancelesdə yaşayan amerikan prodüseri və ssenari müəllifi).
Farhad Safiniyaya dünya şöhrətini gətirən də məhz “Apokalipsis”dir, filmin ssenari həmmüəllifi olmasıdır.)
“Apokalipsis”in əsas simasını, Yaquar Pəncəsi (Jaguar Paw) obrazını gənc aktyor Rudy Youngblood canlandırır.
Real həyatdakı, 21 sentyabr 1982-ci il tarixdə ABŞ-ın Texas ştatında yerləşən Belton şəhərində anadan olmuş Rudy Youngblood özünü hindu kökənli hesab edir.
Əslində, elə belədir də...
Yəqin ki, bu gənc istedadın öz damarından axan qana bu cür bağlı olmasından irəli gəlir ki, həyat verdiyi Yaquar Pəncəsi məni bu qədər özünə bağlaya bilib.
Yeri gəlmişkən, Youngblood ingiliscədən dilimizə tərcümədə “gənc dəliqanlı” deməkdir.
Film tamaşaçıları tərəfindən çox bəyənilir, ancaq eyni zamanda tənqidçiləri də var və bu tənqidçilər həm də bunu deyirlər ki, Mel Gibson “Apokalipsis”də bəzi tarixi faktları kobud formada saxtalaşdırıb, Asteklərin (Asteklər– hazırki Meksika Birləşmiş Ştatlarının sahib olduğu torpaqlarda, bizim eranın XIV-XVI əsrlərində yaşamış bir Mərkəzi Amerika sivilizasiyası) tarixinə aid bəzi detalları götürüb Mayya tarixinə “yamayıb”, bununla kifayənlənməyib, müxtəlif digər tarixi hadisələri də dolaşdırıb.
(Məsələn, filmdə, Yaquar Pəncəsiylə birlikdə əsir götürülmüş insanları təkcə quraqlığa görə deyil, həm də vəba xəstəliyinin qarşısını almaq üçün tanrı Kukulkanı rəhmə gətirməkdən ötrü (Kukulkan-Mayya dillərinin birində “tüklü ilan” mənasını verir, Avropalılar bu ərazilərdə görünənədək Mayya sivilizasiyasında əsas tanrılarından hesab olunurdu) ona qurban verirlər, əslindəsə, vəba xəstəliyi ispanların gəlişindən sonra bu ərazilərdə yayılıb, bundan başqa, filmdə ovçu olaraq göstərilib kadrlarda tapir ovlayan mayyalılar (Yaquar Pəncəsinin həmkəndliləri) əslində ovçu deyil, torpağa bağlı əkinçi xalq olub və s.)
Mənsə, hesab edirəm ki, Mel Gibson filmdə göstər-diyi hadisələrdən bizi daha da təsirləndirməkdən ötrü özü bilərəkdən bir görüntü kimi istifadə edib.
Lakin mənim bu yazım heç də tənqidlər, Mayya sivilizasiyası (məlumat üçün deyim ki, Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası min illər boyunca Meksikanın cənub-şərqindən dövrümü-zün Honduras, El Salvador və Qvatemala dövlətlərinin yerləşdiyi torpaqlaradək uzanan ərazilərdə möv-cud olmaqla, eramızın III-X əsrlərində yüksək inkişaf dövrünü keçirmiş, təxminən eramızın 900-cu ilində daxili siyasi çəkişmələrdən ardınca bir daha dirçəl-məyə¬cək şəkildə biryolluq çökərək əvvəlki qüdrə¬tin-dən məhrum olub, ispanların Amerikada görün¬məsilə də sivilizasiya kimi bir çox anlamlarda tənəzzül edib), Mel Gibson və ya Farhad Safiniya barədə deyil.
Məhz “Apokalipsis” haqqındadır.
Film XV əsrdə ispan konkistadorlarının (“conquistadores”, ispancadan dilimizə fateh, işğalçı kimi tərcümə olunur) Amerikaya gəlişi ərəfəsində, yalnız günümüzün imkanlarından baxdıqda yoxsul sayıla biləcək bir Mayya kəndində mənəviyyatsız insanların törətdikləri dəhşətli faciə fonunda başlanan hadisələrdən danışır.
Filmin qısaca məzmunu belədir:
Öz kəndlərində asayiş və firavanlıqda yaşayan Mayya kəndlilərinin dinc həyatını məhv edən bir dəstə Mayyalı şəhərli əskər yatdıqları yerdə onlara xaincəsinə hücum çəkib, kişiləri qurban vermək, qadınları kölə kimi satmaq məqsədilə əsir götürüb, uşaqlarısa kənddə öz qaranlıq talelərinin ümidinə başlı-başına buraxırlar.
Əsirlərin arxasınca baxan, bu vəhşilikdən sonra artıq ata-anasız qalmış kimsəsiz azyaşlı uşaqların içində onlardan yaşca daha böyük qızın əsirlərə təsəlli verəcəkcəsinə ”narahat olmayın, uşaqlara mən baxacağam” sözlərisə adamın iliyinə işləyir..
Bizim qəhrəmanımızın adı Yaquar Pəncəsidir.
Mənəvi cəhətdən saf, ürəyitəmiz bir gəncdir. Ailəsini, atasını, insanları sevir...
Çətinliyə düşmüş insanları gördükdə yazığı gəlir, onlara köməklik etmək istəyir...
Buna görə də, filmin əvvəlindəki, meşədə gördüyü¬müz ov səhnəsindən sonra qarşılaşdıqları, əvvəlcə düşmən bildikləri didərgin insanları gördükdə atası Göy Çaxmaqdaşının ona dediyi, “sən qorxursan” deməsi haqsızlıqdır.
Yaquar Pəncəsi qorxmur.
Ozlərinin ovladığı tapir ətindən verib əvəzində balıq aldıqları, yersiz-yurdsuz qalmış insanlara acıyır...
Meşədəki ovdan sonra bir azdan başlarına nə gələcəyindən xəbərsiz halda, deyə-gülə evlərinə qayıdırlar...
Bir sözlə, Yaquar Pəncəsi insanların başlarına gətirdiyi faciəyə qədər həmkəndlilərilə birlikdə rahat bir həyat yaşayır.
Bu ürəkli və gözəl insanlar zarafatcıl, qürurlu, sədəqətli, doğruçu, bir sözlə, mənəviyyatlıdırlar.
Bu gün, faciədən bir gün əvvəlki gündür.
Faciə gecəsi, bu insanlara tonqal ətrafında hekayət danışan müdrik qoca öz əhvalatını “insanın içində elə bir şey var ki, o heç vaxt “doydum” deməyəcək, məhz bu, onu kədərlənməyə və nəsə arzulamağa vadar eləyəcək, o, həmişə nəsə istəyəcək, dünya özü ona daha sənə verməyə heç nəyim yoxdur deməyənə qədər” cümləsiylə yekunlaşdırır...
Yaquar Pəncəsi indiyədək heç vaxt eşitmədiyi bu sözlərə diqqətlə qulaq asır.
İnsanın, insanlığın faciəsinə səbəb olan gizli kod burdadırmı?
Bu sözlərdə gizlənən mənadadırmı?
Əskərlərin hücumu zamanı Yaquar Pəncəsi də digər həmkəndliləri kimi əsir götürülüb qolları bağlanır, ölümə sürüklənir...
Lakin atası öldürülənə, özü əsir götürülənədək o, təkcə özünü fikirləşmir, çarəsiz həmkəndlilərinə canlarını qurtarmaq üçün göstərdikləri nəticəsiz cəhdlərdə yardımçı olur, imkan tapıb hamilə arvadını və balaca oğlunu xilas edib kəndlərinin kənarındakı böyük bir quyuda (çuxurda) gizlədir və geri dönüb onları xilas edəcəklərinə dair özünə və ondan savayı heç kimsəsi olmayan bu biçarələrə söz verir.
Əsirləri Mayya paytaxtına aparır, qadınları yaxşı qiymətə satır, sata bilmədiklərini hara gedəcəklərini, nə edəcəklərini bilmədikləri vəziyyətdə oradan qovur, kişilərisə vəba xəstəliyini durdurmaq və yağış yağdırmaq üçün qurduqları qurbanvermə səhnəsinə, qanlı platformaya aparırlar.
Yaquar Pəncəsinin iki yoldaşını amansız şəkildə Kukulkana qurban verir, zavallıların sinələrini parçalayıb ürəklərini çıxarır, başlarını kəsir, sonra başları və cansız bədənləri məbədin pillələrilə üzüaşağı diyirlədir, aşağıda saysız kəsik başları payalara keçirib bayram edən və it kimi qudurmuş insanlar coşqunluqla atılıb düşürlər.
Az qalıb.
Başqa bir gününsə başlangıcı bu gündür.
Avropalılar da onlarla eyni cür, bundan fərqlənməyən bir vəhşiliklə rəftar edəcəklər.
Beləliklə, bu qanlı mərasimdə yemə çevrilmək növbəsi Yaquar Pəncəsinə çatır, elə bu an adi bir təbiət hadisəsi olan Günəş tutulması baş verir...
Bu hadisəni Kukulkanın mərhəməti kimi qəbul edən Mayyalı kahinlər əsirlərdən əl çəkib təzədən onları əsir götürmüş şərəfsiz əskərlərin ixtiyarına verirlər.
Lakin, bu heyvanlaşmış əskərlər bu insanları heç olmasa taleyin ümidinə də olsa azad buraxmaq əvəzinə, amansız bir oyun oynamağa başlayırlar: Əsirlərin torpaq meydança boyu qaçmalarını istəyir və onları arxadan müxləlif ox, nizə və daş parçalarıyla vurub öldürərək şənlənib əylənirlər..
Bu amansız mübarizənin ilk mərhələsində Yaquar Pəncəsi bu heyvanlar üzərində ilk möhtəşəm qələbəsini qazanır.
Ancaq, əsirləri gətirərkən, yolda, yaxınları məhv olmuş kimsəsiz falçı qızın dediyi kimi, adamın bu “nacinslərə” heyvan deməyə dili də dönmür...
Həmin o qız ki, onu itələyən əskərə “Sən qorxursan. Çünki sən nacinssən. Bu sənin sonun olacaq, bu sənin yaşadığın dünyanın sonu olacaq” deyirdi...
Yaquar Pəncəsi gözlənilməz halda, öz insanlıqlarını birdəfəlik itirmiş, ya da heç əvvəldən insanlıqdan bixəbər olan bu əsgərlərin komandirinin oğlunu öldürür və yaralı vəziyyətdə durub qaçmağa başlayır.
Və beləliklə, insanlıq və “nacinslik” arasında amansız “qaçdı-tutdu” oyunu başlayır.
Bu oyunun sonuna iki əskər və Yaquar Pəncəsi qalır.
“Oyun” qurtaranadək, bu iki əskərdən başqa, komandir də daxil, bu ləyaqətsiz və şərəfsiz əskərlərin hamısı it kimi gəbərirlər...
Iki əskər və gərgin mübarizədən yorulmuş taqətsiz Yaquar Pəncəsi sahildədir.
Tale öz mərhəmətini bu dəfə ondan əsirgəyəcəkmi?
Lakin budur, bu vaxt limanda Avropalı konkistadorların nəhəng yelkənli gəmiləri və artıq qayıqla onlara tərəf üzən zəhmli və amansız görünüşlü, təpədən-dırnağadək silahlanmış ispan əsgərləri peyda olur.
Bəllidir ki, köməksiz zavallı insanları parçalayan “kukulkançılar”ı bir azdan heç də yaxşı gələcək gözləmir.
Necə deyərlər, bir zalımın qənimi başqa bir zalımdır.
Bu, gözlə görünəcək qədər üzdə olan bir səhnədir.
Başqa sözlə, sir-sifətləri heç də xoş, mərhəmətli təsir bağışlamayan ispan əskərlərinin yaraq-əsləhələrinin fonunda, bayaqkı qurban vermə səhnəsi zamanı yaramaz kahinin özündən razı halda qımışa-qımışa dediyi “biz hələ güclüyük, bizim taleyimizə bəşəriyyətin hökmdarı olmaq yazılıb” sözləri indi tamaşaçıda ancaq acı ironiya və gülüş doğurur.
Yaquar Pəncəsini qovan dəstədən sağ qalmış iki əsgər Avropalılara tərəf gedir.
“İçlərindəki şeyin” onları itələdiyi məntiqi sonlarına doğru.
Növbə konkistadorlarındır.
Deməli, qoca müdrik hekayətçi heç nəyi özündən uydurmurmuş...
Ancaq, artıq öz qərarını vermiş Yaquar Pəncəsi geriyə, meşəyə qayıdır, yağan gur yağışdan sonra suyla dolmuş quyudan arvadını, balaca oğlunu və elə bir az əvvəl suda anadan olmuş körpəsini götürüb meşənin dərinliklərinə doğru gedir və film bitir.
Çünki, o “şey”dən Yaquar Pəncəsinin içində yoxdur... O, sağdır...
Burda, filmə öz sonluğumu da əlavə edirəm.
“Apokalipsis” keçən əsrin məşhur amerikalı filo-sofu, sosioloqu və tarixçisi Üill Dürantdan aşağıdakı iqtibasla başlayır:
”Qədim və güclü mədəniyyəti olan dövləti kənardan dağıtmaq mümkün deyil, nə qədər ki, bu dövlət özü daxildən parçalanmayıb”.
Mel Gibson Uill Dürantın bu sözlərini müəllifin 1935-1975-ci illər arası nəşr edilmiş, arvadı Ariel Dürantla birlikdə yazdığı “Sivilizasiyaların tarixi (və yaxud hekayəsi)” (“The story of civilization”) adlı əsərindən götürüb filmdə səsləndirəndə nə fikirləşib, bil¬mirəm, amma yəqin ki, o, bununla Yaquar Pən-cəsinin hekayətini bizə nəql etdiyi vaxt Mayyalıların mənəvi cəhətdən pozğunluq həddində olmalarını, insanlıqlarını itirdiklərini demək istəyib.
Yəqin həm də onu çatdırmaq istəyib ki, bu insan-ların əksəriyyətində mərhəmət hissinin, doğruluğun, ədalətin, vicdanın, bir sözlə, insanlığın yerli-dibli olmaması, olsa da ancaq özlərinə münasibətdə və özləri üçün olması, öz mənafeləri naminə başqalarını “uf ” da demədən tapdalamaları onların içindəki, qoca müdrikin vurğuladığı həmin “elə bir şeyin” təzahürüdür...
Filmdəki lap adi bir kadr da yadınıza gəlirmi?
Qurban verilmə səhnəsindən əvvəl, Mayya şəhərindəki bazarda sahibinin orada olmamasından istifadə edib səbətdən meyvə oğurlayan əlil adamı xatırlayaq.
Sifətindən heç də ac, zavallı adama oxşamayan bu adamın əlilliyi belə ona başqasının qabından oğurluq etməsinə mane olmur...
“İnsanın içində elə bir şey var ki, o heç vaxt “doydum” deməyəcək, məhz bu, onu kədərlənməyə və nəsə arzulamağa vadar eləyəcək, o, həmişə nəsə istəyəcək, dünya özü ona “daha sənə verməyə heç nəyim yoxdur” deməyənə qədər...”
Hə, düz tapmışam, bu filmin və bəlkə insanlığın bütün faciələrinin kodu elə buradadır, bu sözlərdədir.
...İçimizdə elə bir şey var ki...
Комментариев нет:
Отправить комментарий