Yalançının istəyi yalana inandırıb aldatmaqdır. Yaltağın istəyi yalanı öyməklə yal qazanmaqdır. Ayıbları çöldə qalan RİYAKARIN biri mənim barədə FB səhifəsində paxıllıqdan, həsəddən doğan dəbdəbəli yalan uydurmaqla, içində şər dolu şeytan nehrəsi çalxalamışdır. Yazıq zorən söylədiyi cəfəngiyyata yəqin ki, heç özü də inanmır. Necə deyərlər: “Qarğa bülbül, alaq sünbül oldu”, “Palçıq üstə çıxdı, dağ altda qaldı”. Belə yerdə deyiblər ki, adam var, fitnənin əkiz qardaşı, elə bil İblisin belindən gəlib!
Kommunist Partiyası mənim üçün marksizm-leninizm klassiklərinin ənənələrinə, ali mənəvi sərvətlərinə sədaqət ocağıdır. Vətənə qayıtdıqdan sonra bu ocağı axtardım. Mətbuatda bir neçə şəxs özünü bu partiyanın rəhbəri kimi təqdim edirdi. Müşahidə və təhlillərimin nəticəsi belə oldu ki, inamsız, idraksız, iradəsiz, amalsız və əməlsiz bu “rəhbərlər” kommunist hərəkatının əzablı yolunda çürük kötükdən savayı bir şey deyillər.
Bunlardan birini söhbətə dəvət etdim. İki dəfə görüşümüz oldu və hər dəfə də küçələr, parklar bu şəxsin oylağı oldu. Yəni özünü ortaya atmış bu liderciyəzin mənimlə söhbəti küçə səviyyəsindən o yana keçmədi. Mən anladım ki, bu kəs şəxsi mənafeyinə xidmət edən cılız hislərlə müqəddəs kom unist ruhunda gizlənib. Ağlı kor, qəlbi kar, ruhu lal bu adamda cəngavərlik yox, mənəvi zəlillik gördüm. Kommunistə məxsus qanadlı, hissiyyatlı, cəsarətli İdrakdan əsər-əlamət yox idi. Təəssüratım belə oldu ki, marksizm-leninizm fikrinin mahiyyətini özündə təcəssüm etdirmək qabiliyyətinə malik olmayan bu qondarma, sənədsiz, saxta möhürlü partiya “lideri” nəinki döyüşün ön sırasına çıxar, hətta döyüşün arxasında da fürsət tapan kimi qaçıb gizlənər.
Rədd etdim belə yaramazı! Çünki sürünənlər arasında yeriyə, korlar arasında görə, karlar arasında eşidə bilməzdim. Bununla da vicdansızlar arasında vicdanlı qaldım! Sönüklər arasında sönmədim! Və bundan sonra ötən vaxt ərzində o RİYAKAR malik olduğum məziyyət və fəzilətləri, kommunist hərəkatındakı xidmətlərimi qısqanclıqdan həzm edə bilmədi. Özündə olmaq istədiyi qabiliyyətin məndə olduğunu görüb, keçirdiyi əzablı narahatlıq yuxusunu ərşə çəkdi.
Bu RİYAKAR öz ayıbını örtməkdən ötrü indi də mənim ünvanıma naqqallıq, boşboğazlıq, hərzəçilik edir. Siz hələ onun düşük arqumentinə baxın: guya məni siyasi mövqeyimə görə partiyaya qəbul etməyib. Əvvəla, sən nə karəsən ki, partiyaya adam qəbul edəsən? İkincisi, sənin podratçı manqan nə vaxtdan partiya olub?!
Kölgənin kölgəsi olan həmin RİYAKARIN bir camuru da Ələkrəm Hümmətzodəni illər öncə ad günü münasibəti ilə təbrik etməyimdir. Çox maraqlıdır, Ələkrəm Hümmətzodə Qarabağda qanlı döyüşlərdə düşmənlə üz-üzə vuruşanda bu şarlatan kimin tumanında gizlənmişdi?
Mövzuya maraqlı olan hər kəs üçün aydın olsun deyə, Ələkrəm Hümmətzodə haqqında yazdıqlarımı bu gün də təsdiq edirəm. O, antikommunistdir, ancaq vətənin şirinliyini, doğmalığını, bənzərsizliyini, ucalığını, kutsallığını qəbul edən şəxsdir. Elə buna görə də vətən uğrunda çarpışmış, savaşmış və güllə yarası almışdır. Təəssüf ki, bu böyüklük, alilik sonralar onun ayırıcılıq, bölücülük meyilliliyində itmiş, yox olmuşdur. Bu, onun bağışlanmaz səhvidir.
Saxta təşəxxüs, iddia, heyvərəlik acizlik əlamətidir. Haqq-ədalət, doğruluq insana, fitnə-fəsad, yalan şeytana məxsusdur. Gözügötürməzlik, dargözlük edib bu cür məlum, aydın münasibətlərdən haram xal qazanmaq üçün çeynənmiş, çürümüş sözlər üyütmək həm siyasi, həm də mənəvi eybəcərlikdir. Təəssüf edirəm ki, bu və ya digər eybəcərliyi başına torba kimi keçirib kommunist hərəkatında sürünənlər hələ də var.
Комментариев нет:
Отправить комментарий