27.01.2016

Çingiz Əlioğlu - Səni düşünürəm

PAKIM MƏNİM - BAKIM MƏNİM

Sən mənim gözümə köçmüsən, Bakı,
Ən təmiz sözümə köçmüsən, Bakı.
Köçmüsən qəlbimə gecələrinlə,
Bütün evlərinlə, küçələrinlə.
Qəlbimdir ünvanın, ürəyim, Bakı,
Hər coşğun arzumun sahili sənsən,
Tufanlı ümmanın– ürəyim, Bakı.
Mən pöhrə, sən isə bitdiyim torpaq,
Şəhdinlə böyüdüm, əzizim, bir bax.
Yığmışam qəlbimə ulduzlarını.
Yığmışam qəlbimə arzularını. 
Qəlbimə köçmüsən,
             mən də keçmişəm
Qəlbindən alagöz, 
             nur qızlarının.
Səni ürəyimdə daşıyıram mən,
Səni diləyimdə daşıyıram mən.
Bu gözəl dünyanın ən bəxtəvəri
Özüməm, özüməm, inan ki, Bakı–
Bu ana qoynunda yaşayıram mən.
O ala gözlümün vətəni sənsən;
Hər şirin nəğməmin, hər əfsanəmin,
Ən kövrək sözümün vətəni sənsən.
Daş olub küçənə döşənnəm, Bakı.
Səni düşünürəm, mən səni, Bakı.
Əzizim, təmizim, ey pakım mənim,
Yeganəm, birdanəm, ay Bakım mənim.

***
Yorğun meyxanada kecdi gecəmiz,
Yalançı şərablar aldatdı bizi.
Göygözlü qızların baxışlarında
Aldandı günümüz, bir gündüzümüz.

Yorğun meyxanada keçdi gecəmiz,
Zirzəmi toranı yellədi bizi.
Tumurcuq fənərlər yanıb–söndükcə
Seçmədik toranda bir–birimizi.

Günahı nə imiş meyxanaların,
Meyxana dəmində keyimək yaxşı.
Atanı, ananı unudub burda
Saxta sifətləri geyinmək yaxşı.

Meyxana işığı mayaka döndü,
Ömür pərvanətək yandı işıqda.
Sadəlövh uşaqlıq- dilsiz–ağızsız
Dayandı eşikdə, dondu eşikdə...

VİDA ŞEİRİ

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni.

Aylı eyvanından əsən küləyə
Tapşır ki, yaxamdan əl çəksin mənim.
Yorğun gözlərimdən axan gileyə
“Tapşır” ki, yaxamdan əl çəksin mənim.

Qalmasin bir ömrün gündoğanında,
Gunbatan küləyi qarsız üzümü.
İtmiş bir nəğməni soraqlamaqçün
Yolları yormağın yoxdu lüzumu...

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni...

YAXŞI ADAMLAR
(“Yaxşılıq” şeirinin müəllifi Söhrab Tahirə)

Qəlbində xoş arzu, işıq daşıyan 
Səhralar oyadır addımlarıyla.
Məsəl var, deyir ki, insan yaşayan 
Torpaq da tanınır adamlarıyla.

Mən belə düşünüb, belə yazmışam–
Yerə ilk toxumu yaxşılar səpib.
Dumana düşmüşəm, çəndə azmışam
Yaxşının evini yol özü tapıb.

Yaxşılar mərd olur, gözü–könlü tox,
Yaxşılar heç kimi verməzlər bada.
Yaxşılıq sədəqə, pay deyil ki, yox–
Yaxşılıq ummaram namərddən, yaddan.

Yaxşılıq yaraşır kişi adına,
Pislər yaddaşımdan pozulub, itib.
Yaxşılar hər zaman düşür yadıma,
Dar gündə dadıma yaxşılar yetib.

Ortada bir yeyib, qıraqda gəzən
“Dost”lara inanma, deyər– “naşıdır!”
Bir qolu zorlunun hayından bəzən
Yaxşının bir ötkəm sözü yaxşıdır.

Yaxşının adına yapışmaz ləkə,
Namərd əlləşsə də səyi hədərdir.
Bu qoca dünyanın yaşı da bəlkə
Yaxşı əməllərin sayı qədərdir.

Pisliklə döyüşə hər gün varam ki,
Yaxşı adamların qəlbi isinə.
Mən öz taleyimə minnətdaram ki,
Yaxşılar çox çıxır yolum üstünə...

“Toğrul Nərimanbəyovun emalatxanasında”n

NARLI GECƏ

Budaqdan qopmuş
             nar kimi,
Üfüqə diyirləndi 
         gülöyşə günəş – 
Qıpqırmızı
          nar şırəsinə
               bulaşdı qürub.
Bir azdan
    dənəvər–dənəvər
    mələs ulduzlar
    səpiləcək səmaya.
Nar çiçəyi kimi
     çıttayacaq
           pəncərələrdə işıqlar.
Yenə də 
         əlləri göydə
                 diz çökəcək Təzə Pir 
                            axşam namazına.
Narlı yuxular görəcək bu gecə
Nar yanaqlı körpələr.

KAMANÇALARIN XOR SƏSİ

Qaranquş dimdiyindən
Günəşin bir sap
Qızıl saçağı düşdü-
Bir lalə boylandı yamacda.
Dağ döşünə
            qürub saldı lalələr.
Sona çığırtısından
            bir göl düşdü dərəyə.
Yamac boyu
             cavan, qıvraq qovaqlar
             bir–birini
             qovdu sahilə.
Meh əsdi
Bir pıçıltı gəzdi
Sahildə saçlarını
Günəşin tellərinə hörən
Söyüdlərin sırasında.
O tayda
            dəyirman pərlərinə
            başaşağı çırpıldı
            balıqların yuxusu.
Meşəni dinşəyən 
Əliyin dodaqlarına
Uzaq üfüqlərin
Mavi öpüşü kimi
Qovdu külək.
Böyürtikən kollarının
Tikanlarında
Pırttaşıq düşdü külək.
Sonra
     çapdı uzaq üfüqlərə
Göylərin göy ürgəsitək.

Комментариев нет:

Отправить комментарий