I hissə: Dumanlı 80-ci illər barədə şok təfərrüatlar
Arxivlərdə və xatirələrdə 70-ci illərin Azərbaycanı
“Hərdən Əliyevə hər şey çətin gəlirdi. Belə çıxırdı ki, respublikada şəhər və rayon səviyyəsində mövcud hakimiyyətin özündə qanun üçün təhlükə var. Ancaq o heç nəyi dəyişə bilmirdi, çünki bütün bu vəziyyətin yaranmasında iştirak edənlərin sayı həddindən çoxdu və bu vəziyyət çoxluğu qane edirdi. Nadir hallarda o, bir az qızğın və bir az da həyəcanlı şəkildə özünün bu acı fikirlərini Sviqunla bölüşürdü- onların münasibətləri hələ də möhkəm idi. İşinin başından aşmasına baxmayaraq Sviqun Əliyev üçün vaxt və gülərüz ovqat tapırdı. Ona diqqətlə qulaq asır, tələsik izah edirdi: ”Nə edə bilərsən, yerli şərait belədir". Əliyevsə inandırmağa çalışırdı: “Brejnevə məlumat vermək lazımdır”. Sviqun qəribə gülümsədi: “Tezdir, hələ vaxtı deyil”.
Güclü əl
Əliyev düşünürdü: “Biabırçılıqdır. Respublikada anarxiya və özbaşınalıqdır. Bəs bu orqanlar nəyə görə mövcuddur?”. Azərbaycana vicdanlı müstəntiqlər, ədalətli hakimlər lazımdır. Prinsipləri hər şeydən yüksək tutan, satın alınmayan rəhbərlər gərəkdir. Xalq sakitlik istəyir, amma bunu ona verən yoxdur. Respublikanı idarə edəcək güclü adamın hakimiyyətə gəlmək məqamı yetişib. Xalq bu güclü əli gözləyir. Bu adam mən olacağam!",- deyə Əliyev artıq qərara gəlmişdi.
Heydər Əliyevin “sakit inqilabı”
Bu sətirlər Azərbaycan KP MK-nın bölmə müdiri işləmiş sosioloq-alim, sonradan 1974-cü ildə Azərbaycanı tərk etmiş İlya Zemtsovun “Partiya, yoxsa mafiya” (Oğurlanmış respublika) kitabındandır.
İlya Zemtsovun 1976-cı ildə Parisdə nəşr edilən kitabı Azərbaycanda vəziyyətə, “Əliyevin sakit inqilabı”na həsr olunub. Heydər Əliyevin şəxsən Azərbaycan KP MK-ya işə dəvət etdiyi, bölmə müdiri təyin etdiyi alim-sosioloq rəhbərinə, hamisinə niyə xəyanət etmişdi? Kommunist idarəçiliyinin mətbəxində olan, ən yüksək vəzifəlilərin etimadını qazanan alim-sosioloq çox gizlinləri açıb Əliyev idarəçiliyinin KQB-nin yaratdığı qorxu ilə idarə etdiyini göstərib. Əliyev sosioloqu, alimi “saraydaxili informasiya yığmaq üçün” işə dəvət etmişdi...
“Azərbaycanda sovet hakimiyyəti yoxdur!”
“Brejnev oxuyub qurtardı və başını qaldırdı. Əliyev yerindəcə donmuşdu, gözləməyə taqəti yoxdu.
Sviqun dediyindən dönmürdü: “Əliyev Azərbaycan üçün ən yaxşı namizəddir. Azərbaycanda özbaşınalıqdır, praktiki olaraq sovet hakimiyyəti yoxdur”.
Brejnev düşünürdü: “Harda var ki?.. Gürcüstanda çiban yarasına bənzəyən Mişvanadze özünü ayrıca knyazlıq kimi aparır, yaxud Estoniya, Latviya...”. Brejnev, əslində Sviqunun dediklərini eşitmirdi, düşünürdü. Bəlkə Sviqun haqlıdır, Azərbaycanda açıq-aşkar rejimə təhlükə yaradan ənənələr formalaşıb? Korrupsiya- sovet rejiminin məhsuludur. Brejnev Ukrayna və Qazaxıstanda işləyəndə bütün bunları yaxşı anlamışdı. Korrupsiya yardımçı deyil, əsasdır, gərəklidir. Başqa cür necə ola bilərdi? İnsanları rejimə alışdırmaq, bu vəziyyətlə barışdırmaq lazımdır. Lakin Azərbaycanda bu münasibətlər fenomeni sistemlə üz-üzə dayanmışdı. Hətta sovet sistemi kimi bu formal quruluşa da, formal qayda-qanun lazımdır. Brejnevi daha çox iqtisadiyyatın belə enməsinin nə qədər çəkəcəyi narahat edirdi".
Bununla belə Brejnev hesab edir di ki, Əliyevin təklif etdiyi “respublikada partiya-sovet aparatını daramaq”dan başlamaq o qədər də yaxşı taktika deyil. Qurban lazımdırsa, qoy elə Axundov qurban verilsin. Görünür, bu yarımAsiya ölkəsində katiblərin özxoşuna getməsi mümkün deyil.
Lənətə gəlmiş pambıq planı
“Axundov səhər veriləcək məlumatı kənara qoydu. Məlumatla razılaşa bilmirdi: ”Bu il yenə pambıq yığımı planı yerinə yetirilməyəcək. Havalar yağışlı keçmişdi, cəmi 148 min ton pambıq toplanmışdı. Əgər Özbəkistan KP MK-nın birinci katibi Rəşidov yarıyolda qoymasa, hər halda düzəltmək mümkündür. 100 min ton Orta Asiya pambığını 45 milyon manata dəyişib, respublikaya gətirib, məntəqələrə yığsaq, Moskvaya 300 000 ton pambıq yığıldığı barədə raport vermək olar. Çatışmayan pambığı silməklə yerinə qoyarıq - birinci il deyildi ki...".
Onu Moskvaya kim apardı?
SSRİ KQB-nin birinci müavini Sviqunun Əliyevin 1969-cu ilin iyulunda birinci katib seçilməsində rolu şəksizdir.
Bəs 1982-ci ildə Andropov Əliyevi Moskvaya necə apardı? M.Qorbaçov yazır: “Mən bu sualı Andropova verdim. O, sualdan yayındı və sözgəlişi cavab verdi: ”Məsələni Brejnev həll etmişdi, mən bu qərarı dəyişmək istəmədim...".
Həqiqətən, Brejnevin belə bir qərarının olmasını SSRI Nazirlər Sovetinin o vaxtkı sədri Tixonov da təsdiq edir. “1982-ci ildə Brejnev Bakıdan mənə zəng etdi. Bildirdi ki, sənə birinci müavin göndərirəm. Mən kimliyi ilə maraqlandım. Brejnev Heydər Əliyevin namizədliyini verdi. Mən bir söz demədim”.
1984-cü ilin avqustunda Andropov H.Əliyevin Sov.İKP MK katibi seçilməsinə razılıq verdi. Sentyabrın 12-də plenum keçirilməli və Əliyev təsdiq olunmalıydı. Andropov dünyasını dəyişdi. Plenum keçirilmədi...
Andropov yenə Əliyevlə bağlı Brejnevin qərarınımı yerinə yetirirdi?
“Vlast” jurnalının şərhçisi Yevgeni Jirnov bu məsələyə aydınlıq gətirməyə çalışır:
Andropovun oğlu əsirlikdən necə qurtardı?
“...1951-ci ildə KQB-də növbəti təmizləmə aparıldı. H.Əliyevlə yaxşı münasibəti olan Dövlət Təhlükəsizlik Komitəsinin ikinci baş idarəsinin rəisi Yevgeni Pitovranov həbs edildi. Bir qədər sonra Əliyevin problemləri başladı...”.
Şərhçinin fikrincə, Andropovla Əliyevin münasibətləri 1956-cı ildən başlayır. Həmin il Macarıstanda iğtişaşlar başladı. Onda Andropov SSRİ-nin Macarıstandakı səfiri idi. Jirnov yazır ki, bir qrup zabit hadisəylə bağlı Budapeştə ezam edilir. Zabitlərdən biri yazır: “Hamımız rus idik, aramızda bir qafqazlı vardı, nə bilək ki, sonradan Siyasi Büronun üzvü olacaq, daha yaxından tanış olardıq”...
Hadisə zamanı Andropovun oğlunu qiyamçılar oğurlayır. Onun əsirlikdən azad edilməsində Əliyev fəal iştirak edir. Andropovun oğlu İqor şərhçi ilə görüşməkdən imtina edir. 2001-ci ildə “Vlast” jurnalının 5-ci nömrəsində onun əsir düşdüyü barədə yazı getdiyini bəhanə edir.
Andropovun səfirlikdə köməkçiləri olmuş Vladimir Kryuçkov və Vladimir Kazimirov Budapeştdə Əliyevi görmədiklərini söyləmişlər.
Bəs Heydər Əliyev Macarıstan hadisələrinə görə təltif olunubmu?
“Semiçastnı” adlı müəmma
1964-cü ildə Sviqun Heydər Əliyevin Azərbaycan SSR KQB-sinə müavin təyin olunmasını təklif etdi. KQB sədri Semiçastnı tərəddüd edirdi. Kimlərsə tez-tez Əliyevin qadınla bağlı məsələsini qaldırırdı. Bu ərəfədə həmin qadın Semiçastnıya şikayət etmişdi. SSRİ KQB-nin sədri qadını qəbul edib dinləmişdi. Amma sədr kimlərinsə sözündən çıxa bilmədi...
“Kimi baş katib seçək?..”
Mixail Smertnikovun xatirələrindən: “Andropovun ölümündən sonra Siyasi Büronun iclasına gedən Əliyev yolunu mənim otağımdan saldı. Dedi: Gedirik, Baş katibi seçməyə. Yəqin məndən kimin namizədliyinin müdafiə ediləcəyini bilmək istəyirdi. Mən ondan namizədlərin kimliyini söyləməsini xahiş etdim. Çernenko xəstədir, Qorbaçov hələ yetişməyib... Əliyevin, bəlkə də başqa namizədləri də vardı, mənə demədi. Sonda nəticəyə gəldi, yəqin ki Çernenkonu seçəcəyik...”.
Moskvada yoxa çıxmış kitab
SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko kitabları ilə bağlı yazır: 1998-ci ildə mən özümün birinci kitabımı yazdım. Kitab “140 milyard işi haqqında, yaxud müstəntiqin həyatından 7060 gün” adlanırdı, mən bu kitabı bir yerdə çalışdığım istedadlı istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri rəşadətə və peşəkarlığa ithaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı. İlkin razılaşmaya görə, kitab “Olimp” nəşriyyatında 3000 tirajla çap edilməliydi. Amma kitab 1000 tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə nəşriyyatın direktoru Kaminskinin anbarından başqa “anbar”a aparmışdılar, orda da yoxa çıxmışdı. Kaminski bu yoxolmanının səbəblərini aydınlaşdırmaq istəmədi.
Yeri gəlmişkən, bu kitabda Kaliniçenkonun Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair yazıları da verilmişdi. “Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı Sumqayıt”...
Əlsahib Orucov necə Ali Məhkəmənin sədr müavini oldu?
Hakim O.Hüseynov: “Babayevlə Quliyevin işi mənə verilmişdi. Məhkəmə sədri işi mənə verəndə dedi: ”Əliyevin tapşırığıdır, hər üçünə güllələnmə verilməlidir". Mən bu işə baxmaqdan imtina etdim. Sonra işi R.Hüseynova verdilər. O da bu səbəbdən boyun qaçırdı. İşi Əlsahib Orucov götürdü. Müşavirə otağında Orucov Ali Məhkəmənin sədr müavini təyin olundu, hökm oxunandan sonra Ədliyyə naziri vəzifəsi ilə mükafatlandırıldı...
***
O.P.Temuşkin: “Mən bir məsələ ilə bağlı SSRI Ali Məhkəməsinin sədri L.N.Smirnovun otağındaydım. Telefona zəng gəldi. Smirnov zəng edənə adı, atasının adı ilə müraciət etdi. Bildim ki, zəng edən Əliyevdir. O, SSRİ Ali Məhkəməsinin Babayev və Quliyevlə bağlı şikayətini geri götürməsini tələb edirdi. Ali Məhkəmə sədri Siyasi Büro üzvlüyünə namizədin qarşısında dayana bilmədi...
13-cu maaş alan erməni prokuror
Rəşid Markaroviç Kazarov. Bu erməni əsilli prokuror otağa girib qışqırdı: Güllələnməyə məhkum edilmişləri gətirin...
Saşa Babayevlə İzik Quliyevi güllələnmə otağına gətirdilər...
Onların günahı nə idi:
Saşa Babayev 1967-ci il Stepanakert hadisələrinin istintaqında KQB-nin istintaq idarəsinin rəisi ilə münasibətləri əlbəyaxa mübarizə ilə aydınlaşdırmışdı...
İzik Quliyev isə Əziz Əliyevin bağ qonşusu olmuşdu. “Çox bilməyi başına bəla açdı...”.
***
17 aprel 1996-cı ildə Azərbaycan prokurorluğu Vaqif Hüseynovu ölümdə, sənəd saxtalaşdırmada və televiziyanı partlatmaqda günahlandırdı. Amma onu həbs edə bilmədilər, çünki V.Hüseynov Moskvada idi. Vaqif Hüseynovun Azərbaycana verilməsi məsələsi qaldırıldı...
Bundan bir neçə il əvvəl Bakı mətbəələrinin birində Vaqif Hüseynovun yazdığı kitab Əliyevin tapşırığı ilə müsadirə edilib yandırılmışdı...
II hissə: Əliyev 70-ci illər Azərbaycanında
Heydər Əliyevin şəxsi sosioloqu öz kitabında nələrdən yazdı?
Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb. Bu kitabı oxuyun, o zamankı və indiki dəyərləri müqayisə edin. Ya da heç müqayisə etməyin, çünki müqayisə ediləcək heç nə yoxdur.
***
Sovet İttifaqı təkbətək oğurlanmış 250 milyon nəfərdən ibarətdi.
Onların arasında bütövlükdə oğurlanan bir respublika vardı. Bu respublikada insanlar gecə növbələrdə yağış altında donurdular, bu ölkədə 3 uşaq anası özünü yandırırdı, çünki 13 ildi zirzəmidə yaşayırdı, bu ölkədə insanlar boğaza yığılıb Leninə 5 mərtəbəli əmlak-muzey tikintisinə etiraz səslərini muzeyin rəy kitabına yazırdılar: “Üfunətli meyit - heç kimdir!”
***
Elə həmin günlərdə əli xurcunlu katiblər, nazirlər oğurladıqları pullarla alınmış əntiq əşyaları Kremldəki ağalarına vermək üçün qapı ağzında növbə gözləyirdilər. Mazurova, Kapitonova, Kirilenkoya, Baybakova... Kremlin komendantına qədər əntiq əşyalar, cib xərcliyi aparırdılar. Hər gün yuxudan duran baş katibin qızı güldanda təzə-tər Azərbaycan qızılgülü görürdü...
Bu ölkədə arvadlar ərlərini vəzifəyə dəyişirdilər...
Bu respublikanın birinci katibinə, “bəsdir Bakını rəqs meydanına çevirdin!” - deyirdilər.
Heç kim nəticə çıxarmırdı... Katiblər dəyişir, pis vərdişlər qalırdı...
Elə bu gün də qalır... Əntiq əşyalar, adsız pul kartları... yenə yuxarılara gedir...
Neft və dollar iyi verən seçkilər haqqında rəylər yazılır...
Sovet totalitar rejiminin demokratiya gölgəsinə bürünmüş müstəqil Azərbaycan...
Yenə mafiya partiya libasında, nazir oliqarx vəzifəsində...
Vəzifəsi ilə milyonçu olanlar ölkəsi...
Heykəllər və muzeylər ölkəsi... Dövlət məsələləri ailə-quda əhatəsində həll edilir...
Elə buna görə sahibinin üzünə ağ olan moskvalı sosioloqun, alimin və nəhayət, onlarla azərbaycanlıya alimlik üçün dissertasiya yazan İlya Zemtsovun 1976-cı ildə Parisdə çap edilən kitabını dərc etmək qərarına gəldik.
“Siz Brejnevi, Axundovu, Əliyevi o qədər yaxından tanıyırsınız ki...”
Sosioloqun, keçmiş sovet professorunun, Azərbaycan KP MK informasiya bölməsinin müdirinin, bir vaxtlar ən yuxarıların inamını qazanmış bir adamın, sonradan imiqrantın, İsrail vətəndaşının yazdığı kitab dünyada niyə belə maraqla qarşılanmışdı? Kitabı oxumuş bir fransız, müəllifə məktubunda yazırdı: “Kitabınızda həddindən çox inandırıcı informasiya var, maraqlıdır və çox şey öyrənmək olar. Siz Brejnevi, Axundovu, Əliyevi o qədər yaxından tanıyırsınız ki, onların fikirlərini oxucularla bölüşürsünüz. Bu fikirlər oxucu üçün çox inandırıcıdır, bəlkə də həqiqətdir, desəm, yanılmaram. Xüsusilə çox maraqlıdır, sizin rəhbərləriniz nəyisə bilirlər, yoxsa bilmək istəyirlər? Nəyi bilmək istəyirlər? Görünür ki, çox şeyi bilmək istəmirlər, onlar yalnız Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və MK şöbələrinin verdiyi informasiyalarla kifayətlənirlər”.
Sistem başdan yalan və özünü aldatma, insanları əzmək üstündə qurulub. Bu da onunla nəticələnir ki, əsl həqiqəti görmək, bilmək mümkün olmur.
O, Heydər Əliyevin “saray sosioloqu” olmaq istəmədi
Sovetlər Ittifaqında bəlkə də nadir hadisəydi. Azərbaycanın “yiyəsi” olan Əliyevin sosioloq alim və azərbaycanlı olmayan bölmə müdiri nəyinə gərəkdi? Zemtsovun başçılıq etdiyi “saraydaxili informasiya xidməti” kimə nəzarət edəcəkdi? Axı Azərbaycan KP MK-da ideoloji katib vardı, ideologiya şöbəsi fəaliyyət göstərirdi...
Əlbəttə, “saray sosioloqu” hər şeyi sağaldan məlhəm deyil, o məxfiliyinə və siyasi cövhərinə görə tezliklə elmlikdən və məntiqdən uzaqlaşdı, MK-nın başqalarından fərqlənməyən bir şöbəsinə, bölməsinə çevrildi. “Saraydaxili sosioloq” ifadəsinin özü də təbii səslənmirdi, qondarma bir söz birləşməsindən başqa bir şey deyildi. Bu keyfiyyətlə “Əliyevin sosioloqu” yalnız partiya məmuru ola bilərdi.
İlya Zemtsov məmur ola bilmədi, ölkədən getdi. Kitaba şərh yazan bir imiqrant rusun qeyd etdiyi kimi “vicdanlı kitab” yazdı. Maraqlıdır, bəs “saray sosioloqu” Əliyevə hansı informasiyaları verirdi? Ərzaq çatışmır, çoxlu sayda insan qətlə yetirilir...
Bu informasiyalarla Qərb ölkələrini heyrətləndirmək mümkün deyildi, bununla ortadoksal bir kommunist məmurunu vəcdə gətirmək olardı. Çünki belə məmurlar “sosializmdə cinayət ola bilməz və olmamalıdır” yalanı ilə nəfəs alırdılar. Partiya rəhbəri üçün ölkə əhalisinin yarıdan çoxunun zirzəmilərdə yaşaması da faciə deyildi.
Əliyevi daha çox gizli iqtisadiyyat (“sexovşina”), aşağıdan yuxarıya, MK-ya qədər satın alınmağın və satılmağın mövcudluğunun sosial mənbələri və ətrafının birinciyə münasibəti, saray çəkişmələri maraqlandırırdı. Əliyev hakimiyyətə hazır “dosyelərlə” gəlmişdi və “partiya-sovet aparatını sındırmağı” qarşısına məqsəd qoymuşdu. Zemtsov Əliyevə yalnız sosioloji tədqiqatlar aparmaq, əhalinin narazılığının mənbələrini üzə çıxarmaq və həlli yollarını tapmaq təkliflərini vermirdi.
Zemtsov H.Əliyevlə üç ilə qədər işlədi. Və günlərin birində ölkədən getmək haqqında qərar verdi.
Ya sən İsrailə getməkdən imtina edirsən, ya da...
Bakı 1973-ci ilin axırı. Azərbaycan KP MK binası.
Əliyev İlya Zemtsovu yanına çağırır:
-Səninlə açıq danışmaq istəyirəm...
Əliyevin səsində qəribə bir sirr, daha doğrusu, məxfilik vardı, bir qədər də həyəcanlı idi. Mən ona bir də diqqətlə baxdım. Üzündə yaşıl bir kölgə vardı, gözlərindəki soyuqluq kənardan hiss edilirdi. Əlinin uzun barmaqlarını yumruq kimi düyünləmişdi, bir qədər titrəyirdi, amma intiqam hissi açıq sezilirdi.
-Bəsdir əzilib-büzüldün. Ya sən İsrailə getməkdən imtina edirsən, ya da...
Əliyev cəld əlini yellədi və otağın ortasında dayandı:
-Səni qorumayacağam. Sviqun zəng etmişdi, sənin məxfi materiallara girişinin olub-olmaması ilə maraqlandı.
Birdən sakitləşdi, düşündü:
-Mən “yox” dedim, təqribən yox...
-Mənə köçməyə icazə verəcəklər?
-Mağmun! - o, mənə mərhəmətlə baxdı, - həbsxana səni gözləyənlərdən ən dəhşətlisi deyil.
Əliyev çox cəld başını yellədi, əlini sonu olmayan qaranlığa sarı uzatdı:
-Sən respublikanı, nəhayət, məni biabır edirsən.
-Sizi?
-Əlbəttə, Dayanı, yox ki... Səni Mərkəzi Komitəyə işə götürməyi mən təklif etmişəm, o yox ki...
-Mənim orda olmağım daha yaxşıdır. Çünki orada Kapitonovun, Kvasovun əli mənə çatmayacaq.
-Şantaj edirsən?
-Siz nə danışırsınız? Heç cür, bu ağlıma belə gəlmir... Sadəcə, mənim başıma bir iş gəlsə, - mən həyəcanlanıram və çox sakit deyirəm, - danışacaqlar ki, xoşa gəlməyən şahiddən yaxa qurtarmaq üçün bütün bunları siz etmisiniz.
-Sən belə fikirləşirsən?
-Bəli.
-Belə ola bilər... Bu səni məhv edəcək.
Bu mənim Əliyevlə sonuncu görüşüm deyildi.
Ertəsi məni DIN-nin Pasport-Viza idarəsinə çağırdılar. Polkovnik İbrahimov mənə qarşı nəzakətli idi, amma baxışlarından soyuqluq yağırdı:
-Sizə hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?
Məəttəl qaldım. Mənimlə yenə ədəblə davranırdılar. Yəqin etdim ki, mənə İsrailə getməyə icazə verilib.
III hissə: “VİP restoranda Əliyevlə görüşəcəksən”
Heydər Əliyevin şəxsi sosioloqu onun haqqında nələr yazıb?
Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb.
***
Sovet İttifaqı təkbətək oğurlanmış 250 milyon nəfərdən ibarətdi. Onların arasında bütövlükdə oğurlanan bir respublika vardı. Bu respublikada insanlar gecə növbələrində yağış altında donurdular, bu ölkədə 3 uşaq anası özünü yandırırdı, çünki 13 il zirzəmidə yaşayırdı, bu ölkədə insanlar boğaza yığılıb Leninə 5 mərtəbəli əmlak-muzey tikintisinə etiraz səslərini muzeyin rəy kitabına yazırdılar: “Üfunətli meyit-heç kimdir!”.
***
Xəlilov mənə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 50 illiyinə həsr olunmuş kitab, daha doğrusu broşura yazmağı təklif etdi. “Azərbaycanın səxavətli torpağı” kitabını yazdım. Niyə də yazmamalıydım. Xəlilova “Azərbaycan etikasında humanizm ideyaları” mövzusunda doktorluq dissertasiyasını bir il tez yazmağa kömək göstərmişdim. Bu yaxınlarda isə doktorluq işi VAK-da təsdiq olunmuşdu və Azərbaycan “Bilik” cəmiyyətinin sədri təyin edilmişdi. Şagird hörmətli müəlliminə borclu qalmamışdı, Sov.İKP MK-nın Soçidəki sanatoriyasına iki putyovka gətirmişdi. Mən də həyat yoldaşımla bu sanatoriyada yaxşıca dincəlmişdim...
Bu gün Xəlilov daha əliaçıq görünürdü:
-Nə istəyirsən de, bütün istəklərini yerinə yetirməyə hazıram.
-Varlanmısan?
-Ondan da yaxşı bir iş olub. Kitab Əliyevin xoşuna gəlib.
-Əliyevin? Əliyevin bu məsələyə nə dəxli var?
Xəlilov lovğa-lovğa əlini kürəyimə çəkdi, bu an o hər sözü yerinə yetirməyə hazır idi. Onu Bakı Şəhər Partiya Komitəsi üzvlüyünə namizəd seçmişdilər, tezliklə respublika Ədliyyə naziri olacağına ümid edirdi.
Əliyev üçün kitab çap etdirmişdi.
Xəlilov “Bilik” cəmiyyətinin nəşriyyatında nəfis çap edilmiş kitabı qarşıma qoydu. Mənim yazdığım kitabdı, əvvəlini bir qədər dəyişmişdilər, bir də korafəhm bir nəticə yazmışdılar, əvvəlki yazı üslubundan fərqlənirdi, elə bil göydən düşmüşdü.
-Düzəlişləri kim edib? Tamam zay yazıblar.
Xəlilov xoşbəxt idi. Böyük addımlarla tullana-tullana yeriyirdi və dodaqaltı “Muğam” zümzümə edirdi. Elə bil “Moskva” mehmanxanasındakı otağı ölçürdü.
-Mühüm deyil. Əliyev professor Tokarjevskiyə redaktə etməyi tapşırdı. Bu onun qaydasıdır, üslubu tanımasınlar deyə belə edir.
-O bununla kitabı özününküləşdirib?
Xəlilov istehzamı başa düşmədi...
-Sən nə danışırsan? Əliyev kitabı götürüb vərəqləyib. Yüz metrdən bilinir ki, sənin üslubundur. Çoxmənalı bir göz vurdu,- mənim dissertasiyamda olduğu kimi...
Beləliklə, sabah saat 3-də Barxivedə ol,- bilirsən, orda birinci şəxslər üçün restoran var. Əliyev orda səninlə görüşəcək. Mühüm söhbət var. Maşın lazımdır? Yox? Nə? Məşğulsan? Səfehlik eləmə! Bu, tarixi bir görüşdür.
Xəlilov nadinc uşaq kimi ordunu şişirtdi və güldü...
***
Bakı ağ gəlin kimi geyinmişdi. Qoca Xəzərin dalğaları şahə qalxırdı.
-Deməli, gedirsən?
-Bəli.
-Yüksəlişdə heç nəyə nail ola bilmədin, heç olmasa çalış axsayanda nəyəsə çatasan... Dəli...
-Kim?
Əliyev qaşqabaqla mənə baxdı:
-Həqiqətən kim?- üzünü çevirdi. Əliyev bu gün çox mərhəmətli görünürdü.
Ön söz əvəzi
Bu hekayətlər sənədli povest deyil, sənədlərin dili ilə acı bir həqiqətdir. Sənədlər olduğu kimi bəzən redəktəsiz təqdim olunub.
Heydər Əliyev 1969-cu il Azərbaycan KP MK-nın avqust plenumunda demişdi: “Tarix - Leninizmin tarixidir, Leninin dahi ideyalarının həyata keçirilməsi tarixidir”.
Bu plenum V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığa həsr edilmişdi. Amma H.Əliyev 22 dəfə Leonid Iliçin adını çəkdi və hər dəfə zal sürəkli və davamlı alqışlarla baş katibin adını salamladı.
Bu plenumdan bir neçə ay sonra baş verənlərə diqqət yetirək.
Zemtsov yazır: “1970-ci ilin fevral ayının 13-də Gəncədə 42 yaşlı, 3 uşaq anası, ibtidai təhsilli, tək ana üstünə ağ neft tökərək özünü yandırıb. O, 3 uşaqla 13 il zirzəmidə yaşamışdı, 19 dəfə şəhər İcraiyyə Komitəsinə ev almaqla bağlı müraciət etmişdi. 20-ci dəfə aldığı rədd cavabına dözə bilmədi. Mərhumun yazdığı məktubda deyilirdi: ”İndi verərlər!".
1972-ci il. Lenin adına muzeyin direktoru Bağırovun Azərbaycan KP MK-ya yazdığı məlumatdan: “1972-ci il may ayının 4-də muzeyin rəylər kitabına xuliqancasına qeydlər yazılmışdır: ”Üfunətli meyit heç kimdir! - ona 5 mərtəbəli malikanə tikmisiniz, amma insanlar hələ də baraklarda yaşayırlar. Zavağzalnı küçəsinə gəlin və gözlərinizlə görün!".
Başlanğıc... Göyərçinlərin batırdığı büst və torpaq rəngində adamlar
Nədən başlamalı? Bu həmişə çətindir. Bəlkə adi hadisələrdən başlayaq, bayağı mülahizələri bir yana qoyaq.
Növbələr... Aramsız yağışdan evin divarına sığınan insanların həyəcanı, qorxu hissi, mərhəmət istəməsi aydın görünürdü. Burda, Azərbaycanın qərbində yerləşən Kirovbadda (Gəncədə) belə növbələrin sayı yüzə çatır. Növbədə duranların sifətləri ağarıb, torpaq rəngindədir, qan işartısı görünmür.
Sifətlərdən ümidsizlik, taleləri ilə barışmaq, arsızlıq, itaətkarlıq yağır. Ayaqqabıları cırıq-cırıqdır, üst-başları kir-pas içindədir. Bütün gecəni aramsız yağış altında növbədə durublar.
Qonşuluqda cinayət axtarışı idarəsinin boz sütunlu binası yerləşir. Giriş qapısının yanına elan lövhəsi vurulub. “Milis tərəfindən axtarılır!”. Lövhənin ortasında görüntüləri ilə nifrət oyadan qatillərin, oğruların, zorakılıq törədənlərin şəkilləri asılıb. Kiçik bağdakı mərmər özülün üstündəki bürünc adamın büstünü göyərçinlər batırıb. Bürünc adam bir əlində şapkasını tutub, o biri əlini yoldan keçənlərə uzadıb. Mənə elə gəlir ki, bürünc adam çox ağır fikrə dalıb, özünə “mən belə cəmiyyət yaratmaq istəyirdim” sualını verib və yerindən qopub kütləyə qoşulmaq istəyir.
Növbədəki insanlar isə çarəsizliyin əsiridirlər. Bu təhqir olunmuşlar xəyallarına güc verib batırılmış büst kimi yerlərindən bir himlə qopacaqlarını gözləyirlər və... Gözlərinin önünə yaxınlıqdakı lövhə gəlir: “Milis tərəfindən axtarılır!”.
Dünən olduğu kimi elə bu gün də qaşqabaqlı dəstə sakitdir. Əmin-amanlıq yaradan sahə müvəkkili işsizlikdən saatına baxır, özünü düzəldir və səhərin açılmasını gözləyir. Səhər növbə genişlənəcək və uzanacaq, onda qələmlə ovuclara yazılmış nömrələri yoxlamağa ehtiyac olacaq.
1969-cu ildə Azərbaycanda məhsul az olmuşdu. Moskva qarşısında raport vermək üçün məhsulun çoxu kolxoz və sovxozlardan alınmışdı. Moskva qarşısında öyünmək üçün kəndlini ac, şəhərliləri isə növbələrə düzmüşdülər.
1969-cu ilin iyul ayının 14-də Azərbaycan KP MK-nın fövqəladə plenumunda deyiləcəkdi: respublika korrupsiya məngənəsində sıxılır. Bu, respublika rəhbərliyinin “yarıtmaz subyektiv rəhbərliyinin” nəticəsidir.
Bir məruzənin ömrü qədər
Hələ aprelin 14-dür... Opera teatrında partiya-təsərrüfat fəallarının yığıncağı keçirilir. Zal ayaq üstə birinci katib Vəli Axundovu salamlayır.
Həmin zalda nələr danışıldığını bir yana qoyaq. Mərkəzi Komitənin şöbələrinin verdiyi xidməti məlumatı nəzərdən keçirək. Fəallar yığıncağı günü 98 sənaye müəssisəsi işləmirdi, xammal gətirilməmişdi. Sovxozlarda işçilərə əmək haqqı ödənilmirdi. Kənd Təsərrüfatı Nazirliyi əmək haqqı fondunu dağıtmışdı.
Axundov tribunada çıxış edən gün 196 oğurluq, 92 zorakılıq hadisəsi baş vermişdi. Birinci katib çıxışını sona yetirəndə ölkədə 12 nəfər öldürülmüşdü, xəstəxanalarda 72 nəfərə ilkin yardım göstərilmişdi. İdarə rəisi polkovnik Rzayev düşünürdü, bəlkə zorakılığa məruz qalanlarla bağlı cinayətləri axşama kimi qeydə almasın, onlardan kimsə abrına qısılıb ərizəsini geri götürə bilər.
Axundov 1755 nəfərə səmimi qəbul və alqışlar üçün minnətdarlıq etdiyi an Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 49 min nəfər yaşlı adam oxuyub yaza bilmirdi, 32 min uşaq məktəbdən yayınmışdı. Bakıda Semaşko adına xəstəxanada həkimlər general Rojkov ezamiyyətdə olduğu üçün uşağını kor bağırsaqdan operasiya etməkdən imtina edirdilər, çünki ailə həkimə verməyə 200 manat tapa bilməmişdi. Azərbaycanda yaşayış evlərinin çoxunda su, elektrik enerjisi, tualet yoxdu, bu, bütünlükdə Qərbi Avropadakı belə evlərdən çoxdu. Bakı əhalisinin 32 faizi kommunal mənzillərdə yaşayırdı, adambaşına 10 kvadratmetr yaşayış sahəsi düşürdü. Ölkədə nifrət at çapırdı.
IV hissə: Azərbaycan mafiyası 70-ci illərdə
Səfalət içində yaşayan insanlar özlərinə od vurub yandırırdılar
Respublika başçılarının hər biri Moskvada özünə bir “dayı” tuturdu
Asan qazanc yanğısı, bəlkə də partiya rəhbərlərinin acgözlüyünün havası ilə yaşamaq Azərbaycanı dözülməz hala salmışdı; himayəçilik, yerlibazlıq baş alıb gedirdi. Qadınlar ərlərini vəzifəyə dəyişirdilər, dövlət problemləri ailə əhatəsində həll edilirdi. Ölkə çoxdan vəzifə-qohumluq iyerarxiyasına görə təsir dairəsinə bölüşdürülmüşdü. Rüşvətxorluq, hər şeyin alınıb satılması həyat tərzinə çevrilirdi. Bütün bunları ölkədə hamı bilirdi, bütün bunlardan hamı danışırdı. “Partiyanın ağıl və vicdan olduğu” iyulun 14-də yada düşəcəkdi, həmin gün Axundov başqa işə keçiriləcəkdi...
Bir an yaşlı bir qadın polislərin əlindən çıxaraq özünü Axundovun qarşısına atır. Dizləri üstünə çökür, imdad istəyir. 11 nəfərlik ailə 15 ildir zirzəmidə yaşayır. Uşaqlar malyariya xəstəliyinə tutulub. 92 yaşlı qocasının ayaqları tutulub.
Hamı ürəyi yumşaq Axundovdan və hər şeydə mənfəət güdən ətrafından, onu necə aldatmağından danışırdı. Elə bilirdilər ki, Axundovla görüşsələr yamanlığın yerini ədalət tutacaq. Amma çox vaxt ədalət xalqdan qaçırdı, necə deyərlər, arxa qapıdan gedirdi. Bəzən də milis onları qovurdu ki, ədalətə əlləri çatmasın, onun özü ilə deyil, xəyalları ilə yaşasınlar. Bir dəfə Gəncədə Axundovun maşınına hücum etmişdilər. Maşında mühafizəçi Əsgər oturmuşdu. Bir daha aldanmış adamlar yenə küçələrə düşüb ədalət sahibini axtarmışdılar. Əsgərsə gülümsəyərdi. Hökumət “Çayka”sında mühafizəçi gəzirdi, “Volqa”da - Axundov. Əsgər vəzifəsini yerinə yetirirdi, heç kimin qarşısında öyünmürdü. Bilirdi ki, bir gün mükafatlandıracaqlar. 34 yaşında polkovnik leytenantdı, partiya məmuru olmaq barədə düşünürdü. Niyə də düşünməsin? Əvvəlki mühafizəçi Sadıxov Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdu.
Kazinoda uduzmaqla özünə hörmət qazanırdı
Azərbaycan KP MK katiblərinin hər birinin Moskvada öz himayəçisi vardı. Axundovun adamı Kirilenko idi. Üçüncü katib Cəfərovu Trapeznikova himayə edirdi. Seyidovun adamı Polyanskaya, Nazirlər Soveti sədri Əlixanovun arxasında Mazurov, ikinci katib Kozlovu Kapitonov, Ali Sovetin sədri M.İsgəndərovu Orqanov himayə edirdi. Sənaye üzrə katib Əmirovun bir neçə şefi vardı: Dövlət Plan Komitəsində Baybakov, Nazirlər Sovetində Mazurov, Sov.İKP MK-da Pavlov. Buna görə də Əmirova qarşı Moskvada daha isti münasibət göstərilirdi. Onun doktorluq işini müdafiə etmədən təsdiqlədilər, istədi, Lenin mükafatı verdilər. Paxıllığını çəkənlər deyirdilər ki, Əmirovun gücü bilyarddadır. Bacarıqsız oynayır, həmişə uduzur. Mərc pulu qoyanda xəsislik etmir. Ən azı 2-3 min qoyur. Çünki həmişə yetərli adamlarla oynayırdı, Sov.İKP MK işlər müdiri Georgi Pavlovla, şöbə müdirləri Frolov və Buşevlə, Plan Komitəsinin sədri Baybakov və başqaları ilə. Bilərəkdən uduzmaq Əmirovun kəşfi idi və bu yolla Kremlin ortabablarına “çörək pulu” verirdi.
Zemtsov yazır: Bu partiya bosslarının arasında ən çox istənilən Baybakov idi. Azərbaycanda hamı onu bakılı hesab edirdi. Dara düşən onun yanına qaçırdı. Baybakovun qapısı və qəlbi bu “sevimli” bakılıların üzünə həmişə açıqdı. Azərbaycanda birinci katiblər, nazirlər dəyişirdi, köhnələr gedir, yenilər gəlirdi. Amma hamının yolu Baybakovun evindən, bağından düşürdü. Bu əliaçıq məmurlar onun əntiq əşyalar dolu otağını yeni eksponatla zənginləşdirirdilər. Özü də yarışa çıxırdılar, daha qiymətlisini hədiyyə edirdilər. Baybakovun adı da Lenin mükafatına namizədlər siyahısına yarınmaq məqsədi ilə salınmışdı. Bu mükafatı alan Plan Komitəsinin sədri daha çox bakılı olmaq üçün can-başla çalışırdı.
İnsanlar növbələrdə can verirdilər, zirzəmidə dünyalarını dəyişirdilər, kommunist nökərlər isə ağayana bəxşişlərlə qapı ağzında növbə gözləyirdilər. Xalqla rastlaşmasınlar deyə mühafizəçini öz yerində oturdub, dal qapıdan qaçırdılar. Bəs bu hədiyyələr, bəxşişlər, yaltaqlıqla bilyardda uduzdurulan pullar haradan gəlirdi? Partiya büdcəsində belə hallar üçün vəsait ayrılmamışdı. Bu münasibətlər ayrı-ayrı məmurlardan, heç respublikalardan da asılı deyildi; bu, SSRI-də vəzifəliyə yarınmaq prinsipiydi, illərlə formalaşmışdı. Mərkəzi Komitənin, yaxud Nazirlər Sovetinin nomenklaturası olan vəzifəni tutmaq üçün qabiliyyət və savad, elmi dərəcə hər şey deyildi. Bunun üçün sədlər aşmaq fərasətin olmalıydı. Hakimiyyətdə daha çox qalmaq üçün mənliyi, prinsipi olmayan nökər rolu oynamalısan...
***
Bütün ümumiləşdirmələr şərtidir. Yaddaşımda vicdanlı məmurlar da qalıb. Çox az olan bu adamlardan biri də Ali və Orta Təhsil naziri Qurban Əliyev idi. Onunla uzun illər ünsiyyətdə olmuşdum. Amma bir məsələni başa düşə bilmirdim. Bu peşəkar partiya işçisi əlini korrupsiyaya, büdcədən oğurlamağa bulaşdırmadan necə yaşaya bilmişdi? Özümü inandırmağa çalışırdım ki, hiyləgərliklə cildə girmək (qılaflanmaq), özünü ağıllı yırtıcı kimi göstərmək, məqam gözləməkdir. Amma Qurban Əliyev mənim yaddaşımda xeyirxah işlər görən təmiz bir adam kimi qaldı.
İqtisadi cinayətlər zənciri. Oğurlanmış 250 milyon nəfər
Azərbaycanda təkbaşına iqtisadi cinayət törətmək mümkün deyildi. Cinayətkar dairəyə minlərlə adam cəlb edilirdi; burda anbardardan nazirə, briqadirdən katibə qədər hamı iştirak edirdi.
Artıq sovet cəmiyyəti çevikliyini itirib, laxtalanıb və durğunluq dövrünü yaşayır. Ondan mənəviyyatlı bir forma yaratmaq mümkün deyil. İnsanlar özlərini ümumi işin tərkib hissəsi hesab etmirlər, onlar nəticələrə görə burdan uzaqlaşdırılıblar. İndi insanı öz vicdanı ilə əməliyyat aparmaqdan çəkindirən bir şey qalmayıb. İdeallar gülüş mənbəyidir, söz dəyərdən düşüb, məzmunsuz səs toplumuna çevrilib. Yeganə qiymətləndirmə mənbəyi puldur, o insanın imkanlarını güclə əridir, məğrurluğunu və sabitliyini əlindən alır. Sovet cəmiyyəti tək-tək oğurlanmış 250 milyon nəfərdir, onların bu sədləri aşmaq, qanunu qanunsuzluqdan fərqləndirmək imkanları var. Cəmiyyət real bir dilemma - yoxsulluq qarşısında qalıb (Əmək haqqı ilə yalnız sürünmək mümkündür). İqtisadçılar çəkinə-çəkinə hesabladıqlarına görə ölkədə yaşamaq üçün minimum 92 manat 50 qəpik lazımdır. SSRİ-də əhalinin orta gəliri 53 manatdır. Tox yaşamağın yolu cinayətlərdən keçir. Acından ölməmək üçün insanlar bu yolu seçirlər. Kiminçünsə oğurlamaq cinayətdirsə, özümü niyə yaddan çıxarım prinsipə çevrilir.
Belə bir təcrübəyə diqqət yetirək. Bakı 1970-ci il. Sex rəisi Daşdəmirov. Boya istehsalı sexi. Bu sexdə cinayətin törədilməsi ardıcıllığını izləyək. Boyanın hazırlanması üçün ağ boyaq, bitki yağı lazımdır. Sex rəisi bunları keyfiyyətsiz surroqatlarla,- təbaşir və assidolla dəyişir. Nəticədə məhsulun maya dəyəri 30 dəfə aşağı düşür. Cinayət törətməyin yolu tapılıb. Qalır bu surroqatları tapmaq. Daşdəmirov xammal almaq üçün Yaroslavla gedir. 2-3 manat rüşvət verməklə Bakıya 500 ton saxta əvəzedici gətirir. Nəticədə 300 ton əvəzinə 600 ton boya istehsal olunur. Plan 120 faiz yerinə yetirilir. Yerdə qalan sənədlərlə mağazalara verilir. Pulun 20-25 faizi mağaza müdirində qalır, qalanı nağd şəkildə sex rəisinə verilir.
“Rəngli” korrupsiya əməliyyatları
Rəngin maya dəyəri neçəyə başa gəlirdi? Hesabladıq. Bir litri 2 rubla satılırdı. Hər ay sexdə 300 ton əlavə boya istehsal edilirdi. Bu da ən azı 600 min rubl deməkdi. Rəngin sexdən mağazaya göndərilməsi sxemini aşkarlamaq mümkün deyildi. Hər şey sənədləşdirilirdi. Ən səlahiyyətli komissiya belə bu cinayətin üstünü aça bilmirdi. Azərbaycanda pambıq, digər kənd təsərrüfatı məhsulları, neftin özü də bu sxemlə saxtalaşdırılır, gizli satılır, rəqəmlər şişirdilirdi. Saxta planlar bu yolla həyata keçirilirdi. Eyni nömrəli qaimə ilə başqa tarixlə də mağazaya mal göndərilirdi.
Boya satılan kimi mağaza qaimələri sexə qaytarırdı və sənədlər məhv edilirdi.
V hissə: Heydər Əliyev prinsiplərini necə dəyişdi?
Azərbaycanın yoxsul xalqına milyonerlər başçılıq edirdilər
Bu respublika Sovet korrupsiya sisteminin bir hissəsi idi
Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb.
Mənim yazdığım bu sistem bir sexə, zavoda, respublikaya aid deyildi. SSRİ-də belə sistemə işləyən minlərlə sex, zavod və fabrik vardı. Məhsulun çeşidi, onu həyata keçirən, yaxud yiyəlik edən məmurların kiçikliyi və yaxud böyüklüyü dəyişə bilərdi, bir də yerləşdiyi şəhər, respublika. Amma cinayətin strukturu dəyişmirdi, baha xammal daha ucuzu ilə əvəzlənirdi, yaxud gizli xammal alınırdı, bəzən bunların hər ikisi bir yerdə həyata keçirilirdi. Qeydsiz malların satış yolları da belə qurulmuşdu. Məsələn, İvanov toxuculuq kombinatında yaylıqlar və papaqlar toxunurdu. Adi bir qənaətlə hər il kombinatda kimlərsə milyonlar qazanırdı. 1971-ci ildə yaylıqlar standarta uyğun gəlmədi. Uzunluğu 18 sm qısa, çəkisi 31 qram azdı. İldə kombinatda bu yaylıqdan 800 min ədəd toxunurdu.
Riqadakı radio zavodunda, məşhur VEF-də diodların sayını bir ədəd azaltmaqla 82 qəpik qazanmaq mümkün olurdu. Hər il bu zavodda 182 min radio yığılırdı.
Kremlin bir addımlığında yerləşən saat zavodunda “Çayka” qadın və “Polyot” kişi saatlarında bir qiymətli daş əskik qoyulurdu. Burada hər il 750 min cüt saat buraxılırdı. 1970-ci ildə cinayətin üstü açıldı. Brejnevin bir deyimi ilə cinayət işi bağlandı: “O gün uzaq deyil, bütün dünya saatlarını bizim saatlara görə düzəldəcək!”.
Rüşvət dayanacaqları
Beləliklə, milyonlarla rubl yüzlərlə zirək, məharətli, ağıllı və fərasətli kommersantların əlində toplanırdı. Onlar kim idi? Sovet milisləri? Milyonçular, həm hə, həm də yox. Bu böyük pullar bu əllərdə də qalmırdı.
Korrupsiya nərdivanı necə təşkil edilmişdi? Azərbaycanda əməkhaqqı ilə yaxşı yaşamaq mümkün deyildi. Amma rəhbərlik yaxşı yaşayırdı. Bu da aydın idi: onlar yalnız əmək haqqı ilə dolanmırdılar. Və burda ortaya bölüşdürmək məsələsi çıxırdı. Böyük cinayət qazanını qaynadanların bölüşmə prinsipi də çox maraqlı idi. Necə bölüşməli, kimə verməli və nə qədər verməli? Bu sualı verənlər birinci, ikinci dəfə korfəhmlik edə bilərdilər. Zavodlarda, kolxozlarda, xəstəxanalarda maaşlar gecikə bilərdi, içi pul dolu zərflər, meyvə və ərzaq dolu səbətlər vaxtında çatdırılırdı. Fövqəladə hallar da olurdu: Rayon və şəhərlər üçün Bakıdan, Bakı üçün Kremldən gələnləri yola salmaq lazım gəlirdi. Ölkə rüşvət vermək üçün dayanacaqlara bölünmüşdü.
Birinci korrupsiya dayanacağı
Elə biz də birinci dayanacaqda ayaq saxlayaq: milis və prokurorluq. Rayon milis şöbəsi rəisinin aylıq əmək haqqı 200-250 rubl idi, prokuror ondan bir qədər az - 150-180 rubl alırdı. Onlara nə qədər vermək lazımdı ki, imtina etməsinlər. Birinciyə 2000 rubl, ikinciyə yarısı kifayətdi. Əmək haqqı ilə ayı aya calamaq mümkün deyildi. Milis rəisi də, prokuror da yuxarıdan asılı adamlardı, onlar şəhər, respublika rəislərini də görməliydilər, onların da payını vermək lazımdı. Axı Azərbaycanda hər bir vəzifənin satınalma qiyməti var. 1969-cu ildə milis rəisi getmək üçün 50 min rubl, prokuror təyin olunmaq üçün 30 min rubl vermək lazım gəlirdi. Rüşvət aşağılardan alınır, yuxarılara verilirdi. Sonra həm yuxarılara, həm də aşağılara aylıq haqq qoyulurdu. Qanun nəzarətçiləri də rüşvət mənbələrini pis vəziyyətdə qoymurdular, ədavətli, kinli adamın anonim məlumatlarını fəndgirliklə gizlədir, zəhmli komissiya gəlməsi barədə əvvəlcədən xəbər verirdilər. Elə fikirləşməyin ki, bütünlükdə prokurorluq və milis birinci dayanacaqda ağzını açıb kiçiklərin əlidolu gəlişini gözləyənlərin əlindədir. Onlara da cinayətlərin açılması, profilaktikası ilə bağlı plan qoyulmuşdu. Bir də rüşvət versən də, bu vəzifə əbədi sayılmırdı. Yuxarıda əmin olan kimi, yerinizdə daha çox ödəyə bilənlər var, sizi işdən çıxaracaqdılar. Qəfil yoxlamadan heç kim sığortalanmamışdı, buna görə də belə halların haqqı da sizin boynunuza düşürdü.
İkinci korrupsiya dayanacaqları
İkinci dayanacaqda “insanların şərəf və vicdanı” - Kommunist Partiyası əlini və cibini açıb sizi gözləyirdi. Rayon partiya komitələrinə birləşdirici qovşaqlar deyirdilər. Çünki burada “yuxarı”dan gələn siqnalların və “aşağı”dan edilən şikayətlərin qovuşduğu məkandı. Burda rüşvət birinci katibə, rayonun əlahiddə sahibinə ödənilirdi, kolxoz və sovxoz rəhbərləri kənd təsərrüfatı üzrə müavinin gözünü yolda qoymurdular.
Bu dayanacaqda rüşvətin məbləği artırdı. Məsələn, rayonların çoxunda birinci katib 30 min rubl, katib isə 20 min rubl alırdı. Hakimlərə 3-4 min, elə bu qədər də Xalq Nəzarəti Komitəsinin sədrinə verilirdi.
Növbəti korrupsiya mərhələsi
Növbəti dayanacaqda birinci və ikinci dayanacaqda yığılan rüşvətdən pay gözləyirdilər. Burda ranqa və vəzifəyə görə rüşvətin məbləği müəyyənləşirdi. Şəhər, vilayət, respublika səviyyəsində rüşvət veriləcək adamların sayı və qiyməti silsilə ilə artırdı. DİN-də bölmə və şöbə rəisləri, şəhər prokuroru, respublika və i.a. Ümumilikdə, 30-50 nəfərə qədər adama aylıq haqq ödəmək lazım gəlirdi... Ölkədə kabinetlər qəribə bir bazarı xatırladırdı. Kolxoz bazarından rüşvət bazarlarının bircə fərqi vardı. Qiyməti aşağı salmaq üçün boğazını ağrıtmağa imkan verilmirdi.
Heydər Əliyevlə birinci görüşümü xatırlayıram.
-Deyirsiniz ki, cəza kömək etmir, əksinə daha da qəddarlaşdırır. Düşmənçiliyi dərinləşdirir, daha da qəddar addımlar atmağa təhrik edir. Azadlığa çıxan adam qanundan yan keçir, həbsxanalarda ona qarşı edilən haqsızlığa görə hayıf çıxmağa çalışır. Bununla barışa bilirəm. Yaddan çıxarmayın: elm adamı kimi əxlaqdan dəm vura bilərsən. Bəs sadə adam nə etsin? Barışsınmı? Şikayət etsinmi? Kimə?
Əliyev hiss edirdi ki, onun inamla danışması təəssürat yaradır, daha açıq danışmağa başladı.
-Çoxdan Azərbaycandasan? Burada doğulmusan? Hallı (duxançik) adamı təsəvvür edirsən, bilirsən o kimdir? Tutaq ki, Lənkəranda, yaxud elə Bakıda... Yaxşı geyinmiş “cənablar”, kürəklərində bir neçə dəfə məhkumluq var,- çox ağıllı etik davranışla hakim, yaxud partiya işçisi ilə nahar edirlər. Yaxud çay stolu arxasında, - bizdə çay içməyi sevirlər, sövdələşib razılığa gəlirlər. Təəssüf ki bunlar xülya deyil, həqiqətdir. Bu hakimin, partiya işçisinin kimliyi məlumdur. Onlar indi həbs ediliblər. Respublika qəzetlərini oxuyursan? Sosioloq üçün çox faydalıdır? İndi bizim üçün ən mühümü materialları toplayıb təhlil etməkdir. Respublikada vəziyyət çox mürəkkəbdir, statistik məlumatlara inanmaq olmur. Partiya mənbələri köməksizdir. Bizə informasiya mərkəzi lazımdır. Birbaşa katibliyə tabe olacaq. Siz razı olsanız, Sov.İKP MK-da problem olmayacaq.
Çox düşündüm. Əliyev maraqlı adamdır, həm də nüfuzludur. Vaxt qazanmaq üçün dedim:
-Mən aliməm.
-Əladır. Bizə məhz sosioloq lazımdır. Sizin tədqiqatlarınızdan xəbərim var. Bilirsiniz, bizim üçün sosioloji yanaşma çox mühümdür. Alimin aparatdan deyil, kənardan olması, yeni baxışdır, mühüm amillərdən biridir. Bundan başqa, katiblərlə fikir mübadiləsi aparmaq imkanı qazanacaqsınız.
Düşünürəm. Moskvada akademiklər - Rumyantsev və Osipovla danışdıqlarımızı həyata keçirə bilərəm. Bir rayonda, şəhərdə sosioloji sorğu aparıb cəmiyyətin hara getdiyini müəyyənləşdirə bilərəm. Bunları nə qədər reallaşdıra biləcəyəm? Real həyata dönməm gərəkdir.
Razı oluram. Alınacaqmı? Əliyev razıdır. Büro iclaslarında katibləri və nazirləri diqqətlə dinləyirdi, sonra sakit və faktlarla, hərdən qeydlərinə gözucu baxmaqla deyirdi: “Müzakirə edilən məsələ ilə bağlı dedikləriniz real vəziyyəti əks etdirmir. Həqiqətsə belədir. Siz faktları saxtalaşdırırsınız”.
Büronun qəbul etdiyi qərarda isə yazılırdı: “Büro Bəşirzadənin çıxışı ilə bağlı narahatlığını diqqətə çatdıraraq qeyd edir ki, o, çıxışında rəhbərlik etdiyi nazirlikdə vəziyyəti obyektiv təhlil etmək, nöqsanları aradan qaldırmaq, çıxış yolları göstərmək əvəzinə özünü tərifləməklə, görülmüş işləri şişirtməklə məşğul olmuşdur” (5 aprel 1972-ci il, protokoldan).
Büro üzvlərinin özləri də məəttəl qalırdılar: Əliyev bu qədər hərtərəfli və düzgün məlumatları haradan alırdı? Yoxsa Təhlükəsizlik Komitəsindən alırdı, nazirlikdən kimsə gizli məlumat ötürürdümü? Çox keçmədi bu məsələ də aydınlaşdı. Bütün bunları informasiya bölməsi hazırlayırdı. Bundan sonra sosioloqlara düşmən gözü ilə baxdılar, çəkindilər.
İtirilmiş inam
Getdikcə Əliyevin də bizə inamı itdi. Görünür, alternativ informasiya mənbəyinə ehtiyac qalmırdı. Çünki MK şöbələrinin verdiyi informasiyalarla bizim informasiyalar əks-qütb təşkil edirdi. Əliyev də prinsipini dəyişmişdi: Hər şeyə şübhə ilə yanaşırdı, yəni təriflənəni söyürdü, söyüləni tərifləyirdi. Bu şəraitdə obyektiv informasiya toplamaq, təhlil etmək, nəticə çıxarmaq mümkün deyildi. Biz əsas məqsəddən tamam uzaqlaşdıq, təsnifat və çeşidləmə ilə məşğul olduq. Bölmə əməkdaşları daha çox birinci katibə məruzə və məqalə yazırdılar. İnformasiya toplamaq yenə KQB-nin inhisarına qaytarıldı.
VI hissə: Heydər Əliyevdən qorxmayan o adam kim idi?
Bakının başçısı ilə valyuta alverçisini nə birləşdirirdi?
Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan
Sən Moskvaya gedirsən... mən isə xərçəngəm
Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb
Kommunistsənsə, azad deyilsən...
Özüm üçün çoxdan yəqin etmişdim: kommunist kimi azad olmaq mümkün deyil. Mən kimin üçünsə alət və vasitəyə çevrilə bilməzdim. Mən Əliyevlə daha yaxından tanış olandan sonra bunu bir daha yəqin etdim. Onun məqsədə çatmaq üçün istifadə etdiyi vasitələr mənim vicdan prinsiplərimə yaddı. Mən Rusiyadan getmək qərarına gəldim. İkiüzlülük olub və olacaq, vicdanla yaşamaq istəyirsənsə, ya mübarizə aparmalısan, ya da çıxıb getməlisən. Getmək yaxşı arzuydu, amma çox çətindi. Çünki birinci dəfə görürdüm ki, dostlar necə də asan səndən üz döndərə bilərlər, yazıqları gələr, kömək etməyə cəsarətləri çatmaz. Alçalmamağa cəhd göstərirsən, tək qalırsan. Həqiqətə qovuşanda daha bir istəyin külə dönür. Bəlkə də küldən öd törəməsi üçün... İnsanlar reallıqla arzularının qovuşacağına inanırlar.
Yaltaqlar xoru və akademikin “səriştəsizliyi”
Əliyevin səs-küylü yaltaqlar xorunda karyera qazandıran bir amili unutmaq olmaz: burda daimilik yoxdur, münasibətlərin yaxşılığı müvəqqətidir və səni cəzadan bir müddət sığortalayır. Bu xorda bir adamın, MK katibi Cəfərovun öz sözünü demək cəsarəti vardı, o bəzən çox məharətlə sözləri oynatmaqla birbaşa Əliyevin fikirlərinə, əsassız qərarlarına qarşı çıxırdı. O, çox savadlı və ağılı idi. Bilirdi ki, onsuz da Əliyev onu işdən çıxaracaq. Ancaq Əliyev onu vəzifədə saxlayırdı, zahirən özünü bitərəf göstərir, başqaları vasitəsi ilə gizli şəkildə, məharətlə ona qarşı hücuma keçirdi. Bu, Əliyev idarəçiliyinə xas bir üslubdu, xəyanətkar, qaba, başqalarına meydan oxuyan bir üslub...
Büro iclaslarında, yaxud plenumlarda kimsə Cəfərovun rəqibi rolunu öz üzərinə götürərdi. Onu yeri gəldi, gəlmədi söyərdilər, məsələn, Rus Dram Teatrına lazım olandan çox gedir, deməli, milli incəsənətə sayğılı deyil, onun öz kitablarını çap etdirməsini xidməti vəzifədən sui-istifadə kimi qiymətləndirir, səriştəsizliyini isə akademik olması ilə bağlayırdılar.
Cəfər Cəfərov Əliyevin əsas kartını açacağı günü gözləyirdi. Onun günahı vardımı: hədiyyələr hesabına dəniz sahilində iki bağ evi tikdirmişdi, Şərqdə qohumluq münasibətləri müqəddəs sayılır, - qohumu olan gəncləri Bakıya gətirir, instituta düzəldir, ev almalarına kömək göstərirdi. Əliyev Cəfərovu çıxarmağa tələsmirdi, o, Axundovdan MK-da qalan yeganə katibdi. Cəfərovun müxalifətçiliyi SSRI-də qeyri-adi görünürdü. Çünki burada yalnız “hə” deyənlərin deyil, bir nəfər “yox” deyənin, Cəfərovun da səsi eşidilirdi.
Məndən hərdən soruşurlar, büro iclasları necə keçirilirdi, orada müxtəlif fikirlilik mümkündümü? Həm hə deyə bilərəm, həm də yox! Çünki büroda müxtəlif təhsilli və maraq dairəsi olan adamlar toplaşır. Çünki partiya təcrübəsi bu adamları vahid düşüncə formasına salıb, onları seçərkən müəyyən keyfiyyəti və xasiyyəti olanlar və daha çox burada qalmaq istəyənlər düşür. Buna görə də əks fikirlilik ordaca qalır. Bu yalnız təzə gələndə, yaxud gedəndə mümkün olur.
Nəhayət, Cəfərovu işdən çıxardılar. Həmin ərəfədə o mənə zəng etmişdi:
-Sən “Pravda” qəzetinə məqalə yazmısan?
-Mən yazmamışam. Suxodayev yazıb.
-Yalan deyirsən. Hər halda, yaxşı deyil. İki xəbər var. Biri çox mühümdür, biri isə pisdir. Səni Moskvaya aparırlar, qurultayın sənədlərini redaktə edəcəksən. Və Əliyevi gözləyəcəksən. Onu Sov.İKP MK-ya katib aparırlar. Başqa xəbərsə mənim xərçəng olmağımla bağlıdır. Dəfn mərasiminə gələcəksən?
***
Partiya getdikcə “şərəf və vicdan”lıqdan çıxırdı. Düz adamlar belə alıb kiməsə verdikləri puldan “qorxu əvəzi” götürürdülər. Bir-iki min görəndən sonra “başqalarından nəyim əskikdir?” fikrinə düşürdülər. Çünki insanlar çox halda ələ düşən imkandan istifadə etmədiklərinə görə sonradan peşmançılıq hissi keçirir, özlərini qınayırlar. Cəmiyyətdə belə fikir formalaşıb: oğurlaya bilənə deyirlər ki, yaşamağı bacarır. Dəyişib kələk gələni isə işgüzar adlandırırlar. Çar dövründə də belə idi, indi də əxlaqdan üstün bu adətlə yaşayırlar.
***
İkinci rüşvət dayanacağında ayaq saxlamaq məqamıdır. Bələdçisiz, rayona ayağı bir dəfə düşənlər yaxşı bilirlər. Burda rayon üçün əlahiddə səlahiyyətləri olan partiya komitəsinin birinci katibi hər şeyi həll edir. Mərmər pilləkənləri görən kimi “Azərbaycanda kim yaxşı yaşayır?” sualı yada düşür. Cavab üçün düşünmək lazım deyil: rayon partiya komitələrinin katibləri. Elə milyonçular da onlardır. Düzdür, yığılan rüşvətin bir hissəsi rayon üçün əlahiddə səlahiyyətli adamların payına düşür. Amma onların da əlinə göz dikən MK katibləri, şöbə müdirləri, nəzarətçi təlimatçılar, nazirlər, Ali Sovet aparatının məsul işçiləri var. Çünki katib Ali Sovetin deputatıdır, MK üzvüdür, onların da qarşısında sakit yaşamaq üçün öhdəlikləri var. Amma həyatları sakit keçmir. Bütün günləri gərginlik içində yaşayırlar, istehsal planları yerinə yetirilmir, aldatma, gözdən pərdə asmaq, rəqəmləri şişirtmək yolu tuturlar, vaxtaşırı komissiya gəlir, yoxlamaların da öz dərdi, idarəetmə islahatının öz qayğıları var, yaxud növbəti siyasi kompaniya, məsələn, seçkidən çox təyinatlı dinc seçkilər belə vaxt aparır.
Oğrunun 40 günü
Partiya rəhbərliyinə ağır gələn budur ki, guya özününkülərlə əhatə olunublar, birinə sən rüşvət verirsən, birindən sən alırsan, günlərin birində gündəlik işin “səsi” çıxan kimi, hər şey unudulur, işdən çıxarılırsan. Daha dəqiqi, yerini dəyişirlər, böyükdən kiçiyə enirsən, bəxtin onda gətirir ki, MK nomenklaturasında qalırsan.
Bakı şəhər Nərimanov rayon partiya komitəsinin birinci katibi Muradəliyev “pripiska”da yansa da... Məişət Xidməti naziri təyin olundu. Bakı şəhər Oktyabr rayon partiya komitəsinin birinci katibi Məmmədov Moskvada milyonlar üstündə “sürüşdü...”. Ehtiyatsızlıq edərək Moskvada əmanət bankına həyat yoldaşının adına 195 min rubl əmanət qoymuşdu. Onu Daxili İşlər Nazirliyinin Bakı şəhər üzrə hərbiləşdirilmiş mühafizə idarəsinə rəis göndərdilər. Məmmədovun belə gözdən düşməsi ona qarşı paxıllıqdan irəli gəlmirdi, Allaha şükür ki, onu işdən çıxaran Axundov birinci katibdən yoxsul deyildi. Axundov onun qaba hərəkətini bağışlaya bilməmişdi: 1965-ci ildə Məmmədov plenum üzvlərini onun yerinə MK-dan təklif edilən Rzayevə səs verməməyə çağırmışdı. Məmmədov bir il də vəzifədə qaldı. Sonradan ildırım sürəti ilə vəzifələrini itirdi. MK-dan çıxarıldı, deputat mandatı əlindən alındı. Məğrurluğu ilə öz başına oyun açdı. Mərkəzi Komitənin təklifi ilə razılaşsaydı, onda Sosial Təminat Nazirliyində müavin vəzifəsi tutacaqdı.
Bakı şəhər partiya komitəsinin birinci katibi Allahverdiyev isə valyuta satan Rokotovdan (sonradan həbs edilib və güllələndi) qızıl aldığına görə ilişmişdi. Onu Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Texniki-Peşə Təhsili Komitəsinə sədr göndərdilər. Onun yerinə təyin olunan Nəsrullayev isə şəhvətin qurbanı oldu. Bakıda tanınmış bir alimin qızı zorlanmışdı. Müstəntiqlər istintaq apararkən gizli bir əxlaqsızlıq yuvası aşkar etdilər. Bu əxlaqsızlıq evinin daimi müştərilərindən biri də Nəsrullayev idi. Ancaq Nəsrullayev “əxlaqsızlıq evinə” tək getmirmiş: 7 nəfər MK üzvünün və 3 nazirin də yolu tez-tez bura düşürmüş. Bir neçə il keçmiş hər şey unuduldu və Nəsrullayev respublika rabitə naziri təyin olundu...
VII hissə: 1969-cu ildə vəzifələrin “satış” qiyməti necə idi?
Heydər Əliyev qapalı müşavirədə bu rəqəmləri elan etmişdi
Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb
Susmağın əvəzi...
Ciddi bir qayda formalaşıb: birinci katibi tənqid edirlər, o özünə haqq qazandırmağa cəhd belə göstərmir, müqəvva kimi susur. Səbəbi aydındır: Kim günahkar deyil ki? Sabirabad rayon partiya komitəsinin katibi Bulayev öyrənir ki, onun yeri satılıb. Katiblər arasında “kişi sövdələşməsi” bağlanmışdı: “diri” vəzifəyə heç kim pul vermirdi. “Vurulmuş” yer uğrunda mübarizə aparmaq olar, açıq alqı- satqıda iştirak etmək mümkündür. 100-200 min rubla qədər... Kim çox verir. Bulayev yaxşı işləyirdi, vaxtında hamının haqqını verirdi, onun qonşusu olan rayonun katiblərindən biri daha varlı rayona tamah saldı. Deyirlər, təşkilat şöbəsinin müdiri Bağırova 300 min rubl rüşvət verdi. Bulayevə vəzifədən getmək təklif edildi. Ona qarşı ədalətsizlik edilmişdi. Bulayev şikayət etmədi, düşündü ki, bundan birinci katib Axundovun da xəbəri olmamış deyil. Yaxud çoxillik partiya təcrübəsi onu daha ağır nəticələrdən çəkindirdi. Bulayevin nəzakətliliyini MK-da qiymətləndirdilər. Onu Qəbələyə birinci katib göndərdilər. Özü də bunu Azərbaycanda görünməyən formada - təmənnasız etdilər. Azərbaycan KP MK-nın birinci katibi şöhrət qazanmış adamdı və təvazökarlığı qiymətləndirə bilirdi.
Katiblərin işi həddindən çox sahəni əhatə edirdi, hər sahədə də narazılar, donquldananlar vardı.
***
Bu həyat heç də həmişə bal dadmır. Partiya məktəblərində verilən təhsil və ixtisaslaşma tam təkmil deyil. Qərar qəbul edərkən “sinfi həssaslığa” bel bağlamağa məcbur olurdular. SSRİ-də bir qayda yaranmışdı: şikayət ərizəsi tədbir görülmək üçün... günahkarın... üstünə göndərilirdi, demokratik mərkəzləşmə prinsipi belə idi.
Prinsip prinsipdir, insanlar da insan: Mərkəzi Komitədə xəsis baxışlarla başqasının bədbəxtliyinə sevinən şöbə müdirləri az deyildi. Rayon partiya komitəsinin katiblərinə inanılmış və ağzı bütöv adamlar da lazımdı.
***
Aşağıların əməyi və cəsarəti sayəsində qazanılan pulun az məbləği aşağılarda - sexlərdə, mağazalarda qalırdı. Qalanı ikinci rüşvət dayanacağında vəzifə və səlahiyyətə görə bölüşdürülürdü. Partiya-sovet təsərrüfatı sahəsində işləyən kiçik məmurlara da haqq çatırdı. Azərbaycan KP MK-da, Ali Sovetdə, Nazirlər Sovetində çalışan adamların da payı verilirdi. Burada vəzifəyə görə bölgü aparılırdı.
Nazirlərin və rayon rəhbərlərinin qiyməti
1969-cu ildə Azərbaycan tamam bölüşdürülmüşdü. Bütün partiya kadrlarının təyinatı MK-nın təşkilat şöbəsinə tapşırılmışdı: Bağırovun xəbəri və razılığı olmadan bir kadr belə təyin edilə bilməzdi. Onlar da taarif cədvəli hazırlamışdılar: birinci katibin təyinat qiyməti 200 min rubl, ikincininki isə 100 min rubl idi. Kənd (sovxoz və kolxozlar) katib Seyidovun toxunulmaz malikanəsi sayılırdı. Burda da dəqiq qiymətlər qoyulmuşdu. Kolxoz sədri 50 min rubl, sovxoz direktoru 80 min rubl verməli olurdu.
Sənaye Əmirovun təsərrüfatı hesab edilirdi. Zavod və fabrik direktorları 10 mində başlayır,- 100 min rublda qurtarırdı.
Mədəniyyət, incəsənət və elm sahəsi MK katibi Cəfərovun əlində cəmləşmişdi. Burda da hər şey satılır və alınırdı. Akademik olmaq 50 min rubl, elmi-tədqiqat institutu direktoru olmaq üçün 40 min rubl rüşvət vermək lazım gəlirdi. İnstitut və universitet rektorları 200 min rubl ödəyirdilər. Dram, Opera və Gənc Tamaşaçılar teatrlarının direktorları 10-30 min arası rüşvət verirdilər.
İnzibati orqanlar formal olaraq ikinci katibə tabe idi. Respublikalarda ikinci katibin vəziyyəti qeyri-müəyyən və ziddiyyətli idi. Zahirən, o, respublikada Moskvanın Mərkəzi hakimiyyətini təmsil edirdi, fövqəladə səlahiyyət sahibi sayılırdı. Dövlət Təhlükəsizlik Komitəsi birbaşa ona tabeydi, birinci katibin işini də o qiymətləndirirdi. Amma milliyyətcə rus olması zəruri olaraq nəzərdə tutulan ikinci katibin səlahiyyətləri ilə statusu ziddiyyət təşkil edirdi. O, birinci katib ola bilməzdi, çünki bu, yerli millətin statusu olan vəzifə sayılırdı. Birinci katibin vəzifədən getməsi onu da pis vəziyyətdə qoyurdu, ya geriyə, Moskvaya çağırılırdı, ya da birinci ilə birlikdə o da işdən çıxarılırdı. O, respublikanı təftiş etməkdən daha çox qanunsuzluqları ört-basdır edirdi.
***
Bəs vəzifələr necə qiymətləndirilirdi? Tələb olan yerdə təklif, təklif olan yerdə tələb vardı. Vəzifənin imkanları qiymətə çox təsir göstərirdi. Məsələn, ticarət naziri olmağın qiyməti Sosial Müdafiə naziri olmaqdan 2-3 dəfə baha başa gəlirdi. Meliorasiya Nazirliyi kənd təsərrüfatından 3-4 dəfə ucuzdu. Daxili İşlər naziri ilə Yüngül Sənaye naziri olmağın qiyməti eyni idi. Birincidə satılan cinayətlər çoxdu, ikincidə pul gətirən sexlər. Məsələn, Azərbaycanın Ticarət naziri olmaq Qafarova, onun yerinə gəlmiş Bəşirzadəyə 250 min rubla başa gəlmişdi. Kommunal Təsərrüfat naziri olmaq üçün Topçiyev 150 min rubl, Sosial Təminat Nazirliyinə Seyidməmmədov 120 min rubl ödəmişdi. Bu rəqəmləri Heydər Əliyev 1970-ci ilin martında keçirilən qapalı plenumda məruzəsində demişdi.
***
Bəs istehsalı olmayan nazirliklərdə bu pul necə qazanılırdı? Hər yerdə yüngül sənaye sexləri yaradılırdı. Məsələn, Sosial Təminat Nazirliyinin korlar və karlar cəmiyyətinin 92, Mədəniyyət Nazirliyinin teatrlar cəmiyyətinin 32, Mənzil Kommunal Təsərrüfatının 21 sexi vardı.
Katiblər üçün “kəsilən faizlər”
Partiyanın təlimatları və tapşırıqları çox qısa olurdu: kolxozçuya aydınlaşdırın ki, kolxoz nə qədər varlı olsa, o da yaxşı yaşayacaq. Amma heç kim demirdi ki, onu necə inandırım, tarla və traktor kolxozundur. Necə deyərlər, özgəninki həmişə ucuzdur, onu niyə kolxozçu qorumalıdır. Amma astronomik tapşırıqlar verilirdi: hava işıqlanandan gecə yarıya qədər işləmək lazım gəlirdi. Planı ödəməlisən, ikinci bir yol qalmırdı. MK gözləyir, tələb edir, həm də hədələyirdi. Burda rəqəmləri şişirtmədən, gözdən pərdə asmadan necə keçinmək olardı? Bütün bunları görməsinlər, cinayət üstündə tutmasınlar deyə kimlərisə “görmək” lazımdır. Bir az da öz qara günün üçün saxlamaq gərəkdir.
Haradan alacaqsan bu pulu? Bircə mənbə vardı: kişilər üçün,- daha doğrusu qadınların əmək haqqından raykom, kənd soveti, müfəttiş üçün “faizlər” kəsiləcəkdi. Kəndliyə əlinin qabarını sağaltmağa maz almağa çatan qəpik-quruş qalacaqdı.
HAŞİYƏ: Cəlilabaddan oğurlanmış pullar
(Akif Allahverdiyevin söhbətindən). Sovet vaxtı bizim rayonda bir nəfər raykom katibi işləyirdi. O əslən dağ rayonundan idi. Bir gün həmin katib mənim briqadir işləyən bir qohumumu çağırıb dedi: “Mənim anam xəstədir. Həkimlər ona dağ balı yeməyi məsləhət görüblər. Mənim bir dostum var, o dağda yaşayır və arıçılıqla məşğul olur. Mənə arı balı göndərib. İstəyirəm ki, həmin balı rayona, anam üçün göndərim. Odur ki xahiş edirəm həmin balı rayona aparasan və anama verəsən”.
Danışır ki, səhər tezdən katibin yaşadığı evə gəldim. Balı götürəndə gördüm ki, bal 20 kiloqramlıq süd qadı olan alüminium flyaqadadır. Flyaqanı qaldıranda hiss etdim ki, o çox ağırdır. Deməli qab balla doludur. Flyaqanı maşının bağajına qoyub mühərriki işə saldım və katibə müraciətlə “Mən gedə bilərəm?”- dedim. O cavabında: “Yaxşı yol, ehtiyatlı ol, maşını çox da sürətli sürmə və balı anama çatdır”- dedi.
Rayondan çıxanda maşını bir az kənara çıxarıb saxladım. Baqajı açıb bala baxdım. Qab ağzınacan dolu idi. Hava isti olduğundan bal xarlaşmışdı. Qabın ağzını bağlayıb yola düzəldim. Maşında tək idim, uzun yol bom-boş idi. Demək olardı ki yol boyu maşın gözə dəymirdi. Nədənsə katibin dediyi sözlər yadıma düşdü: “Anam xəstədir, həkimlər ona dağ balı yeməyi məsləhət görüblər. Dağda yaşayan bir dostum mənə dağ balı verib, onu anama göndərirəm”. Birdən ağlıma gəldi ki bizim katib də dağdandır. Onun anası da hal-hazırda dağ rayonunda yaşayır. Necə ola bilər ki onların rayonunda balçılıqla məşğul olan yoxdur? Yox, burada nə isə müəmmalı bir şey var. Nə isə, şübhə məni götürdü. Sonra fikirləşdim ki, qoca arvaddır, bəlkə tanış-bilişi yoxdur? Bal tapa bilmədiyi üçün oğluna müraciət etməli olub? Axı oğlu raykom katibi işləyir, o lazım olan balı çox asanlıqla tapa bilər.
Nə isə, bu cür fikirlərlə Kürdəmir rayonuna çatdım. Hava çox isti olduğundan yolda yerləşən çayxananın yanında, kölgəlikdə maşını saxladım. Çay içmək üçün maşından düşdüm. Maşının bağajını açıb orada olan oxlova bənzər taxta parçasını götürdüm və onu balın içərisinə batırdım. Ağaca parçası balın içərisində nə isə bərk bir şeyə toxundu. Həmin əşyanı ağacın ucuna ilişdirib yavaş-yavaş qaldırdım. Balın içində salofan kulokunun olduğunu görəndə təəccübdən gözlərim bərəldi. Həmin kuloku flyaqanın ağzına qədər qaldırmalı oldum. Kulokun ağzını açdım. Kulokun içində bir kulok da vardı. Nəhayət axırıncı kuloku açanda onun içərisində kütüm-kütüm pul gördüm. Pullar min manat-min manat səflənərək rezinlə bərkidilmişdi. Kuloku tamam kənara çıxarmaq olmazdı, bal hər tərəfə dağıla bilərdi. Maşının baqajını bulayardı, arılar və digər həşəratlar balın iyinə axışardı. Odur ki balı kənara çıxarmaq fikrindən daşındım. Həm də çayxananın ətrafı adamlarla dolu idi. Ona görə pulları saymaq mümkün olmadı. Nə isə, pullardan üç büküm götürüb cibimə dürtdüm. Kulokların ağzını bağlayıb onu flyaqanın dibinə batırdım. Flyaqanın ağzını bağlayıb hər şeyi yerli-yataqlı etdim. Çayxanada bir neçə stəkan çay içəndən sonra yolumu davam etdirdim. Balı aparıb anasına təhvil verdim və rayona qayıtdım. Katibə də bildirdim ki balı sahibinə çatdırdım. O da razılığını bildirdi.
Amma ürəyim səksəkədə idi. Bilirdim ki katib anası ilə əlaqə saxlayacaq, pulun miqdarını öyrənəcək. Elə mənim fikirləşdiyim kimi də oldu. Bu hadisədən bir neçə gün sonra katib briqadaya gəldi. Görüşəndən sonra dedi: “Balı təhvil verdin?” Dedim ki, “bəli, balı anana çatdırdım”. O da cavabında söylədi ki balın hamısını verməmisən. Mən də heç bir şey olmamış kimi dedim ki, yoldaş katib, yolda bərk susamışdım, Kürdəmirdə çay içərkən baldan üç qaşıq götürdüm. Halal elə.
Bu sözümdən sonra katib heç bir söz demədən çıxıb getdi. Amma üç ay keçəndən sonra məni raykoma çağırıb partiya məsələmi büroda müzakirəyə qoydular. İclasda raykom katibi bildirdi ki, bu briqadir partiyanın tapşırığını yerinə yetirməib. Cavabında dedim: “Yoldaş katib, mən tapşırığa əməl etmişəm. Amma balla dolu flyaqadan vur-tut üç qaşıq götürüb yemişəm. Qalanını isə olduğu kimi xəstəyə vermişəm. Bundan ötrü mənim məsələmi nə üçün müzakirə edirsiniz?”
Katib bildirdi ki, xəstənin tam sağalması üçün bir flyaqa bal lazım idi. Sən isə ondan üç qaşıq götürmüsən. Xəstə də tam sağalmayıb. Ona görə də xəstəyə yenə də bal göndərməli olacağam. Bu məqsədlə xəstəyə 30 qaşıq bal lazımdır, özü də dağ balı. Onu da sən aparmalısan. Dağ balını haradan tapırsan tap, xəstə həmin balı yeməlidir. Əgər həmin miqdarda dağ balını tapıb xəstəyə aparmasan, sənin partiyada qalıb-qalmamağını həll edəcəyik. Üstəlik də cinayət məsuliyyətinə cəlb olunacaqsan.
Canımın dərdindən xəstənin öləcəyindən qorxaraq özümü dağa-daşa vurub otuz qaşıq bal tapmalı oldum. Aparıb xəstəyə verdim. Bununla da üç qaşıq bal əvəzinə 30 qaşıq verərək, canımı raykom katibinin əlindən qurtardım.
VIII hissə: Heydər Əliyevin korrupsiyaya qarşı saxta mübarizəsi
Qorxu geri qayıdır: Yalan kimi, plan kimi

Elmlər Akademiyası - “vurulmuş kartlar” bankı
Bu adamlar şəhərin bol həyatına, məsələn, milis işçisinin güzəranına niyə də həsədlə baxmasınlar? Heç milis də işə başlayanda sakit ola bilmirdi. Qanun olmayan mühitə necə uyğunlaşsın: əziyyətli və qorxuludur. Bakı şəhər Oktyabr rayon milis idarəsinin rəisi Hüseynov 10 il Daxili Işlər Nazirinin müavini Rzayevi “yedirtmişdi”. Bəs nə oldu? Rzayevi Elmlər Akademiyasına işə keçirdilər.
Elmlər Akademiyası “vurulmuş kartlar” bankı idi.
(Aydınlıq gətirmək istəyirəm: Azərbaycanda Akademiya işdən çıxarılmış partiya işçiləri, bağışlana bilən təsərrüfatçılar və oğurlamış milislər üçün iş yeridir). Hüseynovu pensiyaya göndərdilər. Nomenklaturaya düşənlər oradan dörd əllə yapışırlar, əlaqələri və vasitələri, təcrübələri, qazandıqları peşə uzun illər onlara yerdəyişmədə kömək edir. Partiya işi ixtisaslaşma bilmir, onu SSRİ-də mövcud olan 283 peşəyə dəyişmək mümkündür.
Partiya işində bir qayda var: harada olursan ol, fəallıq göstərməlisən, kampaniyalar keçirməlisən, yığıncaqlarda çıxış etməlisən, tənqidi yanaşmalısan, səhvlərindən peşman olmalısan.
Katiblərin məşuqə oyunlarından, fırıldaqlarından xalqın xəbəri olmamalıydı. Rüşvətlə tikilmış mülk yoxsul, ləkəsiz qohumun adına yazılmalıydı, maşını professor qardaşının adına alınmalıydı, pulu əmanət bankına öz adına qoymamalıydı, ya da qızıla çevirib bağda torpağa basdırılmalıydı. Ən mühümü sənin varlı həyat tərzin görünməməliydi...
Dəyişən birinci katiblər, hakim komandanın daxilində təmizləmələr ortalıqda gəzən yüz milyonların yenidən bölüşdürülməsi uğrunda qaydasız oyunlar cəmiyyəti xırdalayır, toza döndərirdi və onun psixologiyasını dəyişir, sinirləri tarıma çəkirdi. Qulağı Moskvada, gözü xalqın əlində olan kommunistlər insanları plan məngənəsində sıxır, adamları pambığa, üzümə qurban verirdilər. “Qorxu” geri qayıdırdı. Plan kimi, yalan kimi...
Zemtsov yazır:
Utandırıcı, həm də sensasiya olan bir faktı oxucu ilə bölüşmək istəyirəm.
1970-ci ilin dekabr ayının 29-dur. Beşilliyin başa çatmasına 56 saat qalır. Bakı elektrik mexaniki zavodu Qafqazın ən böyük müəssisələrindən biridir, burada 14 min fəhlə çalışır. Rayon partiya komitəsinin birinci katibi, MK-nın təlimatçıları, nazirliyin səlahiyyətliləri zavoda tökülüşüblər, nəyin bahasına olursa-olsun, zavod beşillik planı yerinə yetirməlidir. Heç olmasa bir faiz artıqlaması ilə. Yerdə qalan yüz faizi demirəm, plandan əlavə bir faizin hikməti böyükdür. Bu hikmət barədə sonra.
Respublikanın bütün qəzetlərinə planın yerinə yetirilməsi haqqında raportla bağlı zavod rəhbərliyi, partiya təşkilatı və həmkarlar ittifaqı adından teleqram göndərilib.
Azərbaycan KP MK və Nazirlər Soveti adından kollektivə təbrik məktubları yazılıb, nazirliyə mükafat ayrılıb, direktordan briqadirə kimi hamının mükafatlandırılması nəzərdə tutulub.
56 saatda planı necə yerinə yetirmək olar? 14,8 faiz kəsir var. Bütün sutka işləsələr belə, - onsuz da həmkarlar ittifaqı səsini çıxardan deyil, - ən çoxu 2-3 faiz yerinə yetirmək olar. Bir tərəfdən də bu ilin əməkhaqqı fondu xərclənib, bu məsələni birtəhər gələn ilin hesabına həll etmək mümkündür, artıq işə görə 10 rubl verəcəklər, yeni ilin birinci ayının maaşından kəsəcəklər.
Mübadilə və müzakirədən sonra çıxış yolu tapıldı. Zavodun həyətində xeyli zay soyuducu yığılıb qalmışdı, onları sexlərə verib, təmir etmək və yeni məhsul kimi qeydə almaq haqqında göstəriş verildi. Direktor sex rəislərinə tapşırıq verdi: hər fəhlə, mühəndis evindəki məişət əşyalarını zavoda gətirsin. Dekabrın 29-30-da zavodun maşınları evlərdən soyuducu, paltaryuyan maşın, ütü daşıdılar, rəngləyib yeni məhsul kimi anbarlara yığdılar. Bir neçə gündən sonra eyni sürətlə sahiblərinə qaytardılar. Plan 101,2 faiz yerinə yetirildi. Direktor Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi və nazir təyin olundu. Baş mühəndis direktor keçdi. 723 mühəndis və texniki işçiyə 100 faiz həcmində mükafat yazıldı. Bir ay sonra Azərbaycan Nazirlər Sovetinin sədri zavod kollektivinin nümayəndələrinə sosializm yarışında qazandığı yüksək nailiyyətlərə görə opera teatrında keçici qırmızı bayraq təqdim etdi. Konsert və yüngül şam yeməyi kollektivin kefini açdı.
Təhsil bazarı
H.Əliyev erası təhsil bazarında rüşvəti sürətlə qaldırdı. Hər il Azərbaycanın ali məktəblərində müəyyən qədər tələbə yeri satışa çıxarılırdı. 1968-ci ildə naməlum səbəbdən Tibb universitetinin prorektoru öldürüldü. Maqsud Əlizadə respublika komsomolunun birinci katibi olmuşdu, gənclər arasında böyük hörmət sahibi idi. Guya onu qiymət almaq üçün pulu olmayan bir tələbə qətlə yetirmişdi.
Bu məsələ hələ də açıq qalır.
Mərkəzi Komitəyə gələn məktublarda göstərilirdi ki, pedaqoji institutun rektoru Ağayev rüşvət almır. Amma onun bağ evinə qoyun cəmdəkləri, konyak dolu çəlləklər, bal və meyvə-tərəvəz gətirirlər. Azərbaycanda 14 iyul plenumundan sonra korrupsiya və rüşvətə qarşı başlayan mübarizə planlar kimi zahiri xarakter daşıyırdı. Hər il qiymətlər yüksək sürətlə qalxırdı. 1972-ci ildə tibb institutunun qiyməti 30 min rubl, Azərbaycan Dövlət Universitetinin qiyməti 20-25 min rubl, xarici dillərin qiyməti 10 min rubl idi. “Xalq Təsərrüfatı”nın (“Narxoz” - indiki İqtisad Universiteti) qiyməti 35 min rubla çatırdı.
İnformasiya bölməsində pulla qəbul edilən kontingentin təhlili göstərdi ki, onlar sex rəislərinin, mağaza müdirlərinin, kolxoz, sovxoz direktorlarının, prokuror və polis rəislərinin, SƏDM müfəttişlərinin,..- ikinci rüşvət mərhələsindən pay götürənlərin uşaqlarıdırlar.
1972-ci ildə tələbə qəbulu ilə bağlı faktlar Sov.İKP MK-nın Elm və Təhsil şöbəsinin müdiri Trapeznikova göndərilmişdi. Niyə təhsillə bağlı faktların MK-ya göndərilməsinin səbəblərini sonradan başa düşdüm. Çünki Cəfərov Azərbaycan KP MK-da Axundov dövründən vəzifədə qalan yeganə katibdi və Əliyevin 70-ci illər komandasında yeganə akademikdi. Əliyev özü birbaşa ona hücum etmirdi, çalışırdı ki Cəfərovun işdən çıxarılması əmri Moskvadan gəlsin.
Sov.İKP MK-nın şöbə müdiri çox ağıllı qərar çıxardı: pulla qəbul edilmiş 29 faiz tələbə institutlarda oxusun, rektorlar vəzifəsindən azad edilsin. Əslində çox humanist qərardı, burada tələbənin, onu pulla instituta qəbul elətdirən valideynin günahı nə idi? Nəticə isə çox pis oldu: daha çox risk edən rektorlar qiyməti birə-üç qaldırdılar. Yuxarıda sizə təqdim olunan qiymətlərdən əsər-əlamət qalmadı.
Onlar hətta mehmanxanaları da soyurdular
Azərbaycan KP MK-ya göndərilən məktubu KQB polkovniki, “İnturist” mehmanxanasının direktoru Rüstəmov yazmışdı. Məktub 1972-ci ilin noyabrında yazılmışdı, mehmanxananın istifadəyə verilməsindən on ay keçmişdi. Azərbaycan KP MK- nın ikinci katibi Kozlova şikayət edən direktor yazırdı: “10 ayda mehmanxanadan 10 min qaşıq və çəngəl, 7 min üz dəsmalı, 848 dəm çayniki, 217 meyvə qabı, 32 rəsm əsəri oğurlanıb...”.
Spirtli içkilər, narkomanlar... Azərbaycan KP MK birinci katibinə göndərilən gündəlik məlumatda deyilirdi: 5 milyonluq respublika əhalisinin 2 milyonu spirtli içkiyə həddindən çox meyllidir, narkomanların sayı isə sürətlə artır. 1950-ci ildə ölkədə 4 min, 1961-ci ildə 12 min narkoman vardısa, 1971-ci ildə onların sayı 22 minə çatmışdı. Müqayisə üçün deyim ki, bu, İngiltərədə olan narkomanlardan çoxdu.
Əslində, narkomanların sayı rəsmi statistikada göstəriləndən artıqdı. Milisdə onları qeydə almaq istəmirdilər. Respublikada narkotik maddələr kimlər üçünsə biznes sahəsiydi və burada nəzarət yox idi. Məsələn, Bakının Kirov parkında, zir-zibil içində itib-batan dəniz limanında morfi iynəsi, yaxud anaşa doldurulmuş siqaret təklif edirdilər. Özü də 1 rubla.
Cinayət və cəza
1971-ci ildə Azərbaycanda 70 min cinayət qeydə alınmışdı. Həmin il hər yüz min adamdan 12 nəfər öldürülmüş, 84 nəfəri soyulmuş, 98 nəfəri təhqir olunmuşdu.
Gəncliyi özünün gələcəyi adlandıran bir respublikada 1970-ci ildə qətllərin üçdə birini, zorlamanın ikidə birini, oğurluğun beşdə üçünü yaşı 22-dən aşağı olanlar törətmişdi.
Uşaqlar arasında cinayətkarlıq halları həddini aşmışdı. 1953-1970-ci illər arasında yaşı 10-17 olan yeniyetmələr arasında cinayət 2,7 dəfə artmışdı. Qeyd olunan illərdə uşaqların sayı cəmi 50 faiz çoxalmışdı. Məhkum olunan uşaqların sayı böyüklərdən iki dəfə çoxdu. Daxili Işlər Nazirliyinin MK-ya verdiyi məlumatda göstərilirdi ki, 1970-ci ildə ölkədə yaşı 18-dən az 42 242 oğlan və qız adam öldürmə, zorlama, oğurluğa görə həbs edilib.
Dəlilərə səmimi salam
Gənclər Azərbaycanda ən çox aldadılmış adamlardır. Onlarda şərəf hissini necə tərbiyə etmək olardı: partiya siyasətində, iqtisadiyyatda və sosial həyatda onların yeri görünmürdü.
Hər saat abırsızlığa görə mükafat verilən ölkə məktəblərində təvazökarlıq tərbiyəsi vermək olardımı?
Əgər cəmiyyətdən daha çox oğurlayanlar cəzalandırılmadan bu qədər təsir gücü və hökmranlıq qazanırlarsa, oğurluğun qarşısını necə almaq olar?
IX hissə: Onlar insanları dəli edir, dispanserlərə salırdılar
70-ci illərdə əhalinin yalnız 7 faizi əla yaşayırdı
“Etinasız insanların ağılsızlığı ümumbəşəri mənəvi normaları məhv edirdi”

Azərbaycan KP MK-nın informasiya bölməsinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilmişdi ki, 1971-ci ildə ölkədə əhalinin 3,5 milyonu, yaxud 75 faizi ağır şəraitdə (yoxsulluq və ya yoxsulluq həddindən aşağı) yaşayır. Statistikaya görə, 1971-ci ildə respublikada 5 milyon nəfər əhali vardı. Əhalinin yalnız 7 faizi, yaxud 310 min nəfəri bolluq və firavanlıq şəraitində yaşayırdı.
***
Zəruri qeyd: Bu günlərdə ABŞ-ın məşhur “Gallup” sorğu mərkəzi 124 ölkədə yerli sakinlərdən xahiş edib ki, onlar öz həyatlarının indiki durumuna və yaxın 5 ildən nə gözlədiklərinə qiymət versinlər. Cavabları “Gallup” 3 yerə bölüb - həyatını çiçəklənən, yəni gündən-günə daha da yaxşılaşan hesab edənlər, yaşayış uğrunda mübarizə aparanlar və əzab çəkənlər.
Bunun əsasında “Gallup”un hazırladığı “Rifah” hesabatına görə Azərbaycanda əhalinin cəmi 10 faizi hesab edir ki, onların həyatı çiçəklənir. 70 faiz yaşamaq uğrunda mübarizədədir. Həyatının əzab olduğunu düşünənlər isə 20 faizdir. Əhalinin 90 faizi öz həyatından məmnun deyil.
1971-ci ildə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 40 il əvvəlki zamanlarda əhalinin 7 faizi, indi isə yalnız 10 faizi öz həyatından razıdırsa, bu sülalənin 40 ildir ki, azərbaycanlıların başına hansı oyunları gətirdiyini özünüz hesablayın.
Dəlilərə Salam olsun!
Həyat səviyyəsinin yaxşılaşdırılması üçün heç bir yeni texnoloji vasitələrdən istifadə edilmir, əksinə daha çox zəhmət tələb edən istismar sistemi güclənirdi. Görülən işə görə qiymətləndirmə dərəcələri aşağı salınır, məsələn, 1970-ci ildə Azərbaycan müəssisələrində qiymətləndirmə dərəcələri, taariflər 3 dəfə, 1971-ci ildə 4 dəfə aşağı salınmışdı. İş şəraiti həddindən artıq pisləşmişdi. 1969-cu ilin axırında Bakı Şəhər Partiya Komitəsinin birinci katibi demişdi: “Əgər bizi inandıra bilsələr ki, dəlilər daha yaxşı işləyə bilərlər, biz psixi xəstəlikləri səmimi salamlayardıq”.
Əslində humanist olmayan sosializm insanlar arasında eqoist münasibətləri dərinləşdirirdi. 1970-ci ildə bir yəhudi lətifəsi Azərbaycanda çox məşhurlaşmışdı: “Qatarda bir nəfərin yol yoldaşı nəfəs ala bilmir, ölür. Onu sorğu-suala tuturlar. Niyə həkim çağırmadığını soruşurlar. O izah edir ki, ölən adam tez-tez deyirdi: ”Halım pisdir"! Mən düşündüm, kimin halı yaxşıdır ki?".
Bu rişxənddi, yoxsa mübaliğə? Bilmirəm.
Adamlar rəhbəri “Allah” adlandıracaq səviyyədə qorxaq idilər
18 yanvar 1980-ci ildə Bakının Nərimanov prospektində gecəyarısı gənc bir qadını boğub öldürmüşdülər. Hadisə 80 nəfərə qədər normal adamın gözü qarşısında baş vermişdi. Hadisəni nəşələnmiş manyak törətmişdi. Hadisənin şahidləri olan həmin 80 nəfər öldürülən qadına qorxudan deyil, ehtiyatlılıqdan kömək göstərməmişdilər. Çünki sovet Cinayət Məcəlləsində qatili öldürən də qatildir. Müşahidəçilər öz talelərini niyə sınağa çəkməliydilər? Buna görə də vətəndaşlar küçələrdə baş verən cinayətləri görməməyə çalışırlar. Azərbaycanda cinayətkarlıq zəfər çalır, əhalinin artımından 3 dəfə irəlidə gedir. 1971-ci il Azərbaycan DİN-in məlumatında göstərilirdi ki, respublikada hər əlli dəqiqədən bir adam öldürmə, zor işlətmə, oğurluq baş verir.
Bunlar haradan irəli gəlirdi? Etinasız insanların ağılsızlığı ümumbəşəri mənəvi normaları məhv edirdi. İnsanlar bu dəyərləri zorla özlərindən qoparıb atmağa çalışırdılar. İndi vicdanlı həyat meyar sayılmır, məhkumluqla, cinayətlə qazanılmış pul sahiblərinin sözü cəmiyyətdə daha keçərlidir. Uşaqlar, o cümlədən insanlar məktəbdə deyil, mühitdə tərbiyə olunurlar. Buna görə də seçilmiş yol qanunlara, qayda və normalara qarşı üsyandan keçir, sosial gündəliyi pozmaqdan başqa çıxış yolu qalmır. Bir-birindən uzaq düşən azərbaycanlılar daha çox öz mənəviyyatlarında çat yaradırlar. İndi kimsə o birinin hərəkətlərində mənəviyyat, yaxud mənəviyyatsızlıq axtarmır, yaxşılıq və yaxud pislik dəyər olmaqdan düşüb. 1971-ci ildə Suslovun dediyi kimi “partiyanın ağıllı saydığı nə varsa, həqiqətdir”.
Kommunizmin həqiqətləri ümumbəşəri mənəvi prinsiplərdən yan keçirdi, çünki cəmiyyətdə ona ehtiyac duyulmurdu, çünki partiyanın siyasəti vardı və bu siyasət azərbaycanlını plana döndərib həbsxanalara atırdı, bu mənəviyyat xalq yazıçısını məcbur edirdi ki, birinci katibi “Allah” adlandırsın. İnsan nə lazımdısa, fərqinə varmadan onu edirdi, partiyaya yarayırdı, partiyanın kölgəsində gizlənirdi, partiyanı aldadırdı. Yeri gələndə partiyanı satın alırdı.
***
Kim olursansa, ol- alim, yaxud rəssam, fəhlə, yoxsa mühəndis,.. işdən siyasi bədxahlıq adı ilə azad edilirdinsə, “ağ qarğaya”, “bomja” çevrildin. Nə elmin, nə təcrübən, nə sağlam düşüncən bir kəsə lazım olurdu. Çünki hər şey partiyanın, onun birinci katibinin inhisarındaydı. Bu gözdən düşmək qorxusu insanı izləyir və onu rahat buraxmırdı. İnsan pilləli partiya katibləri qarşısında etimadsızlıq qazanmaq istəmir, ən kiçik rəisdən belə əzici asılılığını hiss edirdi, yalan danışır, qanunsuzluğu təsdiq edən qanun axtarır, divanəlik edir, özünü zəmanəyə uyğunlaşdırırdı. “Sevimli partiyası”, ən azı birinci katibləri tərəfindən dəfələrlə aldadılmış, çox dolaşıq təbliğatdan başını itirmiş, həyatının məqsədsizliyindən doymuş insanlar özlərinə çəkilirdilər. Dəli olmayanları isə zorla dəli edirdilər. Azərbaycanda çox sayda psixi xəstəxanalar var. Respublikada hər iyirmi nəfərdən biri psixiatrik dispanserdə nəzarətdədir (Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1971-ci ilə olan məlumatından).
Əxlaqsızlıq və cavabsız məktublar
Azərbaycan SSR daxili işlər naziri Heydərov 1972-ci il 19 iyulda birinci katib Heydər Əliyevə yazdığı qeydlərində göstərirdi: 1971-ci ildə 1221 qadın fahişəliyə görə istintaqa cəlb olunub. 1971-ci ildə 7 əxlaqsızlıq yuvası aşkar edilərək dağıdılıb...
1972-ci ildə Yaroslavda bir alimi partiyadan çıxarmışdılar. Katib Morozov iclasda demişdi: “O bizim kimi deyil, orginal olmaq istəyir”.
1974-cü ildə təhsil naziri Əliyev “Bakinskiy raboçiy” qəzetində yazırdı: “Son iki ildə 1000 nəfərə qədər ali məktəb müəllimi ixtisasını artırıb”.
1972-ci il iyunun 12-də Lenin adına Pedaqoji Institutun bir qrup tələbəsinin Azərbaycan KP MK-nın Elm və təhsil şöbəsinə yazdığı məktubda deyilirdi: “Professor Bayramov qız tələbələri cinsi əlaqəyə sövq edərək imtahanlarda qiymət yazır. Bəs, biz oğlanlar onun cəzalandırılması üçün nə edək?”.
Biz oxumaq istəyirik, pambıq yığmaq yox!
1972-ci il 7 fevral. Təhsil Nazirinin Azərbaycan KP MK-nın bürosuna hesabatından: “Bakıda şagird yaşında 8780, Kirovbadda 3318, Sumqayıtda 2211, Daşkəsəndə 1321 nəfər şagird məktəbə gəlmir”.
Azərbaycan KP MK-ya Kirovabad, Bərdə məktəblilərinin məktubundan: “9 ayın beş ayını oxumuruq. Bizi pambıq tarlalarında işləməyə məcbur edirlər. Payızda pambıq yığırıq, yayda meyvə toplayırıq”.
1970-ci il. İnformasiya bölməsinin sorğusuna verilən bir cavabdan:
“Birinci, insanlar özlərini sevirlər, ikinci də özlərini, üçüncüsü də həmçinin özünü. Özünü sevgi ilə Kommunizm qurmaq olmaz. Biz hamımız özümüzü sevirik...”.
X hissə: Brejnev Xəzərdə çimə-çimə Axundova tövsiyələr verdi
Dövlət Təhlükəsizlik Komitəsinin “unudulmuş” sədri
Yayın ortasında elə bil göy üzü qatı tüstü ilə örtülmüşdü. Birinci katibin otağı Axundova dar gəldi, qaranlıq göründü. Tez aşağı düşdü, maşına oturub, heç nə düşünmədən sürücüyə “dənizə sür”,- dedi. Yolda beynindən həyəcanlı bir fikir keçdi: bəs KQB-nin sədri Əliyev harada itib-batıb, aeroporta niyə gəlməmişdi? Suriyanın prezidentini qarşılayırdılar, axı protokola görə “KQB-nin sədri aeroportda olmalıydı”...
Axundov onunla tez-tez üzə dayanan fəlakətin mənbəyini görmürdü. Bilmirdi ki üç ildən artıqdır, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev onun və büro üzvləri haqqında “dosyelər” yığır, bu qovluqlarda məxfi agentlərin məlumatları, könüllü xəbərçilərin donosları, telefon danışıqlarının maqnitofonda yazılmış surətləri, onlar haqqında şikayətlər toplanıb. Bütün bunlar sistemləşdirilib və səbrlə öz saatını gözləyir. Əliyev bu məlumatları bağ evində Şişkinin divardan asılmış “Şam meşəsində səhər” adlı rəsm əsərinin arxasında yerləşən seyfdə gizlətmişdi. Axundov Əlixanovu, İsgəndərovu, Kərimovu rəqib kimi görürdü. Amma Əliyev heç yadına belə düşmürdü. Onun “KQB” sədri təyin olunması üçün az əziyyət çəkməmişdi. Məhz Axundovun dövründə ilk dəfə KQB-yə azərbaycanlı sədr təyin olunmuşdu...
Özbəkistan pambığı və Azərbaycanın planı
Axundov gündəlik məlumatı kənara qoydu. Nəticədən razı deyildi: aramsız yağışlar pambığın toplanmasına imkan verməmişdi. 300 min ton əvəzinə 148 min ton pambıq toplanmışdı. “Özbəkistan prezidenti Rəşidov sözündən qaçmasa, hələ hər şeyi yoluna qoymağa imkan var”,- düşündü. 100 ton Özbəkistan pambığına 45 milyon manat ödənilir, Azərbaycana gətirilir və anbarlara yığılır. Bundan sonra Moskvaya pambıq planının ödənilməsi barədə raport vermək olardı. Bir az çatışmaz, onu da silərlər, birinci dəfə deyildi ki plan belə ödənilirdi.
Malların keyfiyyəti və çəkisi ilə bağlı alınan iddialarda problem yaranmışdı. SSRİ-nin hər yerindən çıxdaş edilmiş dəzgahlar geri qaytarılmışdı, soyuducu, neft avadanlıqları ilə bağlı problemlər də az deyildi. Axundov bu məlumatlar yığılmış qovluğa nifrətlə baxıb kənara atdı. Şikayətlər o qədər də çox deyildi, amma son illər birinci katibin gözü yaxşı görmürdü, məlumatlar böyük şriftlə yığılırdı və qovluq şişirdi.
“Baybakovla əlaqə saxlamaq lazımdır, qoy bir tədbir görsün”,- Axundov düşündü.
Baybakovu birləşdirin!
Daxili telefonla zəng etdi. Köməkçi sakitcə içəri girdi. Qapı ağzında dondu:
- Eşidirəm, Vəli Yusifoviç!
Axundov cavab vermədi. Diqqəti DİN-dən alınmış məlumatlara yönəlmişdi: Bir gecədə 18 nəfər öldürülüb, 76 oğurluq baş verib, 84 nəfər bıçaq yarası alıb. Çox ağır cümədir. Dərindən nəfəs aldı. “Əlizadə vecsizin biridir. Onu nazir qoymaq lazım deyildi. DIN - ticarət, alver yeri deyil, orda düşünmək, işləmək lazımdır”. Sonra köməkçiyə tapşırıq verdi. Saat 12-də Baybakovla birləşdirməyi tapşırdı.
Xruşşovun qızı üçün gündəlik gül dəstələri
Axundovun özünə yazığı gəldi. Dünən həkimi Qusman da xəbərdarlıq etmişdi, az işləmək lazımdır, şəkər kəskinləşib, sinəsində ağrılar var. Gözünün altı torbalanmışdı, yoxsa bu fəndgir yəhudi düz deyir,- fikirləşdi.
Bu katiblik axırıma çıxır, ondan qurtarmaq lazımdı! Bu sözdən bir qədər yüngülləşdi. Əvvəllər bu fikirlər ağlına belə gəlmirdi. Əvvəlki birinci katib İmam Mustafayevi xatırladı. Sağlamlığına çox ziyan vurmuşdu. Onu çıxardılar. “İzvestiya” qəzetinin redaktoru Ajubey Axundova birinci katib olmağa kömək göstərdi. Axundov uzun illər hər gün Radu Nikitiçnayaya (Xruşşovun qızına) qızılgül və apelsin göndərirdi. Qızılgül qonşu İrandan alınırdı, apelsin isə Mərakeşdən gətirilirdi. Həmişə də səbətə belə bir qeyd qoyulurdı: Çox hörmətli Radu Nikitiçnaya günəşli Azərbaycan məhsullarından! Məktuba imza qoyulmazdı. Amma Xruşşovlar ailəsinə hər şey məlum idi.
“Həkim nə bilir siyasət nədir?”, yaxud Vəli Axundovun karyerası
İmam Mustafayev Axundova istehza ilə “həkim” deyə müraciət edərdi. Bununla Axundovun səriştəsizliyini diqqətdə saxlayardı: “Həkim nə bilir “siyasət" nədir? Həkim?..
Beriyanın himayə etdiyi birinci katib Bağırov həbs ediləndə Axundov Azərbaycan DİN tibbi sanitar idarəsinin həbsxanalarda öldürülmüş on minlərlə məhkumun sənədlərini ələ keçirib Xruşşova göndərmişdi. Bu surqucla möhürlənmiş qovluqlarda insanların ölümünün əsl səbəbləri göstərilmişdi. Üstünə isə “xüsusi ilə məxfi” möhürü vurulmuşdu. 1980-ci ilə qədər açılması qadağandır yazılmışdı. Bu sənədlərdən Bağırovun məhkəməsində istifadə edildi və rayon səhiyyə şöbəsinin müdiri Axundov nazir təyin olundu.
Respublika Nazirlər Sovetinin sədri Rəhimovun adı mənzil alverində hallananda, onu dəyişmək haqqında qərar çıxarıldı. “Pravda” qəzeti alverçi sədri biabır etmişdi. Mustafayevin verdiyi namizədlər bir-birinin ardınca çıxdaş edildi. Heç biri Moskvanın xoşuna gəlmədi. Xruşşov özü qərar verməli oldu: əyalətdən olan həkim Nazirlər Sovetinin sədri təyin olundu.
Az keçməmiş Moskvaya məktublar axışdı. 1959-cu ilin ortalarında Mustafayevin yerinə Axundov gətirildi. On il hakimiyyətdə oldu.
Hər şey qəfildən dəyişdi. Xruşşovu istefaya göndərdilər. Ermənistan KP MK-nın birinci katibi vəzifədən çıxarılanda Axundov dözmədi. Brejnevə səhhəti ilə bağlı işdən çıxarılması haqqında ərizə ilə müraciət etdi.
“Qədirbilməz mühəndisciklər”
Tezliklə ölkəni birinci katibin istefası ilə bağlı şayiələr bürüdü. “Qarğalar leşi həmişə hiss edir”,- Axundov öz müavinləri haqqında düşündü. İsgəndərov tez-tez Moskvaya uçurdu, yerini isti tutmaq üçün adam axtarırdı. Əlixanov az qala özünü birinci katib kimi aparırdı, MK-da şöbələri gəzir, katibləri Nazirlər Sovetinin kollegiyasına dəvət edirdi.
“Qədirbilməzlər, küçədən gətirib adam içinə çıxartdım, mühəndisciklər, kötüyə də nəfis salanlar”. Axundov yumruqlarını düyünlədi.
Brejnevin Bakıya ilk səfəri və Axundova verdiyi öyüdlər
Elçilərin çoxluğundan, yoxsa nədən deyə bilmərəm,- Zemtsov yazır,- Moskvada Axundovsuz keçinməyin mümkünsüzlüyü qərarına gəldilər. Moskvaya çağırıb, təltif etdilər. Bu, Axundovun birinci Lenin ordeni idi. “Əlbəttə, Brejnev Xruşşov deyildi, tamam başqa adamdı. İşləmək olar. Sukanov da sağ olsun, Oreanddan qayıdan Brejnevi Bakıya gəlməyə razı saldı. 1965-ci ilin yayında Brejnev Bakıya gəldi, Nabranda, Göy-Göldə oldu. Brejnev Axundovla dağlara qalxdı, dənizdə çimdi. Brejnev Axundovla söhbətində səmimi və ürəkdən danışdı: ”Xruşşovun faciəsi ifratçılığında idi, o imkanın son həddini götürdü və ölkədə qəza vəziyyəti yaratdı. Bizim yanaşmamız başqadır. Yüz ölçüb bir biçəcəyik, inandığımız işdən yapışacağıq. Xəyali layihələr bizdən uzaqdır, ən azı, on ildən sonra tələsmədən irəliləyə bilərik. Sürətli qaçışa, kiməsə çatmağa, ötüb keçməyə ehtiyacımız yoxdur. Respublikaların əl-qolunu açırıq. İstədiyiniz kimi çalışın, yerində hər şey sizə daha aydın görünür. Sakit, Vəli Yusifoviç, yəni yaxşı. Öz problemlərinizi Moskvanın üstünə atmayın".
Axundov yaxşı başa düşürdü ki, Brejnev Xruşşov deyil, o, daha çox iki məsələdə ifratçılığı ilə fərqlənir. Sərtdir və qışqırsa da cəsarətsizdir.
Çox içəndən sonra depressiyaya meyllənir. Brejnev yola düşəndə Axundova dedi: “Həmkarların İsgəndərov və Əlixanovla sakit işləyin!”
Zemstov yazır: “sakit” işləmək mümkün olmadı. Axundov anlamışdı, kimlərsə içəridən onun ayağının altını qazır. Sukanov bir neçə dəfə İsgəndərov və Əlixanovun Brejnevə yazdığı məktubları ona göndərmişdi. Əslində, bu hesabatlarda quru rəqəmlərdi, havalar quraqlıq, yaxud yağmur keçib, mal-qaranın sayı azalıb, plan yerinə yetirilməyə bilər. Çox ehtiyatla, lakin hər cümlədə Axundovun çevik olmaması, ləng hərəkətləri və vaxtında qərar çıxarmamasına işarələr vardı. Amma birinci katibin adı çəkilmirdi, Azərbaycan KP MK yazılırdı. Hamı yaxşı bilirdi, MK Axundov deməkdir.
Axundov da İsgəndərov və Əlixanov haqqında danışmaq istəyirdi. İsgəndərov tez-tez Podqornının bağında olurdu, Əlixanov Kosıginin evinə gedirdi. Bunlar salam vermək üçün səfərlər deyildi, neçəyə başa gəldiyi də məlum idi.
Axundov hərdən İsgəndərovun “iyrənc” xəstəliklərindən Brejnevə danışmaq istəyirdi. Ali Sovetin sədri kimi peşəkar məhbusları necə əfv etdiyini deyərdi, birini xəstəliyə, birini ahıllığa görə azadlığa buraxardı, hər birindən də 100 min rubl alardı. Əlixanov satılmış vəzifəni ikinci dəfə satmışdı. Axundov onların alçaq və cılız hərəkətlərindən bezmişdi, hərdən utanırdı onların yerinə. İsgəndərov respublikada gənc oğlanları işə götürməklə məşğuldu, haqqında yüz cür şayiələr yayılmışdı. Əlixanov isə fahişə əsiridir. Kimsə bundan qaçmır. Ancaq o, sökülüb-tökülən qocaları seçir. Azərbaycan KP MK-nın ikinci qonaq evi belələrilə dolu olur. Onlar Tallindən, Moskvadan, Leninqraddan, daha çox Odessadan gətizdirilir.
XI hissə: 1965-ci il Bakı qiyamı
Azərbaycanda 380 min adam öldürən diktatoru necə sevmək olardı?
Axundov birinci katiblikdən sabah gedərdi, təki Əlixanovla İsgəndərovun biabır olduğunu görsün. Hərdən düşünürdü ki, İsgəndərov vəzifədən çıxarılıb, Saatlı rayonunda suyu, qazı, işığı olmayan bir kəndin sovet sədri təyin olunub, Əlixanov plagiatlıqda günahlandırılıb, elmi dərəcəsi ləğv edilib, özü də Sumqayıtda Mənzil İstismar sahəsinin rəisi işləyir.
Vəli Axundov Sumqayıta niyə nifrət edirdi?
Axundov sevmədiyi Əlixanovu niyə Sumqayıta sürgün etmək istəyirdi? Zemtsov yazır:
Axundovun bu peyk şəhəri görməyə gözü yoxdu. Çünki çox çirkli idi, bir neçə min beşmərtəbəli evdən ibarətdi. Şəhərdə həmişə aclıqdı, elektrik qatarları kisə götürmüş gənclərlə dolu olurdu. Ölü şəhərin zavod və fabriklərində, idarələrində, elmi-tədqiqat institutlarında, məktəblərində 300 min nəfər adam işləyirdi və yaşayırdı. Sumqayıt cinayətkarlığa görə SSRİ-də birinci yerlərdən birini tuturdu. Burada, bir addımlıqda Bakıdan üç dəfə çox cinayət törədilirdi.
Xuliqanlıq və dələduzluq
1968-ci ildə Sumqayıtda yanğınsöndürmə ilə bağlı 210 yalançı çağırış olmuşdu. 1969-cu ilin mayında dərsdən sonra şagirdlər 4 nömrəli məktəbin binasına daxil olub, 18 musiqi alətini sındırmış, kabinetləri dağıtmış, dərs jurnallarını və kitabları cırmışdılar. 1969-cu ildə Sumqayıtda 13 min pəncərə şüşəsi, 108 min elektrik lampası sındırılmış, 118 avtomobil yandırılmışdı. 1971-ci ilin aprel ayının 29-da fəhlə-gənclər məktəbinin müəllimi “Kommunist” qəzetinə yazırdı: Şagirdlərin qorxusundan axşamlar küçəyə çıxa bilmirik, məktəbdə qalmaqdan çəkinirik, iki yazdığımız şagirdlərdən qorxuruq.
1971-ci il 7 dekabr. Azərbaycan KP MK-ya Olqa N. yazdığı məktubdan: Mən məktəbdə özümü düşmənlərin arasında hiss edirəm. Çünki idealist kimi bu məktəbə gəldim. Axşam məktəbində müəllim işləmək, fəhlə-gənclərə təhsil vermək istədim. Sumqayıt şin zavodunun üç nəfər kommunist əməyi zərbəçisi olan fəhlə-şagirdi 29 tələbənin gözü qarşısında məni yan otağa keçirib zorladılar. Sumqayıtda 1971-ci ildə 176 zorlanma baş vermişdi.
Quldurluq, soyğunçuluq: Sumqayıtda cinayət törədən hər iki nəfərdən birinin yaşı 16-ya çatmırdı. Sumqayıt küçələrinin sahibi uşaqlar və yeniyetmələrdi, milislər Sumqayıtda əmin-amanlıq yaratmağa qadir deyildilər. 1972-ci ildə milis 49 yeniyetməni ağır xəsarət yetirməkdə təqsirləndirib. Onların çoxu bəraət alıb: zərərçəkənlər qorxudan ifadə verməkdən imtina ediblər.
1947-ci ildən 1971-ci ilə kimi Sumqayıtda 11800 adam ağır yara almışdı. Bu illər ərzində 6 min nəfər evində, yaxud küçədə qətlə yetirilmişdi. 1972-ci ildə Sumqayıtda heç bu qədər uşaq doğulmamışdı.
İlk beşilliklər ərzində Sumqayıtda 48 min nəfərə yaxın məhbus dünyasını dəyişmişdi. Həmin illər Sumqayıtda 11 əmək-islah düşərgəsi vardı. Axundov Sumqayıtı bir də 1963-1964-cü illərin fəhlə üsyanlarına görə sevmirdi.
1963-cü ilin noyabrı - 1964-cü ilin mayında etiraz nümayişləri bütün ölkəni silkələmişdi.
Öldürülən 380 min azərbaycanlı və Stalin sevgisi
Axundov özünə gələ bilmirdi. Necə ola bilər?! Kiminsə anlaşılmazlığı üzündən hər il bu şəhərdə 78 nəfər ölür. Özülü haramla qoyulub, insan qanı ilə yoğrulub. Şəhəri “zərbəçi” əməkçilərin nümayəndələri ilə yanaşı məhkumlar tikmişdilər.
Bu günlərdə respublika qəzetlərində çıxan bir xəbər də Axundovu yaman hirsləndirmişdi. Sumqayıt Sevastopolu sosializm yarışına çağırmışdı, nümunəvi kommunist şəhəri uğrunda yarışa qoşulmuşdu. Belə də şəhər olar? Teatrı, ali məktəbi yoxdur, üç-dörd qəlyanaltısı, bir neçə kababxanası var, iki-üç dənə kinoteatrı.
1964-cü ilin mayı
İlya Zemtsov yazır: Sumqayıt od-tutub yanırdı. Minlərlə fəhlə şəhər partiya komitəsinin qarşısındakı meydana toplaşmışdı, onlar gah oturur, gah da durub: “Çörək, ət! Ət, çörək!” qışqırırdılar. Bakıda da bunlar çatışmırdı, Sumqayıtda onu necə yoluna qoymaq olardı? Milislər bütün bunları zarafat kimi qarşılamadılar, kütləni mühasirəyə alıb meydandan çıxarmağa çalışdılar. Normal sovet düşüncəsinə görə qiyamçılar qaçmalıydılar. Ancaq onlar müqavimət göstərdilər, meydandan çıxmadılar. Bir milisi əzişdirdilər, ikincini yerə yıxdılar. Kimsə başı üstünə Stalinin şəklini qaldırdı. Niyə məhz Stalinin? Hansı sentimental hisslər, insani rəğbət azərbaycanlıları Stalinlə bağlaya bilərdi? Axı bu adam 380 min azərbaycanlını edam etmişdi, həbsxanalarda və sürgünlərdə öldürtmüşdü. Təəssüf ki hər şey rəqəmlərlə hesablanmır, həyatını informasiyasızlıqla dəyərləndirən insanlar elə düşünürdülər ki, onda indikindən yaxşı idi.
Kim həbsxanada olmayıbsa
Bakıya girişin bataqlıq çöllərində palçıqdan, dəmir və taxta parçalarından tikilmiş “gecəqondu”lar yoxsulluğun, ağır həyatın bariz nümunəsi idi, adamları bu yoxsulluğun miqyasından daha çox, onların bu vəziyyətlə barışması narahat edirdi. Adamların nəinki sabaha, bir saat sonraya inamı yoxdu. Uşaqlar hər şeyə laqeyd baxırdılar. Höcətləşmə, qalmaqal onların həyat tərzinə çevrilmişdi. Onların sifətlərində strateji ağıllılığın nişanələri vardı. Onlar nə vaxtsa qiyam edəcəklər? Qiyam qaldıracaqlar? Kim həbsxanada olmayıbsa, irəli çıxsın! Siz ağıllı olacaqsınız?
-Mən sizə on dəqiqə vaxt verirəm, dağılışmasanız, polkovnik Rzayev Sumqayıtdakı meydanda özünü cıra-cıra qışqırırdı. O, yüzlərlə milis işçisi ilə Stalinin şəklini tutmuş dəstəni mühasirəyə alırdı.
-On dəqiqə vaxt verirəm, çəkilməsəniz, itləri buraxacağam. Hər iki milis nəfərindən birinin əlində it vardı. Hamısı da bəslənmiş alman itiydi.
Milislər və itlər üçün böyük gün
Bu gün milislər və itlər üçün böyük gün idi. “İt insanın dostudur”, deyirlər, təəssüf ki hələ heç kim özü üçün aydınlaşdırmayıb, itin sahibi necə? O da insanın dostudurmu? Həmin gün 96 nəfər yeniyetmə və gənc möhkəm it dişləməsindən Semaşko adına xəstəxanaya göndərildi, Sumqayıt zahirən çəkilmiş bir şəkildəki kimi idi, elə bil tənbəllikdən qalaylanıb... cənubda görünən göy üzü ağappaqdır, yerdə ağaclar və ot yaşıldır. Hər şey belə görünür. Amma bunlar aldadıcıdır. Şəhərin yolları hər tərəfdən yerində qalmış maşınlarla kəsilib, küçələr şüşə qırıntıları ilə doludur, kütləni qovmaq üçün vurulan sular hələ tam qurumayıb. Elə düşünməyin ki, çekistlər ibtidai icma quruluşu insanlarına oxşayırlar. Səhv fikirləşirsiniz. Mayor Orucovda qorxulu heç nə yoxdur! Zahirən uğur qazanan cənaba oxşayır. Ailədə çox danışan, xeyirxah ailə başçısına bənzəyir. Özünün düzgün olduğuna inanan açıq adamdır: “Siz hiddətlənirsiniz? Aydınlaşdırarıq. Nə, kimsə kor olub? Yaralananlar var? Təəssüflənirəm. Uşaqlar bir az qızışıblar? Yazıq. Biz buna yol verə bilməzdik: Bu gün Sumqayıt, sabah Bakı. Güman edirsiniz, bu nə ilə qurtara bilər? Doğrudanmı fəhlələr başa düşmürlər ki, biz liberallıq edə bilmərik? Ola bilər, araqarışdıranlar təsadüfən qiyam etməyiblər...”.
Onların arxasında kimsə durur?
Mayorun səsindən riyakarlığı hiss edilmir. Mayor o qədər də qorxulu deyil, saçlarına dən düşüb, yüngül gülüşü və köppə dodaqları səmimilik yaradır. Ancaq kor olmuş gənci ayaqlar altında əzən, qayışla döyən o deyildimi?...
1965-ci ilin may ayının doqquzunda Bakıda iğtişaşlar baş verdi, həbslər başladı. Həmin gün Bakı təntənə ilə faşizm üzərində qələbənin 20 illiyini qeyd edirdi. Tribunada qardaş respublikalardan gəlmiş qonaqlar da vardı. Qəfildən “iğtişaşçılar” Lenin adına meydana (Azadlıq) girdilər, tribunaya sarı getdilər. General və nazirlər qaçdılar. Şəhərin meri Ə.Ləmbaranski onları acizanə şəkildə yola gətirməyə çalışırdı:
-Xahiş edirəm, dağılın... Dağılın... Xahiş edirəm, bütün iradlarınızı sabah, icraiyyə komitəsində deyərsiniz.
Bütün günü və gecə Bakıda şuluq mahnılar eşidildi. Lakin tezliklə “günahkarlar”, “qiyamçılar” tapıldı, hər şey cinayətkarların adına yazıldı. Guya onlar mağazaların vitrinini sındırmış, talançılıq etmişlər. Bu iğtişaşlarda məhkumlar vardı, amma onlar 1964-1965-ci illərdə Azərbaycandakı narazılığın üzə çıxan köpüyüydü. Azərbaycanın problemi hər şeydən əvvəl yoxsulluqdan, hüquqsuzluqdan, ümidsizlikdən çıxa bilməməyindəydi. Azərbaycanda əhalinin gəliri Moskvadan 1,7 dəfə az idi, ixtisassız fəhlələrin sayı 1,8 dəfə çox idi. Cinayətkarlıq üç dəfə, narkomanların sayı 2-3 dəfə, zöhrəvi xəstələrin sayı 2 dəfə çox idi.
Sov.İKP MK-nın fövqəladə komissarı V.Qladışev büro iclasında xəbərdarlıq edirdi: “Bir qədər ehtiyatlı olun, Bakı, Sumqayıt... özünüzü farağat aparın!”.
XII hissə: Əliyev korrupsiyaya qarşı mübarizə adı ilə rəqiblərini sıradan çıxarırdı
Vəzifəyə KQB əməkdaşlarının gətirilməsi daha nələrə xidmət edirdi?
Heydər Əliyevin yerinə hazırlanan Əmirov kim idi?
İnqilabı yumurta, ət və kolbasa ilə boğmağa başladılar. Bakı və Sumqayıta mərkəzdən ərzaq göndərildi, vitrinlərdə ət, kolbasa, yumurta, yağ görünməyə başladı. Bu vəziyyət uzun çəkəcəkmi? İki-üç ay keçmir, mağazalar yenə boşaldı. Moskva bölüşmək istəmirdi. Bakı və Sumqayıtdakı etiraz səslənən may nümayişləri üfüqdə parıltı idi? Bunun ardınca qızmar yay başlayacaqdımı? On il sonra bu nümayişlər yada düşəcəkdimi? Ola bilsin, kimlərsə bu etirazların olduğuna inanmayacaqlar. Azərbaycan neft-kimya institutunun tələbələrinə inanmadıqları kimi. Onları 12 gün Sumqayıtda zirzəmidə saxladılar, döydülər, işgəncə verdilər, amma qiyamı kimin təşkil etdiyi barədə məlumat ala bilmədilər.
“Rus olmaq istəyirəm”
Akademik, üstəlik Sosialist əməyi qəhrəmanı. Axundov özünü akademik kimi hiss edirdi. “Niyə olmamalıyam?”, fikirləşirdi. Professorlar akademik olurlar, o da artıq professordu.
Dadlı Kuba siqaretini çəkən Axundov uşaqlığını yada saldı. Bir dəfə müəllim ondan soruşmuşdu: Kim olmaq istəyirsən?
-Rus olmaq istəyirəm ,- demişdi.
Yadına Qazaxıstan KP MK-nın birinci katibi Kunayevin zarafatla dediyi sözləri düşdü: “Mən Siyasi Büroya düşən birinci və sonuncu Qazaxam”.
Akademiklik uğrunda çəkişmə
Axundov böyük kabinetdə xeyli gəzindi. Nə deyirlər, desinlər, Qusman düz fikirləşir. O bu dəfə də başqalarından uzaq görən bir addım atdı. Sov.İKP MK ona, İsgəndərova və Əlixanova respublika Elmlər Akademiyasına (EA) seçkilərdə iştirak etməyə icazə vermədi. Çünki bu üç nəfərin akademiklik uğrunda mübarizəsi Siyasi Büroya qədər gedib çıxmışdı.
Axundov birinci katibliyi akademiyaya üzv olmağa dəyişməyə hazır idi. Əlbəttə, respublika səviyyəsində deyil, SSRİ səviyyəsində. Brejnevin əlində nə idi ki? İmkanları çoxdu, amma o katibliyi Elmlər Akademiyasının həqiqi üzvlüyünə dəyişməyə hazır olduğunu Brejnevə dedi. SSRİ Elmlər Akademiyasının mikrobiologiya şöbəsinin elmi katibi olmaq istəyirdi. Bəlkə, elə akademiyanın vitse-prezidenti olsun?! Onda sakitcə ölmək mümkündür. Bir də niyə ölür ki, yaşamaq lazımdır. Fransız dilində akademik sözünün mənası “yaşamaq” idi. Azərbaycan respublikasının EA prezidenti R.İsmayılov seçkilərdə uduzmuşdu, qoca, hərəkət edə bilməyən bu adam rəqiblərindən çox az səs toplamışdı. Bəlkə elə İsmayılovun yerinə seçilsin?!
Brejnevi inandırmaq çətin olmadı. 1969-cu ilin mayında Axundov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bir neçə həftədən sonra Axundov öz ərizəsi ilə birinci katiblikdən azad edildi. Düşünürdü ki, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olacaq.
Axundov bir də fikirləşdi. Hətta ərizəsinə “elm sahəsini gücləndirmək məqsədi ilə” sözünü də yazmaq istədi. Belə yaxşıdı. Bəlkə Kirilenkoya desin. Axundov Brejnevlə hər şeyi danışmışdı. Hətta yerinə Əmirovu təyin edəcəkləri barədə razılıq da alınmışdı. Əmirov zəifdi, amma Axundova sədaqətli idi. Yadına plenumdan suyu süzülə-süzülə çıxan İsgəndərovu və Əlixanovu saldı, “axmaqlar, elə bilirdilər ki, onları seçəcəklər”. Yoxsa sözəbaxan qoyunlar kimi Bakı ilə Moskva arasında qalmışdılar. Plenuma Kirilenko gələcək. Birdən yadına düşdü ki, bəs Kirilenko gələcəyi tarix barədə niyə məlumat vermir? Bəlkə ona zəng edim?
Axundov fikirlərdən ayıldı. Stolun üstündəki məlumatlara baxdı. Yenə Əlizadənin adını gördü, elə bil beyninə qan sızdı. 1968-ci ildə həbsxanadan qayıdanların 31 faizi, 1969-cu ildə isə 33 faizi yenidən cinayət törədib həbsxanaya qayıtmışdı. Onu əvəz edəcək gözlənilməz rəqibinin dövründə isə bu rəqəm 37 faizə çatacaqdı. 1970-ci ildə 922 nəfər yeniyetmə oğurluğa görə məsuliyyətə cəlb ediləcəkdi.
Heydər Əliyev Azərbaycanı “KQB”ləşdirirdi
4 sentyabr 1971-ci ildə Azərbaycan KP MK bürosunun iclasında çıxış edən KQB sədri Krasilnikov deyəcəkdi: Azərbaycanda təqaüdə çıxandan sonra 983 təhlükəsizlik əməkdaşı işlə təmin olunub. Onların 20 faizi Nazirlər Sovetində, 42 faizi ədliyyə sistemində, 22 faizi institut və məktəblərdə, 16 faizi milisdə yerləşdirilib.
1969-cu il statistikasına görə, Azərbaycanda partiya işçilərinin 67 faizinin, Nazirlər Sovetində çalışanların isə 63 faizinin elmi dərəcəsi vardı.
Əliyevsə onları təhlükəsizlik xidmətinin əməkdaşları ilə dəyişəcəkdi. Azərbaycan hara gedirdi?
Sonradan daha dərindən təhlil etdim. Əliyev partiya-sovet aparatı işçilərini niyə KQB əməkdaşlarına dəyişirdi?
O, KQB qorxusunu cəmiyyətin içinə köçürürdü. Kompromatlar zənciri ilə bütün qapıları kilidləyirdi, ipin ucunu öz əlində saxlayırdı.
Yalan və şayiələrlə məlumatlandırılan adamlar
Azərbaycanlılar SSRİ-də bəlkə də ən çox şayiə və yalanla məlumatlandırılan adamlardır. Mən bunu Azərbaycan KP MK-da çalışanda bir daha yəqin etdim. Çünki bu yalanı yaradanların özləri də yalana, şayiəyə inanırdılar.
Sov.İKP MK-nın Zaqafqaziya respublikaları bölməsində son günlər görünməyən fəallıq hiss edilirdi. Key Morozov əməkdaşları məruzə üçün qəbul edirdi. Dəhlizlərdə şişkin çantalı kişilər onun otağına girir, hesabatlarını verib, tövşüyə-tövşüyə katibliyə qaçırdılar. Çantalar bir andaca boşalırdı...
Sən kimsən? Nə üçün ölməyib sağ qalmısan?!
Əliyev Kapitonovun qəbul otağına axşamdan xeyli keçmiş gəldi. Bir qədər çəkinə-çəkinə stulda oturdu, o, otaqdakılardan çəkinmirdi, düşünürdü ki stul uzun boylu, möhkəm bədənli bu adamı götürməyə də bilər. “İndi və ya heç vaxt! Hakimiyyəti götürməliyəm!” Əliyev təmtəraqla düşünməyi sevərdi, fikirlərini bədii sözlərlə ifadə etməyi xoşlardı. Əliyev qısqanclıqla bir Allaha- özünə pərəstiş edərdi, o sadəlövhlükdən uzaq olmağa çalışardı, hətta qeyri-iradi hallarda belə “başqalarının rifahı üçün” düşünməzdi. Onun həyatında sinəsinə döydüyü anlar da çox olub, çıxışlarında öz zəifliyini etiraf etdiyi anlar da vardı...
“Pomeran qrupu”
1945-ci ili xatırladı. Onu- gənc leytenantı baş komissar çağırmışdı:
-Sən kimsən?,- Abakumov ondan soruşdu.
-Mən?- Əliyev diksindi ,- “pomeran qrupunun” istintaqı ilə bağlı çağırılmışam.
-Deməli belə, Abakumov sağ əli qulağının dibini qaşıdı.
-Belə çıxır ki, hamınız geri dönmüsünüz... Qəribədir! Böyük müharibə, ölüm, sizsə sağ qayıtmısınız.
-Günahkaram!
Abakumov sakitcə gülümsədi:
-Yaxşı ki özünüzü günahkar hesab edirsiniz. Cəzalandırarıq.
-Oldu, yoldaş general-polkovnik.
Abakumovun sifətində məmnunluq göründü:
-Sağ ol, belə cavab verərlər.
***
Əliyevi hərbi kəşfiyyata götürdülər, KQB yenidən qurularkən Şərq şöbəsi genişləndirildi və onu bu şöbəyə keçirdilər.
***
Zemtsov daha sonra yazır: Əliyev haralarda çalışmamışdı ki? İranda, Türkiyədə, Pakistanda və Əfqanıstanda olmuşdu, axırda yenidən Türkiyəyə göndərilmişdi. Ötən əsrin 50-ci illərində Əliyev KQB-nin ali məktəbini qurtarır. 1956-cı il Macarıstan hadisələri vaxtı Budapeştdə olması, orada səfir olan Andropovla görüşməsi haqqında ehtimallar da var (İlya Zemtsov başqa bir əsərində yazır ki, Əliyevin birinci katib seçilməsində KQB sədri Y.Andropovun xüsusi rolu olmuşdu).
Brejnev ailəsi ilə xüsusi münasibətin nəticələri
Sonrakı illərdə Sviqunla dostluğu Əliyevə daha geniş imkanlar açır. Hər şey Xruşşovun devrilməsindən sonra başladı. Sviqun yarıtmaz işinə görə Tacikistandan geri çağırılmışdı. 1964-cü ildə Brejnev Sviqunun Azərbaycan KQB-sinə sədr təyin olunmasına göstəriş verir. Sviqun Brejnevin arvadının qohumu idi. 1967-ci ildə Sviqun SSRİ KQB sədrinin birinci müavini təyin edilir.
Sviqunun ailəsi tez-tez Əliyevin Zağulbadakı bağında olurdu. Burada həmişə maraqlı adamlarla görüşmək mümkün idi. Şairlər, rəssamlar, alimlərlə söhbətlər uzun çəkərdi. Maraqlı söhbətlər, bol süfrə heç vaxt yaddan çıxmırdı. Sviqun Moskvaya göndəriləndə öz yerinə Əliyevin namizədliyini verdi. Bircə sədd vardı: Bağırov güllələnəndən sonra qeyri-rəsmi qərar qəbul edilmişdi: respublikada KQB-nin sədri kim olursa-olsun, azərbaycanlı olmasın. Əslində bu, “milli azlıqların” hamısına aid edilmişdi. Belarusiya və Ukraynadan başqa. Belə hesab edirdilər ki, bununla yerlibazlığın, korrupsiyanın qarşısını daha yaxşı almaq mümkündür.
Əliyev belə hesab edirdi ki, Sviqun qeyri-adi adamdır, alman kimi pedantdır, belə görünürdü ki Almaniyada xidmət öz izlərini qoyub, əfqanlar kimi əməksevərdir, təhsilli və təmkinlidir. Əliyev Andropovun da xoşuna gəlmişdi. Brejnevlə Sviqunun həyat yoldaşı danışmışdı. Beləliklə, Əliyev KQB-nin sədri təyin olundu və general-mayor rütbəsi aldı.
Sviqun düşünürdü ki, Əliyev lovğalanmır, intizamlıdır, sadəcə faktları qeydə almaqla kifayətlənmir, icazə veriləndə cinayətin köklərini araşdırır...
XIII hissə: Əliyevin korrupsiya ilə “mübarizəsi” korrupsiyanı şişirtdi
Brejnev Əliyevdən bu qədər təbəəlik gözləmirdi
“Onlar da əvvəlkilərin istədiyini istəyirlər, amma hamısını birdən”
Əliyevlə Zemtsovun gizli sövdələşməsi
Əliyev Sviqunun vasitəsilə Azərbaycanla bağlı məlumatları Andropova və Brejnevə ötürürdü. Axundov haqqında faktları Zemtsova Əliyev özü xəlvəti vermişdi. Onun fikrincə, kitab beynəlxalq aləmdə Əliyevə nüfuz qazandırmalıydı: Əliyev sabaha tam əmin deyildi, günlərin birində onu Sov.İKP MK-dan uzaqlaşdıra, şişirdilmiş planlara, volyuntarist kadr siyasətinə, buraxılmış səhvlərə, yalanlara və korrupsiyaya görə cavab istəyə bilərdilər. Bu vaxt beynəlxalq nüfuz onun köməyi ola bilərdi, bədxahları susdurardı. Əliyev yəhudi alimin ölkədən getməsinə bu məqsədlə icazə vermişdi.
***
Əslində, Əliyev Zemtsovu yaxşı tanıyırdı. Bilirdi ki 1938-ci ildə Bakıda doğulub. Sovet sistemini dərindən bilir. Fəlsəfə və sosiologiya üzrə elmlər doktoru, professordur. SSRİ Elmlər Akademiyası nəzdində yaradılmış sosiologiya assosiasiyasının üzvüdür. Bakıda institutlardan birində dekan olub, sonradan Yaroslavla köçərək, tibb institutunda fəlsəfə kafedrasına rəhbərlik edib. 200-dən artıq kitabın, məqalənin müəllifidir.
1973-cü ildə SSRİ-dən köçüb və Israildə yaşayır. Amerikada Siyasi və Sosial Elmlər Akademiyasının üzvüdür.
***
(1983-cü ildə “Amerikanın səsi” radiosunda İlya Zemtsovla iki böyük müsahibə verilib. (23 və 28 iyul 1983-cü il). Həmin müsahibədə Zemtsov Əliyevin 1967-ci ildə KQB-yə sədr təyin olunmasında Sviqunun xüsusi rol oynadığını qeyd edir. Zemtsovun sözlərinə görə, H.Əliyev karyerasına görə daha çox Andropova borcludur).
Cəfərovun proqnozu özünə görə düz çıxdı, o beyin xərçəngindən dünyasını dəyişdi. Amma Əliyevi Sov.İKP MK-ya katib aparmadılar. O, qurultayda uğursuz çıxış etdi, Brejnevin qarşısında dili topuq çaldı, təbəəliyə sadiqliyin həddini aşdı, bu yöndə açıq-aşkar uzunçuluq etdi. İllər keçdikcə Əliyevin özü də daha ehtiyatlı olmağa çalışdı. Məsələləri dalanlardan çıxarıb, yol ayrıcına gətirməyə çalışdı, nəzəriyyəbazlıqdan əl çəkib, daha irəli getmək istədi. Cəsarəti çatmadı. Yarı yolda ilişib qaldı, qaçılmaz nəticələrdən vahiməyə düşdü, özü çaşdı, başqalarını da çaşdırdı və cəzalandırdı.
O Mərkəzi Komitəni necə KQB-ləşdirdi? Üç il ərzində, 1969-cu ilin avqustundan 1972-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsindən partiya, sovet işinə 1983 nəfər işə gətirilmişdi.
Siyahıya diqqət yetirək:
Nazirlər Sovetinin sədri A.İ.İbrahimov, 1940-cı illərdə Moskvada KQB-nin mərkəzi aparatında işləmişdi;
Nazirlər Soveti sədrinin birinci müavini İ.A.İbrahimov KQB-nin elmi məsləhətçisi olmuşdu, 1957-1968-ci illərdə çoxsaylı xarici səfərlərdə KQB-nin tapşırıqlarını yerinə yetirmişdi;
Azərbaycan KP MK-nin katibi D.R.Quliyev 30-cu illərdə MK-da işləmişdi, müharibə illərində SMERŞ-də qulluq etmişdi;
Bakı şəhər partiya Komitəsinin birinci katibi Ə.H.Kərimov, müxtəlif illərdə daxili işlər naziri olmuşdu;
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Q.A.Xəlilov 50-ci illərdə KQB-nin maliyyə şöbəsinin müdiri olmuşdu;
Kirovabad Şəhər partiya Komitəsinin birinci katibi Ə.X.Vəzirov KQB-nin iki illik kursunu bitirmişdi, SSRİ KQB-nin kadr ehtiyatında idi;
Daxili işlər naziri A.Heydərov 60-cı illərin ortalarında sovet kəşfiyyatının Türkiyədə rezidenti olmuşdu;
Daxili İşlər Nazirliyində bir qrup zabitin pulgirliyi aşkar ediləndən sonra nazir və onun dörd müavini vəzifəsindən azad edildi. Onlar haqqında cinayət işi açıldı. Bakı şəhərinin və bir çox rayonların milis rəisləri də məsuliyyətə cəlb olundular. Nazir Əlizadə də əvvəllər KQB-də şöbə müdiri olmuşdu. Əliyev DİN əməkdaşlarına inanmadığını açıq bəyan etdi. Əliyev Moskvaya uçub KQB sədri Andropovla görüşdü. Onu Heydərovu Türkiyədən geri çağırmağa razı saldı. Əliyev düşünürdü ki, DİN-i və həbsxanaları yalnız çox yaxından tanıdığı, bir yerdə çalışdığı Heydərova tapşırmaq olar. Təkcə üç ildə- 1969-cu ilin dekabrından 1972-ci ilin dekabrına kimi DİN-dən 384 əməkdaş qovulmuşdu. Arif Heydərov və onun iki müavininin taleyi faciə ilə qurtardı. Şuşa həbsxanasından iş yerini dəyişə bilməyən bir baş leytenant tərəfindən iş otağında güllələndi. Üçüncü müavin isə qorxudan stolun altına girdiyi üçün (əslində, ölmədiyi üçün) işdən və polisdən çıxarıldı.
Siyahını davam etdirək.
Azərbaycan KP MK-da partiya-təşkilat şöbəsinin müdiri R.Məmmədzadə KQB-də şöbə müdiri olmuşdu;
Azərbaycan KP MK-nın elm şöbəsinin müdiri, A.Şərifov 60-cı illərdə “İzvestiya” qəzetinin Türkiyə və Pakistanda xüsusi müxbiri işləmişdi, faktiki olaraq KQB-nin Cənub bölməsinin emissarı olmuşdu. Şərifovu Axundov Sviqun və Əliyevin dəfələrlə təhriki və zəmanəti ilə MK-ya işə götürmüşdü.
Əliyev tərəfindən vəzifə verilən Neftçala rayon partiya Komitəsinin birinci katibi Xankişiyev, Sabirabad rayon partiya Komitəsinin birinci katibi M.Məmmədov, Kürdəmir rayon partiya Komitəsinin birinci katibi M.Məmmədov, Şamaxı rayon partiya Komitəsinin birinci katibi M.Nağıyev, Bərdə rayon partiya Komitəsinin birinci katibi X.İbrahimov, Naxçıvan Vilayət partiya Komitəsinin birinci katibi A.Hüseynov, İmişli rayon partiya Komitəsinin birinci katibi M.Kərimov, Qasım İsmayılov rayon partiya Komitəsinin birinci katibi S.Sailov, Orcenikidze rayon partiya Komitəsinin birinci katibi E.Kərimov, Martuni rayon partiya Komitəsinin birinci katibi B.Petrosyan, Lənkəran rayon partiya Komitəsinin birinci katibi İ.Məmmədov, Xaçmaz rayon partiya Komitəsinin birinci katibi B.Hüseynov, Naxçıvan vilayət partiya Komitəsinin ikinci katibi N.Volodin, Dağlıq Qarabağ Vilayət sovetinin sədri M.Oqacanyan ya KQB-də işləmişdilər, ya da gizli şəkildə bu təşkilatda çalışmışdılar. Bütövlükdə 37 rayon partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, 7 nazir, 14 nazir müavini, 29 komitə sədri, teatr direktoru, universitetin və Xalq Təsərrüfatı İnstitutunun rektoru KQB ilə bağlı adamlardı.
1971-ci ildə “VÇK-KQB-nin 50 illiyi” medalı və yubiley nişanı ilə təltif olunan 3742 nəfərin içərisində bu vəzifəlilərin də adı var. (Bu adlar SSRİ KQB-nin Azərbaycanda təltif olunanlar siyahısından götürülmüşdür. 1970-ci il dekabr).
Əliyevə öz adamlarından zərbə
Beləliklə, MK-nın nəzarət etdiyi partiya aparatı, tədricən Respublika KQB-nin aparatda təmsil olunan oliqarxlarının əlinə keçdi. Amma arzu olunan qanunçuluq və qayda yaratmaq mümkün olmadı.
1973-cü ilin ortalarında bir xəbər ildırım sürəti ilə respublikaya yayıldı: son illər Əliyevin təhlükəsizlik orqanlarından gətirdiyi 12 məsul partiya işçisi rüşvət almaqda və fırıldaqçılıqda ittiham olunurdular. Əliyevin şəxsən zamin durduğu N.Əhmədov və S.Brızqalin də onların arasındaydı. Nə qədər ki “cəsur” çekistlər KQB çərçivəsində özlərinə çəkilmişdilər, vicdanlı olmağa məcburdular, amma real həyata atılan kimi həqiqətin tərs üzünə dözə bilmədilər, əlahiddə güclərinə inanıb nəfslərinin qulu oldular, “günaha batdılar”.
“Onlar hamısını birdən istəyirlər”
Onların özlərini qoruması niyə belə az çəkdi? Bakı şəhər partiya Komitəsinin katibi V.Məmmədov zarafatla bir acı həqiqəti deyirdi: “İndiki rəhbərlik əvvəlkindən onunla fərqlənir ki, bunlar da onlar istəyəni istəyirdilər, ancaq hamısını birdən”.
Əliyev çox qəzəblənmişdi. Məlumat mətbuata da sızmışdı. “Bakinskiy raboçi” qəzeti plenum haqqında hesabatda yazırdı: “Plenum N.Əhmədovu özünü apara bilmədiyinə görə Azərbaycan KP MK üzvlüyündən azad edib”.
Brızqalin isə məhkəməyə verildi, 10 nəfər partiyadan çıxarıldı.
Yeni birinci katibin korrupsiyaya qarşı mübarizəsi bumeranq rolu oynadı, qarşısıalınmaz dərəcədə artdı və genişləndi. 1973-cü ildə Əliyev partiya-sovet orqanlarında 29 nəfəri işdən çıxardı, amma bu dəfə qəzəbli çıxış etmədi. O xalq qarşısında etiraf edə bilməzdi ki, onun apardığı iş əbəsdir, nəticəsi yoxdur. Moskvadan da cəzalandırmaq, işdən çıxarmaqla bağlı elə asan razılıq vermirdilər, “keçmişlərin” hər birinin mərkəzdə “əli və başı” vardı.
“Yeni” partiyanın sirli talançılığının izləri
Faciə ondaydı ki, sosial struktur insanları mövcudluğuna və tələbatına görə geriyə dönməyə imkan verilməyən bir zamana inteqrasiya edirdi. Bir qədər mənəvi dəyərlərə söykənən insanlar belə, onu tezliklə itirirdilər. Sosial struktur partiya və dövlət məmurlarından özünə yararlı keyfiyyətləri alırdı: tamahgirliyi, acgözlüyü və eqoizmi. Bu struktur vicdanlılığı, prinsipiallığı və ardıcıllığı özünə düşmən sayırdı.
Geri dönüb baxanda “yeni” adında partiyanın sirli talançılığının fəlakətləri görünürdü. Keyləşmiş (əslində, ölmüş) uzaqgörənlik partiya fəallarının və yığıncaqlarının yaraşığıydı, amma faydasız yaraşıqdı, çünki mənasızdı. Bunlar ilk əvvəl başa düşülmədi, çünki o vaxt- 1969-cu ildə plenumda qeyri-adi bir məqsəd kimi təqdim olunmuşdu. Sonradan aydınlaşdı ki, bu ümid işığı doğurur və eyni zamanda şübhəli qaranlıq toxumu səpir. İfşaedici saflıq vəd edirdi, haqqı yeyən dava-dalaş reallaşırdı, başgicəlləndirən vədlər verilirdi, dəhşətli qisasçılıqla qorxudurdular. İxtilaf qəlbləri parçalayırdı, ziddiyyətlər ağılı çaşdırırdı.
XIV hissə: Orada bir mafiyanın oğurladığı respublika gördüm
Heydər Əliyevin ziddiyyətsiz avqust tezisləri
Əliyevin Azərbaycan KP MK-nın 1969-cu ilin avqust plenumundakı çıxışında ziddiyyətlər yoxdu, birbaşa keçmiş rəhbərliyin siyasətini sərt tənqid və həyatın nəbzini tutan vədlər vardı, ədalətin zəfər çalacağına ümidlər. Əliyevin birinci katib kimi çıxışı bəlkə də səmimi idi, amma keçmişin topa tutulması ədalətli sabahla bağlı ümiddən başqa heç nə vermirdi.
H.Əliyev deyirdi: “Əmək məhsuldarlığının artımı zəifdir”
Bundan bir ay əvvəl Ali Sovetin sessiyasında V.Axundov respublikanı əmin edirdi ki, “əmək məhsuldarlığının artım prosesi qənaətbəxşdir”. H.Əliyev: “Respublikaya tabe olan nazirliklərin sənaye müəssisələrində məhsulların maya dəyərinin azaldılması planı yerinə yetirilmir”. Əslində cəsarətli çağırışdı. Həmin günlərdə digər respublikalardan bu sahədə planların yerinə yetirilməsi haqqında raportlar verilirdi.
H.Əliyev: “Müəssisələrin çoxunda maşın və mexanizmlər yalnız birinci növbədə tam istifadə edilir”.
Üç həftə əvvəl Nazirlər Sovetinin sədri Əlixanov Suriya prezidentinin şərəfinə verilən naharda fəxrlə deyirdi: “Bizim müəssisələrdə maşın və mexanizmlər tam gücü ilə işləyir”.
H.Əliyev: “Neft sənayesindəki gerilik MK-nı ciddi narahat edir”.
1969-cu ilin birinci yarısının statistika məlumatlarında deyilirdi: “Neft sənayesində dünya səviyyəsində uğur qazanılıb”.
H.Əliyev: “Nəqliyyat sahəsində vəziyyət çox ağırdır”.
1969-cu ilin mayında Azərbaycan yollar idarəsinin rəisinə sosializm yarışında qalib gəldiyinə görə Keçici Qırmızı Bayraq verilmişdi.
H.Əliyev: “Xəzər Dəniz Gəmiçiliyi İdarəsi ötən ilin planını yerinə yetirməyib”.
Bu necə ola bilərdi: 1969-cu ilin mart ayının 12-də İttifaq Nazirliyi idarə rəisi Haşımova səriştəli rəhbərliyinə görə qiymətli hədiyyə verilmişdi...
H.Əliyev: “İldən-ilə məktəb tikintisi ilə bağlı planlar yerinə yetirilmir”.
Əvvəllər bu barədə danışmaq yasaqdı. Plenumda uğurlardan danışılardı.
H.Əliyev deyirdi: “Kənd Tikinti Nazirliyində gerilik adi hal alıb, plan yerinə yetirilmir və belə getsə, yetirilməyəcək də. Ticarətin və məişət xidmətinin səviyyəsi əhalini ciddi narahat edir”.
Əliyev sonradan bütün plenumlarda bunları təkrar edəcəkdi.
Bunlar təkcə tezislər deyildi, həm də ittihamlar idi
Əliyev təqsirkarların adını da çəkirdi. Bildirir ki yaranmış vəziyyətə görə ticarət naziri Bəşirzadə, “Azərittifaq”ın idarə heyətinin sədri Həmdibəyov, məişət xidməti naziri Muradverdiyev məsuliyyət daşıyırlar. Bu nazirlərdən tənqiddən nəticə çıxarmaq tələb edilir. Necə?
H.Əliyev: “Milis, prokurorluq və məhkəmələr onlara fəal kömək etməlidirlər”. Əliyevin kinayəsi başa düşülmür. Onların hər üçü vəzifədən uzaqlaşdırılır.
H.Əliyev: “Respublikada kənd təsərrüfatı sahəsində ciddi gerilik və həllini gözləyən çox sayda problemlər var”. 50 ildir ki birinci katiblər bundan danışırdılar.
İlk dövrlərdə Əliyevin çıxışlarında adı çəkilənlər bilirdilər ki, onlar tezliklə vəzifələri ilə vidalaşacaqlar. Ancaq bütün bunlar üç il davam etdi.
Topalın uğurları
Təyyarə Venadan geri uçur. Şeremetyevdə gömrük yoxlamasından keçirəm. Çantadan hər şeyi yerə atırlar, köynəyi, kitabları... Çirkli ayaqları ilə tapdalayırlar. Günahsız adam kimi üzümə baxırlar, məni özümdən çıxarmaq istəyirlər. Bəlkə onlara kömək edim? Gömrük əməkdaşının əlləri papağıma uzanır. Nə axtarırlar? Buradan çıxıram. Sov.İKP MK-nın Starıy meydanındakı binasına gəlirəm. İkimizik, mən və balaca adam. Əslində Pilipenko soyadlı bu adam heç də balaca deyil, burada- MK-da bölmə müdiridir. Bütün fəlsəfə elmi onun əlindədir. Hətta ən məğrur akademiklər onun qarşısında baş əyirlər, professorlar onunla görüşdən fəxr duyurlar.
-Siz necə də özünüzü alçaltdınız, İlya Qriqoryeviç! İsrailə köçmək istəyirsiniz? Heç yaxşı olmadı. Biz sizə inanırdıq, böyük işlər tapşırırdıq, xaricə ezamiyyətə göndərirdik. Heç utanırsınız? Yoxsa göydən düşmüsünüz? Milli hisslər, bir buna bax?! Bax mən ukraynalıyam, metroda kimsə ucadan məni “xoxol” adlandıra bilər. Qoy qışqırsın, məndən nə gedir ki? Sizin nəyiniz çatmırdı? Xidməti maşın, mənzil, 32 yaşında elmlər doktoru, professor... Kim sizi sıxışdırırdı, bax, siz yəhudisiniz, heç yaxşı yol tutmadınız. Düşmənlərə kömək edirsiniz. Partiyada yeni deyildiniz, MK-da işləmişdiniz...
-Biz sizə kafedra tapşıra bilmərik, Fəlsəfədən mühazirə də oxumağa icazə verməzlər. Amma ateizmdən dərs deyə bilərsiniz. Mən Əliyevlə danışmışam, Kirovabada gedərsiniz, kömək edəcək. Partiyaya yalnız üç ildən sonra bərpa edərik.
Qarşıma kağız qoyur: “Yaz, üzr istə, yolunu azdığını söylə. Partiyada başa düşərlər, bağışlayarlar”.
“Pravda” qəzetinin baş redaktoru Suxodeyevin sifəti ağarıb, dodaqlarını dişləyir,- “ən yaxın dostum köpəkoğlu çıxdı”,- söyləyir: “Sənə yüz dəfə dedim, yəhudilərdən uzaq ol! Hələ şəklimi vermişdim, əclafın kitabı da çıxmışdı. Bəs bu işlərin axırı necə olacaq?”.
Yaroslavl tibb universitetinin rektoru çox həyəcanlıdır: Bu sionist təxribatıdır. Gözdən qaçırmışıq, günahkarıq, aydınlaşdırmamışıq, səhvimizdir. Utanıram, amma o, çox ağıllıdır.
Partiya təşkilat katibi Muxo çox tərbiyəsizdir, nəinki ailə, heç məktəb tərbiyəsi də görməyib. KQB agenti olub, xidmətlərinə görə irəli çəkiblər.
-Niyə professor Zemtsov İsrailə köçmək istəyir? Bəlkə ömürlüyündəki qara ləkələri gizlətmək istəyir? Biz Zemtsov haqqında nə bilirik? Diplomları, məqalələri, kitabları var. O bunları necə alıb? Bizimkilər ayda bir məqalə yaza bilmirlər, Zemtsovun hər həftə məqaləsi çıxır? Bunlar hamısı qaranlıq məsələlərdir! Zemtsov bizdən xarakteristika istəyir: bizsə ona “yox” deməliyik! Çünki fəlsəfə kafedrasının müdiri sionistdir.
-Kim Zemtsova arxa durub? Kim onu MK-ya bölmə müdiri aparıb? Əliyev? Niyə? Onları bir-birinə nə bağlayırdı?
Protsenko əlini stolun üstünə vurur: “Əliyev kommunistdir, Sov.İKP MK üzvüdür, onun haqqında pis danışmayın. Onun adını çəkməsəniz daha yaxşı olar”.
Muxo dözmür. Üzünü mənə sarı çevirir: “Zemtsov Əliyev üçün məqalələr yazıb, nədir, olmayıb? Susursan, deməli, yazmısan?!
Partiya yığıncağında iştirak edənlər iki yerə bölünürlər.
-Yaramazı partiyadan qovmaq lazımdır...
-Lənətə gəlmiş sionist!
-İnanmırsınız, casusdur, casus!..
-Başı xarab olub, xəstəxanaya qoymaq lazımdır!
Birdən Muxo deyir:
-Zemtsov, nəsə demək istəyirsiniz?
Mən daha nə deməli idim ki?!
Nəsə? Nəyə görə nəsə deməliyəm? Deməliyəm ki, necə instituta qəbul etdirirlər, SSRİ-nin yaranmasının 50 illiyinə görə tələbələrə iki yazmağı qadağan edirlər? Yaxud vilayət partiya komitəsinin birinci katibi Morozov zəng edir: İlya Qriqoryeviç Kostromadan qonaq var, onun namizədliyi üçün minimum yazmaq lazımdır.
-Vaxtı keçib, - deyirəm.
Katib:
-Siz qiyməti bir neçə həftə geriyə yazın, dünya dağılmaz ki?
Hər şeyi başa düşürəm, amma deyə bilmirəm. Mən İsrailə getmək üçün sizdən xasiyyətnamə istəmişdim, siz məni partiyadan çıxarırsınız.
İclasda səhərə qədər fasilə elan olunur. Səhər qapı döyülür:
-İlya Qriqoryeviç Zemtsov?
Mən olduğumu söyləyirəm. Elə bu vaxt iki sanitar məni götürür.
-Siz kimsiniz? Siz necə cürət edib məni sürüyürsünüz? Bu, nə deməkdir? İcazə verin geyinim. Onlarsa gülümsəyirlər.
-İynə vurmaq lazımdır. Yazın ki yadınıza heç nə düşmür. Biz arayış yazarıq, ərizənizi geri götürərsiniz. Lenin fəlsəfəsinin kafedra müdiri faşistlər tərəfə keçmək istəyir- həkim dillənir.
Mən bilmədim, bu partiyadır, yoxsa mafiya? Amma bütövlükdə oğurlanan bir ölkə, bir respublika gördüm. Bu kitab sənədli povest deyil, sənədlərin talelərdən keçən hekayətiydi...
XV hissə: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş
“Heydərizm” 70-ci illərdən başlayır
Qambay Məmmədovun işini aparan mühüm işlər müstəntiqinin və 70-ci illərin arxiv sənədlərinin əsasında...
SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko kitabları ilə bağlı yazır: “1998-ci ildə mən özümün birinci kitabımı yazdım. Kitab ”140 milyard" işi haqqında, yaxud müstəntiqin həyatından 7060 gün" adlanırdı. Mən bu kitabı bir yerdə çalışdığım istedadlı və qədirli istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri rəşadətə və peşəkarlığa ithaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı. İlkin razılaşmaya görə, kitab “Olimp” nəşriyyatında 3000 tirajla çap edilməliydi. Amma kitab 1000 tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə nəşriyyatın direktoru Kaminskinin anbarından başqa anbara aparmışdılar, orada da yoxa çıxmışdı. Kaminski bu yoxolmanın səbəblərini aydınlaşdırmaq istəmədi"
***
Yeri gəlmişkən, bu kitabda Kaliniçenkonun Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair məqalələr də yer almışdı. “Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı Sumqayıt”.
Əliyevlə kəsişən yollar
Oleq Ivanoviç Koliniçenko söhbətə aramla başlayır: “Qazaxıstan Kommunist partiyasının birinci katibi Kunayevin 69 yaşı tamam olurdu. Siyasi büronun üzvləri, üzvlüyə namizədlərin hamısı Alma-Ataya gəlmişdilər. KQB-dən olanlar mənə danışdılar ki, Azərbaycan KP MK-nın birinci katibi Əliyevin təyyarəsi yerə enəndən sonra çox gözəl çemodanlar daşınmağa başlandı: ”Onların içində nə vardı, deyə bilmərik, lakin çemodanları biz daşıdıq. Hər birinin üstündə yazılar vardı: “Kunayevə”, “Rəşidova”, “Brejnevə” və siyasi büronun digər üzvlərinə. Mən bu çemodanların içində pul olduğunu söyləyə bilmərəm. Ola bilsin ki, gözəl farfor, digər hədiyyələr vardı. Amma ad günündə qələm də bağışlamaq olardı. Kiçik hədiyyəni gətirmək üçün çemodan lazım deyildi..."
Azərbaycanın keçmiş prokuroru Heydər Əliyev haqqında iki cinayət işi açmışdı
- Respublika rəhbəri təyin olunan Əliyev vicdanlı və namuslu adamlardan qisas alırdı. Mən bunu sonradan Sumqayıt hadisələrini tədqiq edəndə, Nadir Quliyevin işini aparanda bir daha yəqin etdim. Qanunu məqsədinin formasına salanlar, ölkəni feodal münasibətlərlə idarə edənlər onu daha böyük problemlərlə üz-üzə qoydular. Məhz həmin çətin günlərdə qanunun deyil, münasibətlərin gülləsinə tuş gələn Saşa Babayev kimi ağıllı və vicdanlı istintaqçılara ehtiyac vardı. Əl buyruqçuları üçün fərqi yoxdu, təki onlara tapşırıq verən olsun".
Mən söhbətə müdaxilə edirəm:
- Siz Əliyev haqqında danışmağa başladınız. Sizin yollarınız harada kəsişib? Hansı məsələdə?
- 1979-cu ildə Azərbaycanın baş prokuroru Qambay Məmmədov- o əfsanəvi bir insandı, Stalinqrad döyüşlərinin iştirakçısı,.. atüstü minaatan rotanı da o fikirləşmişdi- Azərbaycan SSR Ali Sovetinin sessiyasında kürsüyə çıxdı və Əliyevi “cinayətkar” adlandırdı. Əsasən pambıq “pripiskasından” danışdı. O, vəzifəsindən çıxarılmışdı, amma deputat olaraq qalırdı. Hirslənmiş deputatlar onu sürüyüb kürsüdən düşürdülər.
“Onlar məni ikicə günə öldürərlər”
- Burada söhbətə ara verib 1979-cu ilin dekabrına qayıdaq. Bir dəfə Məmmədov mənə dedi: “Bütün yoxlama materialları məhv edilmişdi. Anonim məktublardan cinayət işi açmışdılar”. Həmin günlərdə Əliyev Bakı Şəhər partiya komitəsinin konfransında, az sonra MK plenumunda Məmmədovu “cinayətkar” adlandırdı. Məmmədov ağır şəkər xəstəsiydi, onu nə gözlədiyini yaxşı bilirdi. Mənimlə söhbətində, o dedi: “Həbsimə hazırlıq gedirdi, həbsxanada mənə iki gün insulin vurmayacaqdılar və mən komaya düşüb öləcəkdim. Mənim aradan götürülməyim üçün belə bir variant düşünülmüşdü. Sonra cinayət işini bağlayar və məni istədikləri kimi günahkar çıxarardılar”. Amma Məmmədov DTK işçilərini və ona nəzarət edənləri aldada bilmişdi.
- Hansı yolla?
- Özünü elə apardı ki, evində yatıb, onu gözdən qaçırdılar. Özü səhər saat 4-də yuxudan durub, maşınına oturub Yerevana gedir. Çünki hava limanı və dəmir yolu vağzalı nəzarətdə idi. Yerevanda bilet alır və Moskvaya uçur. Moskvada Məmmədov müxtəlif vəzifə sahiblərinin qəbuluna gedib Əliyevin pambıqla bağlı cinayətlərindən danışır və bütün bunlara görə onun özünü məhv etmək istədiyini söyləyir. Həqiqət axtaran bu adama sadə bir yol göstərdilər. Onu Sov.İKP MK-ya dəvət edib dedilər: “Siz Heydər Əliyevə inanmaya bilərsiniz, Azərbaycan KP MK bürosuna inanmalısınız! Yoxsa, siz onları da cinayətkar hesab edirsiniz?” Məmmədov cavab verir: “Əlbəttə, cinayətkar hesab etmirəm”.
“Onda Bakıya qayıdın, Ali Sovetin sessiyasında dedikləriniz barədə büroya məlumat verin. Qoy yoldaşlarınız qərar qəbul etsinlər”.
Əliyev haqqında iki cinayət işi
Məmmədovun dediyinə görə, müharibədən sonra “KQB”-nin istintaq idarəsinin rəisi kimi Əliyev haqqında iki cinayət işi açıb. Bu işlər perspektivli olub. Amma onları bağlayıblar. Buna görə Əliyevlə aralarında mübarizə gedib. Mən otağa daxil olanda Əliyev ayağa durdu. “Aydındır, sus” - dedi. Sonra üzünü digər büro üzvlərinə tutdu: “Mənim təklifim var, partiyaya yaraşmayan hərəkətinə və vəzifəsindən sui-istifadəyə görə Məmmədovun partiyadan xaric edilməsini təklif edirəm. Kim lehinədir?”
“Qambay Məmmədov Əliyevin yüksəlişini ədalətsizlik hesab edirdi”
Koliniçenko Məmmədov-Əliyev savaşının dərinliklərinə gedir:
- Müharibə qurtarandan sonra Stalinqrad döyüşlərinin qəhrəmanlarından biri, sinəsi orden-medalla dolu zabit, səyyar minaatan batalyonun komandiri Qambay Məmmədov Azərbaycana qayıtdı. Onu “KQB”-yə işə götürdülər, bir müddət sonra istintaq idarəsinə rəis keçirdilər. O vaxt heç kimin tanımadığı Heydər Əliyev də “KQB”də işləyirdi. Xoşbəxtlikdən, ya bədbəxtlikdən, ötən əsrin 50-ci illərində Əliyevlə bağlı iki işin istintaqını Q.Məmmədov aparmalı oldu.
Hər iki işə xitam verildi. Ancaq Əliyev Qambay Məmmədovdan həmişə çəkinirdi, hərdən onun qarşısında dili dolaşırdı. Qambay Məmmədov prinsipiallığı və vicdanlı mövqeyi ilə SSRİ prokurorluğunda böyük hörmət sahibi idi. 60-cı illərdə respublika prokuroru məsələsi həll ediləndə Məmmədovun namizədliyi müdafiə olundu. Heç kim onun əleyhinə getmədi.
Əliyevin də işləri yaxşı getməyə başladı. Azərbaycan “KQB”-sinin sədri, Brejnevin yaxın adamı Sviqunla dostluğu onun yollarını açdı. Sviqun Moskvaya dəyişdiriləndə Əliyev onun yerini tutdu. Amma Əliyevin 14 iyul 1969-cu ildə birinci katib təyin olunması hamı üçün gözlənilməz idi. Bu təyinat Qambay Məmmədovun da ürəyincə deyildi. O, hörmət etmədiyi bir adamın belə yüksəlişini qəbul etmək istəmirdi. Məmmədovun etirazı Əliyevin bu vəzifəyə layiq olmaması ilə bağlı idi və Əliyev haqqında açıq danışmaqdan belə çəkinmirdi. Heç barışmaq fikri də yoxdu.
Amma respublika prokurorunun bütün söhbətləri birinci katibə çatdırılırdı. Əliyev çox dözdü, prokuroru yola gətirmək istədi, ətrafındakılarla ona xəbərlər göndərdi. Artıq “təhlükəli şahidin aradan götürülməsi üçün” oyunlar qurmağın vaxtı çatmışdı.
XVI hissə: İlk dəfə siyasi elitaya seçim qabiliyyətə görə deyil, yerliçilik, qohumluq prinsipi ilə aparıldı
Əliyev məxfi dosyeləri işə salır
Əliyev “KQB”-nin müavini, daha sonra sədri olanda Azərbaycan KP MK-nın birinci katibi, büro üzvləri, digər rəhbərlər və bir qədər üzdə olan adamlar haqqında məxfi məlumatlar yığmışdı. Xüsusilə, hüquq-mühafizə orqanları haqqında məlumatları bir neçə dəfə Vəli Axundovla bölüşmüşdü, amma bir nəticə olmadığından faktları özündə saxlamışdı. İndi həmin faktlardan istifadənin zamanı gəlmişdi. Əliyevin prokurorluğun istintaq şöbəsinin rəisi İbrahim (Saşa) Babayevin “bəzi əməllərindən” xəbəri vardı. Onu prokurora qarşı qaldırmaq, ondan ifadə alaraq eyni zamanda, yola gəlməyən prokurorun da məsələsini həll etmək olardı. “KQB” Saşanı izləməyə, nəzarətə götürməyə başladı. Telefonlarına qulaq asdılar, görüşlərini lentə aldılar. Ortaya onun və Izik Quliyevin “gizli sex sahiblərinə himayədarlığı” məsələsi atıldı. Guya Saşa Babayev və İzik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini “qoruyurdular”.
Birinci katib Heydər Əliyev repressiya aparatını hərəkətə gətirir
1969-cu il Azərbaycana total qorxu gətirirdi.
SSRİ prokuroruna gizli lent yazısı ötürdülər...
SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko “Azadlıq”ın əməkdaşı ilə söhbətini davam etdirir: “Gizli sex” rəisləri həbs edildilər, növbə Saşa Babayevə çatdı. Əliyev baş prokuror Roman Andreyeviç Rudenkoya zəng etdi, ona Saşa Babayevin “gizli sex sahibləri” ilə əlaqəsi olduğu barədə məlumat verdi. Bundan əvvəl Əliyev prokuror Qambay Məmmədovu yanına çağırdı və prokurorun yaxın adamı olan Babayevin həbsilə bağlı sanksiya verməsini ondan tələb etdi.
Əliyev Rudenkoya bildirdi ki, Mərkəzi Komitə respublika prokurorluğuna inanmır, buna görə də işin SSRİ prokurorluğunun mühüm işlər müstəntiqlərindən birinə verilməsini istəyir. İnamsızlıq yaratmaq üçün faktlar çoxdan hazırlanmışdı. Gizli milislər Moskva mehmanxanalarının birində Saşa Babayevin SSRİ prokurorluğunun bir qrup əməkdaşı ilə birlikdə əxlaqsız qadınlarla eyş-işrət məclisini lentə köçürmüşdü. Rudenkonu inandırmaq üçün lenti ona göstərdilər. Mərkəzi aparatın lentə düşmüş əməkdaşları işdən qovuldu. Azərbaycana isə yoxlama aparmaq üçün xüsusi istintaq qrupu göndərildi.
Əliyevin əlinə imkan düşmüşdü. Babayevin işindən istifadə edərək prokurorluqda yoxlama başladı.
İş yoldaşlarının güllələnməsində iştirak edən prokuror
Arxiv materiallarında bu hadisə ilə bağlı nələr tapmaq olur?
Rəşid Markaroviç Kazaryan prokurorluqda 13-cü maaş alan tək-tük prokurorlardan biriydi. Ona görə ki, ölüm hökmlərinin yerinə yetirilməsinə nəzarət prokuroru idi. Həmin gün bu erməni əsilli prokuror Bayıl türməsinə gəldi. Əvvəlkilərdən fərqli olaraq, o, bu dəfə hər gün gördüyü, əl verdiyi, dəfələrlə çörək kəsdiyi iş yoldaşlarının - prokurorların güllələnməsində iştirak edəcəkdi. İbrahim Babayevin və İzik Quliyevin niyə həbs edildiyini, haqlarında belə ağır hökm çıxarıldığını hamıdan yaxşı ölkənin birinci adamı bilirdi. Çünki “gizli sexlər”i prokurorlar deyil, nazirlər açdırmışdı. Burdan gələn pulların çoxu da elə onların cibinə gedirdi.
Bir azdan güllələnmə hökmü kəsilmişləri əməliyyat otağına gətirdilər. Erməni prokuror başqalarından fərqli olaraq kimlərin güllələndiyi barədə düşünmürdü.
Baş nazirin oğlu güllələnmə otağında
Əvvəl İziki gətirdilər. İzik Azərbaycanın sabiq baş naziri Teymur Quliyevin oğlu idi. Gizli iqtisadiyyatın, sexlərin bu nəzarət prokuroruna nə dəxli vardı?!
Sifətinin qanı qaçmışdı, özünü itirmişdi, sonuncu dəqiqələrdə belə, başına nə gəldiyini anlamırdı. Sinəsində düyünlənmiş hıçqırıqlarını səsə çevirmək, qışqırmaq istəyirdi. Sinəsindən bir ağrı qopdu, istədi əlini daşa, divara vursun, nəzarətçilərin əlindən çıxıb ölümün ağzından qaçsın. İçəridə olduğu bu 10 ayda özünə bu sualı çox vermək istəmişdi, ürəyi gəlməmişdi. “Məni niyə öldürəcəklər, məni niyə öldürəcəklər”, deyə fikirləşirdi. Birdən, bu fikirlər dilindən də çıxdı, ölüm otağının divarlarında əks-səda verdi: “Bəlkə yaşamaq haqqında düşünəydim...”
Elə bil ayağına daş bağlanmışdı, ardınca getmirdi, son anda ayaqları ona saniyələrlə hesablanan ömür bağışlayırdı.
“Sizin son sözünüz” - erməni cəllad dilləndi.
Bu sözlərdən sonra ölüm gəlirdi. İzikin başı bir anda sağ çiyni üstünə əyildi. Arxadan atəş açıldı. Cəllad düz atmışdı. Bir güllə ilə onu susdurdu.
Növbə İbrahim Babayevə çatdı. Onu ölüm otağına əli qandallı gətirmişdilər. Bu müharibə iştirakçısının şux yerişini, uca boyunu, gözəlliyini ölüm qorxusu da ala bilməmişdi. Ölüm anını hiss etdirmədən otağa girdi. Düz erməninin qarşısında dayandı: “Rəşid, uşaqlara salam de! Bilin, bizim heç bir günahımız yoxdur!”
Müharibədə güllənin seçə bilmədiyi bir cəsarət sahibini güllələmək əmrini bir erməni verəcəkdi. Sonra prokurorluğa qaçıb kiminsə qarşısında quyruq bulayıb sədaqətini göstərəcəkdi. Elə bil İbrahim soyuqqanlılığı ilə ölümü dondururdu. Erməni prokuror onun baxışlarına dözmədi, yana çevrildi. İbrahimin gözlərindən yağan nifrətdən qorxan erməni tələsdi.
Bəlkə də müharibədən qara kağızı gəlsəydi, anasına, övladlarına bu qədər dərd olmazdı. Arxadan açılan atəş onu da susdurdu.
Qisasçılıq dövlət siyasətinə çevrilirdi
Azərbaycanda 1969-cu ilin sakit inqilabının ilk əzabkeşləri dünyasını belə dəyişdi. Bu yeni repressiyaların, yeni total həbslərin başlanğıcı idi. Qorxu qayıdırdı. Azərbaycanı qarşıda daha böyük faciələr gözləyirdi. Bir tərəfdə yalan və haqsızlıq, o biri tərəfdə plan və yalançı təriflər dayanmışdı. Bir tərəfdə zalları titrədən sürəkli alqışlar, o biri tərəfdə oğul itirən anaların hıçqırıq dolu göz yaşları dururdu. Bir tərəfdə kürsülərdən deyilən əsassız nəticələr, o biri tərəfdə polis rejiminin zorla adlara yazdırdığı cinayətlər. Qisasçılıq dövlət, partiya siyasətinə çevrilirdi.
Onları niyə öldürdülər?
Həmin günlərdə Bakı şayiələrlə yaşayırdı. Onları niyə öldürdülər? Cəsarəti çatanlar bu sualı özünə verir, qorxu içində ətrafa baxıb köks ötürürdülər. Əsl həqiqəti bilənlərin əli heç yerə çatmırdı.
Bakının məşhurlarının belə tez qətlə yetirilməsinin arxasında kimin dayandığı məlum idi. Yeni birinci katib yolagəlməz prokurorun əl-qolunu qırırdı, Teymur Quliyevin oğlunu güllələtməklə cəmiyyətə mesaj göndərirdi: “Mənim üçün toxunulmazlar yoxdur, mənim toxunmadıqlarım var”.
İzik Quliyev məhkəmə hökmlərinin icrasına nəzarət idarəsində işləyirdi, İbrahim Babayev isə uzun illərdi ki, istintaq idarəsinin rəisi idi. O prokurorluğun Qambay Məmmədovdan sonra ən sözükeçən adamı idi.
Əliyevin 1969-cu ilin avqust plenumundakı tezislərindən biri korrupsiyaya qarşı mübarizə idi. Gizli iqtisadiyyatla mübarizə adı altında rəqiblərin zərərsizləşdirilməsi mexanizmini yaradırdı. Yenidən bölüşdürmə, köhnə komandanın DTK əməkdaşları ilə əvəzlənməsi, iki-üçqat nəzarətin yaradılması da bu məqsədə xidmət edirdi.
Əslində keçmiş birinci katib Vəli Axundovun vəzifədən uzaqlaşdırılması da yığılan pulların mərkəzə tam çatdırılmaması üstündə olmuşdu. Bununla bağlı məlumatlar Andropova ötürülmüşdü, o da məlumatı Brejnevə çatdırmışdı. Qəzəblənən Brejnev Andropova Azərbaycanda dəyişiklik etməyə icazə vermişdi. Andropov-Əliyev maşını bütün iqtisadi mexanizmləri sındırıb yenisini yaratmağı qarşısına məqsəd qoymuşdu.
Əliyevin yeni iqtisadi siyasəti xalqı daha da yoxsullaşdırmağa, ölkənin kapitalını bir mərkəzdən idarə etməyə yönəlmişdi.
Mübarizədən qorxuya düşən bir çox “gizli sex” sahibləri Odessaya köçdülər. “Gözdən pərdə asmaq” üçün Əliyev kimlərisə yerində otuzdurmalıydı. Bu “gözdən pərdə asma” nümayişinin ilk qurbanı S.Babayevlə İzik Quliyev oldu.
Niyə repressiyalar Qambay Məmmədovun ətrafından başladı?
Niyə məhz Qambay Məmmədovun ətrafından başlanmasının səbəbləri də hamıya məlum idi. Q.Məmmədov prokuror təyin olunana qədər 16 il “KQB”-də işləmişdi, Əliyevə çox yaxşı bələd idi. Elə ilk illərdən Əliyevin seçdiyi prinsiplərlə razılaşmadığını gizlətmirdi. Sov.İKP MK bürosuna, Ali Sovetə, MK yanında partiya nəzarəti komitəsinə məktublar yazır, respublikada yaranmış real vəziyyətlə bağlı məlumat verirdi. Pambıqçılıq və üzümçülük sahəsində şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi rəqiblərlə mübarizə vasitəsinə çevrilmişdi.
Əliyevin prokurorlara qarşı gurultulu məhkəmə prosesi həm diqqəti yaranmış vəziyyətdən yayındırır, həm də qarşıya qoyulmuş vəzifələri yerinə yetirirdi. Əliyev Moskvaya onların adamı olduğunu sübut etdi. Respublikada antisovet meşşanlığının kökünü kəsdi, ipə-sapa yatmayan prokuror Məmmədovun “yuvasını” dağıtdı. Həmçinin hüquq-mühafizə orqanlarına öz adamlarını gətirmək imkanı qazandı. O, “Bakılı-əyalət” mübarizəsində qalib gəlmək imkanı qazandı. İlk dəfə siyasi elitaya seçim qabiliyyətə görə deyil, yerliçilik, qohumluq prinsipi ilə aparıldı.
Əliyevi “Şah Abbas” adlandırdığına görə öldürüldü
Qambay Məmmədova qədər Əliyev daxili işlər naziri Məmməd Əlizadə ilə vidalaşmışdı. Məhz Əlizadə 1950-ci ildə “KQB”-nin müavini olanda zabit Əliyevin keçmişinə işıq salmaq istəmişdi. Əliyevin nədənsə Məmmədovlarla heç bəxti gətirmirdi. Tezliklə Kürdəmir rayon partiya Komitəsinin birinci katibi Məmmədov Əliyevi “Şah Abbas” adlandırdığına görə həbsxanaya atıldı və müəmmalı şəkildə dünyasını dəyişdi. Bu katibə düzlüyünə görə “Bala Lenin” adı verilmişdi.
Saşa Babayevlə İzik Quliyevi gizli sexlərə himayəçilik adı ilə həbs etdilər. “Sosialist mülkiyyətinin oğrularına şərait yaradan” bu prokurorlar, əslində, Əliyevə Məmmədova əl uzatmaq üçün lazım idi. Amma heç kim sual vermədi: hansı prinsiplə bu iki adamın cinayəti bir iş altında birləşdirilmişdi?
***
Koliniçenko burada köks ötürür. Axı bu prokurorların mühakimə olunduğu maddələrdə ölüm hökmü nəzərdə tutulmurdu. 9 ay istintaq apardılar, tez məhkəməyə göndərib, ölüm hökmü çıxardılar. İcranı da tezləşdirdilər. Necə? Yenə Əliyevin şəxsi müdaxiləsi öz işini gördü.
XVII hissə: Əliyevin güllələnmə tapşırıqları
Hamının yaxşı tanıdığı Əlisahib Orucov və Georgi Markaryan
Bu gün də heç kim bilmir: görəsən, hakim Əlisahib Orucov ölüm hökmünü hansı əsasla çıxarıb? Çünki cənab Orucov nə istintaqdakı şahid ifadələrini, nə də məhkəmədə dindirilən şahidlərin ifadəsini nəzərə alıb. Məhkəmədə bütün şahidlər istintaqdakı ifadələrindən imtina etmişdilər və bildirmişdilər ki, işi aparan müstəntiqlər onları belə ifadə verməyə məcbur ediblər. Yalnız bircə nəfər- erməni Georgi Markaryan ifadəsindən imtina etməmişdi.
Onları cəmi 4 saat sonra güllələdilər
Arkadi Vaksberqin “Gurultulu alqışlar” məqaləsindən sonra “Literaturnaya qazeta”ya gələn minlərlə məktubdan birini Azərbaycan SSR Ali məhkəməsinin hakimi O.Hüseynov yazmışdı. Məktubda deyilirdi: “Babayevlə Quliyevin işi mənə verilmişdi. Məhkəmə sədri işi mənə verəndə dedi: “Əliyevin tapşırığıdır, hər üçünə güllələnmə verilməlidir”. Mən bu işə baxmaqdan imtina etdim. Sonra işi R.Hüseynova verdilər. O da bu səbəbdən boyun qaçırdı. İşi Əlisahib Orucov götürdü. Müşavirə otağında Orucov Ali Məhkəmənin sədr müavini təyin olundu, hökm oxunandan sonra ədliyyə naziri vəzifəsi ilə mükafatlandırıldı...
SSRİ Ali Məhkəməsinin sədri qərardan şikayət edəcəyini bildirir. Bu vaxt Əliyev işdə maraqlı olduğunu gizlətmir. Mühüm işlər üzrə müstəntiq O.P.Temuşkin Babayev və Quliyev güllələnəndən 10 il sonra yazırdı:
“Mən bir məsələ ilə bağlı SSRİ Ali Məhkəməsinin sədri L.N.Smirnovun otağındaydım. Telefona zəng gəldi. Smirnov zəng edənə adı, atasının adı ilə müraciət etdi. Bildim ki, zəng edən Əliyevdir. O, SSRİ Ali Məhkəməsinin Babayev və Quliyevlə bağlı şikayətini geri götürməsini tələb edirdi. Ali Məhkəmə sədri Siyasi Büro üzvlüyünə namizədin qarşısında dayana bilmədi...
Əliyevin tapşırığı ilə “KQB” generalı Abbas Zamanov Moskvaya uçur. SSRİ prokurorluğunda və Ali Məhkəmədə məsələni həll edib geri qayıdır. Əvəzində qonşusu və yaxın dostu Qambay Məmmədovun yerinə respublika prokuroru təyin olunur.
SSRİ Ali Məhkəməsi şikayətini geri götürəndən 4 saat sonra birinci şəxsin tapşırığı ilə hökm yerinə yetirilir".
***
Yeri gəlmişkən, Rekunkov SSRİ baş prokuroru təyin olunan kimi, bu işi aparan mühüm işlər üzrə müstəntiqlər Çicuk və Qusev prokurorluqdan çıxarılmışdılar. Koliniçenko ilə bir yerdə çalışan, 1988-ci ildə onunla birlikdə Sumqayıt hadisələrinin istintaqını aparan Yakovun məlumatına görə, Qusev sağdır. Bizim onunla görüşümüz bizdən asılı olmayan səbəblər üzündən baş tutmadı.
İşlə tanış olmuş vəkillərdən biri mənimlə söhbətində bildirdi ki, müstəntiqlər prosedur qaydaları pozmuş, istintaq müddətində “KQB”dəki otaqlarda oturmuşdular. İşin sifarişli aparıldığı göz önündədir.
Məhkumlar Ali Məhkəməyə, Ali Sovetə şikayət hüquqlarından istifadə edə bilməmişlər.
Əliyevlə Saşa Babayev arasında münaqişənin kökləri
Əliyevin Saşa Babayevlə münaqişəsinin kökləri 60-cı illərə gedib çıxır. 1967-ci ildə Martunidə kolxoz sədrinin 9 yaşlı oğlu vəhşicəsinə qətlə yetirilmişdi. Ermənistan-Azərbaycan münasibətləri çox gərginləşmişdi. Sov.İKP MK bu məsələ ilə bağlı xüsusi qərar qəbul etmişdi. İstintaqı “KQB” və prokurorluğun istintaq idarələri aparırdı. Bu məsələyə görə azərbaycanlı məktəb direktoru və onun iki qohumu həbs edilmişdi. “KQB” müstəntiqlərindən fərqli olaraq, prokurorluq müstəntiqləri hesab edirdilər ki, 9 yaşlı erməni uşağını azərbaycanlılar deyil, aranı qızışdırmaq istəyən ermənilər, ya da xüsusi xidmət orqanlarının nümayəndələri öldürmüşdülər. Çünki nə məktəb direktorunun, nə də onun qohumlarının erməni kolxoz sədri ilə aralarında münaqişə baş vermişdi. Bu qətldə günahlandırılan Məmmədovlar kənd əhalisinə qoşulub yoxa çıxan uşağın axtarışı ilə məşğul olmuşdular. Stepanakertdə bu məsələ ilə bağlı “KQB”nin istintaq idarəsinin rəisi Əliyevlə Babayev arasında mübahisə düşmüşdü. Şahidlərdən birinin dediyinə görə, onlar əlbəyaxa olmuşdular.
Məhkəmənin gedişində isə ermənilər hücum edib Məmmədovları döyə-döyə öldürdülər və dustaq maşınını yandırdılar.
Əliyev S.Babayevə bu əlbəyaxanı bağışlamadı.
İzik Quliyev isə H.Əliyevin qayınatası Əziz Əliyevlə bağ qonşusu olmuşdu. Çox bilməyi İ.Quliyevin ömrünü qısaltdı.
“Əliyevin ən yaxın qohumlarının cinayətlərinin üstünü açdım”
Saşa Babayevdən sonra respublika prokurorluğunda istintaq idarəsinin rəisi olmuş Məmməd Quliyev yazır: “Babayevdən sonra istintaq idarəsinin rəisi mən təyin olundum. Mənim taleyim ürəkaçan olmadı. Mən bir dəfə Əliyevin dediklərinə əməl etməməyə çalışdım, mütəşəkkil cinayətkarlıq üstümə ayaq açdı. Əliyevin ən yaxın qohumlarının çoxsaylı cinayətlərinin üstünü açdım. Qatı cinayətkar S.Hüseynov həbs edilmək əvəzinə Azərbaycan SSR Ali Sovetində şöbə müdiri oldu. Hakimiyyətin gücü ilə özünə cəzasızlıq mühiti yaradan mafiya respublika həyatının bütün sferalarına sirayət edib”.
Nədən bu istintaq üçün məhz sizi seçdilər, cənab Koliniçenko?
Bu suala Koliniçenko belə cavab verir:
- Ləkələmək çətin deyildi, qulaqdan çox qulaq, gözdən çox göz vardı. Əslində fərqinə varmadılar, Məmmədovun adı çəkilən hər məktubu götürdülər. Məmmədovun qurama cinayət işinə şübhə salan bütün məktubları redaksiyalardan, MK-dan, Nazirlər Sovetindən, Ali Sovetdən yığışdırdılar.
- Həmin işlərin təhlilinə sonra keçərik. Bəs siz onda harada idiniz? Necə oldu ki, mühüm işlər üzrə müstəntiq kimi Bakıya sizi göndərdilər?
- Məndən əvvəl Bakıya bir mühüm işlər müstəntiqi gəlmişdi. Bir neçə gün işlə tanış olur. Sonra Heydər Əliyevlə görüşüb Saşa Babayevlə dost olduğunu ona söyləyir və buna görə də işi aparmaqdan imtina edir. Deyim ki, SSRİ prokurorluğunun mərkəzi aparatında Saşa Babayevi hamı mərd, sözünün ağası, ədalətli bir hüquqşünas kimi tanıyırdı. Buna görə də iki müstəntiq göndərilir. Onlardan biri sağdır. Mümkün olsa, sizi onunla görüşdürəcəyəm.
Amma hələlik, sizə deyim ki, bu repressiyalar adicə bir kolxoz briqadirinin istintaqı ilə start götürdü. Bəli, bəli, adi bir kolxoz briqadiri ilə bağlı əməliyyat məlumatları ölkədə nəhəng repressiya maşınını işə saldı.
Seyidovun işi
Xaçmaz rayonunda hüquq-mühafizə orqanlarına məlumatlar daxil olmağa başladı ki, kolxozlardan birinin briqadiri Heydərov planda nəzərdə tutulandan çox sahə əkir. Bu sahədən yığılan tərəvəzi əldə satdırır və qazanılan pulu rayonun bir çox məsul vəzifə sahibləri ilə bölüşdürür.
Yoxlama təşkil edildi. Yoxlamaya rayon kənd təsərrüfatı idarəsinin baş mühasibi Seyidov rəhbərlik edirdi. Yazılan faktlar təsdiq edildi. Bu vaxt Heydərov Seyidova 300 rubl rüşvət təklif edir. Seyidov rüşvət almaqdan imtina edir və yazılmış aktı bütün komissiya üzvləri üçün imza atmağa hazırlayır. Heydərov rayona gedir və məsələ barədə arxası olan milis məmuruna məlumat verir. Milis məmuru Heydərova Seyidovun ondan 300 rubl rüşvət istəməsi haqqında ərizə yazdırır. Belə də olur. Pul tapdılar, nömrələrini yazıb, əməliyyat qrupu yaratdılar və dedilər: “Tutun o rüşvətxoru!”
istirahət günü Seyidov kolxoz idarəsində sənədləri yoxlamaya hazırlayırdı. Katibə qəbul otağında aktı makinada yazırdı. Qarşı otaqda kolxozun mühasibi Pəncəliyev otururdu. Rüşvətverən idarə binasına daxil oldu, on dəqiqə sonra geri qayıtdı, briqadir bir qədər özünü itirmişdi, amma işarə verməyi unutmadı: Rüşvət verildi!
Seyidovun otağına milislər doluşdu:
- Əllərinizi stolun üstünə qoyun, tərpənməyin! Siz bir neçə dəqiqə əvvəl rüşvət almısınız!
Özünü itirmiş Seyidov dilləndi:
- Mən heç nə almamışam!
Dəstənin rəhbəri bağırdı:
- Hal şahidlərini çağırın, axtarış aparacağıq!
- Bu, təxribatdır! - Seyidov müdafiə olunmağa cəhd etdi.
Pəncəliyevin çirkli pəncəsi
Otaqda kağız üstündə kağız qoymadılar, hər yeri ələk-vələk etdilər. Bir nəticə olmadı. İstintaq qrupunun üzvləri, cinayət axtarışı idarəsinin rəisi özünü itirdi. Sərt baxışlarını Heydərova dikləyən qrup rəhbəri “çıx çölə görüm” deyib, onun qolundan tutub dürtmələyə-dürtmələyə çölə çıxardı.
Araya sükut çökdü. Beş dəqiqə sonra qrup rəhbəri özündən razı halda gülə-gülə qorxaq görkəmdə içəri girdi. Onun arxasınca sürgünə gedən adamlar kimi mühasib Pəncəliyev və Heydərov gəlirdi. Mayor təntənəli şəkildə Heydərova müraciətlə soruşdu:
- Sən rüşvəti kimə vermisən?
- Ona vermişəm, ona - Seyidovu göstərərək qımıldandı.
- Bəs siz bütün bunlar haqqında nə bilirsiniz? - bu dəfə mayor Pəncəliyevə müraciət etdi.
Pəncəliyev başını aşağı dikdi, gözlərini o yan bu yana çevirdi, əvvəl guya çaşdı, Seyidova sarı yönələrək dedi:
- O, mənə pul verdi və xahiş etdi ki, gizlədim.
- Hansı pul, nə pul? - Seyidov birtəhər nəfəs ala bildi.
Onu heç kim eşitmirdi. Qrup Pəncəliyevin otağına sarı qaçışdı. Açıq seyfdən zərfə qoyulmuş pulu çıxardılar. Seyidov pulda əl izlərinin olması ilə bağlı soruşdu, onları ədalətli olmağa çağırdı. Bəlkə də səhv etdi. Bildirdi ki, o yoxladığı adama pul verə bilməzdi, bir də rüşvət almaqla aktı saxtalaşdırmaq mümkün deyildi, artıq ona üç nəfər komissiya üzvü qol çəkmişdi. Qrupun üzvləri də belə, bu nəticəni gözləyirdilər. Nəzərdə tutduqları cavabı aldılar. Həmin gün Seyidovu həbs etdilər.
Bu səhnənin təxribat olduğu istənilən hüquqşünasa aydın idi. Amma Azərbaycanda hüquq deyil, statistika hökmranlıq edirdi, bu adla rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Seyidov ədalətin deyil, statistikanın məhbusu idi.
Hər məbləğə görə cəza verilirdi. Bir çox yüksək vəzifəli məmurları güllələdilər, mərhəmət heç kimin yadına düşmədi.
XVIII hissə: Heydər Əliyev Qambay Məmmədovu “70 min rubl”la şantaj edir
Günahsızı həbsdən azad etmək böyük qalmaqal yaratdı...
70-ci illərin ağır cinayət olayları barədə mühüm işlər müstəntiqi Koliniçenko danışır:
Seyidovun günahsızlığı açıq-aşkar görünürdü. Ancaq qrupda prokurorluğun müstəntiqi vardı, rayon prokuroru da bu əməliyyata icazə vermişdi, sonra da həbs etdi... Maşın işə düşmüşdü, amma dişli çarx bir tərəfə fırlanırdı. Hər şey komissiya sədrini günahkar çıxarmağa yönəlmişdi. Amma Seyidov da barışmaq istəmirdi. Hər yerə şikayət yazırdı. İşi bir neçə dəfə respublika prokuroru istəmişdi, müxtəlif prokurorlar araşdırmışdı. Hamı da eyni nəticəyə gəlirdi: Seyidov qanunsuz həbs edilib, günahı yoxdur.
Amma hamı “rüşvətxorluqla mübarizə”nin adından çəkinirdi, yaxud “mafiya dəstəsinə” yazdırılmaqdan qorxurdular. Buna görə də heç kim bu ədalətli qərarı çıxarmaq istəmirdi. Bu səbəbdən Seyidov altı ay həbsxanada yatdı. İstintaq müddətini bundan sonra yalnız respublika prokuroru uzada bilərdi.
Qambay Məmmədovun yanında operativ müşavirə keçirildi, məsələ müzakirə olundu. Hamı eyni fikirdəydi, işi bu vəziyyətdə məhkəməyə göndərmək olmazdı. Seyidov azadlığa buraxıldı, amma onun “əlində rüşvət tutanlar” vəziyyətlə barışmaq istəmirdilər.
Əlçatmaz və qorxunc məxfilik
Azərbaycan elə də böyük respublika deyil, rəhbərlikdəkilər də bir-birlərini yaxşı tanıyırlar. Siyasi konyunktura ilə oynamağı bacarmayanlar yerlərini tez itirirlər. Əliyevin respublika prokuroru ilə münasibətlərindən istifadə etmək istəyənlər bu məqamı əldən vermədilər. Kadr məsələsində partiya rəhbərliyinin “KQB” və Daxili İşlər Nazirliyinin məxfi informasiyalarının mühüm rol oynadığını da heç kim unutmurdu. Çünki “məxfilik” adı altında istənilən adama istənilən böhtanı atmaq olardı. Bunun yoxlanılma mexanizmi də yoxdu. Bir də ki respublika rəhbəri də, heç bunun həqiqiliyinin üzə çıxmasına tərəfdar deyildi. Kiminsə özünü təmizə çıxarması o qədər çətindi ki, buna görə susmaq, başını yelləmək və infarkt olmaq əsas çıxış yolları sayılırdı.
Maraqlı olanlar Əliyevə belə bir informasiya verdilər ki, Seyidovun işinə xitam vermək üçün respublika prokurorluğunda kimsə 70 min rubl rüşvət alıb. Guya bu pulu Seyidovun qohumları və həmkəndliləri toplamışdılar.
Bir qədər irəli gedib söyləmək istəyirəm ki, mən bu işi araşdırarkən bir nəfər pul verən, yaxud alan tapa bilmədim. Ən təəccüblüsü bu idi ki, KQB və DIN-dən mənə məlumat verdilər ki, onlarda kiminsə pul yığması və yaxud rüşvət verməsi haqqında heç bir məlumat yoxdur və heç vaxt olmayıb.
Əliyevin birbaşa hücumu
Heydər Əliyev Qambay Məmmədovu yanına çağırdı. Söhbətləri həddindən artıq ağır keçdi və qarşılıqlı ittihamlarla qurtardı. Geri dönən Qambay Məmmədov Seyidovun işinə xitam verilməsi haqda qərarını ləğv etdi və Seyidov yenidən həbs olundu. Bir həftə ərzində iş respublika Ali Məhkəməsinə göndərildi və doqquz gündən sonra Seyidov on üç il azadlıqdan məhrum edildi. Onda Qambay Məmmədov düşünmürdü ki, Əliyev onun icra etdiyi bu sistemlə onun ətrafını və axırda özünü də sıradan çıxaracaq.
Məhkəmə qərarı qüvvəyə minən kimi Əliyev Seyidovun azad edilməsində iştirak edənləri cəzalandırmaq imkanı qazandı. Bu məsələdə rolu olanların hamısı prokurorluqdan qovuldular, bir qismi partiyadan xaric edildilər.
Bir neçə il sonra mən bu məsələni araşdırarkən heç nəyi aydınlaşdıra bilmədim. Yazılmış qərardan bir nəticəyə gələ bilmədim ki, bu adamlar prokurorluqdan niyə qovulublar, partiyadan niyə çıxarılıblar?
“İstənilən halda haqqın təntənəsini mən görməsəm də, uşaqlarım görəcək”
Mən bu müəmmalı işin iştirakçılarının birindən, saçları vaxtından tez ağarmış, tez qocalmış, hələ sındırılmayan Cavadovdan bunun səbəblərini soruşdum. O dedi:
- Onda bəraət almaq faydasız bir iş idi. Hamı dəmir əlin qorxusu altındaydı, məhv etmək üçün onlara əsas lazım deyildi, bunu özləri quraşdıra bilirdilər. Bizi partiyadan çıxaranda yoldaşlarımızın hamısı bir nəfər kimi səs verdi. Onların bizə yazığı gəlirdi, bir-birlərinə bunu qorxa-qorxa da olsa deyirdilər, amma bir fakta inanırdılar: Mərkəzi Komitə hər şeyi daha yaxşı görür. Mərkəzi Komitə deyəndə əlahiddə güc sahibi Heydər Əliyev nəzərdə tutulurdu. Sonradan o bizim etiraflarımızla qərarını rəsmiləşdirmək, yəni özünə haqq qazandırmaq istədi. O, bizdən tövbə məktubları yazmağımızı tələb etdi. Mən onun vəkillərinə söylədim ki, bu həyatda ədalətin bərpasına inanmıram, günahım yoxdur, aman istəməyəcəyəm və onun qarşısında dizi üstə dayanmayacağam. Mən onlara dedim: “İstənilən halda haqq öz yerini tutacaq! Mənə çatmasa da, uşaqlarıma bu qismət olacaq!”
Qambay Məmmədovu prokurorluqdan qovdular, amma...
Bu ola bilməzdi, buna yol verilmirdi. Seyidov haqqında cinayət işinə xitam verilməsi və yenidən bərpası, onun mühakimə olunması, bu məsələdə günahkarların cəzalandırılması Qambay Məmmədov üçün hazırlanan şəxsi qovluğun zorla yazılan səhifələri idi. Babayevin həbsi bu qovluğun girişi və əsas motivlərindən biriydi. Niyə görə Əliyev Respublika Prokurorluğunun partiya tərəfindən yaradılan komissiya tərəfindən yoxlanılmasına tərəfdar olmadı? Əliyev özü dirijorluq edərdi, amma partiya uduza bilərdi.
Azərbaycan KP MK bürosunun qərarı ilə Qambay Məmmədov respublika prokuroru vəzifəsindən azad edildi. Roman Andreyeviç Rudenkoya az bir iş qaldı: əmrini vermək, işdən çıxarmaq. Rudenko bunu yerinə yetirdi. Heydər Əliyev və digərləri ikili standartla, ikili asılılıqla Qambay Məmmədovu vəzifəsindən uzaqlaşdırdılar.
Sabiq prokuroru qonşusu olan yeni prokurorun əli ilə boğacaqdılar
Respublikanın yeni prokuroru “KQB” sədrinin müavini, Qambay Məmmədovun qonşusu Abbas Zamanov təyin olundu. O, prokurorluq işindən çox uzaq bir adamdı. Məmmədovu pensiyaya göndərdilər, amma deputat olaraq qaldı. Əliyev ipə-sapa yatmaz prokuroru bu yolla sakitləşdirmək istəyirdi...
Amma Məmmədov bunu qiymətləndirə bilmədi. Ona iş təklif etdilər, razı olmadı. Prokuror kimi geri dönəcəyi barədə düşündü. Bu, olan iş deyildi, Əliyevi aldatmaq mümkün deyildi: “Mən səni nomenklatur işə necə təyin edim? Sabah Moskvaya ərizə yazacaqsan, bəs onda niyə işdən çıxarırdın, soruşmazlarmı?”
Beləcə qarşıdurma bir neçə il davam etdi.
Rəyasət Heyətində oturan Heydər Əliyevə hücum!
Heydər Əliyev Rəyasət heyətində oturmuşdu. Qambay Məmmədov Rəyasət Heyətinə sarı gedirdi, yoxsa tribunaya- bilinmirdi. Yerdən söz atanlar, onu yolundan döndərmək istəyənlər də oldu. O, daha çox birinci katibin əməllərindən danışdı. O, çox söz deyə bilmədi, onu deputatlar, mühafizə xidməti tribunadan sürüyüb apardı.
Elə bil bütün zal bir işarə gözləyirmiş. Hamı “prokurorluğu dağıdan” Qambay Məmmədova hücuma keçdi.
Süleyman Rüstəm iclası bağlı elan edir, amma bir nəfər replika tələb edir
1978-ci ilin dekabrı. Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış növbəti sessiyası gedirdi. 1979-cu ilin sosial-iqtisadi inkişafı ilə bağlı büdcə müzakirə edilirdi. Sədrlik edən Azərbaycanın xalq şairi Süleyman Rüstəm müzakirələrin başa çatdığını elan etdi.
***
Bütün sessiya boyu içində bir qüvvə onu çıxış etməyə çağırırdı. Əlinin necə yuxarı qalxdığını xatırlamadı:
- Replika üçün söz istəyirəm.
Sədrlik edən bir anlıq nə edəcəyini bilmədi. Kömək axtaran adam kimi ətrafına boylandı. Rəyasət Heyətinə baxdı, “bəlkə kimsə dillənəcək”, - deyə düşündü. Amma heç kim bir işarə vermədi. Araya elə bil ölüm sükutu çökdü. Sədrlik edən səsə qoyub, “yekdilliklə qəbul edildi” sözlərini deməliydi və “icazə verin sürəkli və davamlı alqışlarınızı... hesab edək...”
Replika üçün heç nə yazılmamışdı. Yaranan fasilədən istifadə edən deputat Qambay Məmmədov artıq tribunada dayanmışdı. Nəfəs dərmədən çıxışa başladı:
Qambay Məmmədov parlament tribunasında Əliyevi ittiham edir
- Deputatları məlum edirəm ki, respublika prokuroru kimi 1971-ci ildən başlayaraq yazılı şəkildə rəhbərliyi, yəni Azərbaycan KP MK-ya, Ali Sovetin Rəyasət Heyətinə, Nazirlər Sovetinə, şəxsən Heydər Əliyevə respublikada həm kənd təsərrüfatında, həm sənayedə dövlət əleyhinə geniş miqyaslı əməliyyatlar aparıldığı barədə məlumat vermişəm. Ancaq bu informasiyalar bütün səviyyələrdə qulaqardına vurulub. Mən dəfələrlə- 15 dekabr 1976-cı ildə, 12, 21 aprel, 16 sentyabr 1977-ci ildə Azərbaycan KP MK bürosuna, MK-nın Nəzarət Təftiş Komissiyasına yazılı şəkildə müraciət edərək respublikada vəziyyətlə bağlı əlavə məruzəmi dinləmələrini və tədbirlər görmələrini xahiş etmişəm. Mən 6 teleqram vuraraq deputat yoldaşlarımdan məni dinləmələrini xahiş etmişəm. Amma mahiyyətinə görə məni heç kim qəbul etməyib. Mən respublikadakı vəziyyəti yaxşı bilirəm və bəyan edirəm ki, danışılan bütün nailiyyətlər həqiqətə uyğun deyil və mən bunlara şübhə edirəm. Mən əminəm ki, bütün təltiflər qabaqcadan, yoxlanılmadan verilib, respublikada real vəziyyəti əks etdirmir.
***
Stenoqrama görə, bu yerdə sədrlik edən elə bil yuxudan ayılır və mikrofon yadına düşür:
- Məmmədovun çıxışını davam etdirməsinə ehtiyac varmı?
XIX hissə: Heydər Əliyevə ilk dəfə burada “Allah” deyildi
Az sonra həmin adamların çoxu Əliyevi topa tutmaq üçün MK-nin Plenumunda növbə gözlədilər.
Stenoqramda daha sonra yazılıb: ... “Yerdən səs”; “Ehtiyac yoxdur”... Amma planlaşdırılmamış natiqə cavab vermək üçün 60 deputat hazır olduğunu bildirdi. Cəmi 17 deputata söz verildi. Həmin çıxışların bir qismindən parçaları diqqətə çatdırmağa ona görə ehtiyac var ki, 30 il əvvəl olduğu kimi, bu gün də “utanıb yerə girmirik, parça-parça olmuruq”. Çünki o tarixi sessiyada olduğu kimi, həqiqətə vicdanımızın gözü ilə baxmamağın, reallıqdan çıxış etməməyin yolunu tuturuq. Yəni 30 il əvvəlki kimi, bu gün də cəmiyyətin həqiqətə ehtiyacı yoxdurmu?
Bu da həqiqəti görməyən dövlət xadimlərinin, yazıçı və şairlərin deputat yoldaşlarının nə demək istədiyini yarım sözdən başa düşənlərin çıxışı... Amma çıxışa keçməzdən bir fakta diqqət yetirin. Az müddət sonra həmin adamların bir çoxu Əliyevi topa tutmaq üçün Mərkəzi Komitənin Plenumunda növbə gözlədilər, Milli Məclisin iclasında ayaqlarını yerə döyüb fit çaldılar...
“Təxribatçı Məmmədov və xalqın böyük oğlu”
Respublika Ali soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov:
- Hamıya yaxşı məlumdur ki, Azərbaycan zəhmətkeşləri böyük yüksəlişlərlə işləyirlər, dövlət planlarını, qəbul edilmiş sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirirlər (alqışlar). Bu yaxınlarda Bakıda keçirilən iclasda Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin Azərbaycan zəhmətkeşlərinin son 8 ildə qazandığı nailiyyətlərə verdiyi qiymətdən yüksək qiymət ola bilərmi? (alqışlar). Biz burada Heydər Əliyevin xüsusi xidmətlərini qeyd etməliyik (sürəkli alqışlar). Mən belə düşünürəm ki, Məmmədov təxribatçılıq edir və “bizim sessiyanın” işinə mane olmaq istəyir (sürəkli alqışlar). Mərkəzi Statistika İdarəsinin məlumatlarını şübhə altına almaq təxribatdan başqa bir şey deyil. Bizim sessiyanın işinə heç bir təxribatçı mane ola bilməz (sürəkli alqışlar).
Neftçala rayon partiya Komitəsinin birinci katibi U.Qurbanov:
- Bizi hiddətləndirən odur ki, Leonid Iliç Brejnev böyük qələbəmizə yüksək qiymət verdiyi halda, Məmmədov belə çıxış edir. Mən belə hesab edirəm ki, elə bu gün, sessiyada Məmmədov deputatlıqdan geri çağırılmalıdır (alqışlar).
Abşeron rayon partiya Komitəsinin birinci katibi Hümbətov:
- Yalnız biz indi başqalarının gözünə dik baxa bilirik. Bütün bunlar Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir (sürəkli alqışlar).
Mirbəşir rayon partiya komitəsinin birinci katibi D.Məmmədov:
- Respublikamızda Heydər Əliyev kimi rəhbər heç vaxt olmayıb (alqışlar). Əliyev bu cür çirkin əməllərdən həmişə uzaq olub (alqışlar). Belə hallara qarşı mübarizə yoldaş Əliyevin qanındadır (gurultulu alqışlar). Respublikamız çox böyük uğurlar qazanıb (alqışlar). Bu yaxınlarda Bakıda təntənəli yığıncaqda şəhərimizin bayrağına Lenin ordeni taxan L.İ.Brejnevin dediyi kimi, “Azərbaycan iri addımlarla irəliləyir”. (sürəkli alqışlar). Yoldaş Əliyev, hamı- mühəndisdən başlayıb ağsaqqala qədər sizin arxanızda dayanır! Mən təklif edirəm ki, bundan sonra Məmmədov kimilər belə iclaslara buraxılmasınlar (alqışlar).
Bərdə rayon partiya komitəsinin birinci katibi R.Səfərəliyev:
- Azərbaycan partiya təşkilatı xalqımızın sınanılmış oğlu Heydər Əliyevin rəhbərliyi altında uğurlar qazanmışdır (sürəkli alqışlar). Bu zaman böhtançı Məmmədov partiya təşkilatımızın işinə baş katibin verdiyi yüksək qiyməti eşitmək istəmir. Şərçini boynundan tutub buradan çölə atmaq lazımdır (gurultulu alqışlar).
Qatar maşinisti Q.Əliyev (Kirovabad):
- Məmmədov bütün Azərbaycan xalqına, partiyaya şər atıb. Mənim on uşağım var, hamısı ali təhsillidir. Məmmədova ar olsun! (alqışlar)
Azərbaycan statistika idarəsinin rəisi S.Abbasəliyev:
- Bizdə rəqəmlərin şişirdilməsinə yol verilmir. Heydər Əliyeviç Əliyev bu məsələlərin real olması üçün birinci dayağımızdır (sürəkli alqışlar). Sumqayıt partiya Komitəsinin plenumunda şəhər prokuroru da Məmmədovsayağı çıxış edib. Görünür, onu da böhtançı Məmmədov öyrədib (sürəkli alqışlar).
Sumqayıt şəhər partiya komitəsinin birinci katibi H.Ə.Həsənov:
- Məmmədov özünü faytonun təkərləri altına atıb məşhur olmaq istəyən Çexov qəhrəmanına bənzətməsin. Bütün ölkə onu yox, Heydər Əliyevi tanıyır (sürəkli, davamlı və gurultulu alqışlar).
Şamaxı rayon partiya komitəsinin birinci katibi F.Mustafayev:
- Yoldaş Əliyev bizim fəxrimizdir, respublikamızın və xalqımızın dahi oğludur (sürəkli alqışlar). Haradansa bir Məmmədov peyda olur və ona şər atır.
Bu adam Süleyman Rəhimov oldu!
Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimov:
- Qambay sadəcə ağlını itirib. Sən kimə qarşı çıxırsan, Qambay?! Əgər Allaha inansaq, belə demək olar, qarşımızda Əliyev simasında Allah dayanıb. Bu cəsarətli oğulu Allah özü bizə göndərib (sürəkli alqışlar).
Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov:
- Sükan arxasında dayanıb bu respublikanı düz yolla aparmaq böyük istedad tələb edir. Bu istedadların hamısı əziz, ürəkdən sevdiyimiz Heydər Əliyevdə var (sürəkli, daimi alqışları, gurultulu alqışlar əvəz edir, zal ayaq üstə əl çalır).
Sonra ikinci katib söz alır. O da azərbaycanlı həmkarlarından geri qalmır. Üzünü Q.Məmmədova tutub deyir:
- Azərbaycan dilində bir misal var: “İt hürər, karvan keçər”.
Bu ürəkbulandıran çıxışları hələ xeyli davam etdirmək olardı. Bəlkə də sadəcə, bir-iki sitatla kifayətlənmək olardı. Amma bu stenoqramın məxfiliyi bizi sitatları bu qədər uzatmağa məcbur etdi. Çünki Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış növbəti sessiyasının çap edilmiş mətnində nə Məmmədovun qəfil sözü, nə də ona verilən cavablar, əslində, Əliyevə yaltaqlanmaq imkanını reallaşdıranların çıxışları var.
Bu sirrin üstünü Arkadi Vaksberq açdı
Mən bir məsələni də əlavə etmək istərdim. Lenin kitabxanasında “Literaturnaya qazeta”nın ötən əsrin 80-ci illərini vərəqləyəndə çoxlu sayda oxucunun (aralarında yaşlılar çoxdu) Arkadi Vaksberqin əsərlərini, məqalələrini soruşduqlarının şahidi oldum. Həm də oxu zalının girəcəyindəki lövhədə bu məşhur jurnalistin, hüquqşünasın, vəkilin Fransada dünyasını dəyişdiyi barədə məlumat asılmışdı. Mən Arkadi Vaksberqi ona görə xatırladım ki, bu orta əsrlərə uyğun çıxışların mətbuata çıxmasında o, böyük rol oynamışdı.
Məmmədovun çıxışı, yoxsa ona rəqiblik edənlərin ətürpədən yaltaqlığı?
Yenidən Kaliniçenko ilə söhbətə dönürəm. “Əliyevlə yollarınız harada kəsişdi?” sualına qayıdıram.
- Yaxşı yadıma saldınız. Yoxa çıxan kitabdakı “Əliyev-Qambay Məmmədov: əlbayaxa döyüş, bəlkə çarpışma” bölməsini yazanda necə başlamaq haqqında günlərlə düşündüm. Bir-birindən maraqlı o qədər faktlar vardı ki! Əliyevlə Sosialist Əməyi Qəhrəmanı adı aldığı günün axşamında görüşüm. Onunla bu sessiyada danışanlar kimi danışmadım. Həbsxanada Saşa Babayevlə görüşdüm. Dedi ki, “məni Qambay Məmmədovun üzünə qoymaq istəyirlər, amma heç nə alınmayacaq. Oleq İvanoviç, Moskvada uşaqlara de, məni onsuz da güllələyəcəklər, amma mən təmizəm!”. Bəlkə Əliyev-Məmmədov münaqişəsinin köklərindən başlayım?
Heydərova atılan güllə
Bir kimsənin yadına düşmədi ki, niyə görə Şuşadakı islah-əmək müəssisəsinin zabiti iş yerini dəyişə bilmirdi. Çünki rüşvət verməyə pulu yoxdu. Çıxış yolu olmayan bu zabit ən sonuncu variantı seçdi- tabel silahı ilə Bakıya gəldi, Daxili Işlər Nazirliyinə girib, nazir Heydərovu və onun iki müavinini güllələdi. Üçüncü müavin qorxusundan stolun altında gizləndi. Sonradan onu qorxaqlığına görə işdən çıxardılar. Amma heç kim izah etmədi: bu silahsız adam nə etməliydi, kimi, necə qorumalıydı?
Heydərov Əliyevin dostu idi, müharibədə olmuşdu, Sovet İttifaqı Qəhrəmanı idi. Ona hörmət edir, haqqında xoş sözlər deyirdilər. Bu ölüm, o zabitin gülləsi yalnız Heydərova tuşlanmamışdı, bu, respublikada yaranmış vəziyyətə qarşı üsyan idi. Baş verənləri dərindən təhlil edəndə görünürdü ki, ağzı köpüklənən xalq elçiləri, yazıçıları, alimləri, pambıqçı və mühəndisləri üçün yazılmış ssenari var. Ondan kənara çıxmaq, çıxış etmək, ən azı nazirin, birincinin dostunun güllələnməsinin səbəblərini soruşmaq yasaqdır, oyun qaydalarını pozmaq deməkdir.
XX hissə: “Bəli, yoldaşlar, Odessa gözəlləşir”
Birinci katib ətrafındakılara gülümsəməyi niyə yasaq etmişdi?
“İşə xitam verə bilərsiniz, amma ona tam bəraət vermək olmaz!”. Əliyev bizi otağın ortasında qarşıladı. Elə otağın ortasında bir-birimizin əlini sıxdıq. Bilmirəm, haradansa qanımda Şərqli yaltaqlığı güc gəldi. Mən respublikanın uğurlarından, zəhmətsevər əməkçilərindən və ağıllı rəhbərindən ağızdolusu danışdım. İndi təkrar etmək istəmirəm, bu bəlağətli çıxışım 15-20 dəqiqə çəkdi və bu anlarda hiss etdim ki, Əliyevin mənə qarşı baxışları bu sözlərdən sonra isinirdi.
Düşündüm ki, Əliyevlə söhbətim baş tutacaq. Biz bir saatdan çox danışdıq. Son sözü Əliyev dedi:
- Mən də qanuna tam əməl olunmasının tərəfdarıyam. Əgər işə xitam vermək lazımdırsa, xitam verin. Amma bu cəmiyyətdən qovulmuşa tam bəraət vermək lazım deyil.
Görüş başa çatdı. Əliyev bizi qapıya qədər ötürdü. Amma çıxanda stolun üstündən iki broşür götürdü:
- Bu kitabçalar da qoy görüşümüzdən xatirə olsun.
***
Sonra mən mehmanxanada broşürləri oxuyanda Əliyevin nə demək istədiyini anladım. Burada Bakı Şəhər Partiya Komitəsinin konfransında və Mərkəzi Komitənin Plenumunda Heydər Əliyev Qambay Məmmədovun fəaliyyətinə siyasi qiymət vermişdi.
Əslində, bu kitabçalarla o, mənə deyirdi: “Mənim rəylərimi oxu və elə et ki çıxardığın nəticələr buna uyğun olsun”.
Bir neçə gün sonra mən Moskvaya qayıdırdım. Bakı parklarının birində Brejnevin çox böyük bir portretini gördüm. Portretin altında yazılmışdı: “Azərbaycan iri addımlarla irəliləyir!”
Brejnev Bakını Odessa ilə səhv salıb
Ölümündən bir neçə ay əvvəl Brejnev Bakıya səfər etmişdi. Qoca, zorla yeriyən dahi rəhbəri Xəzərdəki “Şelf” qurğusuna baxmağa aparırlar. Brejnev özünü elə göstərir ki, guya qurğu haqqında deyilənlərə qulaq asır. Baş katib birdən gözünü açıb Xəzərə baxır, sonra üzünü şəhər tərəfə çevirib deyir:
- Bəli yoldaşlar, Odessa gözəlləşir...
Sonra Brejnev dönüb maşına sarı gedir, Əliyevsə ətrafdakılara yumruq göstərib gülümsəməyə yasaq qoyur.
200 minlik üzük və zərgərlik zavodunun intihar edən direktoru
Bu səfər zamanı Əliyevin Brejnevə bağışladığı 200 min rublluq üzüklə bağlı həm birinci, həm də sonrakı dəfələr Bakıda olanda çox söhbətlər eşitdim. Hamı danışırdı ki, Əliyev bu bahalı üzüyü Brejnevə ekran önündə hədiyyə edib. Sonra Bakı zərgərlik zavodunun direktoru üzüyün dəyərini ödəyə bilmədiyi üçün özünə qəsd etmişdi. Amma bu hadisəni Əliyevlə söhbət edənlərin birindən eşitmişəm. Deyirlər partiya rəhbərlərindən biri Əliyevi dəvət edib ondan üzük məsələsini soruşur. Əliyev bunu “yalan”, “onu istəməyənlərin söz-söhbəti” adlandırır. Cavab Mərkəzi Komitə bosunu qane etmir və deyir:
- Biz lent yazılarına baxa bilərik?
Əliyev:
- Yox, niyə baxaq ki. Üzük məsələsi həqiqətən olub, amma həmin üzük saxta idi. Əsli budur, buyurun, bu da sizin olsun...
Nəyin həqiqət, nəyin yalan olduğunu söyləmək çox çətindir. Kim bilir?
Moskvaya həqiqət lazımdırmı?
İndi bu suala cavab vermək çox asandı. Amma ötən əsrin 70-ci illərində heç kim mənə bunu birbaşa demirdi. Hamı həqiqəti bir yana qoyub siyasi büro üzvlərinin, o cümlədən büro üzvlüyünə namizəd Əliyevin nə deyəcəyi barədə düşünürdü.
Mən Moskvaya döndüm. Məmmədovun işi ilə bağlı məruzəmi Naydenov dinlədi. O, məsələnin nə qədər siyasi olduğunu bildiyi üçün SSRİ prokurorluğunun ən tanınmış istintaqçı prokurorlarının bir neçəsini də dəvət etmişdi. Hamı yekdil rəy söylədi, Məmmədovun əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsini məqsədəuyğun saydılar. Mən Naydenovun tapşırığı ilə razılaşdırılmış qərarı hazırlayıb Azərbaycan prokuroru Zamanova göndərdim. Səhəri məni SSRİ prokurorluğunun istintaq idarəsinin rəisi Aleksey Buturlin yanına dəvət etdi. Məlum oldu ki, SSRİ Balıqçılıq Nazirliyinin işini aparacaq qrupa məni də daxil ediblər. Amma mən tərəddüd içindəydim. Bilmirdim ki harada işləyirəm: Zaporojyedə, yoxsa Kiyevdə.
Mənim iş yerimin dəyişdirilməsi, mənzil məsələmdən bir xəbər yoxdu. Elə bil Buturlin fikirlərimi oxudu. Gülümsədi, seyfdən bir qovluq çıxarıb qarşısına qoydu:
- Sizə düzünü deyirəm: Azərbaycan epopeyası hələ başa çatmayıb, özünüzü ümidlərin əsirinə çevirməyin. Sizin qərarınıza Əliyevin münasibətini gözləmək lazımdır. Bir də sizə Kiyevdə mənzili nə vaxt vəd etmişdilər?
- Iyun, iyul aylarında.
- Bəs indi hansı aydır?
- Oktyabr.
- Bəs hanı sizin vəzifəniz, mənziliniz?
Mənim susmaqdan başqa çarəm qalmırdı. Buturlin sözünə davam etdi:
- Vladimir İvanoviç, istəyirik Moskvada işləyəsiniz. Bu da sizə ayrılmış mənzilin orderi.
Amma bir sual cavabsız qalırdı: bəs mənim Azərbaycan işimin taleyi necə olacaq? Buturlin bununla bağlı heç bir cavab verə bilməyəcəyini dedi.
Əliyev məndən narazı qalıbmış
Aradan bir ay keçdi. Mən hələ də rəsmən Zaporojye prokurorluğunda işdə qalırdım. Günlərin birində məni Lodısev yanına çağırdı. Bir az qorxmuş adam təsiri bağışlayırdı:
- Bilirsən, dünən Naydenov Moskvada, MK-da Əliyevlə görüşüb. Səndən çox narazıdır.
Məsələ qəlizləşirdi. Mənə yeni təklif verdilər:
- Yenidən müşavirə çağırıb Məmmədovun Hacıyevin işilə bağlı epizodda nə qədər günahsız olub-olmadığını müzakirə edəcəyik.
***
Yenə əvvəlki heyətdə toplaşdılar, amma Məmmədovun əleyhinə qərar çıxardılar. Qərarda göstərilirdi ki, xidməti vəzifədən sui-istifadə etməklə Qambay Məmmədov rüşvətxoru qanunsuz olaraq məsuliyyətdən azad etməklə dövləti maraqlara nəzərəçarpacaq dərəcədə ziyan vurmuşdur. Cinayət işini bağlamaq olar, amma Qambay Məmmədov günahkar hesab edilməlidir.
Mən etiraf edirəm, görünməyən əllər mənə və SSRİ prokurorluğuna öz güclərini göstərdilər. Mənimsə təəssüflənməkdən başqa əlacım qalmırdı.
Qambay Məmmədov döyüşdü, döyüşdü... axır ki, bəraət aldı
İllər ötdü. Məmmədov Partiya Nəzarəti Komitəsinin qapısını dəfələrlə döydü. Partiyaya qayıtmaq üçün qəbullara getdi. Ölkədə siyasi iqlim dəyişdi, SSRİ-nin yeni baş prokuroru Aleksandr Mixayloviç Rekunkov Qambay Məmmədovun işini yenidən icraata qaytardı. Araşdırmağa bir şey qalmamışdı. Hər şey hamıya əvvəl də aydın idi. Amma siyasi sifariş ədaləti bərpa etməyə imkan vermirdi.
Bu məsələnin müzakirəsində baş prokuror Rekunkov dedi: “Əgər biz prokurorları yaxınlarına görə səhv qərar çıxarmaqda günahlandırıb işdən qovsaq, cinayətkar adlandırsaq, onda prokurorluqda işləməyə adam tapmarıq”.
Çalışırdılar ki, məndən cavab alsınlar, 1979-cu ildə mənə kim təzyiq göstərib? Mən cavab verə bilmirdim. Çünki mən öz işimi görmüşdüm. Bir-birindən fərqli qərarı siyasi asılılığı olanlar çıxarmışdılar. Siyasi oyunların kiçik vintləri isti yerlərini itirməmək üçün çiyin-çiyinə cəbhədə vuruşduqları, ən çox inandıqları və hörmət etdikləri bir prokuroru, kommunisti qurban vermişdilər. İndi cavab istəyir, günahkar axtarırdılar.
Düzdür, Qambay Məmmədovun işini bağladılar və ona bəraət verdilər. Amma uzun illər partiya nəzarət komitəsi öz qərarını dəyişmək istəmədi. Nəhayət, Qambay Məmmədovu partiyaya bərpa etdilər.
Əliyev rejiminin qurbanlarından biri Aşurov onun partiyaya bərpası anını danışanda, az qala gözüm yaşardı.
Ürəyini tutub yıxıldı, özünə gələndə ilk sözü bu oldu...
- Aşurovu milis sıralarından qondarma səbəblə qovmuşdular, sonra partiyadan çıxarmışdılar.
Milis polkovniki David Pisaxoviç Aşurov İsraildə yaşayır. Ötən əsrin 70-ci illərinin “repressiyası” ondan da yan keçməyib. 1975-ci ildə David Aşurova podpolkovnik rütbəsi verildi. Bakının Oktyabr rayonuna rəis müavini təyin olundu. Elə həmin ərəfədə bacısı İsrailə köçmək qərarına gəldi. Bundan sonra onun da qara günləri başladı. 1980-ci ildə onu istintaqa çağırdılar. Müstəntiq heç bir sənəd göstərmədən dedi: “Vəzifədən sui-istifadə etməyin sübut olunub. Yaxşısı budur, hər şeyi boynuna al. Yalnız bu halda məhkəmə sənə güzəşt edə bilər”.
Aşurov 8 il qapıları döydü, yüzlərlə ərizə və şikayət yazdı. Aşurov deyir:
- Bəraət almaq mənim şərəf, namus məsələmdi. Günlərin birində Azərbaycan KP MK-dan mənə zəng etdilər. “Sabah axşam Moskvada olmalısan, Sizi Sov. İKM MK yanında Partiya Nəzarəti Komitəsinə çağırıblar”, dedilər. Bu, mənim sonuncu şansım idi. Daha müraciət etməyə təşkilat qalmamışdı. Mən Moskvaya uçdum, deyilən ünvana gəldim. İçəri keçəndə tanış bir sifət gördüm. Saçları ağarmışdı. Keçmiş respublika prokuroru Qambay Məmmədov da qanunsuz işdən çıxarılmışdı. Partiya sıralarından qovulmuşdu. Bizi bir təlimatçı qəbul etdi. Səhər 9-dan axşam 6-ya kimi söhbət etdi. Bildirdi ki, sabah bizim məsələyə baxılacaq. Əlifba ilə çağırdılar. Birinci məni dəvət etdilər. 1989-cu il oktyabr ayının 11-i idi. Məni bərpa etdilər. Sakitləşib Məmmədovun çıxmasını gözlədim. 40 dəqiqədən sonra Məmmədov otaqdan çıxdı, bir neçə addım atıb yıxıldı, özündən getdi. Özünə gələndə ilk sözü bu oldu: “Bərpa etdilər!” Qambay Məmmədov gözəl, kristal kimi təmiz insandı, bu təmizliyilə kimlərəsə mane olurdu. Ona görə ondan intiqam aldılar. 10 il mübarizə apardı.
Müstəntiqin xatirələri davam edir.
- Bu, mənim Azərbaycana sonuncu ezamiyyətim olmadı. 1988-ci ilin əvvəlində Alma-Atıdan xüsusi reyslə Bakıya uçmalı oldum. Bakıdan Sumqayıta gəldim.
Şəhərdə evlər yanırdı, hərbi hissələr şəhəri təmizləyirdi, milis şöbəsi saxlanılanlarla dolu idi. Bu dəfə qanlı Sumqayıt hadisələrini araşdıracaqdıq.
“Əliyev mafiyası xalqın qanını sorub, respublikanı son nəfəsinə çatdırıb”
Sonra qocaman müstəntiq arxivindən bir qəzet çıxarır. Arkadi Vaksberqin məşhur “Gurultulu alqışlar!” məqaləsinə gəlmiş rəylərdən birini mənə oxuyur. Həmin məktublardan birinin altından qırmızı qələmlə xətt çəkib. Məktubu akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Kamal Talıbzadə, professor Mirxaliq Mirqədiyev, şair Nəbi Xəzri imzalayıb. Məktubda deyilirdi: “Əliyev mafiyası xalqın qanını sorub, gəncliyi pozub, respublikanı son nəfəsinə çatdırıb, çoxmillətli Azərbaycanı gözlənilməyən millətlərarası münaqişələr yuvasına çevirib...”
Sonda Kaliniçenko mənə bir sual verir:
- Azərbaycanın ən şərəfli alimi, mərd, sınmaz Ziya Bünyadovun taleyi necə oldu? Qambay Məmmədovu heç olmasa, sürgündə yaşatdılar. Əliyevin yeni iqtidarı Ziya Bünyadovu güllə ilə susdurdu. Birdəfəlik...
Daha sözüm qalmır...
XXI hissə: Sumqayıt-69- Əliyevin Moskvaya gizli məktubu
“Partiyada bir adam tapılmadı ki, KQB-dən rəhbər qoyursuz” deyən adam ilim-ilim itdi
Moskva, 4 dekabr 1988-ci il. Qardaşı Əhmədağanın Əhmədlə son görüşü. Bu görüş cəmi 15 dəqiqə çəkir. Jurnalist Eyruz Məmmədov “28-dən 29-a keçən gecə” kitabında yazır: “Sumqayıt hadisələrini araşdırmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixinə, az da olsa, ekskurs etmək pis olmazdı. Sözsüz ki, onun qaynaqlarından biri doğma şəhərim Sumqayıta, fevral hadisələrinə gətirib çıxaracaqdır”.
***
İndi rəsmi informasiyaya inansaq müxtəlif müddətlərə azadlıqdan məhkum olunmuş 94 nəfər 250 min əhalisi olan şəhərdə 32 nəfəri qətlə yetirib, yüzə qədər hərbi qulluqçunu və milisi yaralamışdılar. Onlar evləri dağıdır, talan edir və avtomobilləri yandırırdılar. Bir sual da ortaya çıxır: Görəsən 94 nəfəri sakitləşdirmək üçün Sumqayıta qoşun və hərbi texnika yeritməyə ehtiyac vardımı?
Xalqın ayrı-ayrı nümayəndələri kommunist məmurlardan daha tez demokratik proseslərin axarını anladı. Amma onlar baş verə biləcək qanlı və qansız olaylara təsir etmək gücündə deyildilər. Moskvanın diktəsi ilə özlərini millətin “lideri” hesab edənlər nəsə etmək əvəzinə, “bəlkə şahlıq quşu mənim başıma qondu” fəlsəfəsi ilə yaşadılar, hətta Sumqayıtda tökülən ilk qanlar belə onları ayıltmadı. Onların bir çoxu “Kremlin qulu, millətin ağası” prinsipi ilə yaşadılar, təkəbbürlü iddialarını xalqın iradəsi kimi qələmə verməklə birinci olmaq fikrindən yaxa qurtara bilmədilər. Xalq eşitdiyi yalan, gördüyü həqiqət arasında çırpındı və idarəolunmaz kütləyə çevrildi.
“Qarabağ heç vaxt indiki kimi bizim olmayıb”?
1992-ci ilin martında Qarabağa Xalq Yardımı Komitəsinin sədri, xalq yazıçısı Bayram Bayramovun Ali Sovetin sessiyasında dediyi “Qarabağ heç vaxt indiki kimi bizim olmayıb” fikri çoxlarına qəribə gəldi.
Azərbaycan KP MK həmişə Qarabağ problemini şirələməklə məşğul olmuşdu və çətin anlarda onu gələcək üçün dondurmuşdu.
Mircəfər Bağırov Stalin-Beriya ilə yaxın münasibətlərinə, Imam Mustafayev və Ali Sovetin sədri Mirzə Ibrahimov Azərbaycan dilini və milli məsələni qabartmalarına, Vəli Axundov 1967-ci ildə Stepanakertdə baş verən olaylara və sonradan Ermənistanla sərhədyanı rayonlardan bir sıra ərazilərin onlara verilməsi ilə bağlı 1969-cu ilin mayında Azərbaycan SSR Ali Sovetinin qərar qəbul etməsinə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Vəli Axundovun vəzifədən çıxarılmasında 1969-cu ilin mayında Azərbaycan SSR DTK-nin sədri Heydər Əliyevin Sov.IKP MK yanında Nəzarət- Təftiş Komitəsinə yazdığı çox səhifəli məktub da az rol oynamamışdı. Bir fakt da diqqəti cəlb etməyə bilmir. Vəli Axundov öz yerinə bir neçə nəfərin namizədliyini versə də, onların heç biri Sov.İKP MK-da qəbul olunmamış və geri qaytarılmışdı. Azərbaycan Respublikasının baş prokuroru Qambay Məmmədov “Moskovski Komsomolets” qəzetinə verdiyi müsahibədə demişdi: “Əliyevi birinci katib kimi təqdim etməyə Moskvadan Kapitonov gəlmişdi. O, Əliyevi təqdim edərkən rayon katiblərindən biri ayağa qalxaraq dedi: “Həqiqətənmi, Azərbaycan KP MK-da birinci katib təyin etməyə bir adam tapılmadı, gərək “KQB”-dən təyin edəydiniz?” Kapitonov cavab olaraq bildirdi ki, dövlət təhlükəsizliyi də partiya orqanıdır. Söhbət də bununla bitdi".
Əliyev təyin olunandan bir həftə sonra həmin birinci katibi gördüm deyən olmadı.
***
Əliyevin öz yerinə təyin etdirdiyi Kamran Bağırov, Qorbaçovun Əliyevin adamlarına qarşı çıxardığı Vəzirov və Ayaz Mütəllibov Qarabağ dalğasında vəzifələrini itirdilər. Müstəqillikdən sonrakı tarixdə isə prezident Əbülfəz Elçibəy də Qarabağ savaşı fonunda daxili çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırıldı.
SUMQAYIT. 1988-ci il. Martın əvvəli. SSRİ DTK-sı sədrinin müavini Filip Bobkov yazır: “Sumqayıt hadisələrinin səhəri günü mən bir erməni qadınla söhbət etdim. O dedi:
- Siz elə bilirsiniz Yerevanda o ziyalılar bizim haqqımızda, ermənilər barədə düşünürlər? Onlar yalnız torpaq haqqında düşünürlər. Qarabağ onlara bu məqsədlə lazımdır.
Bundan bir neçə ay sonra mən Moskvaya gələn Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini Kirokosyanla görüşdüm. O, müxtəlif arqumentlərlə mənə sübut etməyə çalışdı ki, məsələ ermənilərin xeyrinə bu səbəblərdən həll edilməlidir:
-Bizə torpaq lazımdır.
-Niyə? - mən soruşdum.
-Ona görə ki, ermənilər ölkəni torpaqları olmadığına görə tərk edirlər.
-Hara gedirlər?
-Stavropol diyarına, Sibirə, Mərkəzi Rusiyaya.
-Burada pis nə var ki?
-Beləcə, ermənilər köçüb gedirlər. Bu köçün qarşısını almaq üçün bizə torpaq lazımdır.
Bu sözlərlə sumqayıtlı erməni qadının sözləri üst-üstə düşürdü. Beləliklə, ermənilərə torpaq lazım idi. Qarabağ münaqişəsi başlayan kimi KQB-ni Mərkəzi Komitəyə məlumat verməməkdə suçladılar".
Bakı. 2010-cu il. Vəkil Aslan İsmayılovun “Sumqayıt. SSRI-nin süqutunun başlanğıcı” kitabından:
1985-1990-cı illərdə Azərbaycan KP MK-nın komissiya sədri olmuş R.Axundov Stepanakertdəki bir söhbəti Aslan İsmayılova danışarkən deyib: “Stepanakertdə baş vermiş hadisələr barədə adi, darıxdırıcı söhbət zamanı Bobkov gözlənilmədən mənə belə bir sual verdi: ”Ermənilərin bundan sonrakı hərəkətlərini siz necə proqnozlaşdırırsınız"? Mən bir qədər fikirləşəndən sonra cavab verdim: “Mənim fikrimcə, onlar Azərbaycan şəhərlərinin birində hər hansı təxribat təşkil edəcəklər”?..
Surxay Hüseynli, Azər Hüseynbala azadliq.info

Комментариев нет:
Отправить комментарий