27.01.2016

Vaqif Bayatlı Odər - QONŞU TOYUNA ON HASAR O YANA OYNAYAN UŞAQ

Qonşu toyuna
on hasar o yana
oynayan uşaq,
bir gül yarpağı altında,
gül yarpağı şəkilində
yazılır alın yazın.

Qonşu toyuna
on hasar o yana oynayan uşaq,
çıx yarpaq altından
ay sənə baxır.

Təzəcə yağışdan çıxmış göyüzü,
Göyüzündən heç kəs keçməyib hələ,
Günahkarlar göyə üz tutub
and içməyib hələ,
ay sənə baxır,
çıx yarpaq altından.

Yağışdan çıxmış göyüzü kimisən sən də,
qonşu toyuna
on hasar o yana
oynayan uşaq.

Odu bax!
Baxıb sənin oynuna
göyüzündə qol açıb
oynayırlar mələklər
on göyüzü o yana.

Комментариев нет:

Отправить комментарий