Mən burada heç kəsin bəyənmədiyi çiy bir söhbətə başlamaq istəyirəm. Niyə? Elə-belə... Ziyanəvərlikdən...
Hakimiyyət bunu cinayət saysa da, müxalifət hakimiyyətə gəlmək istəyir. “Sivil” dünya baxımından bu istək tam qanuni olsa da, bizim analoqsuz “milli” dəyər sistemində bu istək sahibini qazamata aparan ən təsirli vasitədir. Elə ki, hakimiyyətə gəlmək arzunu ürəkdən bildirdin, bir də gözünü açıb görürsən ki, özün Kürdəxanıda, şəklin “Azadlıq” qəzetinin üçüncü səhifəsinin yuxarı hissəsində... Xoşuna gəlir, ya gəlmir, ta bizdə belədir...
Konstitusiyaya görə, müxalifətin hakimiyyətə seçki vasitəsilə gəlmək hüququ var. Rəhmətliyin oğlu, bu Konstitusiyanın nəyi işləyir ki, seçki maddəsi də işləsin?!
Zahirən bizdə seçki var və hakimiyyətdə olanı növbəti dəfə fırlayıb dübarə hakimiyyətə gətirir. Bizdə heç vaxt belə olmayıb ki, seçki hakimiyyətdə olmayanı hakimiyyətə gətirsin. Ümid edirəm ki, məni hamı anladı... Anlamayan bizdəki bütün hakimiyyət dəyişikliklərinin tarixçəsini xatırlasın...
Dediyimdən belə arzuedilməz və nəhs bir nəticə çıxır ki, hakimiyyətdə olmayan müxalifət heç vaxt seçki vasitəsilə hakimiyyətə gəlməyəcək. Yəni gerçəklik hakimiyyətə yolun bir variantını müxalifətin üzünə açıq saxlayır: çevriliş...
O yolda da müstəqil Azərbaycanın bütün qoşun-ləşkəri pusquda yığışıb hərifin gəlməsini gözləyir ki, növbəti analoqu olmayan qələbəni qazansın...
Qalır “Bəlkə də qaytardılar”, yəni hakimiyyət barədə nəzəri söhbətlər.
Hakimiyyətə gəlməyin biriminci şərti onu sidqi-ürəkdən istəməkdir ki, yuxarıda ərz etdiyim kimi, sahibini avtomatik olaraq Kürdəxanıya aparır. Zıqqı oxucu soruşa bilər ki, nə qədər hakimiyyətə iddialı siyasətçi var ki, Kürdəxanıda yatmır. Buna çox səfeh bir cavab var ki, “deməli, hakimiyyəti sidqi-ürəkdən istəmir”...
Keçirik nəzəri söhbətə... İkiminci şərt odur ki, hakimiyyətə (və Kürdəxanıya) gedən yolda özünə yol yoldaşı tapasan. Bu yoldaş axtarışı çox çətin və qəliz məsələdir. Zira hər adam bu çətin yolda yoldaş olmağa layiq deyil. Gözümüz görə-görə neçə belə yoldaş lax çıxıb, dünənki liderini ifşa edib, ona badalaq gəlib və sair dilxoşluqlar edib. İstisna edilmir ki, hansısa müxalifət liderinin elə indi təzə tapıb hakimiyyət yolunda kullanmağa hazırlaşdığı yoldaş bir neçə dəqiqə bundan əqdəm hakimiyyətin siyasi texnoloqlarının analoqu olmayan xəyanət, badalaq və arxadan şapalaq fəndlərindən dərs alıb çaparaq müxalifətə qoşulmuş adamıdır...
Keçək hakimiyyətə gətirəcək ideoloji arabaya. Bəllidir ki, dünyanın siyasət emalatxanalarında cəmi bir neçə araba növü istehsal edilir: millətçilik, liberalizm, solçuluq, dinçilik... Elə də olur ki, arabanın motoru solçu, təkərləri liberal, motoru millətçi, təkəri dinçi olur. Bizim siyasətdə bütün növ arabalar var, hətta hakimiyyət arabasının dörd təkərindən hər birisi bir “izm”dən götürülüb. Amma, nə qədər qəribə olsa da, hələ ki, fırlanır...
Xalıqdən gizli deyil, məxluqdan niyə gizli olsun, hakimiyyətimizin sinfi mahiyyəti bəllidir. Dövlət maşını varlılara işləyir. Qoşun-ləşkər varlıları müdafiə edir. Məhkəmələr varlıları qoruyur. İdeologiya maşını beyinlərə onların ilahi vücud olduğunu yeridir.
Müxalifətə nə qalır? Zəhmət çəkib axtarmayın, məzlum kütlədən savayı heç nə qalmayır. Amma bu da elə maldır ki, ona tamah salan yoxdur. Müxalifət elə hey deyir ki, mən milli burjuaziyanı təmsil etmək istəyirəm. “Milli burjuaziya” isə deyir ki, atam-anam olan hakimiyyətə qurban...
İndi nə etməli? Hakimiyyəti, pəsdən də olsa, istəyirlər. Saz araba yox. Söykənəsi burjuaziya yox. Qalır bu heç kəsə, heç özünə lazım olmayan məzlumlara nəzər salmaq.
Hakimiyyətə gəlmək üçün məzlum kəndlilər yarayır? Kəndli? Siyasət? Seçki? Partiya? Ayıb olmasın, kəndli hara, siyasət hara...
Hakimiyyətə gəlmək üçün fəhlə yarayır? Rəhmətliyin oğlu, fəhlə qalıb ki... Qalanı da elə bir şəklə düşüb ki, bilinmir nədir...
Götürək məzlumların məzlumunu. Götürək dilənçiləri. Zahirən onlardan məzlumu yoxdur. Dilənən qadın və uşaqların erkəkləri restoran bağlayanda onların yadına düşən sonuncu şey siyasət olur...
Bəlkə üzümüzü çevirək “parkovşik”lərə? Hər tində, hər bucaqda əlini açıb qəpik-qəpik pul toplayan minlərlə parkovşik həqiqətən məzlumdurlar. Amma onların nə vaxtsa nə üçünsə seçkiyə gedəcəklərinə, siyasəti anlayacaqlarına ümid azdır (və ya yoxdur).
Bizim bazarlarda piştaxta arxasında dayanıb həyat uğrunda gündəlik ağır döyüşlər aparan satıcı qardaş və bacılarımız necə, müxalifəti hakimiyyətə gətirmək üçün səsverməyə gələrlərmi? Mal batar, alıcı malı başqasından alar, bazarkom ciyəri çıxardar və sair həlli müşkül məsələlər...
Gəlir səviyyəsinə görə bizim müəllim və həkim məzlum təbəqəsinə aid edilə bilər, lakin psixoloji tövrü və davranış qəlibləri onları hakimiyyətin yoldaşı edir... Müxalifət gözünü onlardan çəksə, savab iş görər...
Kim qalır? İşsizlər? Evdar qadınlar? Təqaüdçülər? Tələbə gənclər? Onlar kimə aiddir? Onlardan hakimiyyətə gedən yolda yoldaş çıxarmı?
Heç nə məsləhət görmürəm. Sual verirəm, istəyirəm fikirləşəsiniz. Mümkündürsə, caiz bilsəniz...
meydan.tv
Комментариев нет:
Отправить комментарий