04.01.2016

On iki tərkibli nəsihətlər

◘Həzrət Peyğəmbər (s) buyurub: ”Hər kəs gündəlik vacib namazları camaatla qılmaqda süstlük etsə Allah onu on iki əzaba düçar edər. Bunlardan üçü dünyada, üçü ölüm zamanı, üçü qəbirdə, üçü də Qiyamət günü verilər. Dünyada olanlar bunlardır: qazancının bərəkəti çəkilər, xeyir siması üzündən alınar, iman əhli onun düşməni olar. Ölüm zamanı olan əzablar bunlardır: ac, susuz və şiddətli qorxu ilə can verər. Qəbirdə olanlar bunlardır: Nəkir və Münkər onun hesabını çətin çəkər, qəbri qaranlıq olar və onun üçün darlaşar. Qiyamətdə olanlar bunlardır: çətinliklə haqq-hesab verər, Allahın qəzəbi və atəşlə üz-üzə gələr.

◘Həzrət Əli (ə) vəsiyyətində buyurur: “Yaxşı olar ki, süfrə başında on iki şeyə riayət olunsun; yeməyin halal və haram olmasını bilmək, “Bismillah” demək, şükr etmək, Allahın təqdirinə razılıq, ağırlığı ayağın üzərinə salmaq, üç barmaqla yemək, öz qabağından yemək və yeməkdən sonra barmaqları yalamaq, tikələri kiçik götürmək, yeməyi yaxşı çeynəmək, başqalarına az baxmaq və yeməkdən sonra əlləri yumaq.”

◘Həzrət Əli (ə) buyurub: ”Təqvalıların xüsusiyyətləri bunlardır; doğru danışmaq, əmanətdarlıq, əhdə vəfa, fəxr etməmək, səbr, sileyi-rəhm, kimsəsizlərə qarşı mərhəmət, qadınlarla az uyğunlaşmaq (yə`ni, batil və lazımsız işlərdə onlarla az müvafiqət etmək), ehsan, xoşxasiyyətlilik, təmkin, Allaha yaxınlaşdıran işlərdə elm və bilik ardınca getmək.”

◘Yenə də Həzrət Əli (ə) buyurur: “Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram: 
1. Ey Adəm övladı! Nə qədər ki, Mənim səltənətim əbədidir rəhbərlərdən, rəislərdən qorxun olmasın. 
2. Ey Adəm övladı! Nə qədər ki, Mənim xəzinələrim doludur, başqasına ümidvar olma. 
3. Ey Adəm övladı! Nə qədər ki, Məni tapırsan, başqası ilə ülfət yaratma, çünki, istənilən vaxt çağırsan sənə yaxın və sənə qarşı mehribanam. 
4. Ey Adəm övladı! Mən səni sevirəm, sən də Məni sev. 
5. Ey Adəm övladı! Nə qədər ki, Sirat körpüsündən keçməmisən arxayın olma. 
6. Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratmışam, səni isə Özüm üçün, Məndən necə qaçırsan?! 
7. Ey Adəm övladı! Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim.
8. Özünə xatir Mənə qəzəblənirsən, lakin, Mənə görə özünə qəzəblənmirsən. 
9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin ruzin isə Mənim öhdəmə. Sən vəzifələrini yerinə yetirməkdən boyun qaçırsan da, Mən öz öhdəmdə olanı–bəndəmin ruzisini verməyi daim yerinə yetirirəm.
10. Ey Adəm övladı! Hamı səni özləri üçün istəyir, Mən isə səni sənin özündən ötrü istəyirəm. Elə isə Məndən qaçma. 
11. Necə ki, Mən səndən sabahın vəzifələrini tələb etmirəm, sən də Məndən sabahın ruzisini tələb etmə. 
12. Əgər, öz qismətinə razı olsan, sənin qəlbini və bədənini rahat edərəm, yox əgər, narazı olsan səndə dünyaya qarşı tamah yaradaram. Nə qədər ardınca qaçsan da öz qismətindən başqa bir şey ələ gətirə bilməzsən.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий