23.01.2016

Əliağa Kürçaylı - Mən sənin nəğmənin əks-sədası

YADINA DÜŞÜRƏMMİ?

Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı  biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

ƏBƏDİYYƏT

Mən sənin nəğmənin əks-sədası,
Könlünün tükənməz arzularıyam.
Qışında- bir ilıq payız havası,
Yayında- bir sərin quzey qarıyam.
                           
Gecə zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm mən.
Kədərli çağında, qəmli çağında
Dərdini dağıdan xəbərinəm mən.

Səadətli keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti.
Günəşə uzanan əllərinəm mən
Məndədir qəlbinin od hərarəti.
                     
Mən sənin yaşanmış dəqiqələrin,
Hələ yaşanacaq ayın, ilinəm.
Mən sənin məhəbbət adlı əsərin,
Sevgi xallarıyla ötən dilinəm.

Mən sənin....
Təsviri mümkünmü məgər?
Hər şeyi söyləmək çətindir, çətin.
Axı necə deyim... Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.

YADIMA SƏN DÜŞÜRSƏN

Hər çiçəyin öz ətri,
                            hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
                            öz sözü, ahəngi var.

Hər insan öz ömrünə
                             dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
                              qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır
                              axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
                               könlüm belə tələsir.
Yollarına baxıram,
                                nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
                              nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə,
                             çıxıram otağımdan,
Sevgililər küçədə
                           deyib-gülür mehriban...
Onları belə xöşbəxt
                             belə məsud görəndə
Duyğular dalğa kimi 
                           çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.

BAKI

Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Çıiçək desən- könül açan çiçəyi,
Külək desən- ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.

LÖVHƏ

Səmada dövrələnirkən buludların düzümü
Zillədim göylərə həsrətlə yol çəkən gözümü.
İldırımlar mənə göstərdi nurlu gündüzümü.

Sübhədək mən belə süzdüm bahar yağışlarını,
Saplı mirvaritək üzdüm bahar yağışlarını,
Güllərin boynuna düzdüm bahar yağışlarını.

***
Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə
Kədərlərin bir anda-
Bu uğurlu  zamanda
Demək  hələ mən varam!

Ümid dumanda, çəndə
Səni atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə günün olubsa,
Demək hələ mən varam!

Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini kəsən zaman,
Sərt yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib dərmisənsə,
Demək hələ mən varam!

Baharınam xəzanda,
Bələdçinəm azanda.
İşığınam zülmətdə,
Həyatınam qürbətdə,
Sənin çətin anında 
Mən hazıram yanında,
Demək hələ mən varam!

Комментариев нет:

Отправить комментарий