02.01.2016

Mətləb Ağa - Səndə nöqtəni qoydum

Kiməm, nəyəm burda mən,
Sən orda kimsən, nəsən?!
Bir “O” hərfi yerinə, 
Nə uzundu “mən və sən”...

Fikri nəydi Tanrının, 
Niyə belə buyurdu?.. 
Bir qitəni uçurdu, 
Bir dənizi ayırdı...

Sənsiz nə olmuşam mən, 
Nə gündə yaşamışam?
Sən məndə doğulmusan, 
mən səndə yaşamışam...

Min il keçər aradan, 
Göydən enən mələklər
Mənim qəbrimi açıb,
Səni göstərəcəklər...

***
Sən son cümləni yazdın,
Mən də nöqtəni qoydum,
Kitabını bağladım,
Səndə nöqtəni qoydum.

Sonra səni çağırdım,
Sən də yubandın nəsə...
Adını heca-heca
Dedim ki, gec gedəsən.

Sonra səhər açıldı,
Kimsə döydü qapımı:
“Bir az əvvəl ölmüsən,
Gəl, meyidin tapılıb”.

Комментариев нет:

Отправить комментарий