19.01.2016

MANATA İKİNCİ GİZLİ MƏKTUB

Şirin Xanım Kərimbəyli Şadiman

Əzizim manat, salam. Əgər yadındadırsa mən sənə 14 mart 2015-ci ildə gizli məktub yazmışdım və həmin məktubda sənin bizim başımıza gətirdiyin bu müsibətə görə öz etirazımı bildirmişdim. Yəqin ki, unutqan deyilsən, yaddaşını işə salsan yazdığım məktubumun sətirlərini xatırlayarsan.  O vaxt sənə demişdim axı durub-durub özünü və bizi quyunun dibinə salma. İnsafın, mürvətin olsun, sən bir halal zəhmətlə yaşayan kasıb zümrəni düşün. Əvvəlki dəyərində qala bilmirsənsə bunu qəpik-qəpik et, camaatın belini qırma, boğazına çatı salma. Sən dolların qarşısında duruş gətirə bilməzsən, süni vəziyyətdə dondurmasınlar səni, reallığı nəzərə al. Dollar hara, sən hara? Özünü hegemon dövlətin pulundan üstün tutma. Sən az bir zamanda müstəqillik tapmış bir ölkənin parasısan, özünü dağ başına qoyma.  Mən sənə o vaxt yazmışdım ki, gözdə-qulaqda ol, səni növbəti dəyərdən düşmə (devalvasiya) gözləyir. Sən deyəsən o zaman mənim yazdığım məktubu qulaqardına vurdun, heç vecinə də almadın. Deyəsən sənə kasıb camaatın halı, vəziyyəti çatmır. Sən onu bilirsənmi millətin yarısından çoxu banklardan götürdükləri kreditlərdən asılıdırlar? Onlar bu kreditləri xəstələri, ölüləri, diriləri üçün götürüblər. Axı sənin düçar olduğun ikinci devalvasiya onları düşdüyü durumu daha da dəhşətli edib.  
Əzizim manat, xəbərin varmı ki, ölkədə intiharların, yəni öz canına qəsd edənlərin, bir qarın çörək üçün törədilən cinayətlərin sayı artıb, sənin xəbərin varmı ki, bu ölkədə yaşayan insanlar bir-biriylə pul üstündə üz-göz olur, hətta doğmalar arasında bir-birinə qarşı dəhşətli cinayətlər baş alıb gedir? Əzizim manat, hələ üstümüzə cuman xərçəngdən, infaktdan, şəkərdən sənə bəhs etmirəm. Sən bilirsənmi insanların həyat şəraiti aşağı düşəndə xəstəliklər baş alıb gedir? Niyə susursan? Haqlı suallarım qarşısında cavabmı tapmırsan? 
Sən bilirsənmi növbəti böhranı necə qarşılayır Azərbaycan? Kasıblar bu böhranı necə keçirir, bilirsənmi? Artıq iki dəfə devalvasiya göstərdin bizlərə, qabaqda neçənci dəyərdən düşmə səni gözləyir, Allah bilir. Canım manat, dilim gəlmir deməyə, amma deyəsən səni də rus rublinin aqibəti gözləyir. Sən rus rublinə baxma, Rusiya böyük ölkədir, daxili bazarı var, bizimlə müqayisədə inkişaf etmiş iqtisadiyyatı var. Necə deyərlər çullarını sudan çıxarırlar. Belə böhranları kapitalist ölkələri dəfələrlə yaşayıb, Avropa, Amerika, amma onların daxili bazarı və güclü iqtisadiyyatları olduğu üçün bu çətinliklərdən üzü ağ çıxmağı bacarıblar.
Azərbaycan isə… Əzizim manat, böhranı ala-babat keçirmək üçün bizim daxili bazarımız çox varlı olmalıdı. Sənə demədimi, manat, öz varlığını neftə bağlama, neft səni qaldırıb təpəsindən çırpar yerə…Sən bilmirsənmi neftə bağlı dövlətlərin axırı heç-puç olur? Neftdən gələn pullar sel kimi axır, axırda isə bu pullar onları yıxır, necə deyərlər gözləri qızır, sonda uduzur. Bizim isə daxili bazarımız on faiz var, ya yox. Bununla millətin qarnın doydurmaq, müstəqilliyi qorumaq olarmı? Bizim başı bəlalı Vətəndə bütün mallar xaricidən gəlir, sən də dəyərdən düşmüsən, bəs biz indi necə yaşayaq, hansı gəlirnən, manat? Sənə dedim axı neftdən gələn gəlirləri sel kimi axıtma, qara günümüz üçün yığ, sən bəs pullarını neylədin manat? Niyə sən gəlirlərini, kənd təsərrüfatına, yüngül və yeyinti sənayeyə, həmçinin digər gəlir gətirən sahələrə yatırmadın? Bizdən heç fikirləşmədin…Əgər belə olsaydı bölgələrdə də çoxlu sayda iş yerləri açılardı, kişilər də öz əhli-əyalını, yəni arvad-uşaqlarını qoyub xarici ölkələrə üz tutmazdılar. Qadınlar ərsiz, uşaqlar atasız qalmazdı. Vallah manat bizim kişilər kimi zəhmətsevər, ailəcanlı yoxdu. Sadəcə bir tikə çörək qazanmağın ucbatından öz yurdlarından diyarbadiyar düşürlər. Sən bunları görmürsənmi, manat!  
Neft gəlirlərinin yaxşı vaxtında Azərbaycan nə naliyyət qazanıb? Dollardan gələn valyutanı əgər iqtisadiyyatın dirçəlişinə xərcləsəydin bugünki ağır duruma düşməzdik.  Əzizim manat, səndən sormaq istəyirəm ki, bu idman oyunları, avroviziya haramıza yaraşırdı? Axı bizim işğal altında qalan yurdlarımız bizdən bir tərpəniş, bir hayqırış gözləyir. Sən isə, manat, nəyin varsa hamısını göyə sovurdun. Özünü də, bizi də pis günə qoydun. Açığını sənin hüzuruna ərz edim ki, millətin heç halı da yoxdu torpaq azad etməyə, adətən torpağı işğaldan kasıb zümrə azad edir, onun da hay-hayı gedib, vay-vayı qalıb, özün söylə ac qarında necə hal olar ki, gedib torpaq azad eləsin qəvi düşməndən… Əslində sən nə edəsən, bizim baş bilənlərimiz bizi fil qulağında yatızdırıb, bizi arxayın salırdılar ki, bəs torpağı biz azad edəcəyik, siz siyasətə qarışmayın. Başbilənlərimiz bizə deyirdilər ki, lazım gəlsə silah gücüynən torpaqları işğaldan azad edəcəyik, deyəsən, əzizim manat, lazım hələ gəlib çıxmayıb, ona görə torpaqlarımız azad olunmayıb, pullu vaxtında bunu etmədin, bəs indi pulsuz vaxtında müharibə edəcəksən, manat? 
Əzizim manat, sən hakim partiyaya de ki, boşuna xərclədiyi pulları qaytarsın versin sənə. Bir də onun səhvlərini üzünə vurmaq üçün güclü müxalifət yaratsın. Valah-billah manat, sivill ölkələrdə belə edirlər, dövlətin strukturları zəifləyəndə onun inkişafına təkan vermək üçün müxaliffət olmayanda, pul qoyub süni müxalifət yaradırlar. Əgər bizdə də belə olarsa, həm ölkəmizin iqtisadi potensialı yüksələr, həm də iqtidar partiyada olanlar Vətənin inkişafına, varlığına, müstəqil yaşam haqqına məsuliyyətlə yanaşar. XX əsrin avropalı böyük fəlsəfəçisi Karl Yaspers yazırdı ki, sivill ölkələrdə müxalifət hansı isə səbəbdən zəifləsə onu dirçəltmək üçün onun üstünə pul qoymaq lazımdır, çünki güclü müxalifət inkişafın mühərikidir. Biz müxalifəti məhv eləyənlərə əl çalırdıq və sonra deyirdik ki, biz də avropalıyıq.Vallah manat, mən siyasət adamı deyiləm, nə iqtidaram, nə müxalifət, heç bir partiyanın da üzvü deyiləm, sadəcə yazaram, yaşadığımız günlərin güzəranını qələmə alan söz adamıyam. Ürəyim yandığı üçün düşdüyümüz bu acı durumu səninlə paylaşmalı oldum. Necə deyərlər, uman yerdən küsərlər…Bizi özündən tamamilə küsdürməməkçin dediklərimi qulağında sırğa elə…Sənə bu düşdüyün durumdan xilas yolu arzulayıb sözümü tamama yetirmək istəyirəm. Əzizim manat, deyirlər ki, indi üzməyə başlamısan, vay o gündən ki, uçmayasan. Onda nə əlimiz çatar, nə ünümüz…Allah uçacağın gündən qorusun bizləri…deyəcəklərim bu qədər, vəssalam. 

Комментариев нет:

Отправить комментарий