İstər müharibə, istərsə də hər hansı digər qeyri-insani davranışlar, əməllər olsun,- bunlardan ən çox ziyan çəkən, canları ağrıyan, ürəkləri yaralanan məsum körpələr, uşaqlar olur...
Atam danışır ki,- “anam Gülxanım öləndə beş yaşım vardı, təbii ki, ölümün, itkinin, dərdin-bəlanın nə olduğunu bilmədiyimdən, dərk etmədiyimdən anamın ortalıqda uzadılmış meyitinin yanında sevinclə ora-bura qaçır və anamın ölümünü bayram edirdim, bilmirdim ki, anamı bir də heç vaxt və heç yerdə görməyəcəyəm”.
“Atam Zülfi öləndəsə”- atam sonra danışırdı, “yeddi yaşındaydım, II Dünya müharibəsinin axırıncı iliydi, hər yerdə aclıqdı, adamlar yeməyə çörək tapmırdı, atam (babam-müəllif) hər gün əlimdən tutub bağçaya, çölə aparır, yerdən tapdığı, özü yeməyib mənə verdiyi yemliklə, ya da nəsə başqa bir yeməli otla aclığıma mane olmağa çalışırdı. Ancaq bu da çox çəkmədi, bir gün səhər tezdən yuxudan oyanıb gördüm ki, atam yerində eləcə uzanıb qalıb, həmişə bizdən qabaq oyanan atam həmin səhər yuxudan durmadı, bu dəfə isə ölümün nə demək olduğunu başa düşdüm, anamdan sonra indi də atam bizi birdəfəlik tək qoyub yəqin ki, aclıqdan ölmüşdü...”
Ancaq atam onu da danışır ki, deyəsən, sənədlərdə yazıldığı kimi 1938-ci ildə yox, 1941-ci ildə anadan olub, elə buna görə də belə çıxır ki, anası ölərkən atamın beş yox, üç yaşı varmış və babam ölərkən də deməli, qanunauyğun olaraq beş yaşında olmalıydı.
Mənsə həmişə fikirləşirdim ki, bəs necə oldu ki, bu beş, yeddi, on və s. yaşlı, (neçə yaşında olur-olsun) atasız-anasız yetim uşaq bu amansız dünyayla baş-başa gələ bildi, atasını-anasını öldürən dünya bir uşaqla bacara bilmədi?
Özlüyümdə qane olmasam da, şübhəli qalsam da bu suala bir-neçə cavablar vermişdim, lakin bu sualın həqiqətə daha çox yaxın hesab elədiyim ayrı bir cavabını bu günlərdə ilk dəfə baxdığım, 1972-ci ildə ekranlaşdırılmış “Xatirələr sahili” filmində tapdım.
Filmin digər və yaxud rus dilindəki adı “Mən də-niz sahilində böyümüşəm”dir (“Ya вырос у морya”).
O növbəti və həqiqətə daha çox yaxın cavabsa bu idi: Aydın Kazımzadə (Tofiq Mirzəyev) Bakıdan qatarla kəndə, cinayət törətmiş uşaqlıq dostu Səlimin məhkəməsinə gəlir və yol boyu özüylə söhbətləşir: “Qatarla şəhərdən doqquz saatlıq yoldur bizim kəndə.O dağların sinəsindəki şosseylə beş saata da catmaq olar. Bəlkə elə buna görə də bir yerdə böyüyüb boya-başa çatdığım uşaqlar elə bil həmişə yanımda olublar, mən həmişə onları yanımda hiss eləmişəm. Yeddi yaşımda yetimliyin acısını onlar unutdurdular mənə, o uşaqlar atamı da, anamı da əvəz elədilər, tək idim, ancaq tək qalmadım”
Rəfail atam da söhbətlərində həmişə uşaqlıq yoldaşlarından, özü kimi ac, kasıb, yetim uşaqlarla əl-ələ verib yaşamaq uğrunda necə mübarizə aparmalarından, onlara rəhm etməyən dünyayla necə dirəşməklərindən danışır.
"Azərbaycanfilm" kinostudiyasının istehsalı olan filmin quruluşçu rejissoru Yalçın Əfəndiyevdir. "Xatirələr sahili" həm də, sənədli filmlər ustası kimi məş¬hurlaşan, 1969-cu ildə ekranlaşdırdığı "Cırtdan" cizgi filmiylə Azərbaycan kinosunda cizgi filmlərinin əsa¬sını qoyan Yalçın Əfəndiyevin ilk və son tammetrajlı bədii filmidir.
Dəftərxana müdirimiz Elvin Soltanzadə demişkən, elə təkcə filmin adı- “Xatirələr sahili” nəyə desən də-yər.
Maraq üçün deyim ki, Y.Əfəndiyev həm də bu günlərdə vəfat etmiş türk siyasətçisi Süleyman Dəmirəl haqqında kinojurnal da şəkib.
Filmdə bir nüans da diqqətimi cəlb etdi: Aydınla arvadı Rəna (Leyla Şıxlinskaya) filmin əvvəlində Səlimin məhkəməsi haqqında danışarkən evin divarında Nobel mükafatı laureatı, amerikalı yazıçı Ernest Heminqueyin portretini görürük.
O dövrün normal, sıradan bir azərbaycanlı sovet ailəsi və Ernest Heminquey. Möhtəşəm mənzərədir.
“Xatirələr sahili” həm də, 1972-ci ildə on doqquz yaşı olmuş rəhmətlik Telman Adıgözəlovun çəkildiyi ilk kinofilmdir.
Redaktor Nəcəfovun (Şəmsi Bədəlbəyli) Aydınla söhbətində, Aydının, Səlimin məhkəməsinə get¬mək-dən ötrü Nəcəfovdan icazə aldığı səhnəni deyirəm,- təəssüflə söylədiyi: “Tez-tez sual verirəm özümə... Axı adam nə üçün başlayır çürüməyə? Baxırsan sappasağ adamdır, ancaq içərisini qurd yeyib çürüdüb” sualını bizlər özümüzə sonuncu dəfə nə vaxt vermişik? Nəcəfovun bu fəlsəfəsi Səlimin məhkəməsində prokurorun çıxışıyla üst-üstə düşür hardasa:-“Belə adamlar təkcə xalqın malını-pulunu oğurlamırlar, insanların ürəyini, mənəviyyatını oğurlayırlar”.
Aydın harda olur olsun, daima uşaqlıq yoldaşlarını xatırlayır, lakin keçmişinə o qədər bağlıdır ki, onlar haqqında fikirləşəndə heç vaxt bu günlərini yox, həmişə uşaqlıq illərini düşünür.
Aydının dəmiryolunun açılışıyla bağlı uşaqlıq xatirələ¬rindəki qocalarsa, sonuncu dəfə altı yaşımda gördüyüm, kənddəki evimizin otaqlarının birinin di-varın¬dan asılmış portreti səbəbindən hələ də sifətinin cizgilərini unutmadığım ana babam İsmayıla eynən oxşayır. Həyat adamları bir-birinə necə bənzədirmiş.
Yol boyu öz-özüylə dərdləşməsinin ardından stansiyada qatardan düşərkən qarşılaşdığı dəmiryolçu Əhməd dayının (Ələddin Abbasov) Aydının indicə hansı hissləri keçirməsini bilmədən, Səlimin cinayətlə-rinə görə həm də Aydını danlaması əvvəl bir az yersiz və zamansız görünür mənə. Ancaq filmin finalında Əhməd dayıya haqq verirəm.
Aydın onu da xatırlayır ki, onların kəndi “həmişə Əhməd dayı kimi qocaların çiynində durub. Bu insanların qabarlı əllərindən, xeyirxah ürəklərindən yoğrulub bizim xeyir-bərəkətimiz”.
Əhməd dayı Aydınla söhbətində yağ əhvalatını da xatırladır. Nədir bu əhvalat? Müharibə gedir, ataları cəbhədədir, Səlim, Aydın və digər uşaqlar analarının işlədiyi fabrikdən yağ oğurlayır və fabrikin direktoru Yusifov da (Süleyman Ələsgərov) işçi qadınları heç bir günahları olmadan yığıb danlayır. Analar hadisədən xəbər tutub övladlarının oğurladığı yağ bankalarını fabrikə geri qaytarırlar. Həyat davam edir, belə görünür ki, Səlimdən başqa digər uşaqlar bir də sonradan heç vaxt pis yola düsmür. Səlimsə, ya vəlvələdən, ya zəlzələdən, dörd uşaq atası ola-ola onları başıaşağı edir. Nəticədə yenə də olan uşaqlara olur, vaxtıyla Səlim atasını müharibədə itirmişdi, indisə özü uşaqlarını atasız qoyur. Ancaq özündən fərqli olaraq uşaqları Səlimlə fəxr eləyə, qürurlana bilməyəcəklər. Bu notlar üstündə də Aydın:- “Bizdən soruşanda deyirdik atamız davaya gedib, Səlimin uşaqları nə cavab verəcəklər bu suala?” deyə fikirləşir.
Belə çıxır ki, Aydından başqa Səlimi müdafiə edən, ona yazığı gələn yoxdur.Uşaqlıq yoldaşları Kamran (Həsənağa Turabov) Aydınla sərt danışır: “Nə deyirsən de, Səlim oğrudur”. Aydın:-“O, təkcə oğru deyil, səninlə bir parta arxasında oturub, səninlə bir yerdə atasının qara kağızını alıb” desə də Kamran öz fikrində qalır. Növbəti kadrlarda Xalidə (Amaliya Pənahova) Aydıngillə oturmuş Kamrana hücum edib onu əri Səlimin həbsində günahlandırır. Kamransa çıxış yolunu susmaqda, ayağa durub qaçmaqda tapır.
Elə İmran da (Əliabbas Qədirov) Səlim barədə Kamranla demək olar ki, eyni düşüncəni bölüşür: -“Bir anlıq təsəvvür elə ki, Səlimin atası bizim atalarımızı səngərdə satıb.”
Film davam edir.Aydın Kamranla onun saldırdığı çay plantasiyasını gəzirlər, həmişəki kimi uşaqlıq xatirələrindən ayrılmayan Aydın: -“Burda bir xan çinar vardı” xatırladığında, Kamran sinif yoldaşının bu nisgilini saymazyana sualla cavablandırır:- “Mən sizin çinarınızı qorumalıydım, ya Səlimə deməliydim ki, əliuzunluq eləmə?”
Başqa bir uşaqlıq yoldaşı Vəli də (Rafiq Əzimov) öz işində-gücündədi, Səməd Vurğunun “Vaqif” tama-şasını” səhnələşdirir. Lakin Şah Qacar rolunu oynayanın tövründən (“Evdə sözlərin hamısını əzbər bilirdim e, ancaq bura gələndə yadımdan çıxdı”) aydındı ki, bu xəmir hələ çox su aparacaq, bu gedişlə tamaşa çətin hazır olar, Vəlinin də başı bu gedişlə özündən və tamaşasından çətin ayılacaq.
“Vaqif”in uğursuz rejissorundan ayrılan Aydın yenə də xatirələrlə baş-başadır: “Həmişə bu yolla mən tək gedirəm. Bəlkə ona görə tək gedirəm ki, hərdən bu yolda mən moruq kollarının arasından boylanan bir uşaqla rastlaşıram. O uşaq həmişə məni gözləyir, həmişə məni çağırır.Bir dəfə oğlumu da özümlə apardım.Səlim də gec-tez bu yoldan kecəcək, özü də tək yox, öz oğlu ilə birlikdə. Uşaqlar öz ataları haqqında hər şeyi bilməlidirlər.Başqa cür mümkün deyil... nə qədər ki, bu yol var... bu dəniz var... biz varıq... ömrümüzü təzədən başlaya bilərik”.
Filmin axırlarında Bəşir əminin (Sadıq Hüseynov) Aydın və onun uşaqlıq yoldaşlarına qınağıyla hər şey mənə daha da aydın olur: -“Səlim uçuruma gedəndə gözü tutulmuşdu, bəs siz onda hara baxırdınız?”
Doğrudan da, Aydından başqa digər uşaqlıq yoldaşları indi Səlimi qınayır, cinayət yoluna düşməsini ona bağışlamırlar. Uşaqlıq münasibətlərini bir kənara qoyaq, Səlim elə vəzifəcə də Kamrandan kiçikdi, Kamran, İmran, Vəli və o biriləri bu gün onu nədəsə ittiham etməkdənsə vaxtında Səlimə məsləhət verə, lap ərklə döyə-söyə onu cinayət yolundan çəkindirə bilərdilər. Orda-burda özlərinə necə haqq qazandırsalar da, günahkar həm də onlardır. Yoxsa, Kamran Xalidənin qarşısından niyə qaçırdı, o biri yoldaşları bədbəxt qadının qarşısında niyə uşaq kimi susurdular? Lap Aydın özü, nə olsun ki, indi Səlimə acıyır, ona kömək etmək istəyir, bu illər boyu Səlimlə bir dəfə maraqlanıbmı, ondan nə iş gördüyünü, neylədiyini soruşubmu? Yox!... Deməli, uşaqlıqda altında oynadıqları xan çinarı heç vaxt unutmayan Aydınla o ağacı baltalatdıran Kamran mahiyyətcə eyni adamlardır, çünki nəticədə eyni şey alınıb, Səlimin və onların təqsiri ucbatından Səlimin körpələri vaxtıyla onların da qaldıqları kimi atasız qalıb... Körpə Aydıngili qəddar dünyaya qarşı ayaq üstə saxlayan, yetim olmalarını onlara unutduran uşaqlıq dəyərləri necə məhv oldu, bir-birləri üçün ata-analarını əvəz edən bu uşaqlar onları yetim qoyan insanlarla sonradan necə eyniləşdilər, bunu özlərinə necə layiq bildilər? Barələrində ağız dolusu danışdıqları ataları beləydilər ki?.. İndi o atalar yoxdursa, o Aydıngil yoxdursa, Səlimin uşaqlarının atasını onlar üçün əvəz edə biləcək o uşaqlar da heç yoxdur...
Ancaq ümid hələ ölməyib: “....Nə qədər ki, bu yol var... bu dəniz var... biz varıq... ömrümüzü təzədən başlaya bilərik...”
...Hə, bir də Oqtay Ağayevin sirli-sehrli ifası bu filmdə də bizimlədir:
“Yazda qaranquş gələr,
Qaranquşlar xoş gələr.
Mən yollara baxaram,
Yollar əliboş gələr...”
...Elə heç kimin yollarının əliboş gəlməməsi arzusuyla da bu yazını bitirirəm...
...Bu yazını bir də, dəqiq olmasa da, bu ay (iyul) yetmiş yeddi yaşı tamam olmuş atama həsr edirəm...
Комментариев нет:
Отправить комментарий