04.01.2016

BU YAZIQ XALQA QALAN...

Şirin Xanım Kərimbəyli Şadiman

Talanır sərvətimiz xarici işbazlar üçün,
Nədir millət amalı ağlı dayaz qazlar üçün?
Banglərə dollar yığılır hər diləyi sazlar üçün,
Vətənin eşqi niyə sözləri avazlar üçün?
Nə ki var, var-yoxumuz yadlara bir nemət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Sorulur neftimizin ən dərin qatları belə,
Aranır, axtarılır qatların çatları belə,
Təki başdakıların olsun büsatları belə,
Çağlasın min neçə cür haram həyatları belə,
Başımızda nəki var, əcnəbiyə alət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Torpağın tən yarısı işğala möhtac edilib,
Millətin çoxu hələ qarnı tamam ac edilib,
Bu kimi işlərimiz taleyə amac edilib,
Varsa imkan qapısı, xariciyə bac edilib?
Bizlərin bəxtlərinə düşən hələ zillət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Sözə gələndə elə min cürə cəh-cəh vurulur,
Daşınan varımıza gör necə qəh-qəh vurulur.
Damağı çağlar üçün badələr pəh-pəh vurulur,
Əlləri əllərinə nəşədən bəh-bəh vurulur,
Əzilən kütlələrə bəxş edilən illət olur,
Bu yazıq xalqa qalan, boş quruca zəhmət olur.

Bayrağa, həm himnə nə zatlar fərman eləyir?
Yazıq istiqlal hələ yadlara dərman eləyir,
Gopu min dağlar aşan dillərə aman eləyir,
Nə qədər imkanı var, hər işi yaman eləyir,
Ayağ altda əzilən yenə də bu millət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Amerka xammalının dəyməyib heç bir qatına,
Sərvəti başdan aşır, nur tökülür həyatına,
Düşmüşük biz də elə taleyin bata-batına,
Baxırıq Avropanın gözqamaşan busatına…
Səsimiz çıxsa əgər, lap böyük bir qələt olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Əlimiz başımıza kül eyləyir vay-vay ilən,  
Gözümüzdən yaş axır dəli-dolu min çay ilən,
Bizə hər nə verilir ölçü-biçi və say ilən,
Nəyimiz var daşınır bankələrə lap tay ilən,  
Ahı ərşi dağıdan bir neçə cür halət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Bizim kor bəxtimizə gülmədi heç Xuda niyə? 
Diləyimiz çin olur gecələr yuxuda niyə?
Əcnəbinin burunu qalıbdı qoxuda niyə?
Ötüşür günlərimiz bəs qara-qorxuda niyə? 
Bizə çor, xariciyə bir o qədər hörmət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Nə ki, Bakı nötü, bölgələr də dəbə düşüb,
Talananlar talanır, ürəklər də həbə düşüb,
Əlində hökmü olanlar nə yaman təbə düşüb?
Binəva millətimiz xariciyə təbə düşüb…
Ölkəyə, ay həzarat, bəs bu necə qiymət olur?
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Şadiman bir parasın söylədi bu ahımızın,
Doğulanlara görə nəyi var sabahımızın? 
Özümüzdə görürəm çoxunu günahımızın,
Yetməyir bizlərə heç haqq nuru Allahımızın!…
Gələcəyi görməyən bəxti qara millət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Комментариев нет:

Отправить комментарий