11.11.2016

27 ilin dəyişməyən işıq problemi

İbrahim Hümbətov

 Tanınmış Kolumbiya yazıçısı Markes deyir ki, dünyada ən çox o əsərlər sevilir, yaşayır ki onu atalar da sevir, onların övladları da, nəvələri də. Dərhal fikirləşdim ki, belə əsərləri elə biz tərəflərdə də yaratmaq olar. Məsələn, işıq və qaz məsələsindən babalarımız da əziyyət çəkib, atalarımız da, indi biz də əziyyət çəkirik. Belə getsə, nəvə və nəticələrimiz də bu əziyyətləri çəkəcək. Elektrik işığından yazdıqlarımız məktubları dirəyə, məftilə çevirsəydik, böyük bir meydana yerləşməzdi. Amma nə faydası! İşıq məsələsi tam düzəlmir ki, düzəlmir. İmkan vermirlər ki, Azərbaycanda işıq olsun. Deyirlər, kompüter əsrində yaşayırıq. Bu bədbəxtlər kompüteri necə işlətsin? Axşamlar kənddə internetə girmək olmur, gündüzlər də işığı 4-5 dəfə söndürürlər.
 Dərd təkcə bunlar deyil. Bu işləri törədənlər utanıb-qızarmaq əvəzinə hərəyə bir qəbz göstərirlər ki, sənin 3 il, 5 il bundan əvvəl işıq borcun var imiş. Deyən də yoxdur ki, bəs harada ölmüşdünüz ki, bu müddətə borcu olanın qapısını döyməmisiniz. Elə bil camaat arxiv idarəsidir ki, 5-10 il əvvəlin də işıq pulu qəbzlərini saxlasınlar.
 Ölkə prezidentinin 2016-cı ildə imzaladığı sərəncamı ilə yaradılan “Azərişıq” ASC bütün ölkə vətəndaşlarını ümidləndirmiş, onlarda “Azərenerji”dən miras qalmış debitor borcların silinəcəyinə, 2006-cı ildə quraşdırılmış və artıq xidməti müddətini bitirmiş sayğacların yenilənəcəyinə, keçən əsrin 60-cı illərinə aid ağac dirəklərin, quraq-quraq elektrik məftillərinin, insanların öz daxili imkanları hesabına çəkdikləri iki metr hündürlükdə boyu olan təhlükəli elektrik xətlərinin dəyişdiriləcəyinə, keyfiyyətli enerjinin veriləcəyinə, abonentlərlə müqavilələr bağlanacağına inam yaratmışdı. Əslində işlərə start da verildi. Fəqət, əxlaqımızı və mənəviyyatımızı çulğalamış, canımıza və qanımıza hakim kəsilmiş “dədə-baba” qaydasında. Yəni o mənada ki, yenidənqurma və təmir işləri yaşayış məntəqələrinin vacib və lazım olmayan ərazilərində aparılmağa başladı. Səbəb isə çox sadəydi: oğurlamaq və qazanmaq ehtirası.
 Yaşadığım kəndin mərkəzi küçəsi Bakı-Astara magistral yolunun üzərində yerləşir və bu küçə daima qonaq-qaralı olduğundan həmişə ideal vəziyyətdədir. Həmin küçədə təxminən son on il ərzində rayon icra hakimiyyəti ən azından 2-3 dəfə işıq dirəkləri dəyişdirilmiş, elektrik məftilləri yenilənmişdir. Əslində Cəlilabad rayon İşıq idarəsi işlərə kəndin ən bərbad və əhalinin daha sıx məskunlaşdığı “Qaçovka” deyilən ərazisindən başlamalıydı. Amma başlamadı. Çünki həmin ərazidəki elektrik dirəklərindən çürüməmiş bir çülə belə qopartmaq mümkün deyildi. Buna el arasında bir güllə ilə iki dovşan ovlamaq əməliyyatı deyirlər! Həm iş görmək görüntüsü yaradıldı, həm də xeyli sayda sağlam ağac və beton dirəklər, kilometrlərlə məftillər oğurlanıb satıldı.
 İstismar müddəti bitmiş sayğaclar da dəyişdirilmədi. Köhnə sayğacları təp-təzə, göz oxşayan qutuların içərisində gizlədib, keçib-gedən qonaqlara, dövlətin yüksək vəzifəli şəxslərinə nümayiş etdirdilər. El məsəlində deyildiyi kimi, üstü bəzək, altı təzək. Yeni təyin olunmuş İşıq İdarəsinin müdiri dövləti ustalıqla aldatdı.
 İndi kənd camaatı nə qədər müraciət etsə də, gedib gəlsə də, başı pul yığmağa, işıq və çörək kəsməyə qarışmış bu şəxs şikayətlərə baxmır. Nə vecinə, 1100 manat vəzifə məvacibi, 1000 manat paketlə aldığı nəqdi pul, fəaliyyət göstərən kommersiya obyektlərindən əldə etdiyi qazanc… Elə bilirsiz gözü-könlü doydu? Yox, əlbəttə ki yox! Bütün bunlar azmış kimi sayğac, texniki şərt almaq üçün müraciət edənlərdən rüşvət tələb edilir, sayğacları sxemdən çıxarmaq adi hala çevrilib.
 Əhalidən işıq pulunu tələb etmək üçün ilk növbədə abonentlərə normal işıq vermək lazımdır. Kəndlərdə il boyu közərə-közərə, zəif işıq verilir, bu isə məişət avadanlıqlarının mütəmadi yanmasına, ütülməsinə gətirib çıxarır. Çox yerlərdə işıq dirəkləri və kabellər köhnədir. Bir neçə il əvvələ kimi yaşadığım küçəyə elektrik enerjisi PMK-35 köhnə zavodunun həyətindəki transformatordan verilirdi. Lakin o qəzalı vəziyyətə düşdüyündən, qısa qapanmadan sonra sıradan çıxdıqdan sonra xətti ayırdılar və məktəblə kənd soveti binası arasında yerləşən transformatora qoşdular. Bəlalar da bundan sonra başladı. İşıq közərə-közərə verildi. Qeyri-stabil enerji ötürməsi nəticəsində kənddə çoxlu sayda elektrik avadanlığı yanaraq məhv oldu. İşıqlarda “zamıkanie” gedir, birdən birə közərir və ani olaraq gücləşirdi. Bunun nəticəsində evlərdəki texniki avadanlıqlar yanaraq sıradan çıxırdı. Bu cür qeyri-stabil enerji verilməsi nəticəsində kənddə yüzlərlə məişət avadanlığı yanaraq xarab oldu. Sakinlər motorları və digər avadanlıqları ustaya aparıb sarıtdırmaqdan yorulmuşdu. Müxtəlif instansiyalara şikayət məktubları yazılsa da, vətəndaşların səsinə hay verən olmadı. Rayon Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi gələn yoxlamalarla “dil taparaq” onları yola salır, nəticədə şikayətlər baxılmamış qalırdı. Mütəxəssis olmadığından nizamlaya bilmirdilər, odur ki ağrısını abonentlər çəkirdi. Həmin vaxt kənd əhalisinə ciddi maddi ziyan dəymişdi və müxtəlif instansiyalara yazaraq dəyən ziyanın ödənilməsini tələb edirdilər. Evlərdə su motoru, xarici televizor, laqunda, drel, kompüter, soyuducu, pristavkalar, adaptr və lampoçkalar yanaraq sıradan çıxmışdı. Həmin vaxt Azərenerjinin hüquqşünası şikayətlərlə bağlı gəlib yerində yoxladı. O kənd sakinlərinin dediklərini təsdiqlədi, həyətlərdə olaraq işaqların közərməsini öz gözü ilə gördü, hətta bildirdi ki, bu cür enerji verilməsi düzgün deyil. Lakin o gedəndən bir neçə gün sonra evlərə cavab məktubu gəldi ki, “şikayət məktublarını yazanların kimliyi araşdırılmış və kənddə belə adamların yaşamadığı aşkar edilmişdir”. Kənd sakinləri həmin məktubdan dəhşətə gəldilər.
 Bu cür yalan insanları şoka saldı. Belə ki bu cavab məktubunda şikayətə baxılması əvəzinə iddia olunurdu ki, məktubu yazan həmin adamlar ərazidə yaşamırlar, yəni məktub saxtadır! İşıq İdarəsinin işçiləri yenə də dövləti aldadaraq situasiyadan çıxmağa çalışmışdılar, problem isə yenə həll edilməmiş qalmışdı. Bu cür aldatma üsulları əlbəttə ki dövlətin imicinə xələr gətirirlər. Çox təəssüf ki, məhz bu tip yalanların nəticəsində şikayətlərə baxılmır və reaksiya verilmir. Xalqa qarşı belə sayğısızlıq, laqeyd münasibət yolverilməzdir. 
 Bir az yağış yağan, külək əsən və yaxud qar düşən kimi kəndlər qaranlığa qərq olur. İnfrastrukturun köhnə olması, keçən əsrin ortalarında çəkilmiş kabellərin yararsız hala düşməsi, transformatorların öz istismar müddətini bitirməsi səbəbindən əhali ağır və taleyüklü problemlərlə üz-üzə qalır, külli miqdarda ziyan çəkir.
 Enerjinin düzgün ötürülməməsi nəticəsində kəndlərdə yanmış, ütülmüş avadanlıqlara görə dəymiş ziyan ölçüyə gəlmir. İşıq idarəsi rəhbərliyi xalqla ölüm-dirim savaşına girib. 1965-ci ildə çəkilmiş kabellər yerlə sürünür, az qalır qırılıb camaatın başına düşsün. Təhlükəsizlik tədbirlərinə düzgün riayət edilməməsi, avadanlığın istismar müddətinin ötməsi səbəbindən əhali tez-tez yanğın təhlükəsi ilə üzləşir, min bir zülm-əcrə ilə aldığı avadanlıqlar isə yanıb sıradan çıxır.
 Qışda uşaqların təhsili nol səviyyəsinə enir, çünki dərsə hazırlaşmaq üçün lampa işığında oturmaq lazım gəlir. Əhali həftələrlə televizora baxmır ki, işıq zəif olduğundan yana bilər. Dağ kəndlərində camaat hər an elektrikdən yaranacaq ölüm təhlükəsi ilə üz-üzədir, çünki təhlükəsizlik qaydalarına riayət olunmur. Bəzi yerlərdə hətta üzüm şpanerlərindən və payalardan dirək kimi istifadə olunur. Bir çox yerlərdə guya işıq dirəyi basdırmaq üçün çala qazıblar, amma işıq dirəyi basdırmadıqlarından həmin yerdə uzun çökək əmələ gəlib, suyla dolub. İndi ora tez-tez maşın təkərləri düşür və yaxud azyaşlı uşaqlar yıxılır. Kabellər üzüm şpanerləri ilə bağlandığından camaatın inəklərini dəfələrlə tok vurmişdur. Kabellər köhnəldiyindən tez-tez qırılıb tökülür. Araşdırmamız zamanı məlum oldu ki, bəzi kəndlərdə yaxşı oxuyan, əlaçı uşaqların çoxu eynək taxır, çünkü illərlə közərə-közərə yanan lampoçka işığında dərs oxumalı olur, məktəbə hazırlaşırlar. İşıq bu cür verildiyindən gündə bir avadanlıq yanıb sıradan çıxır.
 Transformatorları, kabelləri remont edən ustalar da əsəb xəstəliyinə düşüblər. Yazıqlar il boyu remont etməklə, köhnə kabelləri yamamaqla, yanıb qırxı çıxmış əlli ilin transformatorunu sarımaqla məşğul olurlar. Bəzən kənd camaatı yığışıb gecə evindən bu adamları çağıraraq küçəyə tökürlər ki, transformator partlayıb, işıqsız qalmışıq, gəlin remont edin. Elə yer var 70 ev üçün nəzərdə tutulmuş transformatordan 300-dən artıq ev enerji götürür. Yük həddən artıq çox olduğundan, həm də 50 ilin magistral aliminium telləri tamamilə keyfiyyətini itirdiyindən əriyib yerə düşür.
 Gəlin görək adi gündə işıq dirəklərinə hər hansı bir montyoru, işıq idarəsinin işçisini çıxara bilərsinizmi? Özləri də deyir ki, bu dirəklərin vaxtı çıxıb, çürüyüb, hər an aşa bilər, faciə baş verə bilər, mən ora necə çıxıb? İşıq dirəyinə çıxıb remont işı aparmaq özü risq tələb edir. Bu nə vaxta kimi belə davam edəcək?
 Bir az yağış düşən kimi tranformatorlar patrlayıb dağılır, elə vaxt remont işləri bir həftəyə kimi vaxt aparır. Həmin vaxt ərzində əhali işıqsız qalmalı olur, müxtəlif problemlər və başağrılar yaranır.
 Transformatorun bir sarğısı yanmışdı, onu sarımaq üçün xüsusi maşın gəlməli və Şirvan rayonuna aparmalı idi. Məlum oldu ki, yanmış çoxlu transformatoru sarıtmaq üçün Şirvanda bir aya yaxın növbə gözləmək lazımdır. Beləliklə, üç böyük kəndin camaatı bir ay gözərə-gözərə yanan işığın ümidinə qaldı. Rayonun özündə bir fazanı sarıyıb ortaya çıxara bilmirlər, bununçün uzaq məsafə qət etmək, bir ay gözləmək lazım gəlir! Məhz həmin közərən işıqların, gah azalıb, ani olaraq güclənən enerjinin nəticəsində kənddə yüz əlliyə yaxın aparat bir neçə günün içərisində yanıb sıradan çıxdı.
 Elektrik sisteminin pərakəndə şəkildə qoşulması, Yüksək Gərginlikli Elektrik Şəbəkəsi rəhbərliyi tərəfindən öz işinə başdansovdu yanaşılması nəticəsində mal-heyvanların tok vurub öldürməsi halları da tez-tez baş verir. Kəndlərin sakinləri dəfələrlə müraciət etsə, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsindən şikayətçilərin evlərinə gəlib deyirlər ki, niyə məktub yazmısan, bir də bizdən şikayət yazmayın. Kənd küçələrində yerlə sürünən kabellər, közərə-közərə yanan işıqlar isə heç kəsi maraqlandırmır. İnsanların min bir zəhmət hesabına aldığı avadanlıqlar- soyuducular, kondinsionerlər tez-tez yanıb sıradan çıxır. Bu nə vaxta kimi belə davam edəcək? 
 Azərbaycanın enerji potensialının artırılmasına 2 milyard investisiya qoyulub, amma yerlərdə bu hiss olunmur. Bəzi yerlərdə hətta üzüm şpanerlərindən dirək kimi istifadə olunur. Kabellər köhnəldiyindən tez-tez qırılıb düşür.
 Bir çox insanlar İşıq idarəsinə gedib gəlməkdən, müraciətlər etməkdən yorulub. Hamı əsəb içindədir. Rayonlarda elektrikləşmə sahəsində heç bir iş getmir, durğunluq hökm sürür. Bu qanunsuzluğa son vermək lazımdır. Bir neçə il qabaq guya yenidənqurma işləri apardılar, amma stolbaların yerini dəyişərkən onların çoxunu əyri basdırdılar. Bəzi yerlərdə 30 dərəcə, 40 dərəcə maillik var ki, belə stolbalar hər an aşa bilər. Əhali şikayət edir ki, həyatımız təhlükədədir, gəlin çıxardın, yenidən basdırın, amma reaksiya vermirlər.
Bundan başqa, normal xətt qanunla yerdən 5,5 metr hündürlükdə olmalıdır. Amma bir çox kəndlərdə tok kabelləri çox aşağıdan gedir. Özümüz şahid olduq ki, kənd qəbiristanlığının içi ilə kabel təxminən 1,5 metr hündürlükdən keçirdi. Novruz bayramı vaxtı mərhumlarının məzarları üstünə yığışmış camaatı dəhşət bürümüşdü, belə ki insan boyundan qat-qat aşağıda, az qala yerə dəyən elektrk kabelinin yanında çoxlu uşaq oynayırdı və böyüklər tez-tez uşaqları həmin təhlükəli yerdən uzaqlaşdırmalı olurdular. Hətta kəndlərin içində, küçələrdə elə yerlər var ki, kabellər yerdən 1 metr məsafədədir, bu da insan həyatı üçün təhlükədir. Sağyacların vaxtı çıxıb, onlar düzgün göstərmir, istismar müddəti bitdiyindən tez-tez uyğunsuzluqlar yaranır. Bir kənddən sökülmüş köhnə sayğacları təzə adı ilə başqa kəndə qoyurlar ki, iş görürük. Gənc ailələr, yeni ev tikənlər evinə sayğac qoydurmaq istəyəndə deyirlər ki, 250 manat verməlisiniz. Niyə? Xalq maddi vəziyyəti olduqca aşağıdır, sayğaca bu qədər pulu hardan tapsın versin? İşıq idarəsi işığı satır, yoxsa sayğacı?
 Ümid edirik ki, hökumətimiz yazdığımız məsələlərə diqqətlə yanaşacaq, işıqla bağlı problemlərin həll edilməsinə nəhayət ki start verəcəkdir.

Комментариев нет:

Отправить комментарий