11.11.16

“Bir dəfə də olsun Eldar Mahmudova pay ayırmamısız…” – "MTN işi"ndə sabiq nazirə qarşı daha bir ifadə

Xəbər verdiyimiz kimi, MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. 
Çovdarovun cinayət işi, vəkillərinin də təsdiq etdiyi kimi, çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır.
Virtualaz.org Çovdarovun cinayət işi üzrə sensasion epizodları oxuculara çatdırmaqda davam edir.
Belə epizodlardan biri də Azərbaycanda kifayət qədər tanınmış şirkətin – plastik su və kanalizasiya boruları istehsal edən “Met-ak” MMC-nin sahibinin soyulması barədədir.
Bu şirkətin "“Met-ak” reklam deyil, sözün düzünü deyir…" devizli reklam roliklərinə, yəqin ki baxmışınız. 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin işçisi (hazırda onunla birlikdə müttəhimlər kürsüsündə oturmağa hazırlaşır) polkovnik-leytenat Akif Əliyev bu şirkətin direktorunu hüzuruna çağıranda da, görünür, “Met-ak” borularının davamlılığını sınaqdan keçirmək deyil, “sözün düzünü” çatdırmaq istəyirdi.
Beləliklə, “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu zərərçəkmiş qismində istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
Necə olub ki, 1997-ci ildən işləyən və plastik boru bazarında əhəmiyyətli paya malik olan bu şirkət MTN-in gözündən yayınıb? Təəcüblüdür, amma Çovdarov-Mahmudov qruplaşması “Met-ak” şirkətinin sahiblərini “yolmaq” fikrinə çox gec- 2015-ci ilin fevralında düşüb.
Zərərçəkən deyir ki, həmin vaxt MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi) Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başladı. “Bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır”- dedi. Zülfüqarov, təbii ki bu barədə əvvəlcə dayısına xəbər verir, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən yollanır MTN-in binasına.
Qapıda onu Akif Əliyevin işçilərindən biri qarşılayır, MTN-nin ikinci mərtəbəsinə aparıb otaqlardan birinə salır. Zülfüqarovu axşama qədər MTN-də saxlayıblar və bir neçə dəfə dindiriblər, izahat-filan alıblar. Nəhayət, saat 19.00 radələrində Akif Əliyev otağa daxil olur, söhbətə başlayır və çox keçmədən mətləbə keçir. “Uzun illərdir işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir”- Əliyev deyir.
Daha sonra Çovdarovun işçisi mətləbə keçir: “50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik!”
Zülfüqarovun isə cavabı belə olur ki, 50 min manat məsələsində qərarı ancaq dayısı Alik verə bilər, ona görə də gərək dayısı ilə danışsın, sonra cavab versin. Ertəsi gün Zülfüqarov şirkətin ofisində məsələni dayısına danışır. Ancaq Alik Kərimov deyir ki, “Met-ak” şirkətinin fəaliyyətində heç bir pozuntu mövcud deyil və MTN onlara heç nə edə bilməz. Ancaq hər halda aparıb Akif Əliyevə 10 min manat vermək lazımdır ki, başlarını ağrıtmasın.
Belə də olur. Zülfüqarov “Met-ak”ın kassasından 10 min manat götürür, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in yaxınlığındakı “Sultan” kafesində görüşür. Pulu çatdırır, bundan sonra Akif Əliyev onu narahat etmir.
İstintaq bu deyilənləri təsdiq edən dəlillər toplayıb, MTN-nin binasında çəkilmiş videogrüntülərə əsasən Zülfüqarovun göstərilən tarixdə nazirliyə aparıldığını təsdiqləyib. Habelə “Met-ak”ın hesabat kitabında 10 min manat pulun kassadan MTN-ə çatdırılması üçün götürüldüyü haqda qeyd olub.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий