02.05.2017

"Mənim üçün 1 May və 9 May tarixləri müqəddəs günlərdir"

Uzun illər ölkəmizdə də Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edilmiş 1 May tarixini yaşayırıq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu bayram artıq rəsm şəkildə qeyd olunmur. Hazırda Azərbaycan cəmiyyəti 1 May bayramı ilə bağlı iki hissəyə bölünmüş formadadır. Birinci hissə hələ də bu bayramın həsrətini çəkənlər, ikinci hissə isə heç də heyfslənmədən, təəssüflənmədən ancaq irəliyə baxanlardır. Düzdür, hansı tərəfin daha çoxluq təşkil etdiyinin statistikasını aparmaq bizim imkanlarımız xaricindədir. Ancaq sosial şəbəkələrə nəzər saldıqda görmək olur ki, 1 May bayramını qeyd etmiş insanlar həmin dövrlə bağlı daha çox müsbət statuslar paylaşırlar.
Hələ də 1 May bayramını əvvəlki həvəslə qeyd edən sosial şəbəkə istifadəçilərindən biri ilə həmsöhbət olmaq qərarına gəldik. O üzdən də feysbukda daha çox "sonuncu kommunist" kimi tanınan Əhməd Rəhmanova üz tutduq. 
Əhməd Rəhmanov deyir ki, onunla bərabər 1 May bayramın qeyd edənlərin sayı çox azdır: "Əgər sadə zəhmətkeş öz həmrəyliyini sadə bir işdə göstərmirsə, ondan nə vətənpərvər olar, nə də ona inanmaq. Əməkçi öz əməyinə hörmət qoymasa hüquqları həmişə tapdanacaq. Mən Qarabağ müharibəsi əliliyəm. O zaman vətənin ağır günündə orduya yarasız olsam belə könüllü olaraq ordumuzun sıralarına qoşulub döyüşdüm. Çünki bu ölkənin ağrısı da ağrımdı, şənliyi də şənliyimdi. 1 May bayramını da bütün dünya qeyd edir. Sadəcə bizdə çoxusu qırmızı bayraqdan xoflanır deyə bu bayramı qeyd etmir. Elə bil Lenin gəlib yaxasından tutacaq ki, “sən bizimkisən”. İndi o bayraqdan xoflananların sayı daha çoxdur, insanlarda özlərinə, öz əməklərinə qarşı biganəlik var. Ancaq mənim üçün 1 May və 9 May tarixləri müqəddəs günlərdir".
Ə.Rəhmanov 1 May bayramını necə qeyd etməsindən də danışıb: "Bu bayramı qeyd edərkən fişəng atmırıq, dambadumb salmırıq. Hər il mütləq 2-3 dost olsaq belə bir yerə yığışırıq, “kasıbın olanından” deyibən yüngülvari süfrə açırıq, süfrədə əlbəttə ki, limonad da olur. İndi Buzovnada yerləşən qocalar evinə gedirəm. Orada bir kimsəsiz Qarabağ əlili var, bizim millətdən olmadığı üçün heç kimi yoxdur burda. Hər il olduğu kimi bu il də gedirəm onu yoluxmağa, bayramını təbrik etməyə. Qoy onun da üzü gülsün, əhvalı açılsın".

Rumiyyə          moderator.az

Комментариев нет:

Отправить комментарий