Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.
Mən bir fağır mollayam və siyasətnən, zadnan da o qədər işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə mənim zehnimə bir şey gəlir. Yadıma salıram keçmiş günləri və öz-özümə deyirəm: bari pərvərdigara, dünyada nə yaman günlərə rast gəlmişəm və insanın canı necə bərk olarmış. Məsələn, götürək bu erməni-müsəlman davasını. Nə evində rahatca çörək yeyə bilirdin, nə evində rahatca yata bilirdin. Elə istəyirdin ağzına bir dürmək çörək alasan, birdən eşidirdin: “part!” Ədə, nə var? Bəli, xəbər gəlirdi ki, bir ağıllı müsəlman bir ermənini vurub öldürdü. İstəyirdin öz evində rahatca yıxılıb yatasan, birdən eşidirdin: “part!”. Ədə, nə var? Xəbər gəlirdi ki, bir ağıllı erməni bir müsəlmanı vurub öldürdü.
Qəribə burasıdır ki, bu Şura hökumətindən qabaq o vədə ki hökumətlər zahirdə nə əlac eləyirdilərsə, nəticədə bu şoqərib ədavət aralıqdan götürülməyirdi və bu iki ağıllı millət bir-birini qırıb qurtarmaqda idi və bir-birinin ev-eşiyini yandırıb tələf etməkdə idi. Ta ki yeddi il bundan qabaq Şura hökuməti gəldi.
Mən bir fağır mollayam və çox-çox dərin mətləblərdən başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ilin qabaqkı əsrlərini götürəndə ortalığa zəmin və asiman kimi təvafüt gəlib çıxır. Belə ki, qabaqlarda iki qonşu bir-birinin canına düşüb vuruşurdu. Amma indi əl-ələ verib bir yerdə çalışırlar.
Hansı yaxşıdır? O, ya bu?
Mən bir fağır molayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur. Ancaq mən öz oxucularıma bunu deyirəm: Yaşasın elə bir hökumət ki, onun tərbiyəsi altında millətlərin bir-birinə olan ədavətinin yerində onların məhəbbət və mehribanlığı möhkəm bir yer tutdu.
“Molla Nəsrəddin” jurnalı, 1927-ci il, 28 aprel, 18-ci sayı.
Комментариев нет:
Отправить комментарий