Maraqlı hadisəyə şahid oldum.
Yaşı təqribən 30-35 olan bir kişi bazarda toyuqların qiymətilə maraqlandı. Toyuqların qiyməti təxminən 6-9 manat arasında dəyişirdi. Kişi yaşlı bir qadına yaxınlaşdı. 6 manatlıq toyuğu götürdü və soruşdu: "Xala, bunu 5 manata verə bilərsənmi?". Yaşlı qadın qəti şəkildə "yox" dedi. Kişi israrla bunları dedi: "Xala, evdə 2 balaca oğlum acdır. İkisi də xəstədirlər. Maaşımı verməyiblər. Həkim də deyib ki, yaxşı yeməlidirlər. Əlimdə 5 manat, 40 qəpik pul var. Cəmi 60 qəpik pulum çatmır. Sən mənə toyuğu 5,40 manata ver, Allah da sənin bu yaxşılığını unutmaz".
Yaşlı qadın çox əsəbi və qəti şəkildə bunları dedi: "Neynim uşaqların xəstədir? Uşaqların olanda mənlə məsləhət etmişdiz? Mənə sərf eləmir bu qiymətə. Elə Biləcəriyə 11 manata gəlirəm. Bu qiymətə versəm, mənə pul qalmır. Toyuğu 5 manata alıram. Malı mayasına vermiş olacam".
Nəsyə... çox yalvar-yaxar etdi gənc adam, lakin yaşlı qadın razı olmadı.
Bu mənzərəni bütün bazar əhli seyr edirdi. Kişi kor-peşman pulunu cibinə qoydu və hiss olunurdu ki, adam çox məyus olub.
Diqqətlə baxan olsaydı, üzüntüsündən qopan hönkürtünü duymaq, gözlərindən axan gizli yaşı görmək olardı. O, bazardan çıxmaq istəyəndə digər toyuq satanlardan biri- yaşı təxminən 40 olan bir kişi əlində çəkisi 300-500 qram olan 2 çolpa ona yaxınlaşdı. Çolpaları setkaya qoyub, həmin gənc ataya verdi.
Əvəzində isə pul almadı və bunları dedi: "Sən bizi bağışla, qardaş. Həmin yaşlı qadının üstündə pis olub bazardan əliboş çıxsaydın, bu gün bizim heç birimizin ruzisi olmazdı. Həm də biz bədbəxt olmuşlardan olardıq. Onsuzda azalan vicdanımızın kökü kəsilərdi".
Gənc adam 5 manatı zorla verdi və toyuqları alıb bazardan çıxdı.
Yaşlı qadın isə hələ də deyinirdi. O xeyirxah iş görmək istəyən kişini də danlayırdı: "Axmaqlığın üzündən bizim də bazarımız öləcək. Pulu yoxdur cəhənnəmə olsun. Pulu olan alacaq. Olmayan da, gərək elə toyuq yesin?"
Комментариев нет:
Отправить комментарий