15.12.2017

RUR ORDUSU QARABAĞDA

 Təkcə 1990-cı il ərzində Rus ordusu erməni silahlı qruplaşmalarına qarşı 160 əməliyyat keçirmiş, yüzlərlə terrorçu məhv və ya tərksilah edilmiş, baza və müdafiə istehkamları dağıdılmışdı. Ayaz Mütəllibovun “Koltso” əməliyyatı zamanı Rus hərbçiləri Gəncə ətrafındakı 30 kəndi ermənilərdən boşaltmışdılar ki, bu da Gəncənin gələcəkdə itirilməsinin qarşısını almışdı. Rusiya Silahlı Qüvvələrinin 23-cü diviziyası Xanlar və Goranboyun kəndlərində oturuşmuş erməni terrorçularını buradan qovub çıxarmışdı. “Koltso” əməliyyatı zamanı AXCP mətbuat konfransı keçirib beynəlxalq jurnalistlərə bildirdi ki, Mütəllibov Rus ordusunun əli ilə erməniləri qırır! “Demokratik” AXCP dünya ictimaiyyətinə müraciət ünvanlayıb Qarabağ ermənilərini Mütəllibov təcavüzündən qorumağa çağırdı. “Koltso” əməliyyatı yalnız Moskvada QKÇP çevrilişi yatırılandan sonra dayandırıldı. Buna baxmayaraq, “Koltso” əməliyyatı nəticəsində 24 kənd ermənilərdən büsbütün boşaldıldı: Xanlar rayonunda 2 kənd, Goranboy rayonunda 3 kənd, Şuşa rayonunda 5 kənd, Hadrut rayonunda 14 kənd. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında vurulan vertolyotda azərbaycanlı generallar- İsmət Qayıbov və Məhəmməd Əsədovla yanaşı 2 rusiyalı general- Mixail Lukaşov, Nikolay Jinkin və qazaxıstanlı general Sanlal Serikov da vardı.
 Rus desantçıları 1992-ci ildə Mardakerti büsbütün ermənilərdən təmizləyib Azərbaycan ordusuna təhvil vermişdi. Cəbhəçilərin söydüyü Rus əsgərlərinin sayəsində DQMV-nin 52 faizi Azərbaycan ordusunun nəzarətinə keçmişdi. O vaxt Bayram Bayramov deyəndə ki, hələ Qarabağ indiki kimi bizim olmayıb, naxçıvanlı cəbhəçilər onu xalq düşməni elan etdilər. Rusiya müdafiə naziri Pavel Qraçov orduya əmr vermişdi ki, bu münaqişədə ermənilərə yox, azərbaycanlılara kömək edin (Bu həm də onunla əlaqədar idi ki, Ermənistanın o vaxtkı rəhbərliyi Qərbyönümlü siyasət yürüdürdü). Keçmiş müdafiə naziri Rəhim Qazıyevin də etiraf etdiyi kimi, Sovet qoşunlarının əmlakı bölünərkən Rusiya Müdafiə Nazirliyi Azərbaycana nəzərdə tutulduğundan da qat-qat artıq silah-sursat və hərbi texnika vermişdi. Həmin dəstəyin sayəsində erməni daşnakları minlərlə itki vermişdilər. Məşhur Ağdərə döyüşündə ermənilərin 6 tank, 4 BMP və 1 BTR-inin qabağına məhz rusların köməyi sayəsində Azərbaycan tərəfi içində 80 tank olmaqla 160 zirehli texnika çıxara bilmişdi və döyüş ermənilərin süqutu ilə nəticələnmişdi. Erməni veteranları indi də şikayətlənirlər ki, Rus ordusu bizə heç nə vermədiyi halda azərbaycanlıları təpədən dırnağadək silahlandırmağa çalışırdı. Sırxavəndə hücumların intensivliyini erməni tərəfi Rusiya ordusunun azərbaycanlılara 100 tank verməsi ilə izah etmişdi. “Kommersant” qəzeti yazmışdı ki, Sırxavənd döyüşlərində həlak olmuş 200 Azərbaycan döyüşçüsünün əksəriyyəti slavyan görünüşlüdür.
 1992-ci ildə Azərbaycan ordusuna səfərbər olunmuş ilk 2700 könüllüyə Gəncədəki Rusiya Silahlı Qüvvələrinin 37 zabiti təlim keçmişdi. Qarabağda erməni terrorçularının qorxduğu yeganə qüvvə Rus speçnazı idi. Ermənilərin müdafiə xətlərini o vaxt general Vladimir Şamanovun rəhbərlik etdiyi 328-ci paraşüt-desant polkunun əsgərləri yarırdılar. Mardakertin alınması əməliyyatlarına şəxsən Şamanov özü rəhbərlik etmişdi. Məhz Şamanovun Gəncədə yerləşən polku ermənilərin DQR ordusunun Şaumyandakı əsas bazasını darmadağın etmişdi. Qarabağ müharibəsində göstərdikləri şücaətlərə görə general Şamanov və Rus ordusunun bir çox zabitləri Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunmuşlar. Rusiya Silahlı Qüvvələrinin 4-cü ordusu Şaumyan və Mardakert rayonlarını tutaraq burada Azərbaycan bayrağı dalğalandırmışdır. Xankəndinə ilk dəfə Azərbaycan bayrağını cəbhəçilərin xalq düşməni elan etdiyi Polyaniçko sancmışdır. Azərbaycan Ordusunun yaranmasının ilk aylarından çoxlu sayda Sovet və Rus kontraktnikləri ermənilərə qarşı vuruşmuşdu.
 1993-cü ilin mart ayına Rusiyanın rəsmi məlumatına görə Azərbaycana təhvil verilən silah və texnika bunlardır: 415 tank, 1159 zirehli texnika (BMP, BTR və s.), 353 artilleriya vasitəsi (kalibri 100 mm-dən çox), 53 döyüş təyyarəsi, 8 vertolyot. Başqa rəsmi mənbələrə görə Azərbaycana 286, yaxud 311 tank və 18 vertolyot qalmışdı. Onlarla L-29 və L-39 döyüş-təlim təyyarələri də Azərbaycan ordusuna təhvil verilmişdi. Bundan başqa Azərbaycana 100 min ədəd atıcı silahlar və 11 min vaqon hərbi sürsat çatmışdı. 1993-cü ilin may ayında 104-cü Hava-Desant Diviziyası Gəncədən çıxarkən Azərbaycana 105 ədəd zirehli texnika (desantçıların döyüş maşını və BTR), 42 artilleriya sistemi, 36 ədəd özüyeriyən minaatan “Nona-SVK” saxlamışdı.
 Azərbaycan rəhbərliyinin Rusiya rəhbərliyi ilə razılaşdırılmış 15 fevral 1992-ci ildə Xocalıdan dinc əhalinin təhriyyəsi üçün blokadanı yarmaq və ordan Ağdama dəhliz yaratmaq məqsədilə 23-cü motoatıcı divizayanın komandiri general Budeykinin rəhbərliyi altında hərbi əməliyyatın keçirilməsi cəhdi barədə çoxları susur. Bu məqsədlə 23-cü diviziyanın bölmələri 15 fevralda Gəncədən Ağdama gəlmiş, lakin Ağdamın Əhmədavar və Şelli kəndləri arasında AXC fəalı Fəhmin Hacıyevin rəhbərlik etdiyi bir qrup adam tərəfindən kolonun qarşısı kəsilmiş, onlara Əsgəran-Xocalı istiqamətində hərəkət etməyə imkan verilməmişdi.
 28 fevral 1992-ci ildə A.Mütəllibov MDB BSQ baş komandanı marşal Şapoşnikova Xocalını qaytarmaq üçün müraciət etmişdi. Şapoşnikovun göstərişi ilə 5 mart 1992-ci ildə 23-cü diviziyanın bölmələri Ağdama gələrək, 6 mart saat 12-də Ağdamın yerli özünü müdafiə batalyonları ilə birgə Əsgəran istiqamətində hücuma keçmiş, Naxçıvanik, Xanabad kəndlərini azad edərək Əsgərana daxil olmuşdu. Lakin 6 mart saat 18-də A.Mütəllibovun istefa verməsi xəbəri gəlir və rus qoşunları fəaliyyətlərini dayandırıb, geri- Gəncəyə qayıdırlar. Bu hücum müharibənin gedişini kökündən dəyişə bilərdi.
 14 may 1992-ci ildə Ağdamda Əsgəran, Xocalı və Xankəndini tutmaq, Şuşanı azad etmək məqsədilə 23-cü diviziyanın bölmələri cəmləşdirilmişdi. Lakin 15 may 1992-ci ildə A.Mütəllibovun vəzifəsindən yenidən uzaqlaşdırılması ilə qoşunlar da Gəncəyə qayıtmışdı.
Hələ 15 may 1992-ci il Daşkənd Sazişinə qədər (bu sazişə uyğun olaraq Azərbaycanda yerləşən Sovet qoşunlarının döyüş texnikası, silah-sursat və ləvazimatının bir hissəsi Azərbaycana verilmişdi) aprelin sonlarında Rusiya müdafiə naziri P.Qraçovun göstərişilə Azərbaycana 15 min ədəd atıcı silah və 15 PDM verilmişdi.
 15 may 1992-ci il Daşkənd Sazişi keçmiş Sovet ordusu silah və texnikasının yeni müstəqil respublikalar arasında bölünməsini nəzərdə tuturdu. Saziş 15 mayda bağlansa da, R.Qazıyevin fəaliyyəti nəticəsində Azərbaycanın payına düşən silah-sursat və texnika, Ermənistandan fərqli olaraq Azərbaycana dərhal verilmişdi. Bu, Azərbaycan ordusunun Ermənistan ordusundan iki ay daha tez silahlanıb, 1992-ci il yay hücumuna keçərək 91-ci ilin sonlarından ilk dəfə hücum təşəbbüsünə yiyələnməsinə şərait yaratmışdı.
 Rəhim Qazıyev 1992-ci ildə iyul ayında Gəncədə yerləşən 104-cü diviziyadan pulla zabitlər gətirərək Azərbaycanın Hava-desant qüvvələrinin ilk taborunu yaratmışdı. Rus hərbçilərin rəhbərliyi altında 360 nəfər desantçı hazırlanmışdı. Məşqlər Goran qəsəbəsinin yaxınlığındakı poliqonda keçirilirdi. Həmin aylarda Perəkəşküldə yerləşən QRU-nun (Baş Kəşfiyyat İdarəsi) 22-ci xüsusi təyinatlı briqadasının instruktorları tərəfindən Şamaxıda 300-ə yaxın Azərbaycan kəşfiyyatçısı hazırlanmışdı. İkinci 300 nəfərlik kəşfiyyatçı qrupun hazırlığı isə briqadanın Azərbaycandan çıxarılması ilə əlaqədar sona çatdırılmamışdı. 1992-ci ilin aprel-may aylarında rus hərbi instruktorları Mingəçevirdəki batalyona da döyüş hazırlığı keçmişdilər. Həmin ilin may-avqust aylarında 60-cı diviziyanın instruktorları 820-ci alayın (sonra 704-cü Lənkəran briqadasının) bölmələrinə, o cümlədən Astarada 20-ci alaya, Göytəpədə 22-ci alayın bazalarında 704-cü briqadanın 3 batalyonuna, Port-İliçdə 1073-cü artilleriya alayının bazasında briqadanın artdivizionuna, 769-cu kəşfiyyat batalyonunun bazasında briqadanın kəşfiyyatçılarına və rabitəçilərinə döyüş məşqləri və xüsusi hazırlıq keçmişdilər.
 1992-ci ilin noyabr-dekabr aylarında Seyfəli təlim mərkəzində Rusiyanın 104-cü HDD-sinin instruktorları tərəfindən 2-ci Ordu Korpusunun 4500 nəfərlik döyüş ehtiyat qüvvəsi hazırlanmışdı. Plana görə, 10 min nəfər hazırlanmalı idi, lakin hakimiyyətin apardığı xain siyasət nəticəsində bu iş başa çatdırılmadı. 10 minlik korpus 1993-cü ilin aprel-may aylarında irimiqyaslı hücumla Stepanakertə qədər irəliləməli idi. Lakin ətrafında olan qüvvələr Elçibəyə çatdırdı ki, Surət Hüseynov ruslarla birgə hakimiyyətə qarşı qoşun hazırlayır və hazır olan kimi hakimiyət deviriləcək. Buna görə də Elçibəy əmr verdi ki, həmin bu qüvvələr qış aylarında Ağdamda və Ağdərədə hücuma başlasın. Yarımçıq vəziyyətdə olan korpus qış şəraitinə hazırlıqsız hücum əməliyyatlarına göndərildi. 2-ci Ordu Korpusunun komandanlığı, bütün ağılı başında olan hərbçilər bu hücumun əleyhinə idi. Hətta Ali Baş Komandan olan Elçibəyə 2-сi Ordu Korpusunun komandiri Surət Hüseynov tərəfindən məktub yazılmışdır ki, bu hücum faciəli nəticələrə gətirib çıxaracaq. Qış vaxtı dağlarda hücum əməliyyatlarına ordu hazır deyildi. Amma Elçibəy göstərilən səbəblərə məhəl qoymadan inadkarcasına əmrindən dönmədi. Nəticədə qış əməliyyatları faciəli nəticələrlə bitdi. Ordu böyük itkilər verdi, hazırlanmış rezervlər isə döyüşlərdə məhv oldu. Kəlbəcərə olan hücumun qarşısını bu vəziyyətə düşmüş ordu artıq ala bilmədi. Çünki qüvvələr tükənmişdi.
 4 aprel 1993-cü ildə (artıq Kəlbəcər işğal olunmuşdu) Rəhim Qazıyev Şəkidə idi. Pənah Hüseynov ona zəng etdi və təcili olaraq Binə aeroportuna gəlməsini xahiş etdi. Aeroportda R.Qazıyev Pənah Hüseynov və Abbas Abbasovla görüşdü. Onlar dedilər ki, ermənilər Füzuliyə hücuma keçiblər. Onlar Moskvada olublar, lakin Rusiyanın müdafiə naziri Pavel Qraçov onları qəbul etməyib, ona görə də Rəhim Qazıyevdən Qraçovla görüşmək üçün kömək istədilər. Elə həmin gün onlar Moskvaya uçdular. Azərbaycan və Rusiyanın rəsmi dövlət səviyyəsində Qarabağda gedən hərbi əməliyyatlara aid təmaslarından biri 5 aprel 1993-cü il tarixinə təsadüf edir. Həmin gün ermənilərin Füzuliyə davamlı hücumunu dayandırmaq məqsədilə Pənah Hüseynov, Abbas Abbasov və artıq müdafiə naziri vəzifəsindən ay yarım əvvəl azad edilmiş Rəhim Qazıyev Moskvada Rusiyanın müdafiə naziri Qraçovun yanında olmuşlar. Onlar Qraçovdan ermənilərin Füzuli istiqamətində hücumunu dayandırmaları üçün Ermənistan rəhbərliyinə təsir göstərməyi xahiş etmişlər. Qraçov onların yanında Ermənistan prezidenti L.Ter-Petrosyana zəng etmiş və ondan bu hücumu dayandırmağı tələb etmişdir. Bundan sonra ermənilər hücumu dayandırmışlar. Qeyd etmək lazımdır ki, əvvəlcə Qraçov Rəhim Qazıyevin yenidən öz vəzifəsinə qaytarılmasını tələb edir, deyir ki, Rəhim Qazıyev onun dostudur, ona görə də ancaq bu şərtlə kömək edəcək. Lakin Rəhim Qazıyev şəxsən yenidən israrla xahiş edir və yalnız bundan sonra Qraçov erməniləri durdurur. Elə ordaca Pəhah Hüseynov Rəhim Qazıyevdən xahiş edir ki, o 104-cü Hava Desant Diviziyasının vasitəsilə Kəlbəcəri geri qaytarmağa da kömək eləsin. Rəhim Qazıyev bu xahişi də edir və Qraçov razılıq verir. O Podkozlinə onların yanında zəng vurur və müvafiq əmr verir ki, bu işdə yardımçı olsun. 20 aprel 1993-cü ildə Podkozlin Gəncəyə uçur. Rəhim Qazıyev onunla görüşür. Podkozlin Qraçovun ona Kəlbəcərin geri qaytarılmasında kömək eləməklə bağlı əmr verməsini və işə başlamağa hazır olduğunu bildirir. Rəhim Qazıyev Pənah Hüseynova zəng vurur və deyir ki Podkozlin burdadır və gözləyir. Pənah isə cavabında deyir ki rusların köməyi artıq lazım deyil və onlar Kəlbəcəri sülh yolu ilə azad edəcəklər.
 1992-ci ilin avqustunda Rəhim Qazıyev Pavel Qraçovla danışır ki Gəncədə yerləşən 104-cü Hava Desant Diviziyasının yarısı azərbaycanlılardan ibarət olacaq. 104-cü HDD-nın şəxsi heyəti 12 min nəfər əsgər olmalı idi. Lakin 1991-ci və 1992-ci il demobilizasiyasından sonra ora Rusiyadan çağırışçılar gəlmirdi. Ona görə də diviziyanın tərkibində cəmi 6 min nəfər qalmışdı. 1992-ci ilin iyul ayında diviziyanın tərkibindən 345-ci paraşut-desant alayı Abxaziyaya göndərlidiyinə görə 104-cü diviziyada 4500 əsgər qalmışdı. Rəhim Qazıyev Qraçova təklif edir ki diviziyaya 6 min azərbaycanlı çağırışçı göndərilsin ki hərbi hissə tamam olsun. Razılaşmaya görə, iki il ərzində ruslar Azərbaycan üçün 12 min desantçı hazırlamalı idi. Əvəzində isə Azərbaycan 104-cü diviziyanı yanacaq, ərzaq və s. təmin etməli idi. Bu təkliflə Rəhim Qazıyev prezident Əbülfəz Elçibəyin qəbuluna gedir. Lakin Elçibəy bu işə razılıq vermir və deyir ki müstəqil Azərbaycanın əsgəri Rusiya bayrağı altında xidmət edə bilməz.
 Eynilə yuxarıda göstərilən sxemlə 1992-ci ilin avqustunda Ələkrəm Hümbətov da Lənkəranda duran 60-cı motoatıcı diviziyanın komandiri Bojko ilə və Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Muratovla danışıqlar aparır. Azərbaycan 60-cı diviziyaya çağırışçılar verir, rus zabitləri onları hazırlayır, əvəzində isə diviziya ehtiyacı olan hər şeylə təmin olunur. Bu təkliflə Ələkrəm Hümbətov Rəhim Qazıyevə müraciət edir. Qazıyev razılıq verir, lakin yenə də prezident Elçibəy buna qarşı çıxır və tələb edir ki 60-cı diviziya Azərbaycandan çıxarılsın!
 1992-ci ilin yay hücumu zamanı Rusiyanın 104-cü desant diviziyasının operativ qrupu polkovnik V.Selivanovun başçılığı altında Azərbaycan ordusuna böyük yardımlar göstərmişdir. Yay hücum planı rus desantçılarının iştirakı ilə işlənmişdir. Onlar ordunun idarəçiliyində də kömək edirdilər. Bunun tarixçəsi belə idi. Rəhim Qazıyev 104-cü diviziyanın komandanı Şerbakla danışır ki, ruslar yay hücumunda köməklik etsinlər. Şerbak razılıq verir, lakin Rusiya müdafiə naziri Pavel Qraçovdan icazə lazım idi. 1992-ci il 1-2 iyunda Rəhim Qaziyev Qraçovla görüşür. Qraçov Şerbaka zəng edib deyir: “Onlara kömək et”. Bundan sonra Selivanovun qruppası avqust ayına kimi hücumlarda Azərbaycan ordusuna yardım etdi. Buna mane olan isə bozqurdçu İskəndər Həmidov oldu. O dedi ki rus zabitlərinin bizim qərargahda işləri yoxdur. Nəticədə Selivanovun qruppası geri çağırıldı.
 104-cü HDD-nin bir qrup yüksək rütbəli zabitləri Şaumyan və Ağdərənin azad olunması üçün ümumi planın hazırlanmasında da iştirak etmişlər. Plan Azərbaycan SQ Baş qərargahının 1-ci müavini, Milli Qəhraman (ölümündən sonra) polkovnik-leytenant Şikar Şikarov, o zaman 703-cü briqadanın komandiri olan Nəcməddin Sadıxov və 104-cü HDD-nın əməliyyat şöbəsinin rəisi polkovnik V.Selivanovun başçılığı ilə bir qrup rus zabitləri tərəfindən hazırlanmışdır. Hücum zamanı rus zabitləri Azərbaycan ordusunu artilleriya atəşilə dəstəkləmişlər. Şaumyan hücumunda rus zabitlərdən ibarət 5 tank ekipajı, Ağdərə əməliyyatında isə 1 tank ekipajı iştirak etmişdir. Pilotumuz Vaqif Qurbanov həlak olandan sonra, iyun ayının sonlarından etibarən döyüş təyyarələrini rus zabitləri idarə etmişdir. Həmin dövrdə demək olar ki bütün istiqamətlərdəki hücumlarda rus əsgərləri vardı. Goranboyda və Ağdərədə hücumda Azərbaycan ordusuna 104-cü desant diviziyasının özüyeriyən artilleriya divizionları artilleriya dəstəyi verirdi.
 1992-ci ilin sentyabr-oktyabr aylarında 820-ci Lənkəran alayı Qubadlı tərəfdən Laçın istiqamətində hücum əməliyyatları keçirdi. 60-cı motoatıcı diviziyanın silahları təhvil veriləndə Lənkəran alayına 12 ədəd özüyeriyən “Qvozdika” artilleriya qurğusu verilmişdi. Azərbaycan ordusunda mütəxəssislər olmadığından bu qurğuları 60-cı diviziyanın rus zabitləri idarə edirdi. Onlar eyni zamanda azərbaycanlı əsgərlərə bu qurğuları idarə etməyi öyrədirdi. Həmin artilleriya qurğuları döyüşlərin gedişatında mühüm rol oynayırdı, ordunun Laçın istiqamətində irəliləməsini asanlaşdırırdı. Susuzdağ alınandan sonra “Qvozdika”lar Gorus-Laçın-Şuşa yolunu daim atəş altında saxlayırdılar. Lakin rusların bu döyüşlərdə iştirak etməsindən ölkə rəhbərliyi xəbər tutur və qeyzlənir. O vaxt Baş Qərargah rəisi olan naxçıvanlı general Nürəddin Sadıxov şəxsən Laçına gələrək tələb edir ki strateji yolun atəşə tutulması dayandırlırsın, rus zabitləri isə ordan qovulsun. Özüyeriyən artilleriya qurğuları idarəsiz qaldığından Lənkərana göndərilir...
 Azərbaycan Havadan Müdafiə Sistemi və radioelektron mübarizə vasitələri də 1992-ci ilin may-iyun aylarında Surət Hüseynov tərəfindən maaş verilən rus zabitləri tərəfindən bərpa edilib, bir müddət, yəni öz mütəxəssislərimiz hazırlanana qədər idarə olunmuşdur. Döyüş texnikasının təmirini də ruslar aparırdılar. Onların hərbi hissələrindən lazımi ehtiyat hissələri alınıb gətirilirdi.
 QARABAĞIN SÜQUTU HAKİMİYYƏTİ DİVERSİYA VƏ TƏXRİBAT YOLU İLƏ ZƏBT ETMİŞ CƏBHƏÇİLƏR TƏRƏFİNDƏN RUS ORDUSUNUN AZƏRBAYCANDAN QOVULMASINDAN SONRA BAŞLANMIŞDIR.


Rəhim Qazıyev Birinci Qarabağ Müharibəsində Rusiyanın bizə köməyi barədə
https://www.youtube.com/watch?v=zGJWf_vN8oo

Birinci Qarabağ Müharibəsində ruslar bizə artilleriya və kəşfiyyat dəstəyi verirdilər
https://www.youtube.com/watch?v=_CfUU-A8KFE&t=296s

Комментариев нет:

Отправить комментарий