28.05.2011

Bakı qədim şəhər...


            Şəhərin tarixiliyini qədim abidələr əks etdirir


Bakıya ilk dəfə ayaq basanlar bu şəhərdəki qədim binaları ziyarət edənlər, yəqin ki, keçmişlə bu günün sintezini o andaca hiss edirlər. Əslində, bu sintez hər zaman heyranlıqla qarşılanmır. Bəzən şəhərdə rast gəldiyimiz elə tikililər olur ki, bu bizdə heyranlıq deyil, təəssüf hissi yaradır. Əslində paytaxtımız öz qədimliyi ilə daha məşhurdur. Tarixçilərin dediyinə görə, Bakı o qədər gözəl olub ki, bura "Tanrının şəhəri" deyiblər. Deyilənlərə görə, şəhər öz adını da burdan götürüb. 

Qədim Bakının rəsmləri isə amfiteatrı xatırladır. Dənizi sanki qucaqlayan şəhər bugünkü toz-torpaqdan boğulan, küçələri dəlik-deşik olan Bakıdan çox fərqli olub. Qədim Bakının araşdırmaçılarından biri isə deyir ki, Xəzərdən qalxan sakit bir meh də bütün şəhəri dolaşırmış. Çünki şəhərin bütün küçələri üzü Xəzərə doğru imiş. Hündürmərtəbəli binalar isə sonradan bu auranı pozub. İndi Xəzərdən qalxan külək şəhərin qumunu, tozunu başımıza ələyir. Yəqin ki, bu da yazılmayan İlahi qanunun cəzasıdır. Biz şəhərimizə necə baxırıqsa, şəhərimiz də bizi elə qarşılayır. 

Paytaxta gələn turistlər burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələrini görəndə gerçəkdən şəhərin qədimliyinə inanır. Amma bu, həmişə belə olmur. Şəhərin mərkəzində sahəsi 22 ha olan "İçəri şəhər" yerləşir. "İçəri şəhər"də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. 

Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış "Şərq" divanxanası abidələri daxildir. Kompleksin ilk tikililərinin 1441-ci ilə, son "Şərq" divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir. 

Lakin qədim tikilidə aparılan təmir işləri zamanı xeyli yenilik əlavə edilib ki, bu da abidənin qədimliyini şübhə altına qoyur. 

Hər bir şəhərin qədimliyini onun qədim abidələri xatırladır və sübut edir. Bu baxımdan, Bakı nə qədər bəxtigətirən şəhər olsa da, sonrakı illərdə burada aparılan təmir-tikinti işləri tarixi abidələrin sıradan çıxmasına səbəb olub. Məsələn, 1830-cu ildə tikilən Kiçik Qala bərpa adı ilə hasara alınıb söküldü, yerində isə Polşa səfirliyinin yerləşdiyi binanı tikdilər. 

Və ya qədimliyi ilə məşhur olan binalardan biri Yasamal rayonundakı Murtuza Muxtarov küçəsindəki binanın sökülməsi orada yaşayan sakinlərin qəzəbinə səbəb olub. 

İnkişaf etmiş dövlətlərdə qədim binaların çölü, fasadı olduğu kimi qalır. Içərisində yaşayış olan binaların isə ancaq iç hissəsi müasir tələblərə uyğun təmir edilir. Bu isə bütün dünyada tarixi abidələrə olan diqqətdən irəli gəlir. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. 

Yamaqlı, moderin, yoxsa sevgisiz... 

"Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazların çıxdğı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmidir. 

Bu gün də bu abidəni ziyarət etmək üçün dünyanın müxtəlif yerlərində yaşayan atəşpərəstlər Bakıya üz tuturlar. 

Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və sair vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar. 

Dünyanın inkişaf etmiş ölkələrində bu gün də turistlərin sevimli şəhərləri qorunur. Bakı da əslində belə şəhərlərdən idi. Amma bu şəhərə müasir, modern bir yamaq vurmaq istəyənlər şəhəri, əslində, gülünc günə qoyurlar. Qədim Bakı təkcə Azərbaycanın deyil, dünyanın memarlıq incisi ola bilərdi. 

Qədim binalar su ilə yuyulmalıdır 

Qobustandakı qayaüstü rəsmləri görəndə hər dəfə ağlıma bir ideya gəlir: Yəqin şəhərin mərkəzində olsaydı, indi bu abidələr də öz əzəmətini saxlamaq əziyyəti ilə üzləşəcəkdi. Qədim binaların, tarixi abidələrin əksəriyyətinin xarab olmasına səbəb bayaq dediyim kimi, tikinti-təmir prosedurudur. Çünki binaların qədimliyini qorumaq üçün onları, sadəcə, xüsusi su ilə yumaq lazımdır. Lakin biz Bakıda qədim tikililərin laqonda ilə qaşınmasını tez-tez görürük. 

Bakının tarixi abidələri ilə yaxından tanış olanda bəlli olur ki, bu memarlıq inciləri ilə heç də yaxşı rəftar etməyiblər. Bu, dəhşətdir. Filarmoniyanı artıq neçənci dəfədir ki təmir edirlər. Yazını hazırlayarkən bir neçə ekspertlə əlaqə saxladım. Ekspertlərin rəyinə görə, bərpa işləri qısa və uzunmüddətli olur: "Tarixi binalarda bərpa işlərini 10 ildən bir aparırlar. Əslində, tarixi abidələrin bərpası üçün xüsusi inşaat materialları var ki, ancaq ondan istifadə olunmalıdır? Bütün dünyada tarixi abidələrin bərpası üzrə mütəxəssislər hazırlayan xüsusi universitetlər, institutlar var. Bundan başqa, müvafiq obyekt üçün dövlət sifarişini qəbul edən xüsusi zavod var. Dünyanın qədim və gözəl şəhərlərindən olan Varşava, Krakov, Berlin, Frankfurt müharibə zamanı tamamilə dağıdılmışdı, orada bir dənə də olsun qədim tikili qalmamışdı. Lakin bu gün bu şəhərlərə baxanda XII-XIII əsrin şəhərini görüruk. Çünki bu şəhərlərdəki tarixi adidələri bərpa edərkən məlum ölçülər, qanunlar gözlənmişdi. Bərpa zamanı hər daşın üstünə nömrə yazılır. Bərpa işləri qədimi qravüra və akvarellərə əsaslanaraq aparılırdı. Bu işlərin hamısını isə bu sahəyə aid olan mütəxəsislər edir". 

Yuyulma qaşınmadan ucuz başa gəlir 

Amma bizdə qədim binaların təmiri tamam başqa qayda ilə aparılır. Bu sahədə heç bir bilgisi olmayan fəhlə qüvvəsi ilə bu tarixi abidələri bərpa edirlər. Elə tarixi abidələr var ki, onları xüsusi su ilə yumaq lazımdır. Bizdə isə çəkici, külüngü götürüb düşürlər qədim abidənin üstünə, əvvəlcə dağıdırlar, sonra da üstündən necə gəldi rəngləyirlər. 

Azərbaycan Tarix Muzeyinin ətrafında və daxilində gedən təmir işləri zamanı abidə ilə kobud rəftar diqqət çəkdi. Çünki tarixi abidəni laqunda ilə təmizləmək olmaz. Ekspertlərin fikirncə, belə abidəni 200 atmosfer altında "yumşaq" su ilə yumaq gərəkdir: "Bu suda turşu və qələvi olmamalıdır. Çünki hər ikisi daşın duzunu yeyir ki, bu da eroziyaya səbəb olur. Daşın duzu onun skafandrıdır. Onu ətraf çirklənmədən saxlayır. Bu, həm də ucuz başa gəlir. Rəhmətlik Hacı Zeynalabdin Tağıyevin binasını başdan-ayağa laqunda ilə təmizlədilər. Binada olan taxta məmulatlarını qurddan qorumaq üçün xüsusi iynələrlə dizinfeksiya etməliydilər. Ancaq bütün hallarda tarixi abidələr təmir olunmamış onun vəziyyəti ilə bağlı diaqnoz kağızı olmalıdır. Bir ilə yaxın təmir olunacaq abidədə müayinə işləri aparandan sonra ona diaqnoz kağızı verirlər". Bundan başqa, ornamentlər var ki, onun bərpasını ancaq ornament mütəxəssisi aparmalıdır. Bizim bu sahədə Lətif Kərimov kimi ornament ustamız var idi. O, bizə zəngin bilik sandığı qoyub getdi. Bu gün də bizdə ornamentləri bilən şəxslər var. Tarix Muzeyində 1912-ci ildə H.Tağıyevin Fransada sifarişlə düzəltdirdiyi qadın heykəli var idi. Deməli, heykəlin əlindəki çıraq bütün girişi işıqlandırırdı. Təmir zamanı onu da salıb sındırdılar. 

Qədim mədəniyyətə, eyni zamanda qədim şəhər mədəniyyətinə sahib olduğumuzu sübut edən Şuşa kimi incini itirdik. Bakı isə uzaqda deyil. Amma hər tərəfdə atılan zibilləri, dağılıb-tökülən küçələri görəndə bəzən insanda şübhə oyanır. Axı, kim doğmasıyla belə rəftar edər? Hələ gec deyil, Bakını qorumağa tələsək! 

Arzu Abdulla                      movqe.az

Комментариев нет:

Отправить комментарий