30.05.2011

Dünyanın ən nüfuzlu ədəbiyyat dərgiləri - 2. "Granta"


Rövşən Qənbərov                       azadliq.org

Britaniyada çap edilən "Granta" - axına qarşı üzən ədəbi jurnaldır.

Onun rəhbərləri əsərlərin bədii dəyərini kommersiya maraqlarından önə çəkdiklərini deyirlər. Jurnalın buraxdığı kitablar da bu prinsipə əsaslanır.

"Granta" yalnız "ilham mənbəyi olan, stimul verən, çətin suallara cavab axtaran, tarixin mürəkkəb dövrlərini tədqiq edən əsərləri" çap etdiyini bildirir.

Jurnalın sahibi Siqrid Rauzinq "Financial Times" qəzetinə müsahibəsində heç nəyə baxmayaraq bu standartları qorumaq əzmində olduqlarını deyib:

"Biz elə kitabları çap edirik ki, onlar potensial olaraq həm də jurnalımızda çap edilə bilər.

Yəni jurnalın prinsipləri bizim üçün kitab çapında bir məhək daşıdır. Biz nəyin daha yaxşı satıldığını bir arqument olaraq qəbul etmək fikrində deyilik. Çünki bu, yazarları yeni söz demək qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qoyur".

"Granta" bildirir ki, onun əsaslandığı hansısa siyasi, yaxud ədəbi manifest yoxdur. Jurnalın missiyası onun "bədii yaradıcılığın təsvir etmək, işıq salmaq və gerçəyə çevirmək gücünə olan inamına" əsaslanır.

TƏLƏBƏ QƏZETİ KİMİ YARANDI

"Granta"nı 1889-cu ildə Kembric Universitetinin tələbələri yaradıb.

İlk dövrlərdə jurnalda tələbələrin maraq dairəsinə aid ictimai-siyasi hadisələr, lətifələr və gənclərin bədii yaradıcılığı yer alırdı. Jurnalın adı şəhərin içindən keçən çayın adından götürülüb.

Jurnal bu formada uzun illər fəaliyyət göstərib, orada çap olunan gənclərin bəziləri isə sonradan yetərincə tanınan yazarlar olublar.

Məsələn, Bertram Fletcher Robinson; Michael Frayn; Ted Hughes; John Simpson; A. A. Milne; Sylvia Plath; Stevie Smith...

1970-ci illərdə dərgi maliyyə sıxıntıları yaşadı. Həmin dövrdə tələbələr arasında jurnala münasibətdə biganəlik də artmışdı. Jurnalı universitetin məzunu olmuş bir qrup sərmayəçi xilas etdi. 1979-cu ildən "Granta" "yeni əsərlərin çap edildiyi jurnal" kimi fəaliyyətini bərpa etdi.

Kembric
Məqsəd universitet hüdudlarını aşmaq, həm jurnalla əməkdaşlıq edən yazarların, həm də oxucuların dairəsini genişləndirmək idi.

GƏLƏCƏKDƏN DƏ XƏBƏR VERİR

İndiyəcən jurnalda Peter Carey, Milan Kundera, Doris Lessing, Ian McEwan, Gabriel Garcia Marquez və başqa tanınmış yazıçıların əsərləri çap edilib.

2008-ci ildən jurnalın İnternet saytı da fəaliyyətə başlayıb. Orada jurnalın yeni sayında çap edilmiş materialların anonsu verilir.

Saytda jurnala abunə olub onun arxivinə giriş hüququ qazanmaq olar. Bundan başqa saytda account-unuzu yaradıb jurnalın təşkil etdiyi tədbirlər, məxsusi təkliflərdən xəbər tuta bilərsiz. Saytdakı "dükan" bölümündə hətta ucuz qiymətə jurnalın əvvəlki saylarını da almaq olar.

"Granta" elə həmin bölümdəcə bunun dosta, rəfiqəyə ən gözəl hədiyyə ola biləcəyini qeyd edir.

İldə 4 dəfə çıxan jurnalın tirajı 45 mindən artıqdır. Jurnalda bədii əsərlərdən başqa fotolar, reportajlar, memuarlar da çap edilir.

Bundan başqa jurnal 10 ildən bir - onun fikrincə - yaradıcılıqlarına xüsusi diqqət yetirilməli olan gənc yazarların siyahısını dərc edir.

Məsələn jurnalın 1983-cü ildə çap etdiyi belə iyirmilikdə indi dünyada tanınan Kazuo İshiguro, Salman Rushdie, Shiva Naipaul kimi yazarlar vardı. 

Комментариев нет:

Отправить комментарий