29.05.2011

“Məhərrəm Əliyevi yüksək posta gətirmək olmaz”


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin milli təhlükəsizlik nazirinin müavini postuna gətirilməsi xəbərinə münasibət bildirib. “Bizim Yol”a açıqlamasında bu məlumatın inandırıcı olmadığını deyib.
Bu arada E.Behbudovun hüquq müdafiəçisi kimi fəaliyyətini dayandıracağı və hüquq-mühafizə orqanlarından birində, daha dəqiq desək, Milli Təhlükəsizlik Nazirliyinə şöbə müdiri vəzifəsinə təyin olunacağı xəbəri yayılıb. Dünən E.Behbudovla əlaqə saxlayıb bu və digər xəbərlərə münasibətini öyrəndik.
“Məhərrəm Əliyev vurulmuş adamdı. 1995-96-cı illərdə Məhərrəm Əliyevin göstərişi ilə neçə-neçə təqsirləndirilən şəxslər Baş Polis İdarəsində işgəncəyə məruz qalıb. Onlardan biri işgəncələrə dözməyərək özünü idarənin 4-cü mərtəbəsindən ataraq intihar edib. Neçə nəfər işgəncələrdən şikəst olub. Şəxsən Məhərrəm Əliyevin göstərişi ilə mənim özümə işgəncə veriblər. O vaxt mənim özüm həbsdə idim. Məni onun otağına gətirdilər. Daxili işlər naziri Ramil Usubov da orda idi. Mən Məhərrəm Əliyevi Nizami rayonunda əməliyyat müvəkkili işlədiyi dövrdən tanıyırdım. Məhərrəm Əliyev məni gətirənlərə dedi ki, bunu döymüsünüz? Özünü elə apardı ki, guya məni tanımır. Dedi ki, aparın, döyün. Ramil Usubov onun bu sözlərinə etiraz etdi, dedi, yığışdırın işgəncə söhbətini. Buna baxmayaraq, məni aparıb döydülər. Bu, həmin Məhərrəm Əliyevdi. İşgəncələrin başında duran, işgəncə ilə məşğul olan şəxs nazir müavini təyin oluna bilməz. Onun nazir müavini gətirilməsi boş cəfəngiyyatdır. Onu bu cür yüksək posta gətirmək olmaz”.
Komitə sədri özünün vəzifəyə təyinatı ilə bağlı xəbərlərə belə münasibət bildirdi: “Elçin Behbudov fəxr edir ki, hüquq-mühafizə, xüsusi xidmət orqanlarında xidmət edib. Hamı bilsin ki, Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin zabiti, təqaüdçüsü və sabiq şöbə müdiridir. MTN-ə qayıtmağa fikrim və ehtiyacım yoxdu. Bu dəqiqə hüquq müdafiəçiliyini hər bir vəzifədən üstün tuturam. Çünki hüquq müdafiəçiliyi xeyirxah işdi. Bir də ki, mən insanların hüquq-mühafizə orqanlarına hörmət bəslədiyi vaxtlarda orda işləmişəm”.
E.Behbudov hüquq müdafiəçisi olaraq fəaliyyətini davam etdirəcəyini, heç bir halda başqa vəzifə tutmayacağını bildirdi.
musavat.com

Комментариев нет:

Отправить комментарий