28.05.2011

Klassik poeziya


Nizami Gəncəviİzzəddin HəsənoğluQazi Bürhanəddin, İmadəddin Nəsimi, Nigari, Raci, Nəbati, Bixud, Kazım ağa Salik, Mustafa ağa Arif, Molla Vəli Vidadi, İskəndər ağa Qaıbbəyov, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov Qudsi, Mirzə Cəfər, Mirzə Əlixan Ləli, Rafei


Ancaq bizim saytda oxuyun!





Nizami Gəncəvi

                                         ***
Gecə keçmiş, mənə, gəl, bir məhi-taban ol sən,
Eşqinin həmdəmiyəm, süfrəmə mehman ol sən,

Dirilik çeşməsidir ləblərin, ey nazlı nigar!
Getməmiş canım əlimdən mənə canan ol sən.

Çatma gəl qaşlarını, aşiqə rəhm eylə bir an,
Gəl, axıtma qanımı, can verəcək can ol sən.

Saralan çöhrəmə bax, dərdli sinəmdən tozu sil,
Çəkdiyim dərd ki, sənindir,barı dərman ol sən?

Nə qədər od olub odlar vuracaqsan canıma?
Bir saat məclisimə sünbüli-reyhan ol sən!

Kəkilin Ay çətiri, mişk saçır zülflərin,
Bir qulundur bu Nizami, ona sultan ol sən!

                                ***
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
Ey abi həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O, xəstə ikən, sən kimə dərman olacaqsan?

                               * * *
Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
Layiq deyil ki, canımı cananə göndərim.
Ey dust, istədim eləyəm bəxş könlümü,
Etdim həya ki, zirəni Girmanə göndərim.
Ey xacə, məsləhət elə, allah rizasına,
Murəm, nə töhfə, söylə, Süleymanə göndərim?
Yoxdur mətaimiz ki, ola yarə layiqi,
Dərviş ikən nə həzrəti-sultanə göndərim?
Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
Viranədir bu kənd, ona mən nə göndərim?
Bayram yetişdi, xəstə bu canımla bir deyin,
Bilməm nə qurban ol şahə, qurbanə göndərim?
Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
Yaxşı əməl deyə nəyi mizanə göndərim?

İzzəddin Həsənoğlu

                                    *****
Apardı könlümü bir xoş qəməryüz, canfəza dilbər;
Nə dilbər- dilbəri-şahid, nə şahid- şahidi-sərvər.

Mən ölsəm, sən büti-şəngül, sürahi, eyləmə qülqül;
Nə qülqül- qülqüli-badə, nə badə- badeyi-əhmər.

Başımdan getmədi hərgiz sənünlən içtigüm badə;
Nə badə- badeyi-məsti, nə məsti- məsteyi-sağər.

Şəha, şirin sözün qılur Misirdə bir zaman kasid;
Nə kasid- kasidi-qiymət, nə qiymət- qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş, bəlürməz xisləti-ənbər;
Nə ənbər- ənbəri-suziş, nə suziş- suzişin-məcmər.

Əzəldə canım içində yazıldı surəti-məni;
Nə məni- məniyi-surət, nə surət- surəti-dəftər.

Həsənoğlu sana gərçi duaçıdır, vəli sadiq;
Nə sadiq- sadiqi-bəndə, nə bəndə- bəndeyi-çakər.

Qazi Bürhanəddin

                                        *****
Şəba, hicrün ilən zarəm irax səndən, irax məndən,
Fəraqun ilə yanarəm, irax səndən, irax məndən.

Nigara, xüftə gözündən ki məsənəm olmuşam məxmur,
Anınçün gecə bidarəm, irax səndən, irax məndən.

Gözümdən qanidür yarəm buyurmazisən, ey yarəm,
Gərək ki, yürəgüm yarəm, irax səndən, irax məndən.

Banə əm desə ləblərün nola, çün ki, təbibimdir,
Çü hicranunla bimarəm, irax səndən, irax məndən.

Təlündən ayru bazarəm, özümdən daxi bizarəm,
Fəraq odilə yanarəm, irax səndən, irax məndən.

İmadəddin Nəsimi
                
                            RÜBAİLƏR

Gəl ki, müştaq olmuşam didarına,
Məhrəm etdin çün məni israrına
Vermişəm can zülfi ənbər yarına,
Ey pəri gül, çək məni bərdarına.
               *      *      *
Saf için həm dəm səfa hasil qılur,
Kim ki, yarı bivəfa hasil qılur,
Dəri için dərdə dəva hasil qılur,
canına yüz min bəla hasil qılur.
               *      *       *
Aşiqin seyranı ol aləmdədir,
Kuntu kənzən gövhəri Adəmdədir,
Görmiyən şoul aləmi matəmdədir,
Adəm ol meydir ki, came cəmdədir

                     ***
Dodağın qəndinə şəkər dedilər.
Dedilər ki, dəhanı yoxdur onun
Əhli məna xocəstə surətinə
Haqqdan irağ imişlər, anlar kim.
Fitnə düşdü cahana yüzündən,
Ənbar əfşan saçına, arizinə.
Bax onun yüzünə əl-əhyəni gör.
Şama bənzətdilər qara saçını,
Kipriyin oxuna, qaşın yayına
Can demişlər dodağına hey–hey
Şəbi yeldə durur saçın gecəsi.

               *     *      *
Can şerinə gör nələr dedilər.
Bixəbərlər əcəb xəbər dedilər.
Mənaye vagib əs–suvar dedilər.
Səni ey nur, haqqı bəşər dedilər.
Bu cəhətdən sənə qəmər dedilər.
Yasəmən üzrə müşktər dedilər.
Əhli–məna budur nəzər dedilər.
Arizin nuruna səhər dedilər.
Aşiqin sinəsin sipər dedilər.
Bu sözü gör nə müxtəsər dedilər.
Surətin bədrinə qəmər dedilər.
Ey Nəsimi, mühiti əzəmsən
Gər çi əlfazına gövhər dedilər.

                       *****
Vüsalüni diləyən can ilə cəhani nedər?
Şol abi-kövsəri içən nedər? Pəs ani nedər?

Düşərəm odə göricək bu mələk tatari-huri,
əcəba, bu Çin pütünün tüzi nəqşi azərimi?

Yönəldin bir yola sən ki, uzağdır, bəndini tərk et,
Azuğsuz kişilər dözməz bu yolların uzağına!..

Qandasan, ey yürəgim yarıcı?
Qanda olsan tanrı sana yırıcı!..

Mən qualm, hər dəm qapına varıcı-
Üz urub, qılıb dua yalvarıcı! 

                         *****
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilür könlümün fikri nədir, xəyali nə.

Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al edər kimsə irişməz alinə.

…Gözlərinə əsir olan- halını oldur anlayan,
Kim ki bu halə düşmədi, qoy vara kəndü halinə.

Qiymətini dodağının dəgmə, xəsisə sorma kim,
Mən bilürəm nə can ilə susamışam zülalinə.

Yüz ilə qaşını görən qarşubəqarşu, gözbəgöz
Sanma ki, baxa ol könül bədrinəvü hilalinə.

Hüsnü cəmalü surətin məclisi türkəmal edər,
Şərlü bəyanü vəsflə əql irəməz kəmalinə.

Aşiqi-sadiqin qanı yarə halalmış, vəli
Girsə əgər, rəva degil dilbər anın vəbalinə.

Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm,
Qodu hərifü ətləsi, girdi əbavü şaminə.

                                      ***                              
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
Surətə baxu mə’nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam
.

Nigari
                 
                       *****
Əlhəmdülillah, fikrimdir Allah,
Fikrimdə Allah, əlhəmdüllilah.

Könlümdə, vallah, dildari-dilxah,
Dildari-dilxah könlümdə, vallah.

Zikrimdədir Allah hər bir məhəldə,
Hər bir məhəldə zikrimdir Allah.

Tövbətü lillah ücbü riyadən,
Ücbü riyadən tövbətü lillah.

Əstəğfirüllah birahlıqdan,
Birahlıqdan əstəğfirüllah.

Keçməzəm, billah, bəzmi simadən,
Bəzmi simadən keçməzəm, billah.

Virdimdir Allah, Seyyid Nigari,
Seyyid Nigari, virdimdir Allah.

Raci

                              *****
Belə əhd eyləmişəm, ey bacı cananım ilən,
Ərseyi-Kərbübəladə bəyanım qanım ilən.

Çünki bu cami-əcəldə şəkərü şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var.

Aləmi-zərrdə canan ilə bur əhdim var,
Varam öz söylədiyim əhd ilə, peymanım ilən.

Bacı, əhdim budu bu çöldə gərək qanə batam,
Qanımı Əkrərimin qanına şövq ilə ilə qatam.

Can verib təşnə, gərək isti qum üstündə yatam,
Cismi-məcruhim ilə, sinneyi-suzanım ilən.

Qan içində eləyim həqq ilə bir razü niyaz,
Budur əhdim ki, quram burda gərək məclisi-raz.

Can verən vəqtdə meydanda qılam, bacı namaz,
Dəstənamazım ola bu şərt ilə öz qanım ilən…

                             *****
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.

Nə nazü qəmzə, nə qəncü dəlalü, nə işvə,
Nə əzcü labe, nə xunabi-dideyi-tər olaydı.

Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal,
Nə müşk olaydı, nə məcmər, nə udü ənbər olaydı.

Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf,
Nə çəh, nə mülk, nə bu fövc-fövc ləşgər olaydı.

Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan,
Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı.

Əzəl nə nəşə olaydı, sora nə rənci-xumar,
Nə tiyşi-vəsl, nə ənduhi-hicri-dilbər olaydı.

Nə öldürəydi xətin gəlcək üzdə üşşaqi,
Məsih tək nə ləbi-ləli-ruhpərvər olaydı.

Nə yalvaraydı rəqibə bu payədə üşşaq,
Və nə bu mərtəbə məşuqələr sitəmgər olaydı.

Nə şur olaydı, nə bülbül, nə gül olaydı, nə xar,
Nə lütfi-baği-bahari nə cövri-sərsər olaydı.

Nə dil olaydı, nə qamət, nə qəlb olaydı, nə rux,
Nə şəmi-şölə, nə pərvanə, nə səməndər olaydı.

Nə gül, nə ətr, nə şümşad olaydı, nə şanə,
Nə zülf olaydı, nə məşşatə, nə bu zivər olaydı.

Nə şərhə-şərhə olaydı bu sinə tiğinlə,
Nə şərhi-dəftəri-dərdü bəla, nə müztər olaydı.

Cəfayi-yar ilə üşşaq inciməz, ey kaş,
Nə səndə mümkün o, məndə nə bu, müyəssər olaydı.

Nə hicr olaydı, nə giryə, nə künci-qəm, nə bu ah,
Nə abü atəşü xakü həva müxəmmər olaydı.

Nə tifl olaydı, nə məktəb, nə dərs olaydı, nə elm,
Rümuzi-eşq nə dillərdə böylə əzbər olaydı.

Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt,
Nə şeyx olaydı, nə məscid, nə vəzi-mənbər olaydı.

Nə dil olaydı, nə didə, nə əşki-xunalud,
Nə kan olaydı, nə dərya, nə ləlü gövhər olaydı.

Nə ictinab, nə tövbə olaydı, nə pərhiz,
Şikəsti-tövbə nə peymandan füzuntər olaydı.

Məzaqi-Raci nə şirin olaydı, nə böylə təlx,
Nə hicr zəhri-həlahil, nə vəsl şəkkər olaydı.

Nəbati

                        ***
Səba, məndən söylə o gülüzarə
Bulbul gülstana gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmana gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, müşkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə cana gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb dəxi gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Bixud

                             ***
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,
Təqafül etmə, baxar gəc bu ruzigar sənə.

Könül, vüsalına xürsəndsən bu gün yarın,
Fəğan o gündən ola ayrılıq düçar sənə.

Gedə əlindən o məhparə, ayrıla səndən,
Verə zəmanə yenə dərdi-bişümar sənə.

Fələk, məramım ilə gərçi varsa dövranın,
Nə sud, yoxdu səbatın, nə etibar sənə.

Könül, o mahruxun zülfün eyləmə məskən,
Məhaldır o pərişan ara qərar sənə.

Edib o şux səni məst bir nigah ilə,
Saqın, bu nəşə verır aqibət xumar sənə.

Fəraq dərdi ilə vəslində xövfi-hicran var,
Düş öl qurtar dəxi, Bixud, budur mədar sənə.

Kazım ağa Salik

                         ***
…Ey ləbləri nabat, dəhanı püstə,
Çəkər həsrətini bu dili-xəstə,
Xal deyil görünən ağ sinən üstə,
Bir Quran hərfidir, qaralanıbdır.

Demə ki, sevdiyim səni nihandır,
Sənə aşiqliyim xəlqə əyandır,
Deyibsən, busəmin qiyməti candır,
Almaq üçün bir az bahalanıbdır.

…Məclislər zivəri gördüyün Salik,
Xaqani, Ənvəri gördüyün Salik,
Şairlər sərvəri gördüyün Salik-
Gəl gör sənsiz necə gədalanıbdır.

Mustafa ağa Arif

                         ***
Can zarü tənim nizar sənsiz,
Ömrüm başa yetdi, yar, sənsiz.

Fəryad ki, dövri-namüvafiq
Qoydu məni, ey nigar, sənsiz!

Din qönçəsi qan olub, açılmaz,
Yüz min gər ola bahar, sənsiz.

Rəngim güli-zəfəranə dönmüş,
Dil qəmdən olur fikar, sənsiz.

Yox məndə qərarü tabü taqət,
Tab etmək olurmu, yar, sənsiz?!

Ey gül, gecə-gündüz Arif ağlar,
Bulbul kimi zar-zar sənsiz.

Molla Vəli Vidadi

                    ***
Ey həmdəmim, səni qanə qərq eylər,
Gəl tərpətmə yaralanmış könlümü.
Ayrı düşmüş vətənindən, elindən,
Həmdərdindən aralanmış könlümü.

Könül verdik hər bivəfa yadlara,
Hayıf oldu, ömür getdi badlara,
Fələk saldı dürlü-dürlü odlara
Şan-şan olmuş, paralanmış könlümü.

…Vidadi, xəstəyəm çeşmim mərdümü,
Tərk elədim Vətənimi, yurdumu,
Çox təbibə şərh elədim dərdimi,
Heç görmədim çaralanmış könlümü.

                          *****
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdə,
Məhəbbət payidar olmaz vəfadar olmayan yerdə.

Vəfa qıl bir vəfadarə, ulaşma hər biiqrarə,
Mətaın atma bazarə, xiridar olmayan yerdə.

Mənim həmrazü həmdərdim, deyim hər bədnüma gördüm,
Hünər kəsb eyləməz mərdüm, bəli, ar olmayar yerdə.

Xuda, sən saxla gər fərdi, çətindir yalqızın dərdi,
Pərişanlıq tapar mərdi havadar olmayan yerdə.

Dila, laf etmə mütləqdən, düşərsən zülmə nahəqdən,
Neçün mərdüm dönər həqdən bir azar olmayan yerdə?!

Gəl, ey könlü olan rövşən, qəbul et bu sözü məndən,
Necə məqdur olur məskən gülə xar olmayan yerdə.

Könül dünyadə yar istər, olubdur biqərar istər,
Vidadi xəstə var istər, xaçan yar olmayan yerdə.

İskəndər ağa Qaıbbəyov

                          *****
Ömr həftadə yetib, dünya nə dərkarımadır,
Gəlib azari-əcəl, şorba nə dərkarımadır,
Kürəxanə, dəbilən halva nə dərkarımadır,
O münacat adlı zurna nə dərkarımadır,
Ağü bezdən o kəfən torba nə dərkarımadır,
Qəbr nə karımadır, sapa nə dərkarımadır.

Üç gün əza yerinə qonşu verən xürdü xörək,
Yeddi gündən sora xeyratə ölən ökküz, inək,
Qırx günündə gələn ol vaizi-qırxdil bişək,
Yığılan təzvir üçün zahidi-sahib dügələk,
Vurhavur xeyrat üçün o minilən at, eşşək
Çorta-çort getsə və ya yorğa nə dərkarımadır.

Gedə ol gündə ki, can tərk qıla zövqi-cahan,
Nə mənim vecimədir o əyilib qəbri qazan,
Heç görünməz gözümə donba durub taxta yonan,
Bərcəhənnəm, o gecə tərəkə minib getsə canan,
Minməyə daşı nola tox qarına daşı yazan,
Çataçat daş yazan molla nə dərkarımadır.

Keçsə əyyami-xəzan, gəlsə zəmani-novruz,
İl mürurunda yenə molla edər hiylə büruz-
Ki, gərək xeyrat üşün zəbh oluna kəl öküz,
Hüsni-zeyrat üçün nəqlə bərabər dura yüz,
Cüğdi-viranə kimi əyləşib evdə yalğuz,
Getməyib nazlı yarım qalsa, nə dərkarımadır.

Daşə əfsunmu verir daş yazan ol molla-
Ki, minib daşı vurar hər çəkicə bir yolla,
Yoxsa xəttin üfürür ki, quruda nəfxi-cəfa,
Mərhəba mərifəti-zahidü əhli-təqva,
Təmiri-mərqədimə naz ilə gəlsə usta,
Belə surətdə haman usta nə dərkarımadır.

Ömr həftad ilə zal etdi fənadan ki, səfər,
Olmasa, heyf deyən olsa, nə dərkarımadır.

Xurşidbanu Natəvan

                                  ÖLÜRƏM
                        (Oğlu Mehdiqulu xana)

Varımdı sinədə dərdi qəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmıram səbaha kimi,
Xəyali-zülfünə bağlı gedibdi can, öıürəm.

Bahari-hüsnün ara gör necə xəzanəm mən,
Bahar qönçəsi tək bağrım oldu qan, ölürəm.

Vərəq-vərəq dilü can hicrin ilə odlaşdı,
Misali-gəncəfə səd parə oldu can, ölürəm.

O xaki-payini mən aşiyan etmiş idim,
Vətəndən ayrı düşüb indi laməkan ölürım.

Dedin ki, çək əlini damənimdən, əl çəkdim,
Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm.

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,
Qədr büküb belimi, eyləyib kəman, ölürəm.

Fəraqdan tükənib tabü-taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.

Qasım bəy Zakir

                            ***
Qadir allah bir də səbəb salaydı,
Bəyaz cəbinində tağı görəydim.
Sürtəydim üzümü gülgəz yanağə,
Siyah zülfü, tər buxağı görəydim.

Səs-səsə verəydi həzarə bülbül,
Düşəydi payinə bənəfşə, sünbül;
Xuraman-xuraman, əllərində gül
Gəzəydik hər tərəf bağı, görəydim.

Bu dövran dolanıb, zəmanə dönə,
Tarının kərəmi olaydı mənə;
Oturub səninlə dizbədiz yenə-
Deyib gülüb, danışmağı görəydim.

Dərdü qəm çəkməkdən qan olub cigər,
Gətirən yox nazlı yardan bir xəbər;
O qədərə ölməyəydim, müxtəsər,
Yenə o gördüyüm çağı görəydim.

Zakirəm, çəkərəm cövrü cəfanı,
Yadlar ilə sürər zövqü səfanı;
Nə gərək sevəydim ol bivəfanı,
Nə də belə hicran dağı görəydim.

Abbasqulu ağa Bakıxanov Qudsi

                       GÜRCÜSTAN GÖZƏLLƏRİNƏ

Bir yanə əgər baxsam,
Qəm çəkmək olur bica
Bunlar kimi məhtələt
Xoşxular arasında.

Hər canibə əzm etsəm,
Əzbəs ki gözəl çoxdur,
Tutisifətəm heyran
Güzgulər arasında.

Əbr içrə günəş manənd
Pərtov salır afaqə
Ruxsarəsi hər şuxun
Giysulər arasında.

Yüz işvəvü mehr ilə
Aşiqlərə meyl etmək
Bu şəhrdə adətdir
Məhrulər arasında.

Bunları görüb, Qüdsi,
Hərt kimsə ki, aqildir,
Qılmaz özünə rüsva
Bədgulər arasında.

Mirzə Cəfər

                        MOSKVADA YAZDIĞI ŞEİR

Necə mümkündü, ey vaiz, müsəlmanda nizam olsun,
Həmi əhli-kəlam olsun, həmi əhli-səlam olsun?!

Necə insafdır şeytan gəlib görsün bizim əhli,
Atıb şəni cəlalini, müsəlmana qulam olsun?!

Əgər hacı yola gəlsə, əgər vaiz desə doğru,
Bəli, lazım tutar onda gərək dünya tamam olsun.

Bular hər bir müsəlmanı edər qarət ələ düşsə,
Belə felü, belə tinət görüm, ya rəb, həram olsun!

Məni yar eyləmə, ya rəb, qiyamətdə bular ilə,
Mənə qismət cəhim olsun, ona cənnət məqam olsun!

Mənə, vaiz, qəmiş qoyma, yeri, rişə həna bağla,
Mənə meyxanə yer olsun, sənə mənzil həmam olsun!

Cəfər, ləğvin təvil etmə, gecə keçdi təmam oldu,
Gecə yoxdur bu Məskoda, hekayətin tamam olsun.

Mirzə Əlixan Ləli

             TİFLİSİN YAĞIŞI BARƏDƏ

Bu yağışda dayanırmı dəmir, daş, görüm,
Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!

Yağış gərək çölə yağsın, nə şəhr, bazarə,
Nə xeyri var sənə üstü başımı yaş görüm?

Bir aydı üst-başım zığdı, başmağım palçıq,
Özün mələklər ilə bircə gün sulaş görüm.

Nə vaxt yağıbdı yağış, küçələrdə it boğulub,
Nə vaxt yağıbdı dolu, sındırıbdı baş görüm.

Bahalıq ildə acından ölənləri gördün,
Tapa bilir onların qırxı bir lavaş görüm?

Rafei
                             ***
Sən necə həmdəmsən, ey badi-səba,
Nə müddətdir xəbərin yox halimdən.
Nuh kimi qərq oldum qəm girdabına,
Dərdməndəm, nolar tutsan əlimdən?

Əfsunçu kar etməz zülfün marına,
Cismim düşdü ənbər telin tarına,
Pərvanə tək yandım eşqin narına,
Bulbul təki əl üzmüşəm gülümdən.

Məndə xəyal vüsalına yetməkdir,
Sənin myelin qeyri həmdəm tutmaqdır,
Mən bülbüləm, işim fəğan etməkdir,
Gəl yanıma, qaçma dərdi-dilimdən.

Yusifi Misirdə zindan öldürdü,
Züleyxanı dərdi-pünhan öldürdü,
Rafeini dərdi-hicran öldürdü,
Özün yetir qurtargilən ölümdən. 

Комментариев нет:

Отправить комментарий