25.05.2013

ACI TALE, YAXUD ERMƏNİ VƏHŞİLİYİ

Akif ABBASOV

(“Aldanma sözlərə” romanından bir parça)

«Yurd yerimdi yağılarla talanan, 
Çəmənimdə ocaqları qalanan,
Bənövşəmin, al laləmin bağrı qan.
Çal, ay aşıq, «Kərəmi» çal, «Kərəmi»

Mal-qaranı yerbəyer eləyib şam yeməyinə oturmuşdular. Birdən həyətdə it hürdü və qəfil də səsini kəsdi. Evin qapısı dartıldı, sonra yumruqla, zərblə döyüldü. Qapı içəridən qıfıllı idi. Nizam kişi cəld ayağa qalxdı: «İt niyə səsini kəsdi? Xərifləyib nədir? Gələnləri lap evin içinə ötürüb». Qapı ara vermədən döyülürdü. «Tanış adama oxşayır. Yoxsa it həyətə buraxmazdı. Ey dili-qafil, bəlkə uşaqlardan bir xəbər gətiriblər».
Nizam kişi qapının cəftəsini açdı, iki nəfər içəri soxuldu. Samvellə Sergey idi. Nizam kişi təəccüblənsə də, qonaqpərvərliyindən qalmadı: 

-Xoş gəlmisiniz, keçin, keçin. Deyirəm axı, tanış adamdılar ki, it dəyib-dolaşmayıb. Ayaq üstə niyə dayanmısınız? Əyləşsəniz… 
Onların əlində beşaçılan tüfəng oduğunu görüb:
-Ovdan gələnə oxşayırsınız… - dedi.
Birinci Sergey dilləndi: 
-Düz tapmısan, Nizam kişi. Ova çıxmışıq. Ovumuz da burada, bu evdədir. İtin səsi, bilirsən, niyə çıxmır?! Gəbərtmişik.
Bunu da Samvel dedi:
-Ovumuz, bilirsən, kimdir? Deyim, biləsən. Gəlmişik, gəlini aparaq.
Nizam kişi onların danışığından bir şey başa düşmədi. Samvellə Sergeyin yaxşı niyyətlə bu evin qapısını açmadığını bayaqdan duyan gəlin adı çəkiləndə tir-tir əsməyə başladı. Əri burada yox idi, bacısı Əzizəni Bakıya – semestr imtahanlarına aparmışdı. Əzizə institutda qiyabi təhsil alırdı. Dünənə qədər evin doğma adamı bildikləri, yaxın qonşu sandıqları ermənilər qan-qan deyirdilər. Nizam kişi təkbaşına onlarla necə bacaracaqdı?
Fatma arvadın da sifətinə ölü rəngi çökmüşdü. Key-key baxır, bir şey başa düşə bilmirdi. Bəzi kəndlərdə ermənilərin azərbaycanlı ailələrini qovub çıxartdığını eşitmişdi. Yoxsa, onların kəndi də təhlükəyə məruz qalıb? Bəs bu hökumət, Qarbaçov hara baxır? 
Nizam kişi qulaqlarına inanmayaraq: 
-Necə yəni gəlini aparmağa gəlmisiniz? Hara aparırsınız? – deyə xəbər aldı.
Samvel boz üzünü göstərdi:
-Gəlini hara apararlar, Nizam? Sanatoriyaya… ha!!! ha!!! Yatağını da hazır eləmişik, özümüz də hazırıq …
İçəridəkilərin mat-mat baxdıqlarını görən Sergey əlavə etdi: 
-Qorxmayın, sözə baxan olsa, incitmərik. Bir az işlədib gətirərik. Uzağı sabah burada olar.
Nizam onların söhbətlərindən heç nə anlamayaraq soruşdu: 
-Ay balam, onun nə canı var ki, iş görə, özü də gecənin bu vədəsi. Mən dura-dura, o niyə işləsin?
Sergeylə Samvel uğunub getdilər: 
-Oyunun olsun, Nizam, əşi, o işləməkdən demirik. Söhbət yorğan-döşəkdə işləməkdən gedir. Sən onu bacarmazsan. Sən Fatmayla gördüyün işdən … ha… ha… 
Gəlin utandığından əlilə sifətini tutdu. Fatma da həyasından qızardı. Qadınların yanında belə açıq-saçıq danışdıqlarına görə Nizamın Sergeylə Samvelə acığı tutdu: 
-Ay gədə, mərifətli danış. Ayıbdır. Biz çörək kəsmişik, gor qonşusu olmuşuq. Dədə-babadan sizin namus – bizim, bizim namus sizin olub. Namusu itə atıblar, it yeməyib … 
Nizam kişi Samvellə Sergeyin kefli olduqlarını və buna görə artıq-əskik danışdıqlarını guman edib onları birtəhər sakitləşdirmək istəyir və eyni zamanda çox da dərinə getmirdi. Orada-burada ermənilər və azərbaycanlılar arasında toqquşmalar olur, bu da ölüm-itimlə nəticələnirdi. Yuxarılarda bizimkilərin sözünü eşidən yox idi.
Sergey əlini qaldırıb sərt:
-Kəs görüm, mumla… Namus gözləyən millət bizimkiləri o günə qoymaz, onların qanını tökməzdi. Biz sizinlə düşmənik… 
Nizam bu gecənin qan-qadasız ötüşməyəcəyini anlayaraq yaranmış vəziyyəti bir təhər sakitliklə, şirin dillə aradan qaldırmağa çalışdı. Odur ki dedi:
-Ay Sergey, ay Samvel, siz yaxşı bilirsiniz ki, Sumqayıt hadisələrini kimlər törətdi. Səbəbkar qaldı, bunu bizim ayağımıza yazdlar.
Samvel ona çımxırdı: 
-Uzun danışma, kişi, sizin böyüklər boyunlarına alıblar, kimə kəf gəlirsən?. 
-Ay Sergey, ay Samvel, bu bizim böyüklərin köhnə şakəridir. Əvvəl erməni deyəni deyirər, İş-işdən keçəndən sonra həqiqəti. Bu ki sizin öz sözünüzdür: «Musurmanın sonrakı ağlı bizdə olaydı». Bax, bizimkilərdən bəzilərinə sonradan ağıl gəlir.
Sergey özündən çıxdı:
-Bilirsən, Nizam, sən baş aparma. Biz bunu aydınlaşdırmağa gəlməmişik. Gəlini öz əlinlə geyindir, ver aparaq, sabah sağ-salamat gətirərik. Qorxma, lap istəyirsən, gəlinlik paltarını geyindir.
Nizam köməksiz vəziyyətdə qalmışdı. Namus əldən gedirdi. Yalvarmağa, onların ayaqlarına düşməyə hazır idi, təki gəlinə dəyməyəydilər. Sonra onun, oğlunun üzünə necə baxacaqdı?.
-Ay Ser…
Sergey onu geri itələyərək: 
-Ay kişi, xoşluqla verməsən, zorla aparacağıq. Özün bil. Arvadının hayı gedib, vayı qalıb. Yoxsa onu da aparardıq. Allah üzünə baxb, qayışbaldır qızın evdə deyil, onu da çəkib yatağımıza salacaqdıq. 
Nizam yalvarır, Fatma ilə gəlin göz yaşı tökürdülər. Fatma arvad: 
-Oğul Samvel, oğul Sergey, ailə sahibisiniz, arvadınız var …
Samvel: 
-Sən narahat olma, Fatma qarı. Bu tapşırığı bizə arvadlarımız veriblər. Yataq da hazırlayıblar.
-Nizam kişi yalvarışdan kar aşmadğını görüb: 
-Ə, siz nə binamus millətsiniz. Dünənə qədər arvadlarınızı kol dibində axtarırdınız…
İrəli yeriyən Sergey yumruğunu Nizamın sifətinə endirdi. Kişi səndələyib yıxıldı. Fatma arvad özünü ortaya atdı. Nizam burnundan axan qanı silə-silə qalxdı. Samvel əli ilə Fatmanı itələyərək: 
-Sən itil o yana, qancıq… Nizam, gəl, sən bizə mane olma. Onsuz da xeyri yoxdur. Gəlini aparmasaq, buradan gedən deyilik. 
Yükün böyrünə sığınmış gəlin göz yaşlarını aramsız sinəsinə tökürdü. Belə bir səhnənin şahidi olmaqdansa, ölüm yaxşı idi. Əli silahlı ermənilərlə bacara bilməyəcəyini görən Nizam hiyləyə əl atdı: 
-Heç olmasa, çıxın, çöldə gözləyin. Bu əyin-başla kənd içinə necə çıxsın?. Qoyun paltarını dəyişsin, sir-sifətini, saçlarını qaydaya salsın.
Samvellə Sergey baxışıb həyətə düşdülər. Azərbaycanlıların evlərindən tüfənglər yığıldığından Sergeylə Samvel arxayın idilər. Nizamın qoşalülə tüfəngini də aparmışdılar. Sergeygilin hətta bundan da xəbərləri vardı. Amma bilmirdilər ki, Nizamın oğlu Səməd Tiflis bazarından tapança alıb kartof-soğan yığılmış zənbildə evə gətirmişdi. Çarəsiz qalan Nizam vaxt itirmədən yorğan-döşəyi yerə töküb sandıqda gizlətdiyi dolu tapançanı və iki daraq patronu götürdü. Səməd tapançanı atasına verəndə: «Bunlar əclaf millətdir, heç olmasa arvad-uşağı qoruyarıq», - demişdi. Həmin an gəlib yetişmişdi. Namus əldən gedirdi. Fatma arvad irəli yeriyib ərinin əlindən tutdu: 
-Nə elədiyindi?! Bunların gözlərinin qanı yoxdur. Onlara bir xətər yetirsən, ermənilər üstümüzə töküləcək, ev-eşiyi yandıracaq, özümüzü də qıracaqlar. Bunu ki bilirsən.
-Bəs fikrin nədir, arvad? Namusumuzu tapdalasınlar?! Öz qızımız deyil, yad qızıdır, ona görə?
Fatma arvad barmaqları ilə sifətini cırıb tökdü:
-Ay kişi, ürəyimi parçalama. O bəyəm bizimki deyil? Bir ayın gəlinidir. 
Bir üzü qız, bir üzü gəlin olan Gözəl göz yaşları içərisində yalvararaq: 
-Ay dədə, məni bu quduzların əlinə vermə, Silah varsa – silah, yoxdursa – balta, dəhrə, yaba götürüm, bu dığaların axırına çıxaq. Özləri binamusdurlar, elə bilirlər… Burnundan gəlsin o Cergeyin. Tutub basmışdılar türməyə, qardaşım gedib qurtardı.
Gözəl daha ağlamırdı. Döyüşə hazır vəziyyətdə idi. Fatma arvad da belini dikəltdi. Sınaq vaxtı idi, əlini əlinin üstünə qoyub baxa bilməzdi. Ailənin taleyi həll olunurdu.
O o o
Kənddə həmin hadisələrin baş verdiyi anlarda bacı-qardaş - Əzizə ilə Səməd Dənizkənarı bulvarda kafelərin birində əyləşib kofe içirdilər. Gündüz Əzizə imtahanların birini vermiş, əla qiymət almışdı. Bacısının uğurunu qeyd etmək, həm də yorğunluğunu aradan qaldırmaq üçün Səməd onu gəzməyə çıxarmışdı. Əzizə dil boğaza qoymadan elə hey imtahandan, necə cavab verdiyindən, qurup yoldaşlarından danışırdı.
Dənizin üzərində, kənarlarında qağayılar uçur, arada suya baş vurur, dimdikləri ilə qənimətlərini götürüb yenə havaya qalxırdılar. Qağayılar dənizin yaraşığıdırlar. Hava sərin olsa da, bulvarda xeyli adam vardı. Buralar baxımsızlıq ucbatından əvvəlki görkəmini itirmişdi. Səməd institutda oxuyan illərdə bulvar daha gözəl və cəlbedici idi. Amma hər halda dəniz havasının özgə ləzzəti və xeyri var.
Estrada orkestri rəqs havası çalırdı. Gənclər ağır-ağır «Tanqo» oynayırdılar. Əzizə şad və məsud halda, heyranlıqla cütlərə baxır, özünü onların yerində hiss edirdi. O, yetkin, qəşəng, ağımtıl qız idi. Tay-tuşlarının çoxu ərə getişdi. Kənd yerində gözəl və tərbiyəli qızı göz açmağa qoymurlar. Məktəbi bitirməmiş elçi-elçi dalınca gəlir. Elə oğlanları da tez evləndirirlər. Əzizəni istəyən çox olmuşdu. Amma qız bu tezliklə ərə getmək fikrində deyildi. Məktəbdə oxuyarkən ata-anası elçilərə: «Ay canım, qoyun bir ağzının sarısı getsin də. Qız hələ uşaqdır. 18 yaşına çatar, sonra baxarıq» cavabını verirdilər.
Bəziləri çöldə-bayırda, bulaq başında Fatma arvadı dilə tutmağa çalışaraq:
-Biz indi qızı götürüb aparmırıq ki, ay Fatma bacı, nişanlayaq qalsın. Nə vaxt verərsiniz, onda da toyunu edərik, - deyirdilər.
Fatma da öz növbəsində: 
-Qızın ağzını aramışam. Gözü tutan oğlan yoxdur. Həm də nişanlanmağa tələsmir. Ay qızlar, bir də ki, armud vaxtında dəyər. Qızı tələsdirərik, birisinə «hə» deyər, sonra qismətinə rast gələndə peşmançılıq çəkər.
-Fatma, sən dünya görmüş adamsan, qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya da papaqçıya. 
Bunu çoxdan Əzizəni oğlu Şahin üçün gözaltı eləmiş Sənəm dedi.
- Elə demə, Sənəm, Allaha acıq gedər. Məgər zurnaçı da, papaqçı da, halvaçı da allah bəndəsi deyil?! Həm də atası Nizam mənə tapşırıb ki, qızı dilə tutub, başdan eləməyim. Kimə könlü olsa, ona da verərik. Bir qızımız var, onu var-dövlətə, şöhrətə satmayaq. Var-dövlət, şöhrət qazanılandır, xoşbəxtlik isə insanın üzünə bir dəfə gülür.
Fatma artıq bir neçə adamla bu mövzuda söhbət eləmişdi. Onlar, təbii ki, onun cavabından razı qalmamış, dodaq büzmüşdülər. Öz aralarında: «Bu Fatma çox yuxarıdan gedir», - demişdilər. «Bizləri bəyənmir. Deyəsən qızını nazir oğluna vermək istəyir».
Bunu Gülsabah dedi.
-Yox, ay canım, danışığından belə qandım ki, ya papaqçıya, ya da zurnaçıya verəcək. Hələ halvaçının da adını çəkdi…
Bunu da Sənəm dedi.
-Bəhanə gətirir ki, qız hələ uşaqdır. O qabaqlar idi, deyirdilər: «Qız qaldıqca qızıla dönür». İndi əksinədir. Qız qaldıqca qaxsayır, un çuvalına tay olur. Qızı ki, iyirmi yaşına kimi ərə vermədin, solur, ətri gedir. Qız uşağı ər qucağında təravətini saxlayır.
Bunları isə Şəfiqə dedi.
Əzizə özü ona ürəyini açan oğlanlara: «Məktəbi qurtarandan sonra yenə oxuyacağam. Bu tezliklə ərə getmək fikrim yoxdur» cavabını verirdi.
Bu «rədd» cavabları gənclərin inadını daha da artırırdı. Əzizə instituta girəndən sonra elçilərin sayı nəinki azaldı, hələ üstəlik artdı: «O vaxt deyirdiniz, qız hələ uşaqdı. İndi nə sözünüz? Özü də əyani oxumur ki, bir əngəl çıxsın ortaya».
Lakin Əzizə susurdu, qismətini gözləyirdi.
-Nişanlını rəqsə dəvət etmək olar?
Səməd başını qaldırıb gəncə baxdı. Oğlan sözünə davam etdi:
-Mən üzr istəyirəm. Xahiş edirəm pis mənada başa düşməyəsiniz. Bayaqdan fikir verirəm. Hamı rəqs edir. Siz isə belə xoş gündə məcbur edirsiniz ki, qız darıxsın. 
Kənd şəraitində böyüyən Səməd sadə və səmimi gənc idi. Oğlanın təklifindən zərrəcə incimədi. Gənc səmimi təsir bağışlayırdı. Odur ki, eyni səmimiyyətlə dedi:
-Cavan oğlan, əvvəla, bu mənim nişanlım deyil, bacımdır. İkincisi, gərək, sən də inciməyəsən, qız kənd uşağıdır. Bizim kənddə tanqo dəb olmadığından o, rəqs etməyi bacarmır. Ayağını tapdayıb pərt olar. Bizim havalardan çalınanda yaxınlaşarsan, üçümüz də rəqs edərik.
Gənc üzr istəyib yerinə qayıtdı. Cavabdan Səməd özü də razı qaldı. Cavan oğlana ağır cavab verə bilərdi. Lakin buna dəyərdimi? Özü dediyi kimi, o, pis niyyətlə onlara yaxınlaşmamışdı. Səməd də onu pərt etmədi. İnandırdı ki, bacısı tanqo oynamağı bacarmır. Bacarsaydı, burada nə qəbahət vardı?! İcazə verərdi, oynayardılar. Kafe mədəni yerdi. Onlar da buraya dincəlməyə, şənlənməyə gəliblər.
Bir az sonra Səməd özü bir oyun havası çaldırdı. Əzizəni də qaldırdı. Rəqs edə-edə gəlib cavan oğlanın qarşısında dayandı. Üçlükdə rəqs etdilər. Oğlan bir daha Səmədin səmimiyyətinə əmin oldu. Rəqsdən sonra Səmədlə Əzizə onunla xudahafizləşib kafedən çıxdılar.
Qış təzəcə girmişdi. Bəzi ağaclar yarpaqlarını tökmüş, çılpaq vəziyyətdə qalmışdılar. Həmişəyaşıl ağaclar isə qış günlərində də ətrafı gözəlliyə qərq edirdilər. Səməd bu mənzərənin seyrinə dalıb öz-özünə dedi: «Bizdə – Bakıda yaşıllıq azdır. Onun sayını artırmaq lazımdır. Həm də həmişəyaşıl ağaclar əkilməlidir».
Əzizə Səmədin qoluna girmişdi. O, qardaşının boy-buxunu, ağlı ilə öyünürdü. Bir ay olardı ki, Səmədi evləndirmişdilər. Bir yerdə yaşayırdılar. Gözəl qonşu kənddən, nəcabətli bir ailədən idi, üzü-yola, mehriban, böyük-kiçik yeri bilən gəlin idi. Əzizə ilə bir sinifdə oxumuşdular. Qardaşına da bu qızı Əzizə məsləhət bilmişdi.
Səməd birdən ayaq saxladı. Divardakı afişaya nəzər saldı. Hansısa teatrda Cəfər Cabbarlının «1905-ci ildə» dramı oynanılacaqdı. Əzizə Səmədin öz-özünə deyindiyini eşitdi:
-Ermənilər yenə gündə bir hoqqa çıxarırlar. Əlli-altmış ildə neçə dəfə azərbaycanlıları öz dədə-baba yurdlarından – Qərbi Azərbaycandan didərgin salıb, çıxarıblar. Bunlar azmış kimi yeni bir oyuna başlayıblar. Biz isə, adəti üzrə beynəlmiləlçilik borcumuzu yerinə yetiririk. Öz-özlüyündə bu ideya yaxşıdır. Lakin baxır kimə münasibətdə. Dostla düşməni ayrıd etməyimizin vaxtı çoxdan çatıb. Dostla – dost, düşmənlə - düşmən kimi davranmaq lazımdır.
Əzizə də öz növbəsində:
-Doğru buyurursan, qardaş! – dedi.
Birdən Səmədin rəngi avazıdı, əli ilə ürəyini tutdu:
-Bacı, nəsə özümü pis hiss edirəm.
Əzizə tez:
-Qardaş, bəlkə kofedəndir, tərkibində kofeyin var. Yəqin çox içdin, təzyiqini qaldırdı.
Səməd sir-sifətini daha da turşudaraq:
-Yox, Əzizə kofelik deyil, - dedi. – Nəsə narahatçılıq hissi keçirməyə başlamışam. Elə bil darıxıram. Görəsən, evdə-eşikdə, kənddə-kəsəkdə nə var, nə yox! Xarabada bir telefon yoxdur ki, zəng çalaq.
Əzizə qardaşının həyəcanlı olduğunu görüb onu sakitləşdirmək istədi. Bir qədər mülayim və qayğılı şəkildə:
-Narahat olub özünü üzmə. Kənddə hər şey yaxşıdır. Atam qış tədarükünü görüb. Neçə kisə un alıb yığıb, meşədən odun gətirib. Mal-qaranın yemi qışı görər…
Səməd sakitləşmək bilmirdi: 
-Əzizə, bu ermənilərdən gözüm su içmir. Qorxuram kənddə bir həngamə çıxaralar. Anamla Gözəl qoca atamın ümidində qalıb. Kəndə basqın etsələr, bu işin axırı necə olar?
Artıq Əzizə də narahatçılıq keçirir, lakin bacardığı qədər bunu büruzə verməməyə çalışırdı. Səmədin ürəyini tutması onu qorxutmuşdu. Qardaşının həyəcanını artırmaq istəmirdi. Şər deməsən, xeyir gəlməz. Birdən qardaşına bir xətər toxunar. 
- Yaxşı, ay Səməd, dəvədən fil düzəltmək sənin köhnə şakərindir. İnşallah, salamatlıq olar. Əgər ev sarıdan belə narahatsan, sabah get, baş çək. Bu gün axşam qatarı ilə çıxa bilərsən.
Səməd qayğılı: 
-Sənin axrıncı imtahanın nə vaxtdır? 
-Üç gün sonra… Mənə görə niyə narahat olursan?.
Səməd fikirləşdi ki, bəlkə Əzizə söyləyən kimi, kənddə sakitlikdir. Qayıtsa, kişinin ona acığı tutar. Deyər qızı şəhər yerində tək qoyub gəlmisən. Hələ üstəlik tənə vurar ki, bəlkə gəlindən ötrü darıxıb orada qala bilməmisən?!
Onlar gəlib kirayə tutduqları evə çatdılar. Çox götür-qoydan sonra Səməd qərara aldı ki, Əzizənin imtahanını gözləyib sonra kəndə yola düşsün. Özlərinə təskinlik verməyə nə qədər cəhd göstərsələr də, o gecə Səməd də, Əzizə də çox narahat yatdılar.
O o o
Namusu itə atıblar, it yeməyib
(Azərbaycan atalar məsəli)
Səmədlə Əzizənin nigarançılğına isə, doğurdan da, əsas vardı. Ailə təhlükə qarşısında idi. Sergeylə Samvel əli silahlı həyətdə hərlənir, gəlinin onlara təslim ediləcəyini gözləyirdilər. Nizam kişi əlinin işarəsi ilə qadınlara arxa otağa keçməyi buyurub həyətə düşdü. Mərdi-mərdanə üzünü ermənilərə tutub:
-Sergey, Samvel, siz də silahlısınız, mən də. Gəlin, qan tökməyək. Onu bilin və yadda saxlayın ki, gəlini sizə verməyəcəyəm. 
Samvel özündən çıxaraq: 
-Ay köpək oğlu, demək, bizi aldadırdın? – deyə qışqırıb yerə tüpürdü.
Nizam kişi də səsini qaldırdı:
-Ağzını təmiz saxla. Köpəkoğlunun səsi gəlir! – deyib dayandı. – Bir mənə qulaq as, sonra… 
Nizam başa düşürdü ki, bunlarla atışmağın xeyri yoxdur. Çalışıb xətanı bir təhər sovuşdurmalıdır. Odur ki, Sergeyə müraciətlə: 
-Sergey, sən bu Samvelə qoşulub mənim namusuma sataşmaq istəyirsən? Samvelin əməllərindən xəbər tutsan, əllərinlə onu boğarsan, ya da əlindəki tüfəngi ona tuşlayıb, bütün güllələrini başına çaxarsan.
Sergeyi maraq götürdü: 
-Neyləyib bu Samvel? 
-Daha bundan artıq nə edəcək? Bütün kənd bilir ki, Samvel sənin arvadın Siranuşun aşnasıdır.
Sergey Nizamı unudub Samvelin yaxasından yapışdı: 
-Sənin arvadının… Ara, a dığa, a supa oğlu, mənim arvadıma… Sən ha… O-bu sənin arvadını qamarlayır… 
Onlar süpürləşməyə başladılar. Nizam cəld tövlənin arxasına keçdi. Bu işin axırını gözləməyə başladı. Az sonra süpürləşmə ara verdi. Onların səsi eşidildi:
- Sergey, bu türklər söz bəzəyəndirlər. Görürsən, söz atdı, özü də aradan çıxdı. Sənin başını piyləyirdi. Sən öl, Siranuş mənim bacımdır. Adam da bacısına sataşar. Ağılsızsan, düşmən sözünə inanırsan. 
Özünü birtəhər ələ alan Sergey Samvelə: 
-Bu it oğlu yenə bizi aldadır, - dedi. – Onun silahı nə gəzir?! Siyahıya özüm baxmışam. Hamıdan yığıblar. Olsa-olsa bu kaftarın sapandı olar. Özünü qoru, vurub gözünü tökər, Samvel.
Sergey tüfəngi qaldırb Nizam kişiyə sarı bir güllə atdı. Səs gəlmədi: 
-Gördün əclafı. Silahı olsaydı, cavab verərdi. 
Samvel: 
-Ara, bəlkə gəbərib … Gedək, arvadları eşiyə çıxaraq.
O, irəli keçmək istəyəndə Sergey onu saxladı. Nizam kişiyə sarı yenə bir güllə atdı:
-Ara, düz deyirsən, Samvelcan, ya ölüb köpək oğlu, ya da başını götürüb qaçıb… Gedək arvadların dalınca…
-Ağ eləmə, biri bəsdir. Fatma qocadır, yerinə batıranın biridir.
Onlar evə keçmək istəyəndə Nizamın səsi gəldi: 
-Allahınız olsun tökün bu daşı ətəyinizdən… 
Atışma başlandı. Sergey qolundan yaralandığını görüb tez Samvelə:
-Məni vurdu… Gəl, gedək, köməyə adam çağıraq.
Bu yerdə deyirlər: «Erməni qan gördü, qorxdu». Onlar yola düzəlmək istəyəndə atəş yenidən açıldı. Samvel ürəyini tutub yıxıldı.
Sergey tez aradan çıxdı.
Nizam kişi cəld qadınları götürüb meşəyə sarı qaçmağa başladı. Daha kənddə qala bilməzdilər. Onları axtaracaqdılar. Üstəlik kim onlara sığınacaq versəydi, onu da, ailəsini də güllədən keçirəcəkdilər. Az sonra ermənilər – kimisinin əlində tüfəng, kimisinin əlində məşəl, balta, tapança, yaba, qumbara Nizamın evini üzük qaşı kimi dövrəyə aldılar. Onları tapa bilməyib evə od vurdular:
-Qaçıblar əclaflar. Ancaq uzağa gedə bilməyəcəklər. 
Kimsə dilləndi: 
-Meşəyə getmiş olacaqlar. Oturun maşınlara. 
Maşın karvanı meşəyə istiqamət aldı. Piyadalar ətrafdakı azərbaycanlı evlərinə də əl gəzdirdilər. Mal-heyvanı həyətdən çıxarıb məşəlləri evlərin damına, ot tayalarına atdılar. Yanan evlərin sayı get-gedə artmağa, qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə dirənməyə başladı. 
O O O
Aslanın erkəyi, dişisi omaz.
(Azərbaycan atalar məsəli)
Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bilmədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
-Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
Sonra Sergey Gözələ yaxınlaşdı:
-Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin? Həmişə elədiyindən eləyəcəkdin də…
Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qaynatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
-Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Birdən o, əlində tutuduğu lezvianı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
-Qancıq! 
Bunu Suren dedi.
Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istəyəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşüədəki mayeni başına çəkdi: 
-Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qismət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Sergey təpiyi ilə şüşəni vurub kənara atdı: 
-Qancıq sirkə içdi… 
Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:
Bala dağı, 
Göy dağı, Bala dağı.
Oy, xain. Balan ölsün,
Yamandır bala dağı.

Eləmi, üzüm, fələk
Sızıldar üyüm, fələk
Çəkdin sinəm üstünə, 
Çal-çarpaz düyün fələk.
Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yaxınlaşdılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: 
- Dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… -Sonra: rişxəndlə soruşdu: 
-Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar… 
-Başını kəsək.
-Yandraq.
-Gözlərini çıxardaq.
-Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini tökək, sonra buraxaq, getsin… 
-Qollarını, qıçlarını baltalayaq…
-Diri-diri yerə basdıraq.
-Ağaca mismarlayaq.
-Qarnını yaraq…
Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
-Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
Sergey: 
-Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı: 
-Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaqlarından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi arxası üstə atın bunu ağacın üstünə.
Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu budağın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qollarından yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
-İndi isə sındırın bu əbləhin belini…
Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
-Bu da mundar oldu, - dedi.
Sergey irəli yeriyib ayağı ilə yoxladı: 
-Düz deyirsən, gəbərib.
Sergey dəstəni başına yığıb təntənə ilə:
-Samvelin qanını aldıq, - dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addımladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: «Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır».
Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: «Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb: «Bir dükan-bazara dəyim» deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: «Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim».

Комментариев нет:

Отправить комментарий