28.05.2013

Adəm peşman deyil

Taleh Şaparayev (Eminoğlu)

Allaha inanıram mənə verdiyi inam qədər.

Cənnət idi. Əsl Cənnət. Hər şeyiylə, hər sözüylə. Əsrlər öncə tərk etdiyi ( daha doğrusu qovulduğu ) kimiydi.Heçnə dəyişməmişdi. Ucsuz -bucaqsız sarı buğda zəmiləri, meyvə bağları, axan süd çayları, ətirli güllər və səmanı bəzəyən şən, gülərüz mələklər. Hər şey necə qoyub getmişdisə eləcə də qalmışdı. Bir adəm övladı gəlməmişdi ondan sonra bura.
- Adəm, xoş gəlmisən.
O səs idi. Bir dəfə eşitmişdi bu səsi - əsrlər öncə buradan qovulanda qəzəblə bağırmışdı bu səs ona. İndi isə “ xoş gəlmisən ” deyirdi.

- …
- Görürsən heç dəyişməyib səndən sonra buralar.
- Hə, görürəm.
- Darıxmışdın?
- …
- Niyə heç cəhd etmirsən geri qayıtmağa?
- Bilmirəm. Bəlkə də belə lazımdı.
- Unutmamısan niyə qovulduğunu?
- Yox…
Axı necə unudaydı o xoşbəxt və bədbəxt günü. Həmin gün canlandı gözlərinin önündə. Sarı buğda zəmisində Həvvası ilə birgə gəzişirdilər. Mələklər başları üzərində uçuşaraq şən nəğmələr oxuyurdular. Necə də xoşbətxtidilər. Gözoxşar meyvələrin yanından keçsələrdə heç birinin ürəyindən onların dadına baxmaq keçmirdi. Həvva Adəmin əlini buraxıb zəmi boyu qaçmağa başladı. Bir az keçmiş ayaqları dolaşıb yerə yıxıldı. Adəm ona çataraq əlindən tutub qaldırmaq istəsədə Həvva qalxmaq niyyətində olana oxşamırdı. Əksinə Adəmin əlindən tutub onu da özünə tərəf çəkirdi. Həvvanın bədəni qızdırmalı adamın bədəni kimi alışıb yanırdı. Amma bu istiliyin səbəbi başqa idi. Ehtiras… Adəm Həvvanın odlu baxışlarından bir şey anlamasada Onun yanında yerə uzandı. Adəmin əlini ürəyinin üstünə qoyan Həvva, onun hələ də bir şey başa düşmədiyini, çaşqın – çaşqın baxdığını görüb öz əlini Adəmin sinəsinə qoydu. Aman Allah… Onun ürəyi döyünmürdü. Həvvanı kədər bürüdü. Gözlərindəki işıq parıltısını itirməyə başlamışdı. Adəm özüdə bilmədən o işığı geri qaytarmaq üçün ardınca gedirdi. Həvva isə hirsini sarı sünbüllərdən çıxırdı. O, sünbülləri ovuclayıb üfürəndən, qabıqları, qılçıqları sovrulandan sonra əlində qalan dənələrə baxırdı. Qeyri ixtiyari olaraq dənlərdən birini bölüb yarısını Adəmə uzatdı. Onsuzda ovsunlanmış Adəm, Tanrının zamanında ona dediyi sözləri unudub buğda dənini yedi. Adəm birdən – birə dəyişməyə başladı. İndiyədək yaşadıqları ona bir heç kimi görünürdü. Axı indiyə kimi niyə hiss etməyib ki, sinəsində ürəyi döyünmür, niyə bir meyvənin dadına baxmaq, bir udum su içmək ağlından keçməmişdi?! Bütün bu sualların əlbəttə cavabı vardı ancaq Adəmin onları cavablandırmağa halı yox idi. Adəmin dəyişdiyini Həvva da hiss edirdi. Adəmin əlləri yavaş – yavaş istilənirdi. Damarlarındakı qan sanki illərdən sonra hərəkətə başlamışdı. Yanlarından axan sudan içən Həvva Adəmi də dəvət etdi. Buğda dənini yeyəndən sonra istilənən daxilini sərinlətmək üçün Adəm onsuzda suya tərəf sürünürdü. İlk dəfə suyun dadını onda bildi Adəm. Od tutub yanan iki bədən, bu odu söndürməyə çalışan öpüşlər və... Ayılanda isə bambaşqa yerdəydilər.
- Niyə belə etdin, Adəm? Axı sənin hər şeyin vardı?
- Hər şeyim? Sinədə döyünməyən bir ürək hər şeydi? Ətrafımda hər cür nemət ola – ola mən onların dadına baxa bilmirdim.
- Buna ehtiyacda yox idi. Mən səni elə yaratmışdım ki, heç nəyə ehtiyacın olmayacaqdı. Sənin ruzin əbədi olaraq verilmişdi amma sən xəyanət etdin.
- Yox! Mən xəyanət etməmişəm.
- Etdin, Adəm, etdin. Yadında səninlə söhbət edəndə demişdim ki, sən heç vaxt acımayacaq, susamayacaqsan. Həvvanıda sənin darıxmamağın üçün yaratdım, sənə yoldaş olsun.
- Amma darıxdım, daha doğrusu darıxdıq – Həvva da məndə.
- Nədən ötrü darıxdınız?
- Bilmirəm amma darıxdıq.
- Ona görə də səbəbinə qatlanmalısan. Çəkməlisən cəzanı.
- Sevgimə görə hər bir əzaba hazıram.
- Sevginə görə? Hansı sevgi?
- Həvvaya olan sevgim.
...Hər ikisi anladı ki, Cənnətdən qovulublar. Boz, kələkötür, günəşin istisinə baxmayaraq buz kimi soyuq olan sal daşların üzərində dayanıb bir – birlərinə baxırdılar. Üzləri qızarmışdı amma istidən yox utandıqlarından. Cənnətdə olduqları müddətcə bir – birlərini bu qədər yaxından görməmişdilər. Ən azından onlara belə gəlirdi. Günəş şüaları Həvvanın ağ, çılpaq bədəninə düşdükcə, Adəm, utancaqlıq hissinin də nə olduğunu anlayırdı. O, Həvvanı belə gözəl görməmişdi. Axı Cənnətin gözəlliyi Həvvanın təbii gözəlliyini görməyə ona imkan verməmişdi. İndi isə boz qayalarla əhatə olunmuş yerdə lütüryan üzbəüz dayanmışdılar. Adəm onda anlamışdı Həvvaya qarşı daxilində yaranan tanımadığı hislərin adının sevgi olduğunu.
- Demək sevirdin onu.
- İndi də sevirəm. İllər keçdikcə daha çox sevirəm.
- Necə əmin ola bilərsən buna?
- Bütün varlığım bunu deyir.
- Sənin sevgin mənim Cənnətimdə əbədi olaraq qalmaqdan daha üstündür? Sübut.
- Buradan qovulmağımdan əsrlər keçir ancaq mən əsrlər ərzində bircə dəfə də olsun Cənnətə qayıtmaq üçün yalvarmamışam. Sevgimin böyüklüyün isbat etməyə məncə busübut kifayət edər.
- Hmm...hmm...Sən Həvvaya görə Cənnətdən qovuldun bəs o əvəzzində nə etdi, nə verdi
- Sənin etmədiklərini, vermədiklərini: dözümü, təslim olmamağı, daima mübarizə aparmağı öyrətdi mənə. Onun sayəsində sağam. Toz – torpaqlı, daş – kəsəkli yer üzündə öz Cənnətimi yaradanda da Həvva kömək etdi.
- Öz Cənnətini?
- Bəli, öz Cənnətimi. İllərlə öyrəşə bilmədim yer üzünə bax onda özümə söz serdim ki, yer üzünü Cənnətə çevirəcəm.
- Sözünü tuta bildinmi?
- İnsanlar əsrlərlə dinin arxasınca qaçdılar. Yalvardılar Sənə ki, mənim günahlarımı əhf edib Cənnətə qaytarasan. Əslində isə onlar gələcəkdə özlərini Cənnətdə görmək istəyirdilər və mən bunun üçün bir vasitə idim. Buradan fərqli olaraq yer üzündə hər şey dəyişir özüdə tez – tez. İnsanlarda dəyişdi. Yer üzündə ayaq dəyməyən, işıq düşməyən, səs yetməyən yerlər fəth edildikcə insan övladı yer üzünü özünə Cənnət bildi və buna inandı. Yer üzü Cənnətə çevrildi. Sözümü tutdum.
...Bədənlərinin gün düşməyən yerlərini yarpaqlarla örtmüşdülər. Günəşin qızdıra bilmədiyi lakin onların ayaqları dəyəndən sonra isinən qayalığın zirvəsindən ətrafa baxırdılar. Bura onların illər öncə sürgün edildikləri yer üzü deyildi. Çox dəyişmişdi, çox. Bacarmışdılar. Öz Cənnətlərini yarada bilmişdilər.
- Yer üzü səni çox dəyişib, Adəm. Palçıqdan yaratdığım o qara insan deyilsən. Onun nə deyəcəyini gözləmədən, sağollaşmadan səs kəsildi...
...Bir göz qırpımında öz Cənnətinə qayıtmışdı əsl Cənnətdən. İnanmırdı buna. İnanmırdı ki, əsrlərdi gözləri önündə canlandırıb yer üzündə yaratdığı Cənnətdə əks etdirməyə çalışdığı əsl Cənnətdə olmuşdu bir az öncə.İnana bilmirdi. O sözlər isə hələ də qulaqlarından zorla içəri soxulub beynində cingildəyirdilər. Həvva ona yaxınlaşıb əlindən tutdu: - bayaqdandı səni çağırıram eşitmirdin? Həvvanın verdiyi sualı Adəm eşitmədi. Eşidə bilməzdi axı beynində yaranan suala cavab axtarmaqla məşğul idi: - əgər əsl Cənnətə qayıtsaydı yenə də Həvvanı sevər, Allahın sözündən çıxıb xəyanət edərdimi?
...Bir Cənnət yer üzündə, bir Cənnət göy üzündə qapı – qapıya dayanıblar. Doğulacaq bədənlərə sahib olacaq və ölmüş bədənlərdən çıxan ruhlar iki qapı arasında uçuşur, nəhayətdə Adəmin yer üzündə yaratdığı Cənnətin qapılarından içəri keçirlər.

Комментариев нет:

Отправить комментарий