17.05.2013

Çox çətin bir taleyin sahibiyəm...

Qonağımız yazıçı-publisist, teleaparıcı Həmid Herisçidi

- Həmid bəy, yaradıcılığınız barədə nə deyərdiniz?
- Sərbəst nəsr, sərbəst şeir, sərbəst publisistika, sərbəst telelayihələrim... Bu sahədə xeyli çalışdım. Yaradıcılığım, razılaşın ki, çox orijinaldı. Bu növ əsərlərimin, xüsusən sərbəst nəsr janrında yaratdığım "Nekroloq" ("Damğa", "Dəli Kür), "Əli. Nino, Bakı" romanlarımın, şeirlərimin ədəbi prosesimizə güclü təsiri olsa da, nəticələrindən o qədər də razı deyiləm... Sonra çoxları mənim kimi yazmaq istədi. Epiqonçular yarandı. Sərbəst nəsr üslubumu yanlış anladılar deyəsən. Ordakı sərbəstlik özbaşınalıq deyil əslində.
Bəli, mən ədəbiyyatımıza yeni postmodern üslubunu gətirdim. Öz yaradıcılığımda bunu sınadım, təsdiqlədim... Ancaq epiqonçulardan, yalançı postmodernistlərdən lazımi, adekvat əsərlər görmədi. Buna cavab olaraq məşhur ifadəmi mətbuata ötürdüm-"Postmoderni özüm gətirmişəm, özüm də yığışdıracam"... Bunun nəticəsi kimi kospiroloji, mistik mövzuları ilk dəfə mətbuatımıza, ədəbiyyatımıza ötürdüm. Lakin hələ "Nekroloq", "Əli. Nino, Bakı" əsərlərimdə də həmin mövzular var idi... Sadəcə mən sonralar həmin təhkiyəmi, mövzularımı öz yaradıcılığımda lap gücləndirdim...

- Bunu bir qədər də xırdalayardınız...
- Bax mən indi "Gizli Azərbaycan" telelayihəsi üzərində işlərkən "sərbəst nəsr" təcrübəmdən yaxşı istifadə etdim... Bunun incəlikləri ilə indi sizi tanış edim... Bilirsiz, bir mövzu ki, filmə, romana çevrilmir, demək əslində heç həqiqi də deyil. Pirləri lentə alarkən onların həqiqiliyini bu dediyim üsulla yoxladım... Həqiqi pirlərdə film janrının bütün tələblərinə cavab verən gizli-açıq tərəflər mövcud idi... Yəni onun görüntüsü, əfsanəsi, süjeti, tarixi vardı... Bu pirlər sanki tam bişmişdilər. Qalmışdı bircə sənətə transfer olmaqları. Şeirdə, nəsrdə də belədir. Bədii əsərə qida verməyən insan, hadisə, abidə, tarix, siyasət və s. i. görünür əslində heç həqiqi də deyildir...
Ədəbi yaradıcılığımdakı təcrübəm gördüyünüz kimi, telelayihələrimdə də mənə kömək etdi...

- Bir əyani nümunə gətirin dediklərinizə, söhbətimiz çox da mücərrəd olmasın...
- Məsələn, İsmayıllıda bir piri lentə alarakən, onun həyətində bitən xüsusi "yalanqoz" ağaclarına fikir verdim... Soruşdum bəs bu nə ağacdı? Dedilər "yalanqoz"du, həqiqi qoz ağacının bir növ plaqiatıdır. Hə... məsələni dərk etdim... Yəni pir yalançı olanda, buna cavab olaraq onun ərazisində xüsusi işarələr, əlamətlər yaranır, "yalanqoz" kimi ağac bitərək sanki ziyarətçilərə gizli mesajını ötürür-bəs, bura yalançı məkan olduğuna görə, ərazisində də yalançı qoz ağacı bitib...

- Bu oldu lap mistika.
- Bilirsiz, bəli, nəinki ədəbiyyatın, hətta təbiətin də gördüyümüz kimi, mistikası var. Heyf ki, Azərbaycan ədəbiyyatının bu minillik mistik ənənəsinə 19 yüz ildə Axundov, Cəlil, "Molla Nəsrəddin" məktəbi tərəfindən güclü zərbə dəyib. Mistikasız isə ədəbiyyat, xalq yoxdur. Amerika ədəbiyyatı, 19-cu yüz il Edqar Po mistik ənənəsini indi də Stiven Kinq romanlarında yaşadır. Balzakın "Şaqren dəri" romanı və s. i. sırf mistik süjetlər əsasında qələmə alınıb... Yəni 19 əsr Avropası öz mistikasına əlavələr edib, day bizimkilər kimi onu kökündən ləğv etmək istəməyib. Maarifçilərin ədəbiyyatımıza vurduğu həmin zərbəni çox sonralar İsa Hüseynov müəyyən qədər zəiflətmək istədi...

- Sizin bu mövqeyiniz ədəbiyyatımızda birmənalı qarşılanmır...
- Bilirəm. Xalq özü əslində rasionalçı deyil, mistikdir. O, bir altşüuru (yəni folkloru) qəbul edir, bir də üstşüuru, yəni mistikanı, dini... Şüur isə xalqın inanc nöqtəsi deyil... Bizim minillik ədəbi tariximiz boyu şair-yazarlar əvvəlcə bax bu altşüurla üstşüura güzgü tutardılar. Nizami, Füzuli, Söhrəvərdi, Saib Təbrizi, Nəsimi, Nəimi, el aşıqlarımız belələrindən olub. Şüurun ədəbiyyatda önə keçməyi, altşüurla üstşüuru arxaya atması 19 əsrdə baş verib. Buna elmdə deyərlər Axundovla Cəlil ənənəsi... Lakin bu mövqe xalq "ştrix kod"larına zidd olduğu səbəbdən ədəbiyyatımız üçün o qədər də müsbət məna daşımayıb. Bunu nəticəsi olaraq xalqla ziyalı arasında uçurum yaranıb. Ziyalılar başlayıb xalqı, onun necə deyərlər, "mentaliteti"ni söyməyə... Nəticədə bu Axundov Cəlil ənənəsi xüsusi "qarğış ədəbiyyatı" yaradıb söz sənətimizdə, teatrda, kinoda. Orda neyçünsə sadə xalq, onun inanc dayaqları təhqir, tənqid olunur...

- Azərbaycan mistikasının dünya təcrübəsində oxşarları varmıdır?
- Var... Bizim pirlər tam mənada qədim yunan "asklapion"larını xatırladır... Asklapionlar o vaxtkı müalicəvi Yunanıstan pirləridir... Orda da müalicəvi ilanlar mövcud idi. Bu ilanlar asklapionların "famela" adlanan hissəsində yaşayar, zəvvarlara öz zəhərləri ilə müalicə təklif edərlərmiş. Eynən bizim pirlərdəki kimi! Bu məbədlərin "abadon" adlı hissəsində zəvvarlar pir yuxusuna gedər, orda öz dərdlərinə çarə, cavab tapardılar... Bizim pirlərdə həmin ayin indi də mövcuddur...
Eskulap, Asklepiy adlı əfsanəvi həkim bu sistemin müəllifi sayılar... İndi bu sistem Yunanıstanda qalmayıb. Halbuki bizim eradan əvvəllərdə orda 300-ə qədər belə pir, yəni asklapion varmış.
Lakin bu "asklapion" sistemi indi Azərbaycanda mövcuddur. Xalqımız bax bu sistemin üstşüuruna inanır, maarifçilərə yox... Ziyalılar da bax bunu görüb xalqa qısqanırlar. Onlar istəyirlər ki, xalq ziyalılara inansın, pirlərə yox...

- Bədii ədəbiyyatda bu əks olunubmu?
- Tarkovskinin "Stalker" kinofilmində alim, yazar, stalkerin son hədəfi, "müqəddəs otağ"a daxil olmaq, orda öz arzu-istəklərinə nail olmaqdır. Bax bu cür otaqlar indi dünyada ancaq elə Azərbaycanda bir sistem kimi mövcuddur - bu, bizim asklapionlar, bizim pirlərdir. Ora paranormal yerlərdir, orda başqa kvant fizikası qanunları hökm sürür.
Klassik ədəbiyyatımız həmişə bu ənənə üzərində köklənib, bu möcüzəli məkanlardan özünə mövzu, cavablar qazanıb...
Mən həmin ənənəni sadəcə azca təzələdim. Yaradıcılığıma bu mövzuları gətirdim... Nəticədə özünəməxsus yaradıcılıq nümunələrimi yaratmağı bacardım... Şeirdə, nəsrdə, filmlərimdə onlarla tanış ola bilərsiz.

- Əvvəllər bir çox yazılarınız Rusiya mətbuatında çap olunub. Amma indi bir çoxları fikirləşirlər ki, siz istər rus, istərsə də Avropa ədəbi mühitində bir çox uğurlar qazana bilərsiniz. Bu istiqamətdə işlər görürsünüz?
- Xaricdə çox oxucularım var. Müəyyən əsərlərim xaricdə çap olunub və çox maraq doğurub. Mən hiss edirəm ki, həmin əsərlər Azərbaycandan çox xaricdə daha maraq doğurur. Onu da yaxşı bilirəm ki, çox çətin bir taleyin sahibiyəm... Xüsusən də yaradıcılıq baxımından... Mühacir ailəsində doğulmuşam. O tale də həmişə məni izləyib...

Hər nə var idi,
o sənə yar idi,
qapı da divar idi,
Xaneyi - hikmətə
Şəmsin nuru gəlməyincə

- "Gizli Azərbaycan" verilişinin sirlərini bəlkə sizin bu şeirinizdə axtarmaq lazımdır?
- Mənim romanlarımda, şeirlərimdə mistitizm həmişə olub. Mənə qarşı olanlar da elə fikirləşirlər ki, şeir onların yazdıqlarıdı. Yenilikçi də, köhnəçi də bunlardı. Hamısı şeiri və ədəbiyyatı belə başa düşürlər. Onlar üçün mənim gətirdiyim yeniliklər, mənim gördüyüm işlər həmişə möcüzəli qalacaq... Böyük istedad, böyük əsər həmişə çaşqınlıq və təəccüb yaradır. Əsl ədəbiyyat suallar yaratmalıdı. Mən də çoxlu sayda suallar yaratdım, diksindirdim, hirsləndirdim, çaşdırdım... Bu ədəbiyyatçının, yazıçının əsas qayəsidi. Birmənalı şəkildə deyə bilərəm ki, müasir Azərbaycan ədəbiyyatının 60-cıları doğurdan da haqlı idilər. Onlar daha maraqlı idilər. Nəinki digər qüvvələr. Mən təəssüf edirəm ki, həmin mübarizənin içində olmuşam. Çünki, mənim fikirlərim lazımi məcralara getmədi. Lazımi səviyyədə qiymətləndirilməyib bayağılaşdırılıdı və elə də dərk edildi. Ancaq indi fikirləşirəm ki, 60-cılar xalqa daha yaxın idilər. Xalqla daha yaxşı təmasda idilər. Təzə gələnlər heç onu da bacarmadılar. Onlar ümumiyyətlə xalqla danışığı itirib, özləri ilə danışmağa başladılar. Həmin dar dairədə də özlərini həmişə xöşbəxt hiss edəcəklər. Həmin ədəbiyyatın isə artıq xalqa və böyük kütləyə dəxli yoxdu. Çünki, onların yüksək amalları yoxdu. Ədəbi proses özünü doğrultmadı. Görünür yazıçı elə oturub öz yaradıcılığı ilə məşğul olmalıdı.

- Niyə görə sizcə belə vəziyyət yarandı?
- Mən sizə açıq deyim ki, Azərbaycanda postmodernizm estetikası çərçivəsində ədəbiyyata söyüş də gətirmişəm. Yeri gələndə yaşlı nəsli tənqid də eləmişəm... Ancaq mən heç yerdə təhqir etməmişəm. Mənim o vaxtı məsələn, Anarla bağlı tənqidi fikirlərimdə məqsədim o idi ki, ədəbi mühüt canlansın. Ancaq kimlərsə davalara getdi və Anarla dava etməyə başladılar. Lakin mən doğurdan da həmişə təhqirin əleyhinə olmuşam. Artıq bu gün mən belə hesab edirəm ki, Anar daha yaxşı yazıçıdı və AYB-nin sədri olmalıdı. Çünki, onun əvəzinə elə adamlar gələ bilərlər ki, bu daha faciəvi ola bilər. Bu sözlərimi kimsə uduzmağa yozmasın. Mənim ümumiyyətlə Anarla heç bir münasibətim, əlaqələrim yoxdu. Heç buna can da atmıram. Sadəcə olaraq belə hesab edirəm ki, mənim 60-cılarla başlayan ədəbi münaqişəmi küçə münaqişəsinə, şouya çevirdilər. Necə ki, musiqimizi şou-bizneslə darmadağın etdilər, eləcə də ədəbiyyatımızı o kökə saldılar.

- Nizami Gəncəvi Azərbaycanın çox az şairlərindəndir ki, dünya onu bizdən daha yaxşı tanıyır. Lakin buna baxmayaraq Nizami Azərbaycan oxucusuna lazımi səviyyədə çatdırılmayıb. Düzdür, akademik nəşrlər, tərcümələr olub. Sizcə bizim oxucular bu baxımdan çox şey uduzmurlar?
- "Sirlər xəzinəsi" onun birinci əsəridi. Həmin əsərdə artıq bilinir ki, Nizami Gəncəvi kimdir... Nizamini oxumaq, öyrənmək üçün çətinlik çəkməlisən. Azərbaycan ədəbiyyatında elə otaqlar var ki, ora girmək üçün müəyyən hazırlıqlar keçməlisən. Nizami və digərləri sirli, sehrli yazıçılardı. Ümumiyyətlə bizdə Nizami təbliğ olunmur. Bizim orta əsr ədəbiyyatımız çox güclü və qədim ədəbiyyat olduğu üçün mütləq hazırlıq tələb edir. Dünya bizim müasir ədəbiyyatımızı tanımır. Onlara qədim ədəbiyyatımız Nizami, Xəqani daha maraqlıdı. Bu sualı da biz özümüzə verməliyik ki, niyə bizim müasir ədəbiyyatımız dünyada heç bir əhəmiyyət kəsb eləmir, ancaq qədim ədəbiyyatımızdan ikiəlli yapışıblar. Çünki, mənimsəmək istəyirlər. Hətta biz özümüz də bəzən sadəlövhcəsinə Qarabağı ermənilərə, Nizamini farslara, Xəqanini şərq ədəbiyyatına bağışlayırıq. Onda biz kimik? Ancaq boynumuza alaq ki, qədim ədəbiyyatı oxumaq üçün doğurdanda hazırlıqlı olmalısan. Ədəbiyyat təkcə Azərbaycan dilini bilməkdən ibarət deyil. Ədəbiyyat çox çətin bir elmdi. Bu elmə girmək üçün bir çox əlifbaları, dilləri bilməlisən. Qədim yazıçılarımız bir çox dilləri bilirdilər. Ona görə onlar dünya üçün maraqlıdılar. Təəssüf ki, azərbaycanlı yazıçılar Azəbaycan dilinin qrammatikasını belə bilmirlər.
-
 Nizami Gəncəvini çox sevirsiniz?
- Çox... Nizamini də, Xəqanini də çox sevirəm. Atam bu sahədə mütəxəssis olub deyə mən onları dərindən oxumuşam. Farsca yaxşı danışmasam da, yaxşı dərk edib, oxuyuram.

- Həmid Herisçinin kitabı on min tirajla çap olunub, satılmırsa, onda o biri yazıçılar nə etsinlər? Bəlkə gedib hərə özünə başqa bir peşə seçsin?
- Bilirsiniz, bu gün gündəmdə olanlar hamısı mənim üslubumu, ədəbi fikirlərimi yamsılaya-yamsılaya ədəbiyyata gəliblər. Hamısı da uğursuz alınıb... Mən şeirdə, həm də nəsrdə böyük yollar açmışam. AYO-nun ideyasıda mənə məxsus olub. Ordakı fəaliyyətim tarixi baxımdan yaxşı olub. Amma mən o fəaliyyətimi uğursuz sayıram. Çünki, ziyalılıq bu gün şou-bizneslə əvəz olundu. Belə deyək də mənim sehrli bir dəyənəyim vardı... Onu kimlərə toxundururdumsa, o insanlardan nəsə alındı.

- Həmid bəy, eşitdiyimə görə sizin qalın bir qeyd dəftəriniz var. Siz müntəzəm olaraq həmin dəftərə qeydlər edirsiniz. Bir çox yaxın dostlarınız hesab edir ki, nə qədər ki, Həmid Herisçi o dəftərə qeydlər edir, deməli həyat hələ maraqlıdı.
- Həmişə xoşlayıram ki, qeydlər edim. Həmişə yaradıcılıq eyforiyasındayam. Hətta gecə yatanda da yanıma həmin dəftəri qoyuram. Mənim üçün həyat həmişə maraqlı olub.

Samirə Əşrəf                    adalet.az  

Комментариев нет:

Отправить комментарий