14.05.2013

Vüqar Bayramov - Bu bahar düşmədi bizə nədənsə...


Nədənsə

İçimdə  alov  var, çölümdə  ayaz,
Bir  üzüm  qaradı, bir  üzüm  bəyaz,
Əlinə  qələm  al, həsrətimi  yaz,
Bu  bahar  düşmədi  bizə  nədənsə...

Yuxusuz  gecələr  bir –bir  çoxaldı,
Fələk  ilan kimi  qəlbimi çaldı.
Qismətmi  vəfasız, bəxtmi  cığaldı,
Bu  bahar  düşmədi  bizə  nədənsə...

Yoxluğun soyutdu  evi  eşiyi,
Kimsə  yırğalamır  bu  boş  beşiyi,
Talemi  göndərdi  qara  pişiyi?
Bu  bahar  düşmədi  bizə  nədənsə...


Külək  oxşamadı  şəvə  telləri,
Sonası  üzmədi  mavi  göllərin,
Ətri  duyulmadı  yaşıl  çöllərin,
Bu  bahar  düşmədi  bizə  nədənsə...

Köksümə  yığılıb  dərdin, qubarın,
Saçına  dən saldı  eşqi  Vüqarın,
Açmadı  çiçəyi, gülü  baharın,
Bu  bahar  düşmədi  bizə  nədənsə...

Kimisən

Elə  sevimlisən, elə  şirinsən,
Hicranın  sonunda  vüsal  kimisən.
Mənim  olmağına  gümanım yoxdu,
Sən  mənə  arzusan, xəyal  kimisən.

Bir  sonsuz  dənizsən, sahilin  mənəm,
Hər  zaman yanında, ömrünə  tənəm.
Əlçatmaz  gözəlsən, ay  nazlı  sənəm,
Ən  çətin, cavabsız  sual  kimisən.

Vüqarı  yaşadır  bu  üz, bu  camal,
Dilində  şəkər var, dodağında  bal.
Üzündə  təbəssüm, yanağında  xal,
Mehriban  baxışlı  maral  kimisən.

Qulağım səsdədi

Alnıma  yazısan, ömrümə  qismət,
Döyünən  ürəyim  təkcə  sənindi.
Qəlbimdə  məhəbbət, gözümdə  həsrət,
Görüş  yerimizə  gəlmişəm indi.

Görüşə  gəlməyin  yaman  gecikir,
Duymuşam  dərdimin oyanmağından.
İntizar  qoxulu  saatlar  keçir,
Qorxuram  zamanın  dayanmağından.

Aglıma  min cürə  fikirlər  gəlir,
- bəlkə  xəstələnib, gülüm xəstədi.
Bu  hicran, bu  həsrət  bağrımı  dəlir,
Qulağım  hər  xırda  adi  səsdədi.

Gözlərim bir  yerdə  dayanmır  nəsə,
Narahat, nigaran  baxışlar  kimi.
Deyirəm, ay  Allah, yarım gəlməsə,
Göz  yaşım  tökülər  yağışlar  kimi.

Bu  gün görüşümə  gəlməsən belə,
Burdaca  yolunu  gözləyəcəyəm.
Bir  dəfə  üzümə  gülməsən  belə,
Sevgimi  gözündə  gizləyəcəyəm.

Комментариев нет:

Отправить комментарий