21.05.2013

Nirvana

Gülnarə Rəfiq

Bütün istəklərin bitdiyi an

Pəncərədən içəri süzülən nazik işıq zolaqları otağın səliqəsizliyini vurğulasa da görkəmini pozmurdu. Bir qədər əvvəl, bu işıq zolağı içəriyə tam soxulmamışdan burda sevişən iki nəfər üçün otaq həmişəki kimi idi, nə gözəl, nə də çirkin. Elə bil Allah buranı elə sevişmək üçün yaratmışdı. Lazım olan hər bir əşyası, divanı, təmiş döşəkağısı, daimi suyu, hətta işığı içəri buraxmaq istəməsən dartıb çəkiləsi qalın pərdəsi də vardı. Amma onlar heç vaxt pərdəni çəkməzdi, çünki işıq selinin altında sevişməyin ləzzətini bilirdilər. Bu işıq seli yayda yox, qışda xüsusilə gözəl olurdu. İsitməsə də adamın ürəyinə yayılırdı. Otaqda sakitlikdən qulaq çəkilirdi.
Kişi siqaret tüstüsündən fiqurlar yaradıb işıq zolağına buraxırdı. Həmin tüstü boğucu olmasaydı adam ömrünün sonunacan bu səhnəyə baxa bilərdi. Buna nirvana da demək olardı, əgər qadının daxilindəki dialoqlar bir qədər ara versəydi: «Mütləq bu gün demək lazımdı. Bu cür gözəl əhvalı pozmaq olar, ay Allah?.. Yox, başqa vaxta saxlayası halda deyiləm. Artıq içimdə gəzdirə bilmirəm bütün bunları. Qoy adını da özü qoysun, istəyir xəyanət desin, ya da vəfasızlıq. Bəlkə də söyəcək məni. Əl qaldırmaz məncə, elə adam deyil. Ya da qapını çırpıb gedəcək. Həmişəlik… Mən yenə də tək qalacam. Kişiyə nə var ki, özünə yenisini iki daş arasında tapacaq. Bilmirəm, bəlkə məni xatırlayacaq, hər dəfə? Hirsi soyuyanda geri qayıdacaq? İtirmək istəmirəm onu, amma deməsəm özümü bundan sonra da adam saya bilməyəcəm. Özündən iyrənə-iyrənə yaşamaq bir şey deyil. Bəlkə durum geyinim? Çılpaq olsam gözünə lap iyrənc görünərəm. Ay Allah, büstqalteri hara atdı bayaq, xatırlaya bilmirəm. Durub geyinməyə də ərinirəm. Bəlkə əksinə, daha möhkəm sığınım ona, hərarətimi hiss eləsin. Əllərimi gəzdirim sinəsində, bilmək olmaz, bəlkə sonuncu dəfədir…».
- Nədi, deyəsən doymamısan? Pişik kimi mırıldayırsan. Bilirsən ki, əllərini sinəmdə duyanda dayana bilmirəm. Mənə elə gəlir ki, biz artıq bir-birimizi sözsüz də anlayırıq. Bədii ədəbiyyatda buna «bir-biri üçün yaranmışlar» deyirlər. Mənnən razılaşarsan, düz dünyada səni bu qədər anlayan ikincisi yoxdur, eləmi?
- Əlbəttə, mənə hal-hazırda sənnən başqa kimsə lazım deyil. 
- Boynuna al, əvvəllər, görüşməyə təzəcə başlayanda bir az utanırdın. Özünü sıxırdın, səni gərginlikdən çıxarmaqçün çox çalışmalı olurdum. Düzəlirsən yavaş-yavaş. Bayaq gözündə bir damla parıldadı. Ehtirasdan ağlayan qadınlar çox cəlbedicidir. Elə bilirsən görmədim. 
- Bəlkə nəsə qəmgin bir şeyi yadıma salmışdım.
- Uşaq-zadam səninçün. Seks zamanı kim qəmgin bir şey xatırlayar? Siz qadınlar hamınız eyni cür düşünürsüz, guya kişilər gönü qalındır və heç nəyi hiss eləmirlər. «Saçımı kəsdirdim, görmədin, pomadamın rəngini dəyişdim, ətiri yenilədim, hiss eləmədin» deməkdən yorulmursuz. Biz hamısını görürük, amma bunları qabardıb gününüzü qara əskiyə bükmürük, bəzi ifritələr kimi. Deyim ki, bəzi məqamlarda kişilər qadınlardan da həssas olur. Nədi, razılaşmırsan? 
- …
- Sən o cür gülümsəyəndə lap cinnənirəm. Bir şey de də!? Çünki deməyə sözün yoxdu. 
- Mən elə bilirdim o vaxtları artıq unutmusan. Gör üstündən nə qədər keçib? Mənim hər dəqiqəmiz yadımdadı, xırda detallaradək.
- Olmalıdı da, səni dartıb altıma salınca it zülmü vermisən mənə. Elə bil qız uşağıdı, yoldan çıxardıram bunu. Bu xasiyyyətinizə görə azərbaycanlı qadınları görən gözüm yoxdu. Hayıf deyil, rus, erməni, gürcülər də pis deyil. Avropadan danışmıram day. 
- Elə basıb kəsirsən ki, guya hamısını görmüsən. Eşitdiyin, kinoda gördüyün sayılmır.
- Niyə görməmişəm ki? Sizin ixtiyarınıza qalsaydıq gərək ayağımıza bağlayıb gəzəydik 40 yaşınacan. 
- Belə azadlıq carçısısan ailədəki qadınlara niyə azadlıq vermirsən? Bacını ağlaya-ağlaya ərə verdiz, o murdarın birinə. Nə var ki, ad eləmişdiz, uşaqlıqdan. Allah bilir, hər yatağa girəndə indiyəcək qarğıyır sizi. Uşaq körpəykən niyə qoymadız onu boşanmağa? Əri elə iyrənc kişidir ki, lap qusmağım gəlir onu görəndə. 
- Ey qadın, həddini aşma. Mən bilirəm ki, nəslimizdəki bütün qadınlara görə başımnan cavab verərəm. Bizdə biqeyrətlik olmaz. Gəlini ata evindən yola salanda deyirlər ki, «O evdən bir də meyitin çıxa bilər». Belə olmasa sizin erməni, rus qadınından nə fərqiniz oldu? Mən evdə buraxıb getdiyim qadında 100 faiz əmin olmalıyam. Mən qapıdan çıxan kimi oynaşını evə gətirsin, belə şey olar?!
- Boşanmış qadın ikinci sortdursa onda sən yəqin mənə də elə baxmısan bütün bu müddət.
- Yox, sənnən başqa cürdür. Səni mən min qadının içindən seçmişəm. Dalınca gəzmişəm, əldə eləmişəm, ürəyinə girmişəm, orda özümə yer eləmişəm, indi də zəhmətimin dadını görürəm. O vaxtlar sən daş kimi möhkəm idin. Adamnan sakit danışmağı da bacarmırdın. Gözün daima ətrafı gəzirdi, «Vay birdən görərlər, nə deyərlər». Düzün deyim, onda çox gülünc görünürdün.
- İndi deyəcəksən ki, dünyanı mənə sən göstərmişən! Hə? 
- Mən sənin gözünün dərinliyində tapdığım qığılcımı odlamışam və bununla fəxr eləməyə ixtiyarım çatır.
- Sən rişxənd edirsən, amma mənimçün çox çətin günlər idi. Bilirsən də, bizdə boşanan kimi qarayaxmalar, iradlar başlayır. Adamın həyatını zəhərləyirlər. Oğlan tərəf qızı şərləyir, «Gəzəyənin biriymiş» deyir. Qız tərəf ən yaxşı halda susur, ya da onlardan betər gunaha batırlar. Adam balası kimi ayrılmaq, normal münasibət, heç olmasa uşağın xətrinə hörmət saxlamaq bu xalqa yaddır. Elə bilirsən özümünkülər məni anladı? Ya heç başa düşməyə cəhd elədi? Hamı elə bildi ki, boşanan kimi pis yola düşəcəyəm, ayrı yol yoxmuş kimi. Onda mən tək idim, hürkmüşdüm, qorxurdum, təlaş içindəydim, sabahımı görmürdüm. Sənin mənim gözlərimdə gördüyün narahatlıq ondan idi. Mən səndən çəkinmirdim.
- O vaxtlar hər dəfə sənə toxunanda diksinirdin. Bəzən balaca quş kimi ovcumun içində titrəyirdin. Adam səni qucaqlayıb başını sığallamaq istəyirdi. 
- Hə, indiyədək sığallayırsan. 
- Yox, sən indi tamam başqa qadınsan. Mən istəyən kimi. Bax, indi toxunacam sənə, dözə bilməyəcəksən, gözlərin süzüləcək, əzələlərin dartılacaq, uyğunlaşacaqsan mən seçən pozaya. Mənim ritmimdə hərəkət edəcəksən. Sən mənim qadınımsan, yadından çıxarma.
- Eləmə…. Qıdığım gəlir.
- «Sən mənimsən, mən sənin, özgə xəyal eyləmə» - bunu klassiklər deyib, mən demirəm ki…
- Yaxşı, şitənmə. İndi bir az ciddi olmağını istəyirəm.
- Ay qız, yataqda da ciddi olarlar? Onsuz da bütün günü qırışığımız açılmır.
- Bax, indi sən durub, geyinib gedəcəksən? Heç nəyi düşünmədən.
- Neynəməliyəm ki?
- Məni burda tək qoyub rahat yollanacaqsan işinin dalıyca?
- Özün deyirdin ki, sonra yır-yığış eləyib ev sahibini gözləməlisən ki, açarı qaytarasan.
- Bəs sən məni ona necə etibar eləyirsən?
- Yaxşı görək, qoca kişidir də. Atan yaşındadır. O yaşda peçenyeni süddə isladıb yeyirlər, yoxsa boğulub ölərlər.
- Heç bu barədə dərindən düşünmüsən?
- Anlamadım… Bəlkə sənə əli dəyib onun? Mən bunu ağlıma sığışdırmıram, qətiyyən!
- …
- Sənin baxışlarından dəhşətə gəlirəm. Yəqin məni sınayırsan. Axı heç vaxt səni qısqanmamışam. Düz dedim? Üzmə məni… De ki, zarafat edirsən.
- Əgər heç olmasa bir dəfə bayırda məni gözləsəydin bilərdin ki, mən açarı verən kimi çıxıb getmirəm. Hər dəfə artıq qaranlıq düşəndən sonra mən qapıdan çıxanda gözlərim səni axtarıb. Elə bilmişəm, tində durub məni gözləyirsən. Divara dirəyib soruşacaqsan ki, neçə saatdır orda neynirəm. 
- Deyəsən, mən nahaq yerə sənə etibar eləmişəm. Sənin bu kişiylə ortaq nəyin ola bilər axı? Biz sadəcə görüşməkçün onun evindən istifadə etmişik. 
- Səncə hər dəfə biz görüşəndə evindən didərgin olmaq ona lazımdır? Eqoistliyin sənə sağlam düşünməyə də imkan vermir. 
- Tənha kişidir də, gedib bir az bulvarda şahmat oynayıb havasını dəyişsin. Oynaq ağrılarından şikayətlənsin, prostatitdən danışsın. Onun başqa nə söhbəti ola bilər?
- Düz deyirsən, o da mənim kimi tənhadır. Mən onu səndən də əvvəl tanımışam. Hələ sən mənim başımı sığallamaq işini öz çiyinlərinə götürməmişdən əvvəl…
- O, səni sığallayıbmış? Biz səninlə rastlaşanda ilk əvvəl dediyim o oldu ki, sənin keçmişində eşələnməyəcəm. Ərdə olmusan, boşanmısan, nəyə görə… bu tip suallarla səni incitməmişəm heç vaxt. Bu, mənim sənə edə biləcəyim ən böyük hörmət əlaməti idi. Sənin bu kişyilə nə işin olmuşdusa, gərək özün danışaydın. Ya da susaydın, necə ki, uzun illər susmusan. Bu gün bu boyda etirafın mənası nədir? Sənə «malades» deməliyəm? … Sən necə də abırsız adamsanmış?! Yeni sevgilini köhnəsinin evinə gətirirsən… Mən heç, ona nə deyib aldatdın? Yoxsa o, elə bilir ki, biz burda hər dəfə şeir-qəzəl deyirik bir-birimizə?
- O, burda baş verənləri təfərrüatıyla bilir. Sən nə geymisən, əhvalın necədi, mənə nələr dedin, neçə dəfə və hansı duruşda sevişdik… Hamısını…
- Danışırsan?!
- Bəli. Hər dəfə səni yola salandan sonra xırdalıqlara qədər yadıma salıb ona danışıram. 
- Düz deyirmişlər, qadınlar uzanmış vəziyyətdə yalan danışa bilmir. Sənin də indi dilin elə açılıb ki, qabağında lüt dayanmaq olmaz. Durum geyinim, deyəsən hələ eşidəcəyim çox şeylər var. 
- Gözləmirdin?
- Heç ağlıma gətirməzdim. Mən onun sevgi macəralarını təfərrüatıyla bilmək istəyini bir kişi kimi anlayıram. Onunku durmur, aydın məsələdir. Yəqin sən danışdıqca qaşınma gəlir ona, bəzi nöqtələrdə. Belə əhvalatlarla iyrənc fantaziyalarını doyurur. Amma bu, sənin nəyinə lazımdı axı?!
- Təkrar orqazmın nə olduğunu kişilər bilməz. Bunu da mən onunla birgə yaşamışam. Məni qınamamışdan əvvəl gərək onun həyatımdakı rolunu dəqiq öyrənəsən. Boşanandan sonra tamam yalqız idim. Çətin idi, amma çətinlik təkcə pulnan ölçülmür. Uşağımı dolandırmaqçün hər işə gedərdim, bunu bilirsən. Mən aciz adam deyiləm. Amma elə bilirdim yolla gedəndə bütün küçə mənə barmaq uzadıb gülür «Boşanmışın biri» deyir. Az qalırdım hər kəsin qarşısında diz çöküb bu xalqın o biri qadınları kimi dözə bilmədiyimə görə üzr diləyəm. Hər şeyi başa salam, nə qədər bədbəxt olduğumu anlatam. Hamı mənim üzümə baxsa da heç kim bircə «nədən?» sualını vermirdi. O vaxtlar heç ağlaya da bilmirdim. Kimə başa salasan ki, ərim hər dəfə məni yataqda zorlayanda, buna zorlamaqdan başqa ad vermək olmur, səsimi içimə salmaqdan boğulurdum. O, fısıldayıb-fısıldayıb arxası üstə düşəndən 2 saniyə sonra yuxuya gedirdi. Mənim içimdəki tufan səhərəcən səngimirdi. Yatmalıydım, çünki tezdən durub qaynata və ərimi işə yola salmalı, süfrə açmalıydım. Mən bilmirəm ki, hər dəfə nifrət hissiylə ona süzdüyüm çayları içib indiyəcən necə zəhərlənməyib?
- Mənə də çay süzəndə belə fikirləşmisən?
- Sənin də onun qədər yoğun adam olduğunu düşünsəm həyatım tamam mənasızlaşar. Üzündəki ikrah hissini görmək mənə çox ağırdır. Amma mən bu gün hamısını danışmalıyam. Mən azərbaycanlı qadını missiyasını uduzandan sonra özümü tapmalıydım. Mən elə indi də bu, ağır yükü daşıyıram. Axı mən niyə anam kimi, nənəm kimi, nəslimizdəki, xalqın o biri qadınları kimi dözə bilmədim? Bəyəm onları yağ-bal içində saxlamışdılar? Bütün günahları özümdə görürdüm. Yenidən ərə getmək barədə düşünmək gülünc idi. Hətta getsəydim də həmin əhvalat təkrarlanacaqdı. Kimnənsə kənarda görüşmək tində dayanıb müştəri gözləmək kimi gəlirdi mənə. Başqa millətlərin qadınları kimi yaşamaq mənimçün mümkünsüz idi. Çünki bunu bacarmırdım. Mən özünə hörməti də, xoşbəxt olmaq istəyini də, qətiyyəti də özüm qazanmışam. Bu zaman mənim yanımda sən deyil, o idi. Bir yaralı quş kimi sanki onun eyvanına düşmüşdüm. O, mənə qadın olmağı öyrətdi. Əlbəttə, bu bir günə baş vermədi. Çünki daxildə bir müqavimət vardı. Bəzən mentalitet deyilən hündür bir hasarı adlamaq lazım gəlirdi. Amma indi mən dəqiq bilirəm ki, bu hasarı adlayanları o tayda xoşbəxtlik deyilən bir hədiyyə gözləyir. Bəlkə də mən şişirdirəm, bu şəxsən mənim psixoloji problemlərim idi. Amma biz, səninlə mən yaşadığımız xoşbəxt dəqiqələrə görə ikimiz də ona borcluyuq.
- Bu qədər sadəlöhv olma, xahiş edirəm. Sən kişilərin qadını əldə etməkçün nələrə qadir olduğunu bilə bilməzsən. Ona sənin gözünə mələk kimi görünmək lazım idi. Çünki sən başqa cür kişi obrazını qəbul etmirdin. Bu, bir roldur. Deyim ki, hətta mən ona əhsən deməliyəm. Qızı yaşında qadını çox asanlıqla əldə elədi. Sən hələ də ona heyransan…
- O, mənə özümü sevməyi öyrədib. Bədənimə nifrət edirdim, çünki heç bir orqanım sözümə baxmırdı sanki. Seks çirkin bir istək idi, fırtına kimi gəlirdi. İndi bütün istəklərimi idarə edirəm, ləzzət almağı və artıq ləzzət verməyi də bacarıram. O vaxtlar bu evə təzəcə ayaq basmağa başlayanda mən onun həyatında olan bəlkə də on qadından biri idim. O, dünən burda başqa birisiylə sevişdiyini elə rahatlıqla danışırdı ki. Əvvəllər qısqanclığımdan ölürdüm. Sonra qısqanclığın lazımsız bir duyğu olduğunu gördüm. Mən qısqanclığıma da qalib gəldim. Sonra qadınlar yavaş-yavaş azalmağa başladı. 3 dənədən biri oldum. O, qocaldıqca gözəl qadınlar onu tərk edib gedirdi. 
- Yenə də ən vəfalısı sən oldun? Gör özünü necə də aldadırsan…
- Yox, mənə axmaq adam deyə bilməzsən, hamısını çox gözəl anlayıram. Amma məncə kişini qocalandan sonra atıb getmək də adamlıqdan deyil. Mən onun həyatını olduğu kimi görürdüm. O da mənim kimi boşanmış idi. Mən yalnız bu evə gəlib-gedəndən sonra kişilərin boşanmadan daha artıq əziyyət çəkdiyini başa düşdüm. Qadına nə var, məişətini rahlayacaq, uşağının qayğısına qalacaq, bir neçə ildən sonra bunu həyatının mənasına çevirə də biləcək. Kişilərsə çox köməksiz görünür, xüsusilə də məişət qayğıları üstünə qalananda. 
- Belə ürəyi yumşaq idin, silib süpürəydin evini, sonra çıxıb xarabana gedəydin də. Gərək mütləq altına yıxılaydın?!
- İndi mən onun həyatının yeganə qadınıyam. Düzü, bunu çox arzulamışdım. Sən bayaq düz tapdın, onun seksual həyatı yalnız mənim ona danışdıqlarımdan ibarətdi. Mən sənnən yaşadıqlarımı danışdıqca onu bir daha yaşayıb orqazma çatıram, bu dəfə onunla birgə. Əgər bu, ona heç olmasa bir damla kömək edirsə mən bu işi davam etməyə razıyam.
- Deməli, məni itirməkdən də qorxmursan. Mən sənin kaftarın üçün fantaziya mənbəyiyəm sən demə. Heç olmasa birlikdə pornoya baxıb masturbasiya edəydiz də. Nədi, onu da istəmir artıq? Sən ki, minet texnikasından doktorluq dərəcəsi ala bilərsən. Qocanınkın istəmədin, hə? Sərf eləmir, 2 saat çalışırsan, 3 saniyəyə qurtarır. Siz hər ikiniz ifrat dərəcədə pozğun adamsız, bunu boynuna almasan da olar. Mənə hər şey aydındır.
- Sən məni anlamağa çalışdınmı heç?
- Nəyi anlamalıyam?! Yaxşı, onda mənə de görüm, niyə ərə getmədin ona? Subay, azad bir kişi idi. Əminəm bu suala cavab verə bilməyəcəksən. Susursan? Onda qoy mən deyim. Sən qorxdun ki, sənin başına gətirdiyini yetkinlik yaşına çatandan sonra qızının da başına gətirəcək. Onu da yoldan çıxaracaq, iyrənc fikirləri beyninə salacaq, məsumluğunu əlindən alacaq. Bu əxlaq ilə bizim cəmiyyətdə yaşaya bilməyəcəksiz. Yoxsa ki, ona ərə gedərdin və heç olmasa kirədə yaşamaqdan qurtulardın.
- Bu gün yalan danışmayacam. Əvvəlllər, evlənmək təklifini gözləyirdim. İstəsəydi qaça-qaça ona gələrdim. Aramızdakı 27 il yaş fərqinə baxmazdım. Qocalığında qeydinə qalardım, məişətini səliqəyə salıb bundan ləzzət alardım. Amma o, istəmədi. Hər halda ondan bu təklifi gözlədiyim vaxtlar heç nə demədi. Yalnız bu yaxınlarda, artıq səninlə çoxdan bəri görüşdüyümüz vaxt etiraf elədi. Dedi ki, «Çoxdan sənə evlənmək təklifi verməyi düşünürdüm. Amma sonra təsəvvür elədim ki, bu qızı almışam. Yaş fərqimiz də çox böyük. Mən onun həyat ritminə qoşula bilmərəm, onun təlabatına cavab verə bilməyəcəyəm. O cavan və gözəldir. Onu qoca kişiylə seksə məhkum eləmək allahsızlıqdır. Axı o, azərbaycanlı qadınların əksəriyyəti kimi kənarda macəra axtarmayacaqdı. 100 dənə xəstəliyi çıxacaqdı. Onda gərək sənə cavan adamı özüm tapaydım, görüşdürəydim. Bunu da sən anlamayacaqdın». Bu sözlərdən sonra mən neçə illər əvvəl məni daima yeni tanışlıqlara təhrik etməyini xatırladım. Onda bu, mənim xətrimə də dəymişdi bir az. Məndən «Ətrafında sənə diqqət verən birisi yoxmu» soruşub həmişə maraqlanardı. Sənin barəndə ona danışmağa belə başladım. Biləndə çox sevindi. Hər addımımı birlikdə ölçüb biçir, mənə özümü necə aparmaqda, necə davranmaqda məsləhətlər verirdi. Yalnız bu gün mən anlayıram ki, onun nə boyda böyük ürəyi varmış.
- Sənə baxıram, ürəyim bulanır. Dəqiq bilmirəm, iyrənməyim səndəndir, yoxsa ondan. Bu dəqiqə səndən iyrənməsəydim yəqin ki, boğardım öz əllərimlə. 
- Mən də Otellonun nələr keçirdiyini bilərdim. Bax, bu kitabxananı görürsən? O qədər sehirli anlar keçirmişəm mən burda… Mən Anna Karenina ilə birgə qatarın altına atmışam özümü. Cen Eyri kor olmuş sevgilisi çığırıb çağıranda səsi mənim də qulaqlarıma gəldi. Stendalın qəhrəmanı sevgilisinin kəsilmiş başını karetada aparanda onun qanı sanki mənim də ətəyimə damcılayıb. 
- Belə çıxır ki, səni O yox, kitablar yoldan çıxarıb. Məncə sən qoca kişiylə yaşamağını davam etməklə cəzalanmalısan. Onun kitabxanası qocalığını ört-basdır eləmir, özünü aldatma.
- Bilirəm, sən məni qadın kimi öz əllərinlə yaratdığını düşünürsən. Amma bu belə deyil. Bu fikri qəbul edəcəyini də gözləmirəm. Amma yataqda bəyəndiyin qadını sən yaratmamısan. Azərbaycanlı kişilər bu iddialarından əl çəkməlidir. Hər maraqlı qadının arxasında həmişə ondan da maraqlıl kişilər durur. Mən tək sənin yox, həm Dümanın, Balzakın, Mopassanın da məşuqəsiyəm. 
- Hamısını dedin? Mən gedirəm, sizin tamaşada rolum bitdi yəqin. Sən özünü, üstəlik qocanı da real seksdən məhrum elədin. Görürəm, müəllimin yaxşıdı, yenisini taparsan, başını qatarsan kaftarın. Bəlkə bir kitab da yazdız…
… Qapı çırpılıb danqıldayanda bu nədənsə pəncərədəki işıq selinə heç təsir eləmədi. Bayırda soyuq Bakı küləyi əsməsəydi yəqin ki, həyatında ən çılpaq etirafı eşidən kəsin nəfəsi dayanardı. İndi işıq selinin gözəlliyi onun gözündə deyildi. Həqiqət o qədər ağrılı idi ki, bir müddət beyni fikirləşməkdən imtina etdi. Şərq mistikləri nədənsə bu hala da nirvana deyir. Yəni insanın bütün istəklərinin bitdiyi bir an. Ucu-bucağı görünməyən uzun bir ağ işıq zolağı. Onun tutub getmək indi acı həqiqətdən qaçmaq kimi görünürdü. Reallığa qayıtmaq və hər şeyi yenidən, soyuq başla düşünmək lazım idi: 
«Axı biz ilk dəfə görüşəndə o, son dərəcə məsum görünürdü. Əslində özü boyda bir həyat yükü daşıyırmış. Özümü niyə aldadım ki, elə indi də iyrənc əhvalatı danışanda üzündə həmin ifadə vardı. Həyatın hər üzünü görüb necə məsum qalmaq olar, anlamıram. Gəl soyuqqanlı tərzdə düşünüm, daha doğrusu düşünməyə çalışım. Özümü qürban kimi aparmağa haqqım çatırmı? Onlar mənə nə edib, sadəcə yatağıma soxulublar? Mən görüşdüyüm qadından əlavə yataqda daha birisinin olduğunu bilməmişəm. Görəsən bilsəydim ondan imtina edəcəkdim? Bu gün çıxıb getmək mənə çətindi, çünki arada illər var. Bir yerdə keçirdiyimiz illər. Bu zaman kəsiyində mən ona həmişə «mənim qadınım» demişəm. Mən əmin idim ki, bu belədir. İndi mənim heç nəyim, nə qadınım, nə məşuqəm yoxdur. Yenisini, onun yerini dolduracaq birisini axtarmaq lazım olacaq. Amma bu yenisi əvvəlki kimi olmayacaq, yüz faiz belədir. Mən ömrümün sonunacan hər qadının baxışında xəyanət axtaracam. Qabaqcadan düşünülmüş, planlaşdırılmış, məşvərət edilib təsdiqlənmiş bir xəyanət. Xəyanət?! Amma arada xəyanətmi oldu? Özümlə təklikdə olanda soruşa bilərəm yəqin: kimə xəyanət edilib? Mənə, ya ona? Gör bir, mən də artıq onun barəsində hörmətlə danışmağa başladım. Absurddur! Mən kişiyəm, onun yerində hər an ola bilərəm. Əlimə imkan düşsəydi bəlkə daha artığını edərdim. Qadın uğrunda kişiyə hər bir hərəkəti halaldır. Təbii duyğulara görə kimsədən üzr istəməli deyilik. O da instinktinin arxasınca gedib. Cavan və gözəl qadını niyə də istəməsin? Amma mən bölüşməzdim. Mən indi də bölüşmək istəmədiyimdən çıxıb getdim. Onun məndən başqa nüfuzlu kişisi olması fikrini qəbul etməyim mümkünsüzdür. Nə olsun ki, cismi mənimki idi. Həyat təkcə maddiyyatdan, cismin istəklərindən ibarət olsaydı mən həqiqətən də haqlı sayılardım. Deməli təkcə cisminə sahib olmaq mənimçün azdı, çox azdı. Yaxşı, bu yaşdan sonra bölüşməyi öyrənməliyəmmiş! Yox, onu geri almaq lazımdı. Qoca kaftarın təsirindən qurtarmaq, yiyəlik eləmək, həyatının boşluqlarını doldurmaq lazımdı. İndi, özümlə təklikdə olanda, yad qulaqlar eşitməyəndə etiraf edim, görüşmək üçün havayı mənzilin olması məni də qane edirdi. Bir şüşə şərab və meyvəni qoltuğuna vurub görüşə getmək lap tələbə vaxtını xatırladırdı. Amma maraqlana bilərdim, daha dərindən soraqlaşa bilərdim. Özümü qayğılara qatmaq istəmədim. Hər şey yağ kimi gedirdi, təlaşa da əsas yox idi». 
Bu etiraflar dalğa-dalğa əvvəl içini titrətdi, sonra yayılıb ətrafını çalxaladı, sonra şəhərin həyat ritminə qoşuldu. Hər şey öz yerindəydi, heç nə dəyişməmişdi. Amma nəsə bir qiymətli detal arada düşüb itmişdi. Onun yerini heç nə doldurmurdu, heç nə. Həmin dalğa gəlib o işıq selinin dayandığı pəncərədən keçəndə puçur-puçur oldu. Sonuncu dəfə fırlandı və düyün düşdü. Bu düyünçə pəncərənin bir küncünə sığınaraq yarımçıq su stəkanının içində işıqlanırdı. Bu son idi. Qaranlıq indicə düşəcəkdi. İçəridə süni işığın yanan vaxtıdı. Amma işığın düyməsini basmağa adam gərəkdi. Əvəzində qapının zəngi basıldı. «Görən gələn hansıdı? Qəribə adamsan, elə bilirsən bu boyda söhbətdən sonra geri gələcək. Səhərdən heykəl kimi oturmusan, heç bir damcı göz yaşı da axıtmadın. İndi isə çalış gülümsə və dur qapını aç. Tamaşanı sonacan layiqli oynamalısan».
- Gözləmirdin?
- Niyə başın yaşdı, bəyəm yağış yağır?
- Yox, burdan çıxanda başımı həyətdəki kranın altında islatdım. Yoxsa beynim qaynayırdı, dözüləsi deyildi. 
- Gəl qurulayım saçını.
- Yox, toxunma mənə. Mən sənin əllərinin istisini unutmamışam. Bayaqdan sərgərdan dolaşıram evin ətrafında. Nə gedə bilirəm, nə də qayıda. Çünki mütləq soruşmalıyam. Sən onu sevirsən? Bəlkə bütün bunlar mərhəmət hissindəndir. Tək buraxmaq istəmədin onu, çünki özün təkliyin nə olduğunu bilirsən. Bunu bilmək mənimçün çox vacibdir, başa düş. Bəlkə də bu sevgidir, mənim anlamadığım bir sevgi. Belədirsə mən bunu da bilməliyəm axı! Bütün bu hekayət zamanı bir dəfə də onu sevdiyini demədin.
- Sən də heç vaxt məni sevdiyini dilinə gətirməmisən.
- Sən də.
- Mən bilmirəm, bu sevgidir ya yox. Mən bunu mərhəmət də adlandıra bilmərəm, minnətdarlıq da. Bu anlayışların heç biri uyğun gəlmir. Bayaq sən gedəndə dalınca qaçıb geri qaytarardım. Ayaqlarına düşərdim, utanmazdım. Nəsə vəd verərdim, ürəyini alardım. Amma mən bir daha bura gəlməyəcəyimi söz verməli olardım, bunu eləyə bilmərəm. Səni itirsəm, çətin olacaq mənə. Amma onu itirsəm yetim qalacam, söhbət eləməyə kimsəm olmayacaq, həyatımın gerisini səsimi içimə salıb yaşamalı olacam… Bu, mənimsün faciədir!.. Ona görə də mən onun son nəfəsinədək bu evə gəlib-gedəcəm. Bunu artıq sən qəbul etməyəcəksən, bilirəm.
- Sən onu ideallaşdırırsan. O adi adamdır. Sənə qarşı alicənablıq edib, bəlkə də. Mən onu anlamağa çalışıram. Bəlkə mən də nə vaxtsa onun gününə düşəcəm. Qoca və əlacsız birisinə çevriləcəm. Amma mən hələ cavan ikən tək və tənha olmaq istəmirəm. Bayaq küçədə veyillənərkən sənsiz həyatımı tam təfərrüatıyla gözümün qarşısına gətirdim. Ola bilər, gedib ucqar bir kənddən qız alacam və elin adətiylə evlənəcəm. Bəlkə onu qapının kandarından qırağa buraxmadım. Uşaqlarımız oldu, ev-eşik, qayğılar… Hər şey hamıdakı kimi. Uşaqlar böyüyən kimi öz otağımıza çəkilmək çətinləşəcək. Gecənin qaranlığında, yorğan altında xəlvəti, maraqsız bir seks yapacağıq ki, kimsə duyuq düşməsin. Onun da bədəni səninki kimi həssas olacaq, ya yox, bunu bilmirəm. Amma mən artıq səninçün darıxmağa başlamışam. Belə həyat hamıdakı kimidir, amma mən onu arzulamıram. İstəmirəm belə. Mən bayaq pəncərədə parlayan, artıq sönmüş işıq zolağını başqa yerdə görə bilməyəcəm. O bizim işığımız idi, bizimçün yanırdı. 
- Sən bu etirafı etməkçün böyük bir yol keçdin. Amma mən cavabında günahkar olduğumu deyə bilmərəm. Nə qədər qəribə olsa da mən özümü gunahsız və təmiz hiss edirəm. Mən nə səni, nə özümü, nə bizim istəklərimizi düşünürəm. Sızıldayan ayaqlarla bayırda dolaşan tənha qoca obrazı gözümdən çəkilmir. Soyuq külək əsir, eləmi?
- Məni fikirləşmirsən, özünü düşünmürsən, bəs qızını da unutmusan? Mən indi qəti əminəm ki, qadınlar həyatın hər üzünü görməməlidi. Sən ona nələri anladacaqsan? Onun sənə çoxlu sualı olacaq, həyatdan baş çıxarmaq istəyəcək. Ona «Azad ol, kimsəni düşünmə, özün üçün yaşa» və sair bizə xas olmayan fikirləri necə başa salacaqsan?
- Düzdü, çox çətin olacaq mənə. Mən azad olmamışam, ona azadlıq barədə danışa bilməyəcəm. Mən istəklərimi ürəyimdə boğmuşam, əksər hallarda, ona «istəyinin ardınca get» deyə bilməyəcəm. Xüsusilə də atası olmayan qızı cəmiyyətin təpkisindən qoruya bilməyəcəm. Amma mən ona sevgi barədə çox şeyləri danışacam. Mən sevmişəm, məni də seviblər. Mən ailə sahibi ola bilmədim, amma mən sevginin nə olduğunu yaxşı bilirəm. Ağlı kəsəndə mən ona səndən də danışa bilərəm, ondan da. Mənim həyatımdakı 2 nəfər gözəl insandan. Bəyəm azdı? 
- Sən yenə də ikimizi tərəzinin bir gözünə qoydun. Yəni bu, həmişə belə olacaq? Sən həmişə məni onunla müqayisə edəcəksən? Mən bunu sakit qaşılaya bilmirəm!
- Mən heç vaxt onun sənin yaşda, sənin cavanlıqda olmasını istəməmişəm. Yəqin cavan vaxtı o, məni heç görməzdi də. Amma mənim səni onun ağılda, onun səviyyəsində görməkdən ötrü ürəyim gedir. Mən sənin boşanmış qadınla gizlincə görüşən bir azərbaycanlı kişidən artıq olduğunu düşünmək istəyirəm. Bir az tələsdim, yetişəcəyini gözləmədim. Amma, bunu da deməliyəm, biləsən, mən səninlə bərabər qocalmaq istəyirəm.
- İcazə ver, yanında olum. Qızına atalıq eləmək iddiam yoxdu, amma sənə dayaq ola bilərəm. 
- Onda bu dəfə çıxıb getmə. O gəlsin, bir yerdə çay içərik. Bu dəfə evdən bir yerdə çıxarıq. Mən sənə güvənmək istəyirəm, bunu həmişəkindən daha artıq arzulayıram. Sən mənə artıq söz danışmağa imkan verməzsən. Ya da utanaram yanında danışmağa. 
- Cınqırını da çıxarmayacaqsan, eşidirsən? Bundan sonra sən bizim duyğularımızı kimsəyə danışmayacaqsan! Axı yad adama necə demək olar ki, mənim əllərim, məsələn, sənin ayaqlarının arasını necə sığallıyır? Ya da orqazm zamanı hansı səsləri çıxarırsan? Bu mənada mən daş dövrünün adamıyam və bundan qətiyyən utanmıram. Sən nə boyda söz adamı olmalısan ki, sənə toxunanda hiss eldiklərini təsvir edə biləsən. Bax, indi əllərimi gəzdirəcəm sinəndə. Görürsən, onlar məni yaxşı tanıyır. Xüsusilə də döşünün giləsi, lap qəsdimə durub elə bil…
- Maykan su içindəymiş! Yaş elədin ki, məni…

- Durub işığı yandırmaq lazımdı. Kişi bu işarəni görməsə evə qayıdan deyil. 
- Görəsən mən qocalanda da onun kimi mənim də qayğıma qalacaqsan? Axı sən qocaları sevirsən. Bunun psixologiyada adı da var, nəsə filiya ilə qurtarır. Hə, yadıma düşdü, gerontofiliya. Cavan adamın qocaya seksual meyli.
- Bəsdi, lağa qoyma.
- Bir şərtim var, qocalanda aptekə «Viaqra» dalıyca sən gedəcəksən, mən utanıram.
- Yaxşı…

Комментариев нет:

Отправить комментарий