14.05.2013

Gedirəm


Aybəniz Əliyar

Qismətim nə bədayaqdır,
Qaratikan, kol gedirəm.
Otuzumu haqlamışam,
Qırxımamı yol gedirəm?

Ömrümüzü il aparır,
Sanki quru yel aparır.
Yağış döyür, sel aparır,
Çay üstündə sal gedirəm.

İt alıb dişinə məni,
Çevirib leşinə məni
At almır döşünə məni,
Ayağında nal, gedirəm.


Damarıma düşüb gənə,
Ucuz-ucuz baxır mənə.
Kəndxudalar açıb yenə,
Qabağına yal gedirəm.

Yüyəni yoxdur atımın,
Nə haqqı var həyatımın?
Mən anamın, mən atamın
Ürəyində xal, gedirəm.

Комментариев нет:

Отправить комментарий