27.05.2013

YARIMÇIQ YUXULAR

Ələddin Əzimov

Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma.

Qırılır yuxular – qırılır saplar,
Qərib bir gecənin qaranlığında.
Başlayır qəlbimdə hey çapaçaplar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm,
Yuxular od olub yandırır məni.


Yazsam mənə lənətlərə yuxularımı,
Yarımçıq nağıllar yağışı başlar.
Həsrətin isladar duyğularımı,
Körpə uşaq kimi qəlbimi daşlar.

Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki bütöv gir yuxularıma.

***
Günlər damcılayır
Ömür ümmanından
Dünyaya hər gün.
Ümman azalır hər gün,
Günlərin qabağında
Əlim boş,
Üzüm qara.
Sabah nə deyəcəyəm
Bu gün dərs dediyim uşaqlara?!

Комментариев нет:

Отправить комментарий